Su dəyirmanı
Page 9 of 9 · 89%
– Çalışarıq razı olsun, olmasa, ayrı bir yol taparıq. – Humay mənim nə demək istədiyimi başa düşərək, eyni ciddi ifadə ilə:
– Yox, – dedi, – razılıq verməsə, çətin olacaq.
– Niyə axı?
– Qız atasının razılığı olmadan ərə getmək istəmir. Yaxşı da eləyir.
– Yaxşı eləyir?
– Əlbəttə.
– Mən sizi anlaya bilmirəm. Tutaq ki, Musa dayı heç razılıq vermədi, qız da onun sözündən çıxmadı. Bəs onda nə olsun?
– Çalışıb Musa dayını razı salmaq lazımdır. Mən bu əqidədəyəm ki, evlənən üçün ata-ananın rəyi əsas şərtlərdən biridir. Tutaq ki, Musa dayı onun ata yadigarını dağıdıb, ayrı bir şəklə saldığım üçün mənə nifrət edir. Biz, yəni Bəyimlə mən, bunu bir gerilik əlaməti hesab edərək, nəzərə almaya bilərik. Çünki cəmiyyətin xeyri dəyirmanın indi su ilə deyil, elektriklə işləməsindədir. Demək, məntiq bu konfliktin bizim xeyrimizə həll olunmasını tələb edir, elə deyilmi?
– Elədir...
– Ancaq, axı Bəyimi böyüdüb boya-başa çatdıran Musa dayıdır. Axı onun ömrünün ən yaxşı çağları Bəyimə, bir də camaat üçün işləyən o su dəyirmanına sərf olunub... İndi bunları onun əlindən alıb, özünü də rədd etmək böyük ədalətsizlik olmazdımı?
Bu zaman anam hirsli-hirsli içəri girdi.
– Nə oldu, ay arvad? – deyə mən həyəcanla soruşdum.
O mənə cavab verməyərək Humaya dedi:
– Lap günü sabah qızın qolundan tutub gətirərsən, eşitdinmi? Qoy ondan sonra dəyirmançı Musa ha atılıb-düşsün.
– Bir başa sal, görək nə dedi?
– Deyir, qızı o dəyirmanın boğazına atıb öldürərəm, amma ona vermərəm. Dedim, heç özündən çıxıb-eləmə. Bu, keçmiş zəmanə deyil... Ondan adam olmaz, vəssalam. Nə qədər eyham vururuq ki, qızla-oğlan alışıb-verişiblər, başa düşmür. Götür gəl, qoy qalsın yana-yana. Onda ağıllanar.
... Ertəsi gün, dəyirmanın qabaq tərəfində saldığımız alma bağının yanında Humayla Bəyimi dayanıb danışan gördüm. Qızın üzü solğun idi. Gözlərində kədər və təlaş var idi. Mən salam verib keçəndə, nəzərləri bir an üzümdə dayandısa da, fikrinin çox uzaqlarda olduğunu hiss etdim. Yəqin ki, bu anda mən onun üçün tamamilə yad bir adam idim.
Nahardan sonra Humay pencəyini geyərək:
– Eyvaz, – dedi, – xahiş edirəm mənimlə bir yerə gedəsən.
– Haraya?
– Yolda deyərəm.
Həyətdən çıxıb sükut içində bir qədər gedəndən sonra Humay dilləndi:
– İstəyirəm Musa dayı ilə şəxsən özümüz danışaq.
Doğrusunu deyim ki, Humayın sözü məni ürkütdü. Çünki evlənmək istəyən oğlanın qız barəsində gedib onun atası ilə danışması (xüsusən atası ilə) indiyə qədər bizim kənddə görünməmiş bir iş idi. Qorxurdum ki, Musa dayı Humaya ağır bir söz deyə, mən də pis vəziyyətdə qalam.
– Bəlkə Qədirə deyək, bir-iki ağsaqqal da götürüb...
O, sözümü kəsərək:
– Yox, – dedi, – özüm danışacağam. Əgər sən getmək istəmirsənsə...
– Nə üçün? Gedək!..
