Qaçaq Xanmurad və Selbasarlıların obamıza basqını
Page 2 of 3 · 33%
– Amma heç öz dədəsindən soruşmur ki, güllə ata bilir?
Nənəmin atam haqqında belə zarafatı xətrimə dəydi, çünki mənim atamın da Qaçaq Xanmurad kimi, bu oba cavanları kimi atıb-vuran olmaması sarıdan həmişə xəcalət çəkirdim, istəyirdim ki, mənim atam da, lazım olanda, Bayram babam kimi, Nuru dayım kimi, üç patrondaş bağlayıb, beşaçılan götürsün, qaçaqlarla vuruşsun, nişana atsın.
Qaçaq Xanmurad mənim pərtliyimi hiss eləyib, zarafatyana dedi:
– Güllə atmaq atasının nəyinə lazımdır, tacir adamdı!
Ancaq qaçağın sözü mənə daha bərk toxundu. Mən görürdüm ki, oba cavanları tacirlər, alverçilər haqqında eyzən rişxəndlə danışırlar, onları «tərəzi dibində oturan», «yumurtadan yun qırxan», «kölgəsindən qorxan», daha bilmirəm nə adlandırırdılar. Ona görə də mən «tərəzi dibində oturan» alverçilərə nifrət edirdim. Məlum idi ki, mənim atamın böyük mağazası var və o, «tərəzi dibində oturan» baqqallardan, əllaflardan deyil, amma kimə deyirsən?.. Hiss eləyirdim ki, bu oba cavanları mənim atama da Qarabulaqdakı baqqal Məşədi Əlibala kimi baxırlar. Səkinə nənə dedi:
– Yox, Xanmurad dayısı, mənim bu qəşəng nəticəm Bayram babasına, Nuru dayısına oxşayacaq. At minən, güllə atan olacaq, sünnülərə çəkməyəcək.
Bilirdim ki, nənəm «sünnülər» dedikdə, mənim ata tərəfimi nəzərdə tutur, ona görə də üsyanla dedim:
– Bəyəm sünnülər tüfəng ata bilmirlər? Odur ey, Əfəndi babam bizə gələndə özü ilə tüfəng də götürmüşdü.
Səkinə nənə bərkdən güldü, Qaçaq Xanmurad da gülüb dedi:
– Səkinə nənə zarafat eləyir, sünnülərin içində də o qədər igid oğlanlar var ki.
Səkinə nənə dedi:
– Amma, dayısı, sünnülərin bir pis işləri var ki, keçi kimi irtməklidirlər, ona görə də höcət olurlar.
Mən lap ağlamaq dərəcəsinə gələrək həyəcanla dedim:
– Yalandı, sünnülərin irtməyi-zadı yoxdur!
– Özünə baxma, axı sənin anan şiədi, qadan alım, ona görə sənin irtməyin yoxdu.
Mən yenə də üsyanla nə isə demək istəyirdim, elə bu zaman bayırda səs-küy qalxdı, arvadlardan kimsə həyəcanla qışqırdı:
– Selbasar atlıları qoyunları aparırlar!
Səkinə nənə yaşına uyuşmayan bir cəldliklə qalxıb bayıra çıxdı. Mən də onun ardınca qaçıb gördüm ki, Eşşək bulağından o yana Altıntaxta deyilən düzənlikdə dörd-beş atlı-tüfəngli adam çobanları şallaqla döyüb qovaraq, sürüdən bir dəstə qoyunu atdöşü eləyib aparırlar.
Dayım burda yox idi – cavanları başına yığıb Qaradolaqlar obasına toya getmişdi, yoxsa selbasarlıların qabağına durardı.
Səkinə nənə kişi kimi gurultulu səslə onlara tərəf qışqırdı:
– Ehey, ey selbasarlılar, cahıllar obada yoxdur deyin kişiləşmisiz? O qoyunların birinin əvəzinə onunu verəcəksiniz!
Qaçaq Xanmurad gilənar rəngli çuxasını çiyninə ataraq bayıra çıxıb, diqqətlə atlılara baxdı, sonra çuxasını cəld əyninə geyərək təkrar komaya girib, bir əlində tüfəng, o biri əli ilə patrondaşı çiyninə aşıra-aşıra bayıra çıxıb Yastıqayaya tərəf yüyürdü və ayağının birini daşa dirəyərək atlılara sarı bir güllə atdı. Yarım güllə mənzilində olan atlılar çevrilib güllə atılan tərəfə baxdıqda, Qaçaq Xanmurad qışqırdı:
– Ə, binamus iş tutmayın! Çıxın qoyundan!
