Contents
  1. Doqquzuncu şəkil
  2. Onuncu şəkil
  3. On birinci şəkil
  4. On ikinci şəkil
  5. On üçüncü şəkil
  6. On dördüncü şəkil
  7. On beşinci şəkil

Page 4 of 5 · 60%

On üçüncü şəkil

Xurşidbanunun malikanəsi.

Xurşidbanu

Mirzə Ruhullah, Seyid Hüseyn...

Seyid Hüseyn

Banu bəyim, əgər, Muradalının elə bir qəsdi olsaydı, mən bilərdim.

Xurşidbanu

Təəccüblüdür, bəs, necə olub ki, Muradalı hara getdiyini bizə deməyib?

Seyid Hüseyn

Bu mənim üçün də bir müəmmadır, Banu bəyim.

Nəvvab, Ter Vahan daxil olurlar.

Nəvvab

Banu bəyim, başa düşə bilmirik ki, bu necə məsələdir? Şahzadənin əhvalatından sonra qala rəisinin müavini Fərəc bəy “Məclisi-üns”ün üzvlərini bir-bir çağırıb sorğu-suala tutur, ağlagəlməz qəribə şeylər soruşur. Hətta, qorxudur da...

Mamayı tələsik gəlir.

Mamayı

Banu bəyim, bu işlərdən sizin xəbəriniz var?

Xurşidbanu

Nə olub?

Mamayı

Rəisin müavini Fərəc bəy çağırıb məni sıxmaboğmaya salıb ki, sən əlahəzrət imperatorunun əleyhinəsən, yazmısan ki, “vətənimdə vətənim yox...”. Deyirəm mən zülm içində olan Cənubi azərbaycanlıları nəzərdə tutmuşam, deyir, xeyr, əlahəzrət imperatora sataşmısan...

Mirzə Ruhullah

Dad yarımçıq əlindən...

Ter Vahan

Fərəc bəy məni çağırıb deyir ki, “Ter Vahan, sən xristian adamsan, nə üçün gedib o “Məclisi-üns” şairlərinə qoşulmusan? Bilmirsənmi ki, bizim müsəlmanlardan yaxşı iş baş verməz?!” Mən də dedim: “Cənab naçərnik, vallah, indi siz deyirsiniz yadıma düşür ki, mən xristianam”. (Gülür)

Daşdəmir tələsik daxil olur.

Daşdəmir (Xurşidbanuya)

Fərəc bəy iki nəfər polislə gəlmişdir. Sizi görmək istəyir.

Xurşidbanu

Necə? Mənim sarayıma polislə gəlmək?! (Qışqırır) Denən bu saat rədd olub getsin! (Daşdəmir yerindən tərpənmir) Nə üçün durmusan?

Mirzə Ruhullah

Yox, Banu bəyim, madam ki, o, polislə gəlib, Daşdəmirin sözü ilə geri qayıtmaz.

Xurşidbanu (Daşdəmirə)

Qoy gəlsin!

Daşdəmir çıxır. Fərəc bəy tək daxil olub, Xurşidbanuya təzim edir.

Fərəc bəy

Xan qızı Xurşidbanuya hörmət və ehtiram.

Xurşidbanu (qəzəblə)

Nə ixtiyarla mənim sarayıma polislə gəlmisiniz?

Fərəc bəy

Banu bəyim! Əgər, vəziyyət məcbur etməsəydi, əlbəttə, gəlməzdik. Da... da... Ancaq... Yenə də məhz sizə dərin hörmətimizə binaən mən kiçik rütbəli çinovnik göndərməyib, şəxsən özüm gəldim...

Xurşidbanu

O!.. Nə böyük nəzakət... (Qəzəblə) Niyə gəlmisiniz?

Fərəc bəy

Da... da... Əlahəzrət imperator hökuməti adından mən cənab Seyid Hüseyni həbs etməliyəm.

Xurşidbanu

Nə üçün?

Fərəc bəy

Üzr istəyirəm ki, mən bunu indi sizə söyləyə bilməyəcəyəm. Da... da... Ancaq Seyid Hüseyn bizimlə getməlidir.

Xurşidbanu

Seyid Hüseyn heç bir günah sahibi olmadığı üçün heç yerə getməyəcək!

Fərəc bəy

Ərz elədim ki, mən əlahəzrət imperator hökuməti adından gəlmişəm.

Xurşidbanu (qəzəblə)

Mən xan qızıyam! Seyid Hüseyn də mənim ərimdir, onu həbs etməyə sizin ixtiyarınız yoxdur!

Fərəc bəy

Seyid Hüseynin həbsə alınması barədə prokurorun sərəncamı var.

Xurşidbanu

Dedim ki, o heç yerə getməyəcək!

Seyid Hüseyn (qalxaraq)

Banu bəyim...

Xurşidbanu (eyni qəzəblə Seyid Hüseynə)

Sən dayan! (Fərəc bəyə) Bura Mehdiqulu xanın sarayıdır!

Fərəc bəy

Bağışlayın, Banu bəyim... İ... i... Elə eləməyin ki, mən polis nəfərlərini içəri çağırmalı olum...

Xurşidbanu (ağlını itirəcək dərəcədə qəzəbli)

Necə? (Yaxınlaşıb Fərəc bəyi sillə ilə vurur) Rədd ol! Bu saat! Bu dəqiqə!

Fərəc bəy (təəccübdən hələ də özünə gələ bilməyərək)

Siz dəli olmusunuz, nədir?

Xurşidbanu (qışqırır)

Çıx dedim! (Dalbadal iki sillə vurur. Fərəc bəy qəribə keyliklə dönüb tələsik çıxır) Alçaqlar!

Nəvvab

Afərin, Banu bəyim. Qoy tarix görsün ki, şairə satqınların təhqirini cavabsız qoymadı!