Mən vaxtilə fövqəladə qəhrəmanlıqlar haqqında düşünərdim. İndi öz dostumun işi üçün Musa dayının yanına getmək nədir ki?..
Su dəyirmanı hələ işləyirdi. Onun qabaq tərəfindəki açıqlıqda isə, bizim camaatın dili ilə desək, təzə «tok dəyirmanı» tikilirdi. Binanın layihəsini Rəşid vermişdi. O, hərdən gəlib, işin gedişinə baş çəkirdi. Srağagün də gəlmişdi. Gülə-gülə bizə deyirdi ki, «maşını düz sürdüm dəyirmana. Yaxşı ki, atam orada deyildi...»
Usta Qara ilə şagirdləri hörgünü xeyli qaldırmışdılar.
Musa dayı, adəti üzrə, novun bəri tərəfindəki böyürtkən kollarının kölgəsində oturub demisini tüstülədirdi. Bizi görəndə üzünü o yana çevirdi. Bir istədim deyəm ki, Humay, gəl sən bu daşı ətəyindən tök, ancaq demədim.
Humay köhnə dost kimi, tamamilə sərbəstcə:
– Salam, Musa dayı, – dedi və kişinin gözlərindəki qəzəbə əhəmiyyət verməyərək, otların üstünə əyləşib, mənim də oturmağıma işarə etdi.
Əyləşdim. Sonra Humay heç tərəddüd etmədən:
– Musa dayı, – dedi, – mən sizinlə danışmağa gəlmişəm.
Musa dayı bir neçə saniyəlik sükutdan sonra bizə tərəf baxmadan soruşdu:
– Nə barədə?
– Mən sizinlə Bəyim barədə danışmaq istəyirəm...
Musa dayı iti və sərt bir hərəkətlə üzünü bizə tərəf çevirib, heyrətlə əvvəlcə mənə, sonra Humaya, sonra yenə mənə baxdı. Sanki kişi Yer üzündə görünməmiş qəribə bir şey eşitmişdi. Birdən barıt kimi açılaraq, dəyirmanın şırıltısını batıran qəzəbli səslə mənim üstümə qışqırdı:
– Ə, Bədirxan oğlu, bunun haradan çıxdığını bilmirəm, bəs sən heç utanıb-qızarmırsan?
Humay pərt, lakin sakit halda dedi:
– Niyə təhqir eləyirsiniz, biz ki, bir pis iş eləməmişik?
Musa dayının dərindən baxan gözlərindən od tökülürdü:
– Üzünüzdə həya olsa, adamı adam yerinə sayarsınız! Mənim qızım sizin üçün su dəyirmanı deyil ki, iclasa qoyasınız. Adam göndərdin, cavabını da aldın.
Humay təslim olmaq istəmirdi:
– Bəyim sizin fikrinizlə razı deyil.
– Mənim qızımın adını tutma! – Musa dayı göy kimi guruldadı.
– Eşitdinmi? Mən uşaq böyütməmişəm ki, hər dərədən keçən onun adını tutsun.
– Mən dərədən keçən deyiləm, Musa dayı!
Kişi yanıb-yaxılaraq, bu dəfə cavab verməyə söz tapmadı. Birdən ayağa qalxıb, əsəbi addımlarla uzaqlaşdı. Humay onun ardınca baxa-baxa qaldı.
– Görəsən, dəyirmana görə belə edir, yoxsa, ümumiyyətlə, məndən zəhləsi gedir? – deyə öz-özü ilə danışırmış kimi soruşdu.
– Əlbəttə, Musa dayını ən çox hirsləndirən dəyirman məsələsidir. Ancaq ola bilsin ki, sənin buralı olmamağının da bir az təsiri var. Eşitdiyimə görə, keçmişdə bizim camaat «gəlmə» adama qız verməzmiş.
– Niyə?
– Kim bilir...
Kəndin girəcəyində Qədirə rast gəldik.
– Haraya belə? – deyə gözlərini qıyaraq soruşdu.
Humay Musa dayı ilə olan söhbətimizi nöqtəsinə qədər ona danışdı. Qədir əllərini bir-birinə vuraraq bərkdən güldü:
– Əşi, – dedi, – bir tərəfdən kişinin ata-baba yadigarını uçurub dağıdırsan, o biri tərəfdən də qızına elçi göndərirsən. Belə şey olar?
