Dədə palıd
Page 10 of 15 · 60%
Bağır hiss elədi ki, boynunu, kürəyini gün yandırır. Bayaqdan burda dayanmağına peşman olubmuş kimi başını buladı.
– Yoldaş İdrisovun düyəsi yelinləyib, – dedi. – Birdən doğar, xəbər tutmaram.
Bağır tələsə-tələsə meşəyə doğru getdi, Nurcabbar da cığırı ölçürmüş təkin ləng, ancaq iri addımlar ata-ata onun dalınca düşdü...
İdrisov gələndə Dədə palıdın kölgəsi enlənib, uzanıb komanı altına almışdı. Şoferi ola-ola “QAZ-69”u müdir çox vaxt özü sürərdi, indi də tək gəlmişdi. İdrisov Kürün qırağındakı meşəyə iki-üç gündən bir – axşamüstülər – baş çəkərdi, maşının yük yerini şey-şüylə doldurub qayıdardı. Bağır günün qızmar vədəsində İdrisovun bura ayaq basdığını görməmişdi, indi görəndə məəttəl qaldı: “Görəsən, nə olub?”
İdrisov kabinet adamı deyildi, vaxtının çoxunu təzə meşədə keçirirdi. Bütün fikrini-zikrini təzə meşəyə verirdi, “təzə meşənin gələcəyi var”, – deyirdi.
Müdir maşından düşdü, salam-kalam eləməmiş aralıdan üzünü Bağıra tutub soruşdu:
– Düyənin halı nə təhərdi?
Müdirin meşəyə təntik gəlməyinin səbəbi Bağıra indi çatdı. Bağır:
– Hələ doğmayıb, – dedi, – amma bu gecədən ötürməz.
– Gözdə-qulaqda ol ha, tələf olar.
İdrisov bu sözləri deyəndən sonra arxayınlaşıb, maşından aralandı, yarımqol köynəyinin yaxasını aça-aça Dədə palıdın altındakı çarpayının yanına gəldi. Bağır çarpayıdan düşüb, dik dayandı, Nurcabbar necə oturmuşdusa, eləcə də qaldı.
Müdir əyləşməyə tərəddüd eləyirmiş kimi çarpayının üstündən mütəkkəyə, köhnə palaza diqqətlə baxdı (bu uzun, enli taxta çarpayını Bağır neçə il idi ki, gətirib qoymuşdu Dədə palıdın altına, qışda da götürmürdü onu burdan).
Bağır mütəkkəni müdirə tərəf itələdi.
– Dirsəklən, – dedi.
İdrisov yanını çarpayının qırağına qoydu, özü də elə ehtiyatla qoydu ki, elə bir çarpayının sınacağından qorxurdu.
– Bağır qardaş, suyun varmı? – dedi.
Bağır, Dədə palıdın dibindəki cürdəyi götürdü. İdrisov oturduğu yerdə əllərini paçasının arasında qoşalaşdırdı. Bağırın cürdəkdən tökdüyü suyla ovcunu doldurub üzünü, boyun-boğazını yudu, yaş barmaqlarıyla kürən saçlarını daraqlaya-daraqlaya soruşdu:
– Nə var, nə yox? – Sualına cavab almamış, üzünü Nurcabbara tutdu.
– Sən nə təhərsən? – dedi.
Nurcabbar əvvəlcə başını qaldırıb Dədə palıdın çətirinə baxdı, sonra çəyirtkə dizləri kimi dikəlmiş dizlərini tərpədə-tərpədə cavab verdi.
– Dünyadan şikayətim yoxdu.
Müdir, ovurdunu havayla doldurub, açıq sinəsinə üfürdü.
– Burda yaxşıca sərindi, – dedi. – Rayondan xəbəriniz yoxdu, istidən qırılırıq orda. Belə yay görməmişəm. Hələ iyun ayı qurtarmayıb, göydən od tökülür. Bunun iyulu, avqustu necə olacaq?
İdrisov cavan idi. Amma bu cavan adamın beş qızı vardı. Deyilənə görə, qızlarının hamısı üçün indidən cehiz tədarük eləmişdi, lap balacasının – yeddi yaşlı qızının da cehizi guya hazır idi. İdrisovun əsli buralı deyildi, bura hardan gəlib çıxmağını da doğru-dürüst bilən yox idi, ancaq bu yerin camaatıyla elə qaynayıb qarışmışdı ki, heç kim onu gəlmə gözündə görmürdü. Bir toydan, bir yasdan qalmazdı İdrisov. Onun da xeyir-şər işində bu elin camaatı qıraqda dayanmazdı. Hamı familiyasıyla çağırırdı onu, elə bil anadan olandan adını “İdrisov” qoymuşdular. Güləş adam idi, üzündə əbədi bir təbəssüm vardı. Danışana qulaq asanda daima gülümsəyirdi, elə bilirdin müsahibinin sözlərindən şübhələndiyi üçün gülümsəyir.
Bağır müdirini fərasətli, tədbirli, ağıllı adam hesab eləyirdi. Meşədə mal-qara saxlamaq, pətək qoymaq, dirrik əkmək, əlbəttə, ağıllı adamın ağlına gələrdi. İdrisov əvvəlcə meşəyə iki qoyun gətirib, əmanət kimi tapşırdı Bağıra. “Qoy otlasınlar burda, – dedi – Xeyirdə-şərdə lazım olar”. Bir aydan sonra iki qoyun da gətirdi. “Qat bunların yanına” – dedi. – Qoyunlar törəyib artdıqca İdrisovun da mal-qara saxlamağa həvəsi artdı, Kürün o tayındakı kəndlərin birindən iki inək, bir camış alıb gətirdi, buraxdı meşəyə. “Bizə nə ziyanı var bunların? – dedi. – Ağartı üçün onun-bunun qapısına getmərik”. Sonra İdrisovun könlünə bal düşdü və meşədə pətəklər yan-yana düzüldü.
Bağır müdirinin ağartı-filanına şərik olmaq istəmədi. İki qoyun aldı, bir inək aldı, İdrisovun pətəklərindən azacıq aralıda iki pətək qoydu. Gördü ki, mal-qara saxlamaq yaxşı şeymiş: nə bazara möhtac olursan, nə qonum-qonşuya. Həm də heyvanlara qulluq eləməyin o qədər əziyyəti-zadı da yoxdur. Nə qulluq, nə əziyyət? Allahın meşəsidir də, heyvanlar yay-qış otlayırlar burda.
Vallah, İdrisov ağıllı adamdır, a kişilər, tədbirli adamdır. Qoyun-quzusu, inək-camışı artdıqca artığını bir ucdan satır. Bal da satdırır, süd də, pendir də satdırır. Halal xoşun olsun, öz malında xeyir götürür, özgə malında gözü yoxdur...
İdrisov dincini alandan sonra qalxdı.
– Bağır qardaş, bəri dur görüm – dedi. Bağırın qolundan tutub onu dirriyə tərəf çəkdi. – Uşaqların azuqəsi qurtarıb ha.
Bağır:
– Bir yeşik pomidor dərmişəm, – dedi, – bir yeşik də xiyar.
– Qoyarsan baqaja... Pendir mayalamamısan ki?
– Pendir də var, axşam sağdığım süd də durur.
– Onları da qoy maşına.
İdrisov gendə dayanıb, gözlərini zillədi dirriyə.
– Yaxşıdı ha, – dedi.
– Gəlsin, yaxşı olmasın, ağılın bütün peynini bunun şumuna tökmüşəm.
– Vallah, əjdahasan, Bağır qardaş.
İdrisov özündən böyüklərin adının yanına “qardaş” sözü qoyurdu. Əvvəllər Bağırın xoşuna gəlmirdi bu, Bağır buna yekəxanalıq kimi baxırdı. Sonralar Bağırın qulaqları öyrəşdi, hətta, İdrisov ona “Bağır qardaş” deyəndə Bağır elə bilirdi cavanlaşır, İdrisovla həmyaş olur...
Müdir pətəklərə də gendən durub baxdı. Həmişəki kimi malqaranın vəziyyətini xəbər aldı. Axırda da, həmişəki kimi Bağıra: “Yaşa” – dedi.
İdrisovun “yaşa”sından sonra Bağır başının yük yerinə iki yeşik qoydu, bir vedrə pendir qoydu, bir sərnic süd qoydu.
Müdir maşına tərəf gedə-gedə birdən dayanıb, Dədə palıdın kəlləsinə baxdı, çaşqın-çaşqın gülümsədi.
– Quru budaq hanı? – dedi. – Kim kəsib bunu?
Nə Bağır dindi, nə Nurcabbar.
İdrisov başını bulaya-bulaya “QAZ-69”a oturdu. Motoru işə saldı.
– Bağır qardaş, düyə amanatı, – deyib maşını tərpətdi.
Gecə İdrisovun düyəsi ağılda doğurdu. Bağır qollarını çırmalayıb düyənin arxasında çöməlmişdi. Nurcabbar neft çırağını çənəsi bərabərinə qaldırıb, düyənin qabaq tərəfində dayanmışdı və bir əlilə heyvanın qaşqasını tumarlayırdı.
Düyə hərdən başını döndərib, çuval kimi şişmiş böyrünə baxırdı. İç-içalatı tökülürmüş təkin qırıq-qırıq, ağır-ağır nəfəs alırdı. Dımırdımır, odlu diliylə bir-iki dəfə Nurcabbarın əlini yaladı, sanki “qurtar məni bu ağrıdan” demək istəyirdi.
Nurcabbar çırağı bir az endirib, düyənin əzabdan böyümüş gözlərinə baxdı və ona elə gəldi ki, bu gözlərin haşiyəsində sevincə, qürura bənzər bir ifadə var. Nurcabbar bunu belə yozdu ki, düyə doğmağına sevinir və düyənin küt, lal hissələri dilə gəlib ona deyir ki, dünyada ən xoş əzab, ən xoş ağrı doğmaq əzabı, doğmaq ağrısıdı. Nurcabbar barmaqlarını düyənin qaşqasında gəzdirdi.
– Döz, ay bəxtəvər, döz – dedi...
Bağır yumurtadan təzəcə çıxmış cücə təkin titrəyən, gözləri yumulu buzovu yerə qoyanda Nurcabbar soruşdu:
– Erkəkdi, dişi?
Bağır buzovun ağımtıl, nazik maye pərdəyə bələnmiş yaş belini sığallaya-sığallaya:
– Dişidi, – dedi.
Nurcabbar çırağı başının üstünə qaldırdı.
– Həə, – dedi, – İdrisov yoldaşın külfətində bir qız da artdı.
Düyə gah quyruğunun altını yalayır, gah da başını uzadıb, diliylə buzovun üzünə, yumulu gözlərinə sığal çəkirdi. Bu an Nurcabbarın ürəyini mərhəmət hissi bürüdü. Fikirləşdi ki, dünyaya bir varlıq gəlib. Ağlı, dili olmasa da, canlıdır. Zərrədən, damcıdan yaranıb. Dünyanın heyrəti, xoşbəxtliyi, əbədiliyi ondadır ki, canlılar da doğur, cansızlar da. Torpaq yarandığı gündən hamilədir. Bətnində toxumu mayalandırır, cücərdir, sonra zeh yerə qoyub, körpəsini dünyaya gətirir, onu əmizdirir, yedizdirir, ona can verir. Torpağa “ana torpaq” ona görə demirlər ki, onun üstündə ömür sürürlər, sevib-sevilirlər, küsüb-barışırlar və axır – aqibətdə gözlərini əbədi yumub torpağa qarışırlar? Yox, qardaş, yox! Torpağa ona görə “ana torpaq” deyirlər ki, o da ana kimi hamilə olur, ağrı çəkir, doğur, o da ana məhəbbətlidir, ana səxavətlidir, övladcanlıdır. Küləyin əsməyi möcüzə deyil, qarın, yağışın yağmağı möcüzə deyil, yer kürəsinin fırlanmağı da möcüzə deyil. Əsl möcüzə – doğuşdur, törənişdir. Görəsən bu nə gücdü, nə sirdi, nə qüdrətdi təbiətdə? Ağaclar da doğur, balalayır. Bu Dədə palıdın gör nə qədər törəməsi var? Bunlar da dünyaya gəlirlər, böyüyürlər, nəyəsə yarıya-yarıya yaşayırlar, qocalırlar və ölürlər. Gözə görünən hər şeyin əzəli var, ortası var, axırı var, təkcə dünyanın axırı yoxdu. Kim deyir ki, dünya əbədi deyil? Nə qədər ki, torpaq doğur, doğuzdurur, o qədər də dünyanın ömrü uzanacaq... Bəs bu dünyanın ömrünü, heç olmasa, bircə saniyə uzatmaq üçün Nurcabbar neynəyib?
Kitabxana.az · https://kitabxana.az/en/works/isi-melikzade-dede-palid
Use ← → keys to move, R for a random poem
More by this author
Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...
TalismanAğarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?
QatardaDostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Poems by other poets
Görkəmli filosof, professor Camal Mustafayev kübar qadın Sara xanıma universitetdən aldığı maaşdan yardım əli uzatmış, bunun üstündə təqib edilmişdir.*Müəllif*
Nə qəmim var cahan icrə bənim, yar bənimNə qəmim var cahan icrə bənim, yar bənim,Nəyim əksikdi bənim, yar bənim, var bənim.
OynamasınGeyinib-kecinib toya gedənlər,Amanat, amanat qız oynamasın.
SonaNə yandırdın eşq əhlinin canını,Sənsən bu dünyanın maralı, Sona.