Ter Vahan

Şairəni təhqir etmək şeri-sənəti təhqir etmək deməkdir!

Mirzə Ruhullah

Şairəni təhqir etmək bütün xalqı təhqir etməkdir.

Seyid Hüseyn (qətiyyətlə)

Banu bəyim, onlar məndən əl çəkməyəcəklər. Ona görə də, özüm gedirəm: görək mənim günahım nədən ibarətdir?! Əgər, gəlməsəm, darıxma! Hələlik, ağalar.

Sürətlə çıxır. Ağır pauza. Birdən Xurşidbanu zəngi səsləndirir. Daşdəmir gəlir.

Xurşidbanu (Daşdəmirə)

Denən tez karetanı qoşsunlar! (Daşdəmir çıxır) Ağalar! Mən bu saat getməliyəm canişinin yanına.

İşıq sönür

On dördüncü şəkil

Qala rəisinin otağı. Tiflisdən gəlmiş canişin və Xurşidbanu.

Canişin

Əlbəttə, Fərəc bəy sizin sarayınıza gəlməkdə qəbahət iş tutmuşdur. (Zarafatyana) Siz də onu pis cəzalandırmamısınız. Lakin, Banu bəyim, bəla orasındadır ki, həmin həbs olunan adamlar haqqında bütün məlumatı sizin öz millətinizdən, hətta, öz zadəgan sinfinizdən olan adamlar vermişdir.

Xurşidbanu

Ah, knyaz, bilirsiniz ki, namuslu adam heç vaxt bu dərəcədə alçaqlıq eləməz!

Canişin

Doğrudur. Mən sizə inanmaya bilmərəm. Lakin o məlumatların yalan olduğuna əlahəzrət imperatoru inandırmaq çətindir. (Eyhamla) Axı, bizdə məxfi şöbə də var... Vəliəhdin öldürülməsinin siyasi nəticəsi biz gözləyən kimi də oldu: İran şahı bizi ittiham edir.

Xurşidbanu

Əlahəzrət hökumətinin bu işdə əli olmadığını sübut üçün günahsız adamları badi-fənaya vermək olarmı, knyaz?

Canişin (bir qədər aralanaraq)

Hər şey diqqətlə öyrəniləcəkdir. Həbs edilən şəxslər, hətta, siz özünüz də əlahəzrət hökumətinə qarşı düşmənçilikdə təqsirləndirilirsiniz.

Xurşidbanu

Vətən, millət xainləri sizə dürüst məlumat verməyiblər, knyaz!

Canişin

Bəs, dürüstü nədən ibarətdir, Banu bəyim?

Xurşidbanu

Biz istəyirik ki, Cənubi azərbaycanlılar qəddar İran şahlarının zülmündən azad olsun. Biz öz qan qardaşlarımızla birləşmək istəyirik. Biz onu da bilirik ki, tək-tək caniləri qətlə yetirməklə bu böyük amala yetə bilmərik, böyük döyüşə isə, gücümüz çatmır... Bizə kömək eləyən yoxdur...

Canişin

Mən sizi başa düşürəm, Banu bəyim. Çox təəssüf ki, beynəlxalq vəziyyətin indiki halında imperator həzrətləri sizə heç bir kömək eləyə bilməz. Arzular müxtəlif olduğu qədər də ziddiyyətlidir; deyirlər sizin yazıçılar, ziyalılar hər cürə mütləqiyyət əleyhinədirlər. Axı, cümhuriyyət, məsələn, qədim Romaya hansı xoşbəxtliyi bəxş etdi? Dostları Sezarı öldürdülər ki, o, özünü imperator elan etmək istəyir. Amma Sezardan sonra bir-birilərilə tutuşaraq, xalqı qırğına verdilər. Fransızlar on altıncı Lyüdovikin başını gilyatinaya qoydular ki, “respublika istəyirik”. Amma həmin respublikaçılar özləri xalqa divan tutdular.

Xurşidbanu

Şəxsiyyət, vicdan azadlığı olmayan yerdə hansı həyatdan danışmaq olar? Əgər, xalq öz müqəddaratının sahibi deyilsə, onun dühası, cəsurluğu neyləyə bilər?

Canişin

Siz zərif bir şairəsiniz. Banu bəyim, həyatın sərt üzünü görməmisiniz. Xalq sizə əlvan buludlar üzərində uçuşan mələklər kimi görünür.

Xurşidbanu

Knyaz, mən xan qızı, əminəm ki, əgər, şeytanlar, mənsəb düşkünləri olmasaydı, zəhmətkeş xalqın, doğrudan da, mələk olduğuna siz də inanardınız! Satqınların, rəzil ikiüzlülərin qurduqları hiylə-fəsadların istedadlı, namuslu, mərd insanlara güc gəlməsi məni yandırır, knyaz!

Canişin (dərindən nəfəs alaraq)

Etiraf edirəm ki, sizin sözlərinizdə həqiqət vardır. Lakin insanlar bu həqiqətin təntənəsini nə vaxt görəcək? O barədə bir söz deməkdə acizəm. (Pauza) Mən çalışaram, heç olmasa, sizin rəfiqiniz Seyid Hüseyni azad etdirim. İmperator sizin xətrinizi istəyir.

Xurşidbanu (qalxaraq)

Knyaz! Mən yalnız ərimin təvəqqəsi üçün gəlməmişəm. Mən istəyirəm ki, şahzadənin öldürülməsi Azərbaycanın üzərinə qara kölgə salmasın!

Canişin

Mənim hər şeyin ədalətlə həll olunmasına çalışacağıma əmin ola bilərsiniz, Banu bəyim.

Xurşidbanu xəfif təzimlə çıxır.

İşıq sönür

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets