Contents
  1. Dördüncü şəkil
  2. Beşinci şəkil
  3. Altıncı şəkil
  4. Yeddinci şəkil
  5. Səkkizinci şəkil

Page 6 of 7 · 71%

İldırım Atayev

Təşəkkür edirəm.

Qısa pauza.

Cahangir

Dedilər ki, siz məni görmək istəyirmişsiniz.

İldırım Atayev

Bəli. Yəqin ki, qızlar bizi bir-iki dəqiqəliyə bağışlayarlar.

Mehrican

Buyurun.

İldırım Atayevlə Cahangir o biri otağa keçirlər. Pauza.

Reyhan

Sənə nə oldu, Mehrican? Gözlərin nə üçün dolub?

Mehrican (göz yaşları arasından gülümsəyərək)

Görürsən, özümü saxlaya bilmədim. Nə qədər olsa, qadın qadındır. Gedək bağçaya. Burada hava azdır.

Reyhan

Gedək. (Onlar qol-qola çıxırlar)

Pauza. İldırım Atayevlə Cahangir gəlirlər.

Cahangir

Siz bağçaya enmək istəmirsiniz?

İldırım Atayev

Yox, siz gedin. (Zarafatla) Bahar gəncliyindir.

Cahangir

Guya ki, siz qocalmısınız. Yaxşı, hələlik.

İldırım Atayev pəncərəyə söykənərək, bağçaya tamaşa edir. Sonra dərin kədər içində o biri otağa keçir. Səhnə bir an boş qalır. Sonra Dilşad gəlib böyük şkafdan nə isə götürür və bu zaman Lətafət əlində çamadan daxil olur.

Dilşad

Bu nədir? Hara yığışırsan belə?

Lətafət

Evdən çıxmışam...

Dilşad

Niyə?

Lətafət

Onunla yaşamaq istəmirəm.

Dilşad

Hə?! (Pauza) De görüm Cahangirin evində sənin nə işin var idi? (Pauza) Niyə cavab vermirsən?

Lətafət

Sən məndən nə istəyirsən?

Dilşad

Canına dərd istəyirəm, gözünə də ağ. Bildinmi? Bu saat qayıt get evinə!

Lətafət

Getməyəcəyəm.

Dilşad

Sənə deyirəm bu dəqiqə qayıt!

Lətafət

Ölsəm də qayıtmaram!

Dilşad

Necə? Mənimlə söz güləşdirirsən? (Bir neçə dəfə onu vurur) Ləçər! Təqsir məndədir ki, sənin kimi iti adam eləyib ortaya çıxarmışam. Həyasız. (O biri otağa keçir)

Pauza. Şahsuvarov gəlir.

Şahsuvarov

Lilya! Sənə nə olub? Bu çamadan-zad nədir?

Lətafət

Mən Sadıqdan ayrılmışam, Ziyad.

Şahsuvarov (halı dəyişir)

Necə? Ayrılmısan?

Lətafət

Həmişəlik ayrılmışam.

Şahsuvarov

Axı, mən sənə dedim bir-iki ay gözlə.

Lətafət

Gözləyə bilmədim. (Pauza)

Şahsuvarov

Nə etməli, vaxta ki, ayrılmısan, hələlik qal burada, görək sonra nə edərik.

Lətafət

Burada qalmağım mümkün deyil.

Şahsuvarov

Niyə?

Lətafət

Xalam qoymur. (Pauza)

Şahsuvarov

Bəs, onda nə etmək istəyirsən?

Lətafət

Mən bu sualın cavabını səndən gözləyirəm, Ziyad.

Şahsuvarov

Mən bu saat nə edə bilərəm?

Lətafət

Bakıda evin var. Göndər məni ora.

Şahsuvarov

Dəli olmusan, nədir? Sadıqov bütün şəhəri vurub bir-birinə. Müstəntiqin üstünə iş qaldırıb, sən də durub belə bir həngamə çıxarırsan?

Lətafət

Bəs, onda mən nə edim?

Şahsuvarov

Qayıt get evinə. O idiotu birtəhər dilə tut. Barış. Müvəqqəti. Başa düşürsənmi?

Lətafət

Mən ölsəm də bunu etmərəm, Ziyad!

Şahsuvarov

Onda özün bil. Mən sənin ağılsız hərəkətin ucundan özümü məhv edə bilmərəm.

Lətafət

Niyə belə sözlər danışırsan? Bilirsən ki, mən sənin ayağına kiçik bir daş dəyməsinə də razı olmaram.

Şahsuvarov

Ayağıma daş dəyməsinə razı olmursan, amma başımın batmasına razı olursan. Mən vəzifə adamıyam, anlayırsanmı?

Lətafət

Bəs, sən deyirdin məni sevirsən?

Şahsuvarov

Bilirsən, mənim giley-güzar etməyə vaxtım yoxdur. Ya bir neçə aylığa qal burada, ya da biz bir-birimizi heç tanımırıq. Aydındır?

Lətafət

Aydındır, Ziyad.

Şahsuvarov əsəbi halda qayıdıb o biri otağa girir. Lətafət onun ardınca uzun və key bir nəzər salır. Sonra yüyürərək qapıdan çıxır.

Pauza.

Mehrican (səsi gəlir)

Ora baxın, ora baxın! Özünü atmaq istəyir!

Reyhan (qışqırır)

Cahangir, özünü yetir!

Şahsuvarov

Bu nədir? (Bayıra yüyürür)

O biri evdən çıxan Xosrov Atayev, İldırım Atayev, daha sonra isə Dilşad və Sadıqov hövlnak bayıra yüyürürlər. İşıq sönüb yanır. Lətafəti yarıbayğın halda gətirirlər.

Sadıqov

Bədbəxtlik məni basıb. Qaraçuxam yatıb. (Lətafət özünə gəlir) Liliçka, bu nə işdir mənim başıma gətirirsən?

Şahsuvarov

Lətafət xanım, özünüzü necə hiss edirsiniz?

Lətafət (ayağa qalxaraq)

“Lətafət xanım” nə üçün? Sən ki, həmişə mənə Lilya deyirsən?!

Şahsuvarov (stəkanı su ilə doldurub ona uzadaraq)

İçin, əsəbləriniz sakit olsun.

Lətafət

Bu ki, şampanski deyil.

Sadıqov

Liliçka! Sən nə danışırsan?! Yoldaş Atayevgili görmürsən?

Lətafət

Görürəm və istəyirəm ki, Ziyad Şahsuvarovun indiyə qədər mənə göstərmiş olduğu iltifatı onlar da bilsinlər. Çünki mən Ziyad Şahsuvarovu birinci dəfə bu evdə görmüşəm! Onun mənə etdiyi elani-eşqə bu evdə qulaq asmışam!

Şahsuvarov

Bu, ağlını itirmişdir.

Dilşad (Lətafətə)

Axmaq-axmaq danışma! Dur keç o biri otağa!

Xosrov Atayev (amiranə)

Ona toxunmayın! Mən sənə qulaq asıram, Lətafət.

Lətafət

Təşəkkür edirəm.

Xosrov Atayev

Bəs, sən Şahsuvarova nə cavab verdin?

Lətafət (istehza ilə)

Sizin kimi hörmətli şəxslərlə oturub-duran, böyük bir şəhərdə naçalnik müavini olan bu cür yaraşıqlı oğlanın heyranedici sözlərinə hər gün Sadıq Sadıqovun mənfur üzünü görən bir qadın nə cavab verərdi?

Sadıqov

Əclaf qadın! Belə şeylər səni təmizə çıxara bilməz.

Lətafət

Kim deyir ki, mən təmizə çıxmaq istəyirəm? Özünüz gördünüz ki, əgər, bu gənc müstəntiq olmasaydı, indi cansız bir odun parçası ilə mənim fərqim yox idi. Onu da bilirsiniz ki, ölümdən qurtarmaq ikinci dəfə dünyaya gəlmək kimi bir şeydir. (Qısa pauza) Qəribədir... Bu, doğrudan da, belə imiş. Bir az qabaq Ziyad Şahsuvarovun dərdindən ölən mən, indi onun üzünə baxmaq istəmirəm.

Şahsuvarov

Lətafət!

Lətafət

Nədir? Yoxsa, davam gətirə bilmirsən? Sənin ki, belində tapança var. Nə üçün çəkib məni vurmursan? Vura bilməzsən. Çünki sən tülkü kimi qorxaqsan! Yer üzünün bütün alçaqlıqlarını toplasan sənin əməllərinin qarşısında bir heç olar. Mən öz namusumu, mənliyimi bir qurban kimi sənin ayaqlarının altına atdım. Sən isə, öz mənfur niyyətlərinə yetmək üçün onu körpü etmək istədin. Mən ölməyə layiq bir qadın idim. Lakin indi ölmədiyimə sevinirəm. Mən sizin hər ikinizə – sənə də, ölümə də nifrət edirəm. Ancaq yox. Mənim kinimi ifadə etmək üçün nifrət sözü kifayət deyil.

Kapitan iki milislə daxil olur.

Kapitan

Salam, belə vaxtsız gəlişim üçün üzr istəyirəm, yoldaş Atayev. (Şahsuvarova) Mən qanun adından sizi həbsə alıram. Silahınızı verin!

Şahsuvarov

Sizin məni həbs etməyə ixtiyarınız yoxdur.

Kapitan

Sizin həbs olunmağınız haqqında sərəncam verilmişdir. (Orderi təqdim edir. Şahsuvarov təcili getmək istəyir. Kapitan onun qabağını kəsir) Gecikmisiniz! (İldırım Atayevə) Yoldaş nazir müavini, müqəssir Ağasəlimlə Xuduş hər bir şeyi etiraf etmişlər. (Sadıqova) Rica edirəm şlyapanızı başınıza qoyasınız.

Sadıqov

Nə üçün axı?

Kapitan

Çünki biz sizi öz dostlarınızdan ayırmaq istəmirik.

Sadıqov

Bu, ədalətsizlikdir.

Kapitan

Bu, zamanın hökmüdür. Ailənizə bir sözünüz varsa, buyura bilərsiniz.

Sadıqov

Mənim heç bir kəsim yoxdur.

Kapitan

Elə isə gedək. (Xosrov Atayevə) Təkrar üzr istəyirəm, yoldaş Atayev. Biz bu cənabları başqa yerlərdə axtarırdıq, təəssüf ki, gəlib burada tapdıq. Hələlik.

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Səriyyə

... Onun son vaxtlar mənə həddindən artıq qayğı göstərdiyini, hər cür vəziyyətdən istifadə edərək mənə xoş sözlər deməyə çalışdığını hiss edirdim... Bu isə məni hər şeydən çox acıqlandırırdı. Çünki mən uşaqlıqdan ikiüzlülüyə, qorxaqlığa nifrət edirəm... Biz körpüsalanlar öz kiçik briqadamızda söz qoymuşduq ki, ürəyimizdən keçənləri bir-birimizdən gizlətməyək.Bəs ər-arvad necə?

57 min
Qəribcan

Mən Səriyyənin gətirdiyi tor köynəklərdən birini geyərkən özümdə qeyri-adi bir fərəh hiss elədim. Səriyyə bizim iş yoldaşımızdır. Bizim briqadanın üzvüdür. O, ayağımı kəsilməyə qoymayaraq, məni götürüb Bakıya qaçdığı kimi, burada mənə lazım olan şeyləri də alıb gətirə bilərdi. Burada təəccüblü heç nə yox idi. Bununla bərabər, tor köynəyi geyərkən mən özümdə qeyri-adi bir fərəh hiss elədim. Elə bil ki, mənə fövqəladə səadət üz vermişdi. Elə bil ki, mən daha xoşbəxt bir dünyaya qədəm qoymuşdum. Tor köynəyin təması məndə tamam yeni bir duyğunun yaranmasına səbəb olurdu.Mən xəstə yoldaşlarımla gülür, zarafat edir, tez-tez yaralı ayağıma toxunaraq, ağrıyıb-ağrımamasını bilmək istəyirdim.

15 min
Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"

İştirak edirlərHəsənzadə – zavod direktoru*

19631 h 25 min
Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı

Üçüncü yay gecəsi idi ki, şəhərin sakitliyi içində Xan qızı Gülsənubər tarda çalınan o muğamı eşidirdi. Və üçüncü yay gecəsi idi ki, Xan qızı Gülsənubərin yuxusu göyə çəkilmişdi. O tarçalan oğlanın gözlərindəki qəribə ifadə ilə çaldığı muğamın söylədiyi hekayət arasında ayrılmaz bir bənzərlik var idi. O hekayətin nədən ibarət olduğunu qız dərk eləyə bilmirdi. Lakin hiss edirdi ki, bu, nə isə, uzaqlarda və uzaq zamanlarda olub getmiş bir hekayət idi. Bəs, onda nə üçün o əhvalatı indi tarında hekayə edərkən oğlanın baxışları bu qədər pərişan, bu qədər əlacsız olurdu? Qız onu da hiss edirdi ki, muğamın danışdığı o əhvalatda nəhayətsiz bir kədər, bəlkə də, dünyada heç kəsin duya bilmədiyi bir nisgil var. Və indi bu cavan tarzən o pərişan, o nisgilli əhvalatı çaldığı muğamın gücü ilə hamıya nəql etmək istəyirdi. O qəmli əhvalatın sirri, yəqin ki, bu oğlana aydın idi. Yoxsa böyük Allahın onun gözlərinə bəxş etdiyi işıq muğamı çalmağa başladığı zaman birdən-birə bu qədər gözəl, bu qədər cazibədar, bu qədər dərin görünə bilməzdi.Güllərin, çiçəklərin ətriylə dolu bu aylı gecənin nəhayətsizliyi harada, hansı yalçın qayalıqda isə qurtarırdı. Lakin cavan tarzənin gözlərindəki o işıqlı, anlaşılmaz dünya, muğamı çaldıqca, həm dərinləşir, həm də əsrarəngiz və qavranılmaz olurdu... Və qız, bütün bu düşündüklərinin, hiss etdiklərinin boş bir xəyal olduğuna özünü nə qədər inandırmaq istəyirdisə, ürəyini o aləmdən qoparıb, o cavan tarzəni özündən uzaqlaşdıra bilmirdi...

28 min

Poems by other poets