O zaman atlılardan ikisi Qaçaq Xanmurada tərəf iki güllə atdı. Anam bayıra yüyürüb mənə qışqırdı:
– Gir selava! Güllə dəyər.
Mən yurdun böyründən keçən selava girərək xəlvətcə oradan başımı çıxarıb tamaşa eləməyə başladım, oba uşaqları da yüyürüb doldular selava.
Atlılar qoyunu qovurdular. Qaçaq Xanmurad nişan alıb atdı. Bu dəfə atlılardan üçü qanrılıb Qaçaq Xanmurada tərəf atəş açdı.
Qaçaq Xanmurad onlara qışqırdı:
– Ə, mən qan tökmək istəmirəm, rədd olun, gedin!
Ancaq atlılar onu veclərinə almadılar, Qaçaq Xanmurad yenə də nişan alıb atdı. Atlılardan biri aşdı, ancaq həmin dəqiqə də durdu. Sonra da məlum oldu ki, güllə onun qoltuğundan dəyib, yenə atın belinə qalxdı. Qaçaq Xanmurad yenə də atdı, bu dəfə onlardan bir atlı da yıxıldı, adam dərhal qalxdı, amma at tərpənmədi. Qaçaq Xanmurad yenə də onlara qışqırdı:
– Ə, zalım uşağı, özünüzü qoyundan ötrü qırğına verməyin, Qaçaq Xanmuradın gülləsi yayınan döyül, çıxın qoyundan! Sizə dedim ki, qan tökmək istəmirəm.
Atlılardan biri yerində aram tutmayan atın başını geri döndərib bərkdən səsləndi:
– Qaçaq Xanmurad, qurban olsun sənə o qoyunlar! Güllə atma, özün bilirsən ki, selbasarlı Hüseynin də gülləsi havayı gedən döyül. Bilsəydik sən obadasan, gəlməzdik.
Atı vurulan adam mindi yoldaşlarından birinin tərkinə və atlılar qoyun sürüsündən çıxıb dolaylanaraq dağın dalında görünməz oldular. Qaçaq Xanmurad komaya girib yenə də arxası üstə uzanaraq əllərini başının altında çarpazladı, mən dedim:
– O atlılar səndən qorxub getdilər?
Qaçaq Xanmurad dedi:
– Yox, qaqaş, o Hüseyn deyilən qorxan canavar döyül, ancaq gördülər ki, girəvə məndədi, mən səngərdəyəm, onları açıqda bir-bir dənləyə bilərəm.
Qaçaq Xanmurad bir az susub, sonra asta səslə, lap öz-özü ilə danışırmış kimi, əlavə etdi:
– Ola bilsin ki, Hüseyn qəsdən davaya girmək istəmədi.
Səkinə nənə bayırda obanı başına götürüb selbasarlıların qarasına deyirdi:
– Namərd köpəkuşağı. Biliblər ki, kişilər obada yoxdu, əllərinə girəvə düşüb!
... Axşamçağı oba kişiləri toydan qayıdanda, Səkinə nənə onlara əhvalatı danışıb dedi:
– Qeyrətiniz varsa, gərək bu acığı yerdə qoymuyasınız! Günün günorta çağı selbasarlılar Kərbəlayı İbixanın obasına basqın eləsinlər?!
Eyvaz əmi taxta qutusundan papiros bükə-bükə dedi:
– Darıxma, ay ana...
Səkinə nənə dedi:
– Gərək Qaçaq Xanmurad o binamusların birini də sağ buraxmayaydı.
Sarısaqqal Mustafaoğlu dedi:
– Elə onların o cür əliboş qovulmaları onlar üçün ölümdü. Qaçaq Xanmurad istəməyib qoyundan ötrü it uşağının qanını töksün.
Bu zaman həmin yastı qayanın üstündə Nuru dayım başına yığılan cavanlara həvəslə nə isə deyirdi. Mən onlara yaxınlaşanda sözünü kəsib mənə acıqlandı:
– İtil, get o yana!
Əhmədalı da gülüb dedi:
– Qaqaşın xətrinə dəymə.
Sonra məni yanına çağırdı:
– Gəl bura, qaqaş.
Getmədim. Adamların yanında dayımın mənə elə deməyindən bərk inciyərək qayalığın obadan görünməyən tərəfinə qaçdım. Mən həmişə inciyəndə tək qalmaq istəyirdim. Bu vaxt dağdan enən duman ətrafı elə bürüdü ki, heç nə görünmədi. Mənə elə gəlirdi ki, bütün dünyada öz pərtliyimlə yalqızam, elə bil ki, bir an qabaq gördüyüm dayım da, onun başına yığılan oba adamları da, Qaçaq Xanmurad da, Əhmədalı da ayrı dünyadadırlar. Ancaq heç mən özüm də bilmirdim ki, nə istəyirəm? Nə üçün özümü, hətta deyib-gülən, şən adamların da yanında yalqız hiss eləyirəm? Elə bil ki, üzlərinə baxdığım, söhbətlərinə qulaq asdığım adamlar məni görmürdülər. Hətta bəzən mənə elə gəlirdi ki, anam özü də məndən xəbərsizdir, əlbəttə, mən bu xəbərsizliyin nədən ibarət olduğuna aydın cavab verə bilməzdim, mən ancaq bunu hiss edirdim və bu hiss mənim daxilimdə həmişə mənimlə olan bir kədər idi.
Belə böhranlı anlarımda atamın Qaçaq Xanmurad kimi, Nuru dayım kimi, Əhmədalı kimi tüfəng-tapança gəzdirməməsi də, onun «tərəzi dibində oturan tacir» olması da, bu obada hamının Fatma nənəmə qarşı biganəliyi də qəribə bir ağırlıq kimi, qüssəli bir şey kimi mənim ürəyimə çökürdü. Qaracanın şikəst barmaqları, həddindən artıq uzun, əyri burnu, mismarla açılmış xırda deşiklərə bənzəyən gözləri, yoxsulluqları, heç kəsin onunla maraqlanmaması, onun mənə soyuq bir şübhə ilə qıyqacı baxması mənim kədərimi artırırdı. Son vaxtlar, yəni mənim dünyada bir şey başa düşməyə başladığım zamandan bəri atamla anamın tez-tez dalaşıb küsülü qalmaları mənim kədərimi artırırdı! (Özü də bu dalaşmalar, küsülülüklər həmişə boş şeylər üstündə olurdu). Mən gülləri, çiçəkləri çox xoşlayırdım, amma sarı güllər, sarı çiçəklər mənə soyuq, qüssəli hisslər təlqin edib, həmişə mənimlə olan kədərimi artırırdı! Ona görə də mən Qarabulaqda, bağçamızda atamın əkmiş olduğu sarı qızılgüllərdən nəinki dərməzdim, heç yaxınlarına da getməzdim.
Qaraca məni kənara çəkib pıçıltı ilə dedi:
– Bu gecə Nuru əmigil Selbasar obasına basqın eləyəcəklər.
Mən soruşdum:
– Nə bildin?
– Daşlıqda danışırdılar, mən də aşağıda sapand atırdım. Amma sən heç kimə demə ha.
Mən də heç kəsə deməyərək səbirsizliklə gecənin düşməsini gözləyirdim. Bilmək istəyirdim ki, dayımgil basqına necə gedəcəklər?
Günortaya yaxın Qaçaq Xanmuradın qaçaq yoldaşları gəldilər.
Onlardan biri Qaçaq Xanmuradın üzünü isti su ilə isladıb, qatlama ülgüclə qırxdı. Qaçaq Xanmurad üz-gözünü yuyub başını daradı. Uzunboğaz çəkmələrini, gümüşü atlas arxalığını geyib patrondaşlarını bağladı, ağac qoburlu onatılanı böyründən asdı, gilənar rəngli çuxasını geyib gümüşü papağını qoydu. Bənizi əvvəlki kimi solğun idi. O hamı ilə görüşdü, mənimlə də əl tutuşaraq gülümsəyib zarafatla dedi:
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-qacaq-xanmurad-ve-selbasarlilarin-obamiza-basqini
Use ← → keys to move, R for a random poem
More by this author
Atamgil Rusiyada qurulmuş fəhlə-kəndli hökuməti barədə indi daha tez-tez söhbət edirdilər. Mən də bu söhbətlərə böyük bir maraqla qulaq asırdım. Mən eşidirdim ki, orada ağalara, böyük tacirlərə divan tuturlar. Hökuməti kasıblar, fəhlələr, kəndlilər idarə edirlər.Çox qəribə idi ki, kasıbların, Xaynamaz kimi kəndlilərin Rusiyada hökumət başına keçmələri məndə fərəh doğururdu. Elə bil ki, mən özüm yekəxana bəy balalarından nəyinsə qisasını alırdım. Doğrudanmı, bu, həmin bəy oğlanlarının hər yerdə öz bəyliklərini hiss etdirmələrinin nəticəsi idi? Kim bilir, bəlkə buna səbəb ata-babadan, lap ulu babalarımızdan bəri bizim nəslin damarlarında axan rəiyyət qanı idi? Mən anama dedim:
Təzə günlərin təzə əhvalatlarıOn birinci ordunun bir batalyonu bizim evlərdə yerləşmişdi.Otaqların ancaq birini vermişdilər bizim, guya «nökərimiz» olan Zəbi əmimə. Biz də həmin otaqda yerləşdik. Evdə qoyub getdiklərimizdən heç bir əsər-əlamət qalmamışdı. Atamın keşişdən aldığı mebelləri də sındırıb dağıtmışdılar.
Məktəb, uşaqlar və mənSentyabrın on beşində babam məni üstü qırmızı dəmirli, böyük kürsülü binada yerləşən məktəbə apardı.Və orada mənim anlaşılmaz, daimi kədərimə yeni bir hiss də əlavə olundu: mən uşaqların şən çığır-bağırı içində birdən-birə özümü yalqız hiss elədim və bu hiss sonralar da eyzən mənimlə oldu.
Mən və kitablarMən anamın oxuduğu qalın cildli kitablara dərin bir maraqla baxırdım, anamın o kitablardan oxuyub bizə nağıl elədiyi Rüstəm Zal ilə oğlu Söhrabın əhvalatı, «Hind racisi», «Armanusiya» macəraları xəyalımda təəccüblü bir aydınlıqla canlanırdı. Mən Rüstəm Zal pəhləvanın əvvəl tanımadığı oğlu cavan Söhrabla vuruşaraq, ölümcül yaralayandan sonra qolundakı bazubənddən onun öz oğlu olduğunu bilib necə sarsıldığını unuda bilmirdim. Elə bil ki, o faciə mənim gözümün qabağındaca olmuşdu. Cavan Söhrabın onu məğlub eləyib ölümcül yaralayan bu qüdrətli pəhləvanın öz atası olduğunu biləndən sonra keçirdiyi hissləri mən öz hisslərim kimi duyurdum və mənə elə gəlirdi ki, diyarbadiyar gəzib öz atasını axtaran Söhrab onu bağışlayır, ona olan məhəbbətilə ölür və bu, cahan pəhləvanı Rüstəm Zal üçün sağalmaz bir dərd olur. Mən onların hər ikisində yüksək bir alicənablıq hiss edirdim, əgər Söhrabın yerinə mən olsaydım, mən də atamı bağışlayardım. Onların hər ikisində olan mərdlik və qəhrəmanlıq məni izah eləyə bilmədiyim fövqəladə hisslərlə qanadlandırırdı. Mən bütün qəhrəmanları zahirən də yaraşıqlı, gözəl təsəvvür edirdim. Cıdırlarda ad çıxaran Qarabağ atları da, qüdrətli uca çinar da, bizim sıldırımlı dağlardakı qartallar da mənə gözəl və alicənab görünürdü. Mən Şuşa qalasının qorxunc uçurumlu Xəzinə qayasına baxanda da eyni hissləri keçirirdim. Bu əzəmətli qayanın sükutu mənə əsrarəngiz görünürdü, elə bil ki, o öz sükutu ilə nəyi isə gözləyir.Anamın oxuduğu kitablara baxdıqca mənə elə gəlirdi ki, onlarda məhz mənim sezib duyduğum, məhz mənə qarşı bir məhəbbət sükut edir. Bu məhəbbətin nədən ibarət olduğunu bilmirdim, ancaq o kitablara qarşı fövqəladə bir doğmalıq hiss edirdim. Hələ məktəbdən əvvəl anam mənə oxuyub-yazmağı öyrətməyə başlayanda görürdüm ki, sözlər hərflərdən düzəlir və mən dərhal bu hərfləri öyrənib sözləri oxuyanda sanki yeni bir aləmə daxil olurdum. Bu aləm də insanlardan, onların taleyindən, işlərindən ibarət olsa da, tamam başqa idi. Sanki burada hər şey, hər hiss təzə idi və bu hisslər mənə çoxdan məlum idi. Elə bil ki, mən özüm hansı zamanda isə o hislə yaşamışam. Mən birinci dəfə kiçik bir hekayə oxudum. Orada təsvir olunurdu ki, balaca Murad qonşuluqlarındakı bağın yanından keçəndə qoca bağban Qədir baba ona yetişmiş sulu bir armud bağışladı. Murad armudu yemək istəyəndə birdən yadına düşdü ki, balaca bacısı evdə xəstə yatır, ona görə də Murad armudu yeməyərək aparıb bacısına verdi. Mənə elə gəldi ki, bu Murad mən elə özüm olmuşam. Ancaq xəstə bacım deyil, anam olmuşdur. Və mən ürək sərinlədən sulu armudu yeməyib, qızdırma içində ürəyi yanan anama gətirməyimdən təsəlli alırdım.
Poems by other poets
Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
GörmədimAşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
Rudəkidən iqtibasBir cavan qocaya dedi: – Ay əmi,Az güldür özünə qızı, qarını.
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.