– Yaxşı, bəs indi neyləyək? – deyə Humay soruşdu.
Qədir iri ətli əllərini kəmərinə keçirib, ovurdlarını şişirdərək fikirləşdi. Sonra dedi:
– Qızla maşına əyləşib «Zaqs»a getməkdən başqa ayrı çarəsi yoxdur. «Pobeda» sizin qulluğunuzda, ancaq elə tərpənin ki, Musa işi xəbər tutmasın. Yoxsa mənimlə ömürlük qanlı-bıçaq olar ki, maşın verib, qızımı qaçırtmısan. Yaxşı olar ki, Kəkliklə, Rəşidlə məsləhətləşəsiniz.
– Onlarla kim danışsın?
– Mən danışaram, – deyə Qədir cavab verdi.
... Artıq hər şey hazır idi. Kəklik xala ilə Rəşid razılıq vermişdilər. Sabah Humay ilə Bəyim kəbin kəsdirməyə gedəcəkdilər.
Humay maşın-traktor stansiyasının yaxınlığında özü üçün ev tutdu. Evin sahibi Hüseynəli dayı dünyagörmüş, ürəyiaçıq bir kişi idi. Humayın mənzilini lap gəlin otağı kimi bəzətdirdi. Demək, o, bizdə axırıncı dəfə qalacaqdı. Ayrılıq həmişə kədərlidir.
Humay, adəti üzrə, başını aşağı salaraq, otaqda var-gəl edirdi, nə isə fikirləşirdi. Birdən mənim qarşımda dayanaraq:
– Eyvaz, – dedi, – neçə gündür mən səni birtəhər görürəm.
– Nə cür?
– Elə bil, nə isə bir sıxıntı keçirirsən.
– Ola bilər.
Sonra sakit və ciddi ifadə ilə əlavə etdim:
– Bilirsənmi, ağırdır, birdən-birə unutmaq olmur.
– Nəyi?
– Sevdiyin, istədiyin qızı.
– Sən kimi sevirdin?
– Bəyimi.
Sükut.
O, başını aşağı salaraq ahəstə səslə cavab verdi:
– Mən bunu hiss edirdim. Ancaq niyə əvvəldən demirdin?
– Nə mənası vardı ki?..
Humay dinmədi.
Bəlkə də, mən bunu açmamalı idim. Lakin o mənim dostum, qonağım idi. Mən belə böyük bir sirri ondan gizli saxlaya bilməzdim.
– Səhər saat neçədə şəhərə gedəcəksiniz? – deyə mən uzun və gərgin sükutu pozaraq soruşdum.
O, başını qaldıraraq dərin, ciddi bir nəzərlə üzümə baxdı:
– Saat yeddidə!
... Səhər şəfəq sökülən zaman Qədirin «Pobeda»sı qoşa çinarın altında dayandı. Mən anamla Humayı maşında qoyaraq, düşüb Musa dayının darvazasını üç dəfə yavaşca taqqıldatdım. (Musa dayının dəyirmanda qaldığını dürüst öyrənmişdik). İki dəqiqə çəkmədi ki, Kəklik xala ilə Bəyim gəldilər. Qızın üzündəki solğunluq və kədər məni heyrətə saldı. Görünür, ən xoşbəxt dəqiqələrin də özünə görə dərdi olurmuş!
Kəklik xala da həm kefsiz, həm də həyəcanlı idi. Humay qızı qarşılamaq üçün maşından çıxmaq istədi.
– Lazım deyil. Sən otur, – deyə mane oldum.
Sonra Bəyimin əlindəki çamadanı alıb, maşına qoydum. Anam qıza dedi:
– Gəl, bala, gəl otur.
Bəyim sanki bu sözdən diksinərək, başını qaldırıb, gözlərini həyəcan içində ona zilləmiş anasına baxdı. Birdən hər ikisi qucaqlaşdı. Qız üzünü anasının geniş, ətli köksünə sıxaraq ağlayırdı. Həmişə üzügülər olan Kəklik xala da uşaq kimi ağlayırdı. Mən üzümü yana çevirdim.
