Page 3 of 3 · 67%

– Yəqin sən də qız götürüb qaçanda Xanmurad dayın dəstəsi ilə çıxacaq qabağına.

Anam, hətta atam da gülümsədi. Bu, Pirağbulaq dərəsindəki əhvalata işarə idi.

Sonra qaçaqlar atlanıb getdilər. Elə bil, ürəyimdə boşluq açıldı. Onlar obadan çıxıb Qızılboğaz dağına dikləndilər, sonra yana burulub uçurumlu dağın döşündən keçən dar cığıra düşərək təklənib sıralandılar və getdikcə uzaqlaşaraq dağı dolanıb bir-bir gözdən itdilər, elə bil ki, onlar dərin, mavi fəzaya dalbadal düşüb yox oldular.

Mən ürəyimdə qüvvətli bir ağrı hiss edərək Möhnət qocanın «Ovçu Pirimlə qızıl quş» haqqındakı nağılını xatırladım.

Bütün quşların dilini bilən ovçu Pirim Camal qalasının uçurumlu qayalarının arasında yaralı bir qızılquş görüb soruşdu:

– Nə olub sənə?

Qızılquş «ah» çəkib:

– Məni bir namərd ovçu vurdu, – dedi.

Ovçu Pirim qızılquşu öz komasına gətirdi, cürbəcür otlardan dərman qayırıb yarasını sağaldıb özünə ov quşu elədi. Qızılquş ovçu Pirimə sədaqətlə qulluq eləyirdi, onun ürküdüb havaya qaldırdığı kəklikləri, qırqovulları ildırım kimi şığıyıb caynağına alaraq gətirirdi, ovçu Pirim də ona doyunca təzə ət yedirdirdi, amma görürdü ki, heç qızılquşun kefi açılmır...

Ovçu Pirim bir gün ondan soruşdu:

– İndi nəyin dərdini çəkirsən?

Qızılquş yenə də «ah» çəkib dedi:

– Qəlbi dağlar, dibindən qığıltı ilə çaylar axan dərin dərələr yadıma düşür...

Ovçu Pirim təəccüblə soruşdu:

– Məgər hər dəfə biz ova gedəndə sən yenə də o dağları, dərələri görmürsən?

Qızılquş dedi:

– Görürəm... ancaq...

Qızılquş sözünün gerisini demədi, amma ovçu Pirim hər şeyi başa düşdü. Qızılquşu əlinə götürüb dedi:

– Get, əzizim, uç istədiyin yerlərə, bu gündən azadsan!

Qızılquş getmək istəmədi:

– Mən, – dedi, – sənin yaxşılığını necə əvəzsiz qoyub gedə bilərəm?!

– Mən elədiyim yaxşılığı sənə halal edirəm, uç istədiyin yerlərə!

Qızılquş qanadlarını çırparaq havaya qalxıb uzaqlarda zirvəsi ağaran qarlı dağlara tərəf uçaraq əlvan buludlar arasında gözdən itdi...

Sonra mən qaçaqlar gedən tərəfə işarə ilə anamdan soruşdum:

– İndi onlar hara gedirlər?

Anamın əvəzinə atam cavab verdi:

– Hara gedəcəklər, soyğunçuluq etməyə, yol kəsməyə.

Mən atamın səsində gizli bir acıq hiss edərək bu dəfə onun qabağında cəsarət göstərib dedim:

– Xanmurad dayı kasıblara, arvadlara dəymir ha. Özü də, anama hələ üzük də bağışlayıb.

Atam mənə soyuq nəzər salıb dedi:

– Yaşından böyük danışma, uşaqsan, get uşaq işinə.

Anam gülümsəyib dedi:

– Doğru deyir də...

Mən onlardan aralanıb eynilə dalbadal dayanmış dəvələrə oxşayan qayaların yanına gedərək fikirləşdim: «Atam başqasına nişanlı olan anamı götürüb qaçanda Qaçaq Xanmurad həmin Pirağbulaq dərəsində onları soya da bilərdi, hətta faytonun atlarını alıb onları şənlikdən uzaq dərədə piyada da qoya bilərdi, bəlkə, lap ayrı adamın nişanlısını qaçırdığı üçün acıqlanıb atamı öldürə də bilərdi. Amma o, bunların heç birini eləməyib. Hələ üstəlik, anama qiymətli üzük də bağışlayıb. Demək, Qaçaq Xanmurad atamgilə yaxşılıq eləyib. Bəs niyə atam onun haqqında belə kinli danışır? Amma anam onu müdafiə eləyir... Obanın Əhmədalı kimi, Hacı kimi qoçaq oğulları da onu çox istəyir...»

Belə düşüncələr atama qarşı məndə olan gizli soyuqluğu artırırdı. Mən onun haqlı olduğunu heç vəchlə qəbul eləyə bilmirdim. Mənim təhtəlşüurum heç bir fənalığı Qaçaq Xanmurada yaxın qoymaq istəmirdi.

Bu dəfə Qaraca ilə mən qılınc kimi uçurumdan qalxan sivri qaya üstündə iri bir qartal gördük. Onun boyun-boğazı, ayaqlarının büxümləri cadar-cadar olub eybəcər bir hala düşmüşdü, o, qayanın lap sivri ucunda qanadlarını sallayaraq oturub aşağıdakı dərələri dəhşətli bir acgözlüklə nəzərdən keçirirdi. Gözləri sanki od tutub yanırdı, hiss olunurdu ki, acdır, elə bil ki, bədəninin ora-burasından tükünü də yolmuşdular. Onun bu çirkin görünüşü məndə xoşagəlməz hiss doğurdu. Mən Qaracadan soruşdum:

– Bu necə qartaldı?

Qaraca quşa əhəmiyyətsiz bir nəzər salıb dedi:

– Necə olacaq, qaraquşdu dayna.

(Bizim tərəflərdə qartala qaraquş deyirlər). Mən gərgin əhvali-ruhiyyə ilə soruşdum:

– Axı o niyə belə pis olub?

Qaraca dedi:

– Ay tanrısız, üçtoqqa Vəli kişi kimi qocalıb dayna.

Mən çox məyus oldum. Qartalı həmişə gümrah, məğrur, gözəl, cavan təsəvvür edirdim. Mən qartalın, qızılquşun timsalında cəsurluqla gözəlliyi bir-birindən ayrılmaz bilirdim. İgid qartalın da bu cür ac, eybəcər hala düşə biləcəyi heç ağlıma da gəlməzdi...

Gecə Nuru dayımgilin basqına necə getdiklərini görə bilmədim. Səhəri gün obada bir canlanma var idi. Əhmədalı, Hacı komalarının qabağında oturub tüfənglərini silib təmizləyirdilər. Gəlinlər bir-biriləri ilə pıçıldaşıb gülüşürdülər. Yalnız Fatma nənəm alaçığın dalında oturub gözlərini bir nöqtəyə zilləyərək öz-özünə həyəcanla danışırdı. Həmişə olduğu kimi, indi də mən nənəmin nə barədə deyinməyi ilə maraqlanıb, guya oynayırmışam kimi, əlimdəki çomağı çobansayağı tovlaya-tovlaya onun arxasında dayanaraq qulaq asırdım. Nənəm Nuru dayımın qarasına deyinirdi:

– Ay sağ olmuş, obanın cahıl-cuhulunu başına yığıb, gecə gedib xalqın obasını gülləyə basırsınız? Heyvanını yedəkləyib gətirirsiniz... Demirsən, iraq olsun, iraq olsun, güllə dəyər sana. Selbasarlılar da quduz tayfadır, gecənin birində qəfil gəlib bizi qırarlar?! Axı sən cavan uşaqsan, elm oxumusan, rusun dilini bilirsən, niyə o güllə dəymiş Eyvazın fitnəsinə uyursan? Eyvaz atanın qazandığını kamına çəkir, doymur, indi istəyirsən səni də biləyinə dolasın, niyə başa düşmürsən, axı?! Gedib xalqın qoyun-quzusunu, atlarını gətirib verirsən Eyvaza?!

