Page 8 of 15 · 47%

Dədə, Müzəffərə ərə gedəcəm, çünki mən də onu çox istəyirəm. Sakit, qanacaqlı oğlandı. İnanıram ki, sənin də xoşuna gələcək... Elçi-filan olmayacaq, dədə, oğlanın fərli adamları yoxdu, anası da neçə ildi ayaqüstü xəstədi, o boyda yolu basa-basa sənin yanına gələ bilməz. Öpürəm səni. Qurban olum sənə, dədə”.

Kişi əvvəlcə dilxor oldu, çünki Nazlının bu sayaq ərə getməyi köhnə bazara təzə nırx qoymaq kimi bir şey idi. Necə yəni elçi-filan olmayacaq? Nazlı kimsiz-kimsəsizdi bəyəm? Onu böyüdən var, boyabaşa çatdıran var, bir gəlib deməzlər ki, ay kişi, razılıq ver, xeyir-dua ver, zəhmətini, çörəyini halal elə, allahın əmriynən, peyğəmbərin şəriyətiynən sənin qızını oğlumuza alırıq? Necə yəni oğlanın fərli adamları yoxdur? Fərli adamları olmayan kürəkən gərək elə mənim ürcahıma çıxaydı? Elimizin adəti var, qayda-qanunu var – bunu necə pozum mən? Vallah, adamı məsxərəyə qoyub gülərlər. Bu qız nə hoqqa çıxardır özündən?

Bağır Nazlının məktubunu elçilik kimi qəbul eləyib toy gününü gözlədi. Hər ehtimala qarşı altdan-altdan hazırlıq gördü. “Birdən qəfil gələrlər”.

Bağırın gözləri yolda qaldı, qulağı səsdə, ancaq toydan xəbər-ətər çıxmadı. Bağır bu məsələni unudhaunudda Nazlıdan məktub aldı. “Dədə, mən də yataqxanadan çıxmışam, Müzəffər də. Balaca bir otaq kirayələmişik. Düzdür, hələlik şey-şüyümüz yoxdu, amma babat dolanırıq. Müzəffərin maaşı yemək-içməyimizə çatır.

Mən də məktəbi qurtarıb işləyəcəm, ondan sonra vəziyyətimiz yaxşı olacaq. Öz evimiz olanda, inşallah, hər şey alacağıq, mebel-filan, nə lazımdırsa, düzələcək. Məndən nəyran qalma. Öpürəm səni. Qurban olum sənə, dədə...”

– Çirkli pal-paltarını yığışdır, gətir, yuyum, – Nazlı samovardan çay süzüb atasının qabağına qoydu. – Evdə sabun var?

– Sabun alaram.

Bağır bayaqdan bəri süfrədən çəkilmişdi. Nazlı hələ yeyirdi, ancaq könülsüz-könülsüz yeyirdi. Hərdən gözləri yol çəkirdi və ağzındakı tikəni çeynəməyi elə bil yadından çıxarırdı. Bir tərəfdən Nazlının tutqunluğu, bir tərəfdən də eyvandakı istilik Bağırı təntitmişdi. Bunların hamısından betəri eyvana dolan kabab iyi idi. Bağır iri dəsmalla üzünün, boynunun tərini silə-silə fikirləşirdi ki, onun canını yandıran günəşin istisi deyil, Namazın həyətdəki manqalın odudur. Bağırın yadına meşə düşdü, Dədə palıd düşdü. Yəqin indi Nurcabbar baba Dədə palıdın qapqara kölgəliyində uzanıb mürgü döyür, ya da nəsə yazır. Dədə palıd da çətir olub onun başının üstündə, günəşin odunu zərrə-zərrə udur və öz yaşıl yarpaqlarının şeh sərinliyini ələyir yerə... Dədə palıdın sərin kölgəliyindən ötrü Bağırın burnunun ucu göynədi. Bağır qeyri-iradi burnunu çəkdi, kababın iyi boğazına dilçəyinə, ciyərlərinə yayıldı.

Deyəsən, kababın iyi Nazlını da tutmuşdu. Elə bil kababın iyi indi yediklərini Nazlının gözündən salmışdı.

Bağır, qızının bir nöqtəyə zillənmiş gözlərinin içinə baxdı, bu gözlərdə dalğınlıq gördü və başa düşdü ki, Nazlını keyləşdirən kabab iyi deyil. Nazlı içini didib-dağıdan hansı dolaşıq fikirlərinsə əlində naçar qalıb. Bu vaxtacan qızını belə halsız, belə qüssəli görməmişdi Bağır. Nazlı ən ağır anlarında da deyib-gülmək üçün bəhanə tapırdı və həmişə Bağıra elə gəlirdi ki, Nazlı bu dünyada dərd-kədərin varlığından bixəbərdi. Bəs indi Nazlıya nə olub? Bu nə qəmdi bürüyüb onu?

– Nazzı bajı! Ay Nazzı bajı!

Nazlı yerindən tərpənmədi, başını qaldırıb eyvanın açıq qapısından hasara tərəf baxdı.

Bağır da qanrılıb səs gələn səmtə nəzər saldı, Namazın qıvrımsaç, kiçik qızı barının üstündən boylanırdı. Həmişə bu qızın kilkələri üzünə tökülüb gözlərinin üstünü örtərdi. Qıvırcıq telləri indi də üzünə səpələnmişdi, sol gözü tamam görünmürdü. Uşaq barının üstünə qoyduğu mis ləyəni iki əllə bərk-bərk tutmuşdu. Qız bircə gözüylə Bağırı da görürdü, Nazlını da – aynabəndlə barının arası dörd-beş addımdan artıq olmazdı – ancaq çox bərkdən çağırırdı, guya yeddi ağaclıqdakı adamı haylayırdı.

– Nazzı bajı! Ay Nazzı bajı!

Nazlı qalxıb aynabənddən çıxdı.

Bağır üzünü bu yana göndərmişdi, amma qulağı çöldə idi, uşağın dediklərini açıq-aydın eşidirdi.

– Bunu qağam göndərib, Nazzı bajı. Kababdı. Qağam deyir, issi-issi yesin. Deyir, Nazzı bajı yol gəlib, yəqin öydə heç nə hazırramayıb.

Bağır elə bildi ki, Nazlı qonşu payını geri qaytaracaq, amma Nazlı mis ləyənlə qayıtdı, özü də gülə-gülə, sevinə-sevinə:

– Bir-iki tikə də sən ye, dədə – dedi.

Bağır başını buladı:

– Mədəm belə şeyləri əritmir, – dedi və fikirləşdi ki, Nazlı nahaq götürdü bu payı. Bu kababın hesabına Piti Namazın dili açılacaq, Piti Namaz nə vaxtsa, məhlə söhbətini yenə salacaq ortalığa və “verdiyim kabab burnunuzdan gəlsin” deyə-deyə Bağırın canını boğazına yığacaq.

Nazlı ləyəndəki isti kababa baxa-baxa nəsə fikirləşdi, ləyəni qırağa itələyib, vacib bir sirr açmaq qərarına gəlibmiş kimi nazik qaşlarını çatdı.

– Bilirsən nə var, dədə, – Müzəffərdən ayrılmışıq.

Bağır key-key qızına baxdı. Qəribədir ki, bayaq tut ağacının altında keçirtdiyi qorxu hiss indi onun içini bürümədi. Bağırın ürəyini üzən nigarançılıq Nazlının bircə cümləsiylə sovuşub getdi. Sanki bu günü həsrətlə, intizarla gözləyirmiş. Bağır daxilində bir yüngüllük, bir arxayınçılıq duydu və bu qəribə arxayınçılığa özü də məəttəl qaldı.

Nazlı atasıyla üzbəüz oturub, gözlərini onun başının üstündən aynabəndin qapısına dikdi.

– Təngə gəlmişəm, – dedi. – Adam evsiz-eşiksiz, onun-bunun küncündə nə qədər yaşayar? Neçə ildi mənzil ala bilmir. Day canım boğazıma yığılıb. Biryolluq ayrıldıq. Geri qayıdan döyüləm. Vəssalam!

Nazlı kirpiklərini qırpa-qırpa atasının dillənməyini gözləyirdi. Bağır da qızının saçındakı ağ zolağa baxa-baxa cavab axtarırdı, di gəl ki, yadına bircə kəlmə də söz düşmürdü.

Otaqdan Tünzalənin səsi gələndə elə bil Bağırın çiynindən dağ yükü götürüldü.

– Deyəsən, Tünü oyandı. Gedim, görüşüm, – dedi və qalxıb, tələsik addımlarla Tünzalə yatan otağa tərəf yeridi.

Bağır həmişə Nurcabbardan tez oyanardı, amma bu səhər gözlərini açanda Nurcabbarı yerində görmədi.

Nurcabbar çöldə də dəymədi Bağırın gözlərinə. Bağır ağılın salxaq, taxta qapısını açdı. Heyvanlar bir-birilərinə sürtünə-sürtünə ağılın dar qapısından çıxıb, dəstəylə üz qoydular meşənin ayağındakı talaya tərəf. Bu ağıllı Bağır qarağac çubuqlarından düzəltmişdi. Mal-qaranı gecələr bura salırdı – açıqda saxlamaqdan qorxurdu – çünki bunların çoxu əmanət idi. Canavar nə bilir əmanət nədi?

Bağır atı meşəyə buraxandan sonra komanın qabağındakı taxta çəlləkdən su götürüb, əl-üzünü yumağa başladı. Yuyuna-yuyuna fikirləşdi ki, Nazlı ata ocağına qayıtmaqda yaxşı iş görüb. Öləndə Bağırın day nisgili qalmaz, Bağırın evi yadlara qismət olmayacaq, satışa qoyulmayacaq. Bağırın yurdunda Nazlı çıraq yandıracaq. Düzdür, Tünzalənin atasız qalmağı Bağırın ürəyincə deyildi, bu da Bağıra bir dərd olmuşdu, ancaq dünyada bundan da betər dərdlər var. Axı, Nazlı kimin qızından əskikdi? Nazlı niyə ömrü boyu kirayədə qalsın? İt itdi, a kişilər, onun da öz damı var. Toyuq-cücənin öz hini var. Əgər Müzəffər əsl ər, əsl ata olsa, köçüb arvad-uşağının yanına. Hökmdür, gərək şəhərdə veyillənə? Bəyəm burda klub yoxdu? Gəlsin, kinosunu burda versin də. Qınından çıxıb, qınını bəyənmir – rayonlu balasıdır, bərk-bərk yapışıb şəhərdən, min əzaba dözür orda – guya kənddə-kəsəyə qayıtsa, dünya qara geyəcək. Əgər Müzəffərin, doğrudan da, qeyrəti, kişiliyi varsa, gəlsin rayona, yaşasın Bağırın gen-bol mənzilində. Əgər qeyrəti yoxdursa, qoy rədd olsun, dalıycan da bir qara daş. Bağıra elə kürəkən lazım deyil, Nazlıya elə ər lazım deyil, Tünzaləyə elə ata lazım deyil.

Vallah, adam özü-özünə təsəlli verməsə çox yaşaya bilməz. Adamı sakitləşdirən, arxayınlaşdıran təsəlli də, bəlkə yalan da var, ancaq bu yalan yaraya məlhəmdirsə, dərdə dərmandırsa – qoy olsun.

Təsəllisinin yalan, ya gerçək olduğunu Bağır bilmirdi. Təkcə onu bilirdi ki, Nazlının qayıtmağıyla onun evinə bərəkət qayıdıb, duz-çörək qayıdıb, səliqə-sahman qayıdıb və nəhayət, Nazlının qayıtmağıyla Bağırın evinə Qələmin nəfəsi qayıdıb. Nazlının gəlişi Bağırın ürəyindəki əbədi qorxunu – bir damı altında kimsəsiz can vermək qorxusunu qovub çıxardıb...

Bağır yuyunub qurtarandan sonra Dədə palıdın təpəsinə baxdı. Nəzərləriylə quru budağı ha axtardı, ha axtardı, tapa bilmədi. Quru budaqdan, sapsarı yarpaqlardan əsər-əlamət qalmamışdı. Bu nə möcüzədi, fələk? Qurumuş, ölmüş budaq da dirilərmi?

Maşın tırıltısı eşidəndə Bağır Dədə palıddan nəzərlərini çəkdi. “Moskviç”in burnu ağacların arasından çıxanda Bağır üz qoydu Kürə tərəf.

Kim bilir, Nurcabbar nə vaxtdan dayanmışdı burda. Bircə nöqtəyə baxırdı – təzəcə çırtlamış günəşin narıncı haləsi səyriyirdi orda. Bulanıq su qırçınlana-qırçınlana axırdı, qırçınlar halənin şəfəqində narıncı rəngə boyanıb ötürdü və adama elə gəlirdi ki, su bu halənin altından qaynayıb çıxır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Duz

Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...

19685 min
Talisman

Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?

198032 min
Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 min
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 min

Poems by other poets