Page 7 of 15 · 40%

– Bağır dayı, istəyirsən pul verim, özünə maşın al.

Bağır bayaqdan bəri qonşusunun atmacalarını vecinə almırdı, amma Piti Namazın indi dedikləri kişinin kürkünə birə saldı. Bağır başını döndərib, Piti Namazın ilk-əvvəl gözlərinə baxdı. Ona elə gəldi ki, Piti Namaz səhərdən bəri bircə dəfə də kirpik çalmayıb, yoxsa bu səhər gözlərində dolanan bic təbəssüm çoxdan silinib gedərdi. Elə bil Piti Namaz bu təbəssümü gözlərinə həkk eləyib maska kimi gəzdirirdi və bu maskanı Bağıra göstərməkdən həzz alırdı. Bağır isə bu maskaya baxmaqdan qorxurdu. Bu maskaya baxanda Bağırın ürəyinə qara-qura fikirlər gəlirdi.

– Qulağını aç, Namaz, yaxşı-yaxşı eşit. Həyəti satmayacam. Əlini birdəfəlik üz bu sövdadan.

Piti Namaz özünü təəccüblənən kimi göstərdi.

– Nə həyət əşi? – dedi. – Mən həyət adı çəkdim burda? Bir sözüydü, bir dəfə demişdim, düzəlmədi, mən də bir daş altdan qoydum, bir daş üstdən. Havaxtdı?.. Yadımdan da çıxıb.

Bağır, Piti Namazın barının başından üzü bəri qabaran sinəsinə baxdı. Baxdı ki, görsün günlərin bir günü Piti Namaz bu enli sinəsiylə bu ensiz barını uçura bilər, ya yox? Namazın sinəsi, deyəsən, möhkəm idi, polad kimi idi. Bağır inandı ki, Piti Namaz bu barını sinəsiylə uçura bilər.

– Sənin bu həyət-bacada gözün var – dedi. – Başa düşürəm, Namaz, gözün var.

Görəsən bu Namaz niyə gülümsəyir belə? Yoxsa kişinin gerçək sözünü zarafat hesab eləyir? Yoxsa Bağırın yanıb-yaxılmağı, acıqlı-acıqlı danışmağı Namazın eyninə deyil?

Bağır təbdən çıxdı. Bayaqkı sözlərini açıq-aşkar qəzəblə təkrar elədi:

– Sənin bu həyətdə gözün var, Namaz! Gözün var!

Piti Namazın tükü də tərpənmədi. Həminki bic təbəssümlə gülümsəyə-gülümsəyə:

– Bu həyətdə gözü olanın gözzəri pırtdasın, – dedi. – Ev-eşik qəhətliyidir, əşi? Allahın yeri-yurdu o qədərdi – itinə tök. Heç yalvarsan da, almaram buranı, dədəmin goru haqqı!

Piti Namazın andına Bağır zərrə qədər də inanmadı.

Öz sözlərinə Namaz özü də inanmırdı. Başqa vaxt, bəlkə də, Bağırı dilə tutardı, amma kişinin indiki qırımından ağlı bir şey kəsmədi. Hiss elədi ki, Bağır dilxordu. “Yəqin bir əhvalat olub. Yəqin qızın gəlməyi xeyirliyə döyül”. Namaz başa düşdü ki, bu dəqiqə Bağırı dindirib-danışdırmaq ona ziyandan başqa heç nə gətirməz. Bağırgilin eyvanına baxa-baxa, nəzərləriylə nəyisə axtara-axtara astadan:

– Almaram, Bağır dayı, – dedi.

Namazın başı barının arxasında görünməz oldu. Əlləri də barının üstündən sürüşüb düşəndə Bağır yavaşca:

– Kəllən haqqı, almazsan – dedi.

Bağır qərara gəldi ki, day sabahdan dirrikdə Namaza kömək eləməsin. Namazın dədəsinin hambalı döyül ha. Niyə cəfanı Bağır çəksin, səfanı özgələr görsün? Əgər İdrisovun Namaza ürəyi yanırsa, qoy özü gəlsin, zəhmət çəkib, bircə-bircə pomidor-xiyar dənnəsin onunçün. Yəni Piti Namaz belə qudurub ki, Bağırı – atası yaşda kişinin uşaq yerinə qoyub, dirrikdə işlədir?

Piti Namaz əvvəllər belə deyildi. Lap cavan olanda, yəni o vaxtlar ki, adının qabağına hələ “Piti” sözü qoyulmamışdı – onda Namaz arıqca bir oğlan idi, həm də başıaşağı, üzüyola oğlan idi. Kim hara buyururdu hoppana-hoppana gedirdi. Namaz ya altıncı sinifdən qayıtmışdı, ya yeddinci sinifdən, çünki atası rəhmətə gedəndən sonra Namazın oxumağa həvəsi-filanı qalmamışdı. Bir anası idi, bir də özündən kiçik qardaşı. Bir evdə cəmi-cümlətanı üç ağız vardı, di gəl ki, bu üç ağzın işləyəni, çörək gətirəni yox idi. Namaz başladı toylarda, yaslarda aşpaza, çayçıya kömək eləyib qəpik-quruş qazanmağa. Hansı kababxananınsa, rəhmdil böyüyü Namazı çəkdi yanına. Dedi, aşpaza kömək elə, ruzunu çıxardarsan burdan. Namaz mətbəxdə kartof soydu, soğan soydu, ət doğradı, manqal odladı və günlərin bir günü özü dönüb oldu aşpaz. Kababxanaya gələn müştərilər birdən duyuq düşdülər ki, a kişilər, bu Namaz elə piti bişirir, yeməknən doymaq olmur, adam az qalır barmaqlarının beşini də yalasın. Səs yayıldı rayona: “Namazın pitisindən olmaz”, “Azərbaycanda Namaz kimi piti qoyan yoxdu”, “Namazın qoyduğu pitini ölü yesə dirilər” və Namazın adı qaldı “Piti Namaz”. Namaz mətbəxdə boy atdı, ətə-qana gəldi, yarı-yaraşıqlı bir oğlan oldu. Özü bişirdiyi pitidən yedikcə sinəsi başladı ennənməyə. Namaz hiss elədi ki, kişiləşir. Kişinin gərək bığı olsun – Namaz da qalın bığ saxladı. Bir gün mətbəxdə bığını tumarlaya-tumarlaya fikirləşdi ki, səhərdən axşamacan sobanın yanında dayanmaq onun nə boyuna yaraşır, nə bığına.

Camaat bir də gözünü açıb gördü ki, Namaz təzə meşənin girəcəyində təzə kababxana tikdirib, day özü bişirmir, pitini başqasına bişitdirir. Namaz dönüb oldu özü boyda od parçası. Rayonun bu başından vurub, o başından çıxdı, yeməli-içməli şeylərdən tapıb gətirdi kababxanaya. Hansı müştərinin ürəyi nə istədisə, Piti Namaz bir göz qırpımında çıxardıb qoydu ortalığa. Təzə meşənin üstünə pərdə kimi yayılan ağ tüstünün iyi gedib çıxdı lap uzaqlara. Tüstü camaatı boğazlayıb dartdı Piti Namazın kababxanasına. Sonra bu tüstü geniş eyvanlı, üstü şiferli, ikimərtəbəli ev oldu, daş, qaraj oldu, təptəzə maşın oldu. Bu tüstü Piti Namazı qucağına alıb qaldırdı göyün yeddinci qatına. Göyün yeddinci qatında əli Allahın əlinə dəyən kimi “Mən Allahın bacısı oğluyam” – dedi və yetim Namaz başladı hamını yetim gözündə görməyə...

Bağırın burnuna kabab iyi dəydi, elə o dəqiqə də Nazlının səsini eşitdi.

– Dədə, niyə orda durmusan?! Qalx yuxarı!

Eyvanda süfrə açmışdı Nazlı. Bağırın gətirdiyi balı, pendiri boşqablara töküb, düzmüşdü stolun üstünə. Yumşaq yuxaları qatlayıb iri nimçəyə yığmışdı. Dilim-dilim kəsilmiş xiyar bir qabda, fal-fal kəsilmiş pomidor bir qabda... Ağappaq təmiz süfrə, duzla dolu duzqabı... Balaca samovar stolun üstündə dızıldayırdı. Süfrəyə gün işığı düşmüşdü, süfrə göz qamaşdırırdı, ancaq Bağıra elə gəlirdi ki, süfrəni bəyaz şəfəqə boyayan Nazlının əllərinin işığıdır. Qadın əllərinin səliqə-sahmanı, hərarəti Bağırın ürəyinin lap dərinliyində illərdən bəri uyuyan, susub qalan kövrək bir simə toxundu. Bu simin həzin səsini təkcə Bağır eşitdi və içindəki bu həzin səs birdən qəhərə dönüb, Bağırın boğazına tıxandı. Bağır qəhərlənə-qəhərlənə ömründə birinci dəfə bu fikrə gəldi ki, Nurcabbarla onun arasında qətiyyən fərq yoxdur. Nurcabbar kimsəsizdi, Bağır da övladı ola-ola tək qalıb. Nurcabbarın da komasında ocaq yanmır, çıraq yanmır, Bağırın da komasında. Bir evdə ki, ocaq yanmaya, bir evdən ki, işıq gəlməyə – o ev kimə lazımdı? Bir evdə ki, gündə süfrə açılmaya... Eh, gör necə vaxtdı Bağır belə süfrə arxasında oturmur. Necə gəldi, harda gəldi – yeyir. Bağır stol arxasında, süfrə başında əyləşməyi yadırğamışdı və indi əlini süfrəyə uzatmağa qorxurdu. Qorxurdu ki, stolun üstündəki nemətləri təhərində yeyə bilməz, süfrədən yadırğadığını Nazlının yanında büruzə verər.

Nazlı atasının süfrəyə baxdığını görüb dedi.

– Başla, dədə. Sən yeməsən, boğazımdan loğma keçməz.

Bağır başladı yeməyə. Yuxudan tikəni balaca kəsirdi, xiyar dilimindən balaca dişdəm alırdı, pomidorun nazik falını ağzına bir-bir qoyurdu və Bağıra elə gəlirdi ki, heç nə yemir.

Nazlı əlini süfrəyə uzadanda Bağırın içində küt ağrı təkin səngiyib qalmış dumanlı-pərdəli xatirələr birdən-birə dirçəldi. Uzaqda qalmış illər Bağıra bir an, bir gün, lap dünən kimi göründü. Hər axşam ata-bala bir süfrə arxasında bax, beləcə üz-üzə oturardılar. Onda Nazlı bir əlcə uşaq idi, xalasının yanında qalırdı və deyəsən, anasının yoxluğunu hiss eləmirdi, çünki bircə dəfə də onun adını çəkmirdi, onu soruşmurdu. Yəqin ki, Bəyim xalanın qayğısı, məhəbbəti anasız olduğunu unutdurmuşdu Nazlıya. Bəyim xala sonsuz idi. Əri davada itkin düşmüşdü, Bəyim də saçının birini ağ, birini qara hörüb tək-tənha oturmuşdu ərinin yurdunda, yolunu gözləyirdi onun (ölənəcən gözlədi, nəfəsi ağzından çıxanacan gözləri qapıda qaldı). Bəyim xalası ərköyün böyüdürdü Nazlını, elə bil bu dünyaya ancaq Nazlının qulluğunda durmaq üçün gəlmişdi.

Bağır axşamdan-axşama görürdü Nazlını. İşdən çıxıb gəlirdi Bəyimgilə və Nazlını özü yedizdirirdi...

Nazlı kitabxanaçılıq texnikumunun ikinci kursunda olanda Bəyim öldü.

Nazlı texnikumun üçüncü kursunda olanda atasına bir məktub göndərdi və Bağır bu məktubu oxuyandan sonra qızını ərköyün, sərbəst böyütdüyü üçün ömründə birinci dəfə peşman oldu. Nazlı yazmışdı: “Dədə, burda bir oğlan var, adı Müzəffərdi, məni çox istəyir. Bakıda kinomexanik kursunu qurtarıb, indi burda yekə bir zavodun klubunda kino verir. Əsli-nəsli Masallıdandı, orda təkcə anası var, bir də özündən balaca bacısı var, day heç kimi yoxdu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Duz

Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...

19685 min
Talisman

Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?

198032 min
Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 min
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 min

Poems by other poets