Nuru dayım isə yastı qayanın üstündə ətrafına toplaşan oba cavanlarına, nə isə hərarətlə deyirdi... Eyvaz əmi papiros çəkə-çəkə yaşlı kişilərlə danışırdı, Səkinə nənə də bu gün həmişəkindən kefikök və gümrah görünürdü.

... Qaraca mənə dedi:

– Bu gecə obada atışma olacaq.

– Nə atışma? – deyə mən soruşdum.

Qaraca mənə çəpəki baxaraq məzəmmətlə dedi:

– Ay tanrısız, xalq malından əl çəkəcək? Bizimkilər keçən gecə selbasarlıların bir heylə heyvanını gətiriblər...

Mən soruşdum:

– Haradadı o heyvanlar?

– Mən nə bilim?.. Yəqin gecə ikən pay-püş eləyiblər.

... Lakin üç gün heç bir hadisə baş vermədi. Qaracaya dedim:

– Bəs niyə atışma olmadı?

– Eyvaz əmim hər gün oba cahıllarına tapşırır ki, sərvaxt olun, onlar bizi ala qoyurlar ki, arxayın salıb, qəfil hücum eləsinlər.

Amma Eyvaz əmi özünü elə tuturdu ki, elə bil, bu işlərin heç birindən xəbəri yox idi. Həmişəki kimi, üstündə ceyran şəkli olan qutudan papiros bükə-bükə, alaçığın qabağında oturub ağsaqqallarla tamam ayrı şeylər haqqında – arandan gələn xəbərlər haqqında, yollarda, o biri obalarda olan soyğunlar, basqınlar haqqında söhbət edib deyirdi:

– Dünyada düzlükdən yaxşı şey yoxdu.

Fatma nənəm havayı yerə mənə «əllamə» demirdi, mən Eyvaz əmidən soruşdum:

– Bəs siz nə üçün selbasarlıların heyvanlarını gətirmisiniz?

Eyvaz əmi gülümsəyib dedi:

– Ona görə ki, onlar da fürsət tapanda bizimkini aparırlar, o günü gördün ki...

Mən təslim olmayıb dedim:

– Oğurluq da əvəzə əvəzdi?

Eyvaz əmi eyni təbəssümlə yanındakı kişilərə dedi:

– Görürsünüz... Əyyam uşağıdı də...

Sonra mənə cavab verib dedi:

– Peyğəmbər əvəzə əvəz deyib!

Mən yenə də əllaməlik eləyib dedim:

– Peyğəmbər bəlkə yaxşılıq barədə əvəzə əvəz deyib?

Eyvaz əmi bu dəfə ciddi ifadə ilə:

– Yox, qaqaş, sən uşaqsan, bilmirsən ki, əgər biz bu üzümüzə sillə vurulanda o biri üzümüzü çevirsək, torpağımızı at torbasında daşıyarlar. Buynuzlu qoçun qabağına gərək buynuzlu qoç çıxarasan!

Mən nə qədər əllamə də olsam, burda fikrim dolaşdı, nəyin düz olub-olmadığını təyin eləyə bilmədim. Uzaqda, dağın döşündə Qaracanı görüb onun yanına qaçdım. O, quşəppəyi yığıb yeyirdi, dedim:

– Gəl «gizlənqaç» oynayaq.

O, mənə cavab vermədi, mən təkrar etdikdə, əlində dəstə ilə tutduğu yemliyin torpağını çırparaq acıqla dedi:

– Ay tanrısız, oynamıram dayna!

Qaraca mənə yemlik vermədi, çünki keçən dəfə atam bizim çöldən quzuqulağı yığıb yediyimizi görərək, Qaracaya bərk acıqlanıb demişdi: «Uşağı öyrətmə belə zir-zibil yığıb yeməyə».

Hər gecə Nuru dayım cavanlardan obanın ucqarlarına tüfəngli qarovulçular qoyurdu. Mən onu da hiss edirdim ki, atam Nuru dayımın bu işlərindən bərk dilxor olub, bizim yaylağa gəlməyimizə peşmandır, anamın isə vecinə deyildi, hətta mənə elə gəlirdi ki, anam bu basqınlardan, atışmalardan zövq alır. Dayımın selbasarlılara etdikləri gecə basqını haqqındakı söhbətinə həvəslə qulaq asırdı. Onu da deyim ki, bir əhvalatı şirin nağıl eləməkdə heç kəs Nuru dayıma çatmazdı.

Eyvaz əminin sözü düz çıxdı, qaranlıq, çiskin gecədə selbasarlılar bizim obanı basdılar gülləyə, ancaq bizimkilər əvvəlcədən hazır dayandıqları üçün selbasarlılar heç nə apara bilmədilər, heç kəsə də güllə dəymədi.

Bu atışma zamanı atamın da o adamların arasında olmamağı, qaranlıq alaçıqda bizim yanımızda oturmağı məni səhəri gün utandırdı. Əhmədalı, Hacı, Nuru dayım gecəki əhvalatdan həvəsilə danışdıqları zaman mən ürəyimdə xəcalət çəkirdim. Halbuki belə basqınların heç də yaxşı iş olmadığını mən ürəyimin dərinliklərində hiss edirdim... Selbasarlıların yenə də əliboş qayıtmağı oba adamlarına ləzzət verirdi. Səkinə nənə qürurla, bərkdən deyirdi:

– Köpəkuşağı... Kişilər olmayanda gəlib qoyunu dəstələyirdilər, elə bilirdilər bir də eləyə bilərlər!

Kürdobalıların həyatında baş verən bu hadisələr atamla anamın münasibətinə, dediyim kimi, pis təsir eləyirdi, onlar, demək olar ki, bir-birləri ilə heç danışmırdılar. Mən də bunun səbəbini heç başa düşə bilmirdim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Həyəcanlı xəbərlər, köçhaköç və sandıq əhvalatı

Atamgil Rusiyada qurulmuş fəhlə-kəndli hökuməti barədə indi daha tez-tez söhbət edirdilər. Mən də bu söhbətlərə böyük bir maraqla qulaq asırdım. Mən eşidirdim ki, orada ağalara, böyük tacirlərə divan tuturlar. Hökuməti kasıblar, fəhlələr, kəndlilər idarə edirlər.Çox qəribə idi ki, kasıbların, Xaynamaz kimi kəndlilərin Rusiyada hökumət başına keçmələri məndə fərəh doğururdu. Elə bil ki, mən özüm yekəxana bəy balalarından nəyinsə qisasını alırdım. Doğrudanmı, bu, həmin bəy oğlanlarının hər yerdə öz bəyliklərini hiss etdirmələrinin nəticəsi idi? Kim bilir, bəlkə buna səbəb ata-babadan, lap ulu babalarımızdan bəri bizim nəslin damarlarında axan rəiyyət qanı idi? Mən anama dedim:

21 min
Təzə günlərin təzə əhvalatları

On birinci ordunun bir batalyonu bizim evlərdə yerləşmişdi.Otaqların ancaq birini vermişdilər bizim, guya «nökərimiz» olan Zəbi əmimə. Biz də həmin otaqda yerləşdik. Evdə qoyub getdiklərimizdən heç bir əsər-əlamət qalmamışdı. Atamın keşişdən aldığı mebelləri də sındırıb dağıtmışdılar.

14 min
Məktəb, uşaqlar və mən

Sentyabrın on beşində babam məni üstü qırmızı dəmirli, böyük kürsülü binada yerləşən məktəbə apardı.Və orada mənim anlaşılmaz, daimi kədərimə yeni bir hiss də əlavə olundu: mən uşaqların şən çığır-bağırı içində birdən-birə özümü yalqız hiss elədim və bu hiss sonralar da eyzən mənimlə oldu.

5 min
Mən və kitablar

Mən anamın oxuduğu qalın cildli kitablara dərin bir maraqla baxırdım, anamın o kitablardan oxuyub bizə nağıl elədiyi Rüstəm Zal ilə oğlu Söhrabın əhvalatı, «Hind racisi», «Armanusiya» macəraları xəyalımda təəccüblü bir aydınlıqla canlanırdı. Mən Rüstəm Zal pəhləvanın əvvəl tanımadığı oğlu cavan Söhrabla vuruşaraq, ölümcül yaralayandan sonra qolundakı bazubənddən onun öz oğlu olduğunu bilib necə sarsıldığını unuda bilmirdim. Elə bil ki, o faciə mənim gözümün qabağındaca olmuşdu. Cavan Söhrabın onu məğlub eləyib ölümcül yaralayan bu qüdrətli pəhləvanın öz atası olduğunu biləndən sonra keçirdiyi hissləri mən öz hisslərim kimi duyurdum və mənə elə gəlirdi ki, diyarbadiyar gəzib öz atasını axtaran Söhrab onu bağışlayır, ona olan məhəbbətilə ölür və bu, cahan pəhləvanı Rüstəm Zal üçün sağalmaz bir dərd olur. Mən onların hər ikisində yüksək bir alicənablıq hiss edirdim, əgər Söhrabın yerinə mən olsaydım, mən də atamı bağışlayardım. Onların hər ikisində olan mərdlik və qəhrəmanlıq məni izah eləyə bilmədiyim fövqəladə hisslərlə qanadlandırırdı. Mən bütün qəhrəmanları zahirən də yaraşıqlı, gözəl təsəvvür edirdim. Cıdırlarda ad çıxaran Qarabağ atları da, qüdrətli uca çinar da, bizim sıldırımlı dağlardakı qartallar da mənə gözəl və alicənab görünürdü. Mən Şuşa qalasının qorxunc uçurumlu Xəzinə qayasına baxanda da eyni hissləri keçirirdim. Bu əzəmətli qayanın sükutu mənə əsrarəngiz görünürdü, elə bil ki, o öz sükutu ilə nəyi isə gözləyir.Anamın oxuduğu kitablara baxdıqca mənə elə gəlirdi ki, onlarda məhz mənim sezib duyduğum, məhz mənə qarşı bir məhəbbət sükut edir. Bu məhəbbətin nədən ibarət olduğunu bilmirdim, ancaq o kitablara qarşı fövqəladə bir doğmalıq hiss edirdim. Hələ məktəbdən əvvəl anam mənə oxuyub-yazmağı öyrətməyə başlayanda görürdüm ki, sözlər hərflərdən düzəlir və mən dərhal bu hərfləri öyrənib sözləri oxuyanda sanki yeni bir aləmə daxil olurdum. Bu aləm də insanlardan, onların taleyindən, işlərindən ibarət olsa da, tamam başqa idi. Sanki burada hər şey, hər hiss təzə idi və bu hisslər mənə çoxdan məlum idi. Elə bil ki, mən özüm hansı zamanda isə o hislə yaşamışam. Mən birinci dəfə kiçik bir hekayə oxudum. Orada təsvir olunurdu ki, balaca Murad qonşuluqlarındakı bağın yanından keçəndə qoca bağban Qədir baba ona yetişmiş sulu bir armud bağışladı. Murad armudu yemək istəyəndə birdən yadına düşdü ki, balaca bacısı evdə xəstə yatır, ona görə də Murad armudu yeməyərək aparıb bacısına verdi. Mənə elə gəldi ki, bu Murad mən elə özüm olmuşam. Ancaq xəstə bacım deyil, anam olmuşdur. Və mən ürək sərinlədən sulu armudu yeməyib, qızdırma içində ürəyi yanan anama gətirməyimdən təsəlli alırdım.

4 min

Poems by other poets