İkinci pərdə
Contents
Page 2 of 5 · 20%
Onuncu şəkil
Xurşidbanunun malikanəsi. Xurşidbanu və Seyid Hüseyn.
Seyid Hüseyn (Xurşidbanunun əlindən tutaraq)
O zaman sizi sevdiyim üçün, sizi ürəyimdən çıxara bilmədiyim üçün özümü danlayırdım... Özümə əzab vermək istəyirdim. Çünki sizə çatmaq, sizin mahəbbətinizə nail olmaq səadəti mənə xəyal kimi görünürdü. Siz mənim bütün qəlbimə hakim olduğunuz halda, məndən ulduzlar qədər uzaq idiniz... İndi də bizim izdivacımız bəzən mənə yuxu kimi gəlir, Banu bəyim...
Xurşidbanu (xəfif bir təbəssümlə əlini onun əlindən geri çəkərək)
Əzizim Hüseyn, biz bir-birimizə sadiq, səmimi rəfiqlər olacayıq. Bizim sevgidən danışmaq vaxtımız keçib.
Seyid Hüseyn (dərin məyusluqla)
Nə üçün elə deyirsiniz, Banu bəyim? Biz hələ otuz yaşına yenicə qədəm qoyuruq?
Xurşidbanu (dərindən nəfəs alaraq)
Amma mənə elə gəlir ki, ürəyim yüz il qocalmışdır.
Seyid Hüseyn (eyni məyusluqla)
Yox, Banu bəyim, ürəyiniz qocalmamışdır, ancaq...
Xurşidbanu (onun alnından öpərək, çox mehriban)
Gecən xeyrə qalsın, mənim əzizim. (O biri otağa keçir)
Seyid Hüseyn (eyni məyusluqla onun ardınca baxaraq öz-özünə)
Ürəyiniz qocalmamışdır. Mən hər şeyi başa düşürəm, Banu bəyim... Ancaq, bununla belə, madam ki, siz, özünüzü mənə zövcə olmağa layiq bilmisiniz, mən də sizə layiq ər olduğumu sübut eləyəcəyəm! İndi “səfil bir seyid” deyə mənə həcv yazan şairciklər o zaman utanıb yerə girəcəklər.
Birdən bayır qapısı taybatay açılır. Hidayət xan iki nəfərlə daxil olur.
Hidayət xan (istehza ilə)
Ağa Seyid, Peyğəmbər övladı olduğun üçün mən əlimi sənin qanına bulamaq istəmirəm. Ancaq şələ-şüləni yığışdır, bu gədələr səni aparıb Arazdan İrana ötürəcəklər ki, cəhənnəm olub bir də bu tərəflərə üz çevirməyəsən. Əgər, bu dəqiqə getmək istəməsən, bunlar səni boğub o kisəyə (çiyni üstündən birinin əlindəki kisəyə işarə edir) salaraq, aparıb Xəzinə qayasından tullayacaqlar.
Seyid Hüseyn
Nə üçün, xan, mənim günahım nədi?
Hidayət xan
Sən kimsən ki, gəlib Mehdiqulu xanın iqamətgahına dürtülüb, onun qızıyla izdivaca cəsarət eləyirsən? Kimsən?!
Seyid Hüseyn
Mən insanam, xan!
Hidayət xan
Mənə filosofluq etmə! Yığışdır şələ-şüləni! İnsan!
Seyid Hüseyn
Xan, mən İran şahının zülmündən qaçıb, sizə pənah gətirmişəm.
Hidayət xan
Pənah gətirən başından böyük qələt eləməz! Həmşəri gədəsi!
Seyid Hüseyn
Xan, tərbiyəli danışın!
Hidayət xan (canilərə qışqırır)
Qurtarın bununla!
Canilər Seyid Hüseyndən yapışıb, onu boğmaq istəyirlər. Seyid Hüseyn müqavimət göstərir. İşıq Xurşidbanunun otağına düşür. Xurşidbanu çarpayıda yatmışdır. Bəyim həyəcanla yaxınlaşıb onu oyadır.
Bəyim
Banu bəyim! Banu bəyim!
Xurşidbanu (həyəcanla oyanıb dikələrək)
Nə olub, Bəyim?
Bəyim
Hidayət xanın gədələri Seyid Hüseyni öldürürlər!
Xurşidbanu
Necə?! (Qalxıb gecə köynəyində yüyürür. İşıq yenə də Seyid Hüseynin otağına düşür. Canilər Seyid Hüseynlə əlləşib, onu boğmaq istəyirlər. Hiss olunur ki, Seyid Hüseyn taqətdən düşmək üzrədir. Xurşidbanu içəri girir) Dayanın!
Canilər özlərini itirib, key nəzərlə xana baxırlar.
Xurşidbanu (Hidayət xana)
Ar olsun sənə!
Hidayət xan (canilərə qışqırır)
Çıxın bayıra! (Canilər çıxırlar. Xurşidbanuya) Arvad naməhrəm kişilərin qabağına bu cür çılpaq çıxmaz!
Xurşidbanu
Kişilərin? Hansı kişilərin? (Seyid Hüseynə işarə ilə) Bu mənim qanuni ərimdir, qaldı sən...
Hidayət xan
Yalan deyirsən! Bu hələ sənin ərin deyil! Şuşa qalasında heç bir molla sizə kəbin kəsməyə cəsarət eləməz!
Xurşidbanu
Cəsarət eləyən tapıldı, Kürdüstanlı cavan axund Hacı Şükür bu gün bizim kəbinimizi kəsmişdir.
Hidayət xan (yanıb-tökülərək əlini xəncərin qəbzəsinə atır)
Ah, ifritə! İfritə!
Xurşidbanu
İfritə, hər halda, namərd kişidən yaxşıdır. Silahsız, günahsız adamı canilərin əli ilə öldürmək istəyirsən?
Hidayət xan
Sən bu iranlı gədəsinə uyub, Pənah xan nəslinin papağını yerə vurdun. Mən utandığımdan əyanların üzünə baxa bilmirəm! Sənin bu səfilə ərə getməyin bizi əlahəzrət imperatorun da gözündən salacaq!
Seyid Hüseyn
Siz nahaq yerə bizi təhqir edirsiniz, xan. Mən sizə acıyıram.
Hidayət xan (əlini xəncərinin qəbzəsindən götürərək, təəccüblə)
Sən mənə acıyırsan?
Seyid Hüseyn
Bəli! Çünki, görünür, əlahəzrət imperator sizin kimi gözəl, ziyalı oğlanın azadlığı ilə bərabər, olan ağlını da əlindən alıb. Bu, dəhşətdir, xan!
Hidayət xan (birdən qəribə bir sakitlik və maraqla)
Sən nəyə görə məni ağıldan məhrum edilmiş sanırsan?
Seyid Hüseyn
Ona görə ki, xan, siz, kim, haralı olduğunuzu, hansı xalqa mənsub olduğunuzu çoxdan unutmusunuz. Sizin üçün “Azərbaycan” sözü yoxdur. Siz öz ana dilinizdə danışmağı belə ar bilirsiniz.
Hidayət xan
Tutaq ki, mən azərbaycanlı olduğumu başa düşürəm, neyləyə bilərəm?
Seyid Hüseyn
Xalqıma, vətəninə canıyanan, onun dərdindən halı olan adam belə sual verməzdi, nə etmək lazım olduğunu ona ürəyi, vicdanı söyləyərdi...
Hidayət xan
Nə ərz etmək istədiyini başa düşürəm, ağa Seyid. Ancaq Yer kürəsini öz məhvərindən çıxarmaq olmaz!
Seyid Hüseyn
Yox, xan. Yer kürəsi öz məhvərindən çıxacaqdır.
Hidayət xan
Ağa Seyid, sən nə əvvəlinci malxulyaçısan, nə də axırıncı. Madam ki, İbrahim xanın nəvəsi, Mehdiqulu xanın qızı sənin kəbinli arvadın olub, daha səni öldürməyin mənası yoxdur. Qoy şərəf və şöhrətlərini sənin kimilərinin ayaqları altına saldığı üçün Banu bəyim xan babalarının, atasının ruhlarına o dünyada özü cavab versin! Ancaq Banu bəyim, nahaq yerə sən boşboğazın mənasız nitqlərinə aludə olub, özünü biabır elədin.
Xurşidbanu
Mən kübar cəmiyyətindəki ikiüzlü əxlaq qanunlarının zəncirini qırdığım üçün özümü quş kimi azad hiss edirəm.
Hidayət xan (dərindən nəfəs alaraq)
Sən özün özünü aldadırsan... Banu bəyim... Heyf səndən... (Sürətli addımlarla çıxır)
Seyid Hüseyn
Banu bəyim, siz məni mənasız bir ölümdən xilas etdiniz. O da mənə əyan olmuşdur ki, siz, sadəcə olaraq, mənə bir həyat rəfiqi kimi hörmət edirsiniz. Bunu düşünmək mənim üçün hər nə qədər ağır olsa da, siz etibar eləyib, mənim kimi adi, yoxsul bir oğlanı özünüzə rəfiq intixab elədiyiniz üçün bu tikanlı, uçurumlu yollarda son nəfəsimə qədər sizin xilaskarınız olacağam!
Seyid Hüseyn Xurşidbanunun qolundan yapışaraq, onu otağına aparır. Bəyim daxil olaraq, onların ardınca baxır. Daşdəmir həyəcanlı halda gəlir.
Daşdəmir (pıçıltı ilə)
Bəyim! (Bəyim geri çevrilir) Nə olub burada?
Bəyim (ondan incidiyini unudaraq, həyəcanla)
Hidayət xanın gədələri Seyid Hüseyni öldürmək istəyirdilər.
Daşdəmir (xəncərindən yapışaraq)
Bəs, niyə yüyürüb mənə xəbər vermirdin ki, gəlib o gədələri ləzgi xəngəli kimi doğrayım.
Bəyim (birdən Daşdəmirin yalanını xatırlayaraq)
Gopçu.
Daşdəmir
Gopçu niyə oluram, az?!
Bəyim (onu yamsılayaraq)
“Dədəmin qızılı xurcunladır... Üçmərtəbə evlərimiz belə oldu... At ilxıları belə getdi...”
Daşdəmir
Bəyimcan, zarafat idi, eləyirdik dayna...
Bəyim
Elə zarafat olar?
Daşdəmir
Axı, neyləyim, başlamısan ki, “hamı mənə Bəyim xanım deyir... Mən gedib sizin daxmanızda neyləyəcəyəm”, amma görürsən, Banu bəyim kimi xan qızı Seyid Hüseyn kimi kasıb oğlana getdi.
Bəyim
Seyid Hüseyn, Banu bəyimin dərdindən dəli-divanə idi.
Daşdəmir
Gərək mən də gedəm özümü Xəzinə qayasından atam ki, səni istədiyimə inanasan!
Bəyim
İstəyən özünü qayadan atmaz!
Daşdəmir
Bəs, neyləyər?
Bəyim
Sevgilisini alıb aparıb qoyar evinə.
Daşdəmir
Axı, sən daha məni istəmirsən.
Bəyim (gülümsəyərək zərif, mehriban əda ilə)
İstəyirəm.
Daşdəmir (bicliklə)
Eşitmədim, Bəyim can, bir də de...
Bəyim (bərkdən)
İstəyirəm.
Daşdəmir
Ox... nə gözəl dedin, Bəyimcan. Bəs atam...
Bəyim
Nə olsun, mən özüm xan qızı deyiləm ki... (Birdən acıqlı) Sevən kasıblığına, dövlətliliyinə baxmaz, Daşdəmir.
Daşdəmir (heyranlıqla)
Sağ ol, vallah, tay sənə xanım deməyim ki?.. (Bəyim gülümsəyərək “yox” mənasında başını bulayır) Sən nə yaxşı qızsan, Bəyimcan. (Qızı özünə tərəf çəkir)
İşıq sönür
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-xursidbanu-natevan-ikinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Vanya yüzbaşının evinin yaşıl tənəklər arasında görünən eyvanı. Vanya libasını dəyişib, özünü azərbaycanlı kəndli şəklinə salıb. Güzgü qabağında dayanaraq, üzünə qoyduğu uzun saqqalı düzəldir. Arvadı Haykanuş daxil olur.*Vanya** (*gözünü güzgüdən çəkməyərək*)
On yeddinci şəkilƏbülfət xanın qərargahı. Əbülfət xan çadırdadır. Yavər daxil olur.*Yavər**
On səkkizinci şəkilİbrahim xanın iqamətgahı. Yavər daxil olur.*Yavər**
On doqquzuncu şəkilKürəkçay sahilində general Sisyanovun qərargahı. Böyük çadır. General Sisyanov, mayor Lisaneviç və Vanya.*Sisyanov**
Poems by other poets
Gəlmiş ol alicənabın qasidi istər tüfəngEy gözüm, nəzzarə qıl, bax hər yana axtər tüfəng
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Haray, harayZülm eyləyib bu gərdişi-dövran, haray haray!Ömrüm yetişdi axıra, ey can, haray, haray!
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,