Anam dedi:
– Tay yaxşı, Kəklik, ağladın, ürəyini boşaltdın, qoy qız otursun.
Kəklik xala yaylığının ucu ilə gözlərini silib, qızının üzündən öpdü:
– Get, bala, xoşbəxt olasan!
Bəyim dinməz-söyləməz, kimsənin üzünə baxmadan, gəlib maşının dal tərəfində, anamın yanında oturdu.
– Sür! – deyə Humay həyəcanlı səslə şoferə dedi.
Maşın toz qopara-qopara uzaqlaşdı. Gözlərinin yaşı hələ də qurumamış Kəklik xala ilə mən dayanıb onun ardınca baxırdıq. Maşın isə getdikcə uzaqlaşırdı. Nəhayət, o, səhər günəşi ilə işıqlanmış mavi üfüqdə gözdən itdi...
Mən biçilmiş buğda zəmilərinin arası ilə yavaş-yavaş irəliləyirdim. Dərz ilə dolu bir maşın gəlib yanımdan keçdi. Maşının üstündə yabasını dərzə sancmış Şahlar məni görüb gülümsədi:
– Sabahın xeyir, aqronom! – qışqırdı.
Onun gözəl üzü sevinc və xoşbəxtliklə parlayırdı.
Mənim yolumla çarpaz kəsişən cığırla əyinlərində qırmızı, sarı, yaşıl paltar olan bir dəstə qız-gəlin keçib gedirdi. Onlar bir-biri ilə zarafatlaşır, bərkdən gülüşürdülər. Məni görərkən dəmirçi Muradxan dayının qızı gözəl Əsmər yoldaşının qulağına nə isə pıçıldadı. Sonra hər ikisi bir an çevrilib mənə tərəf baxaraq, utancaq, mehriban və bakirə bir ifadə ilə gülümsədi. Bir dəfə Bəyim gülə-gülə mənə demişdi ki, «Eyvaz, Əsmər səndən yaman çox danışır».
Dünyada Bəyimin iti və həssas nəzərlərindən nə yayına bilər?!
Uzaqdan çaparaq bir atlı gəlirdi. Bu, Qədir idi. O, bir əli ilə cilovdan, digər əli ilə furajkasından yapışaraq, atın üstündə quş kimi oturmuşdu.
Mənə çatanda cilovu çəkdi. Alapaça ürgə iki dəfə şahə qalxıb cilovu gəmirə-gəmirə dayandı.
– Nə oldu? – deyə Qədir gözlərini qıyaraq soruşdu.
– Getdilər!
Sədr daha heç bir söz deməyərək, bir yerdə aram tapmayan ürgənin cilovunu buraxdı.
Zəminin kənarındakı yaşıl otluqdan çil-çil turac pırıltı ilə havaya qalxıb, ayrı bir yerə düşdü.
Mən yoluma davam edərək, dəyirman aşırımını endim. Heç nədən xəbəri olmayan Musa dayı böyürtkən kollarının kölgəsində oturub, üzü o tərəfə, demi çəkirdi.
Usta Qara ilə şagirdləri təzə dəyirmanın divarlarını hörürdülər. Mən onların yanından keçib, bağa getdim. Bu gün alaq otlarını təmizləyəcəkdik...
1954.
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-su-deyirmani
Use ← → keys to move, R for a random poem
More by this author
Ağabəyim ağa və Saday bəy.*Ağabəyim ağa**
Üçüncü şəkilSəltənət bəyim və Hüseynqulu xan gəlirlər.*Hüseynqulu xan**
Dördüncü şəkilİbrahim xanın iqamətgahı. İbrahim xan və Mirmöhsün ağa səhnəyə daxil olurlar.*Mirmöhsün ağa**
Beşinci şəkilİbrahim xanın iqamətgahı. İbrahim xan və Ağabəyim ağa.*İbrahim xan**
Poems by other poets
The centre of the first encircling line; the seal of all creation at the end;Fresh fruit of garden of the seven old spheres; of eloquence’ pearl-necklace central pearl —
ƏslimizƏslimiz olmuş əhli-Hövsandan,Gəmi zəhmətkeşi olubdur atam.
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər