Page 10 of 14 · 64%

– Var, Məcid dayı, var. Özü də təzəsi. Ov çəkmələrimi Piri aşağı otaqdan götürüb verər sənə.

Umud kəndiri əlində sürüşdürə-sürüşdürə vedrəni quyuya salladı. Sonra ikiqat olub ağzını quyuya tutdu:

– Dədə, sən dünyagörmüş adamsan. Bu dünyada qeyrətli adam çox olar, yoxsa biqeyrət?

– Dünyadakıları saymamışam, amma kəndimizdəkiləri deyə bilərəm.

– Kəndimizdə hansı çoxdu?

Məcid kişi ipi tərpətdi:

– Dart, quzu bala, dart!

4

Hələ gün çırtlamamışdı, hələ camaat mal-qaranı örüşə ötürməmişdi. Toyuqlar tardan təzəcə düşürdü.

Umud elə bilirdi ki, bu vədə Xalıqgilin evində inc-cins yuxudan oyanmaz, bu vədə ora nahaq gedirlər.

Məcid kişi hündür darvazanın bala qapısını ehtiyatla itələdi və qapı cırıltı ilə açıldı. Umud gördü ki, Güləndamla Cəfərqulu artırmanın qabağında dümələnirlər; yağlı-quyruqlu qoyun cəmdəyini ağ parçaya bükürlər. Umud anladı ki, obaşdan bu nə hazırlıqdır: “Sədr Kirovabad tədarükü görür”.

Quyu xeyli dərinləşmişdi, daha Məcid kişi ayaq üstə duranda başı quyudan çölə çıxmırdı.

Quyuda nəsə şappıldadı. Məcid kişinin hirsli səsi eşidildi:

– Ə, şikəst döyülsən ha!

Vedrədən Məcid kişinin başına bir ləmbə palçıq düşmüşdü. Kişi deyinə-deyinə başının palçığını sildi, amma palçıq yapışqan kimi idi, gümüşü tüklərin dibinə ilişib qalmışdı.

Umud vedrəni yavaş-yavaş quyuya salladı.

– Ağzınacan doldurma, dədə, – dedi.

– Məni öyrətmə! – Kişi aşağı əyilmişdi, səsinin yarısını quyu udurdu.

– Ehmal-ehmal dart!

Umud yuxudan doymamışdı, dünənki ağrı Umudun canından tamam çıxmamışdı. Tərpəndikcə qolları, sinəsi sızıldayırdı. Zəhrimar vedrə bu gün yaman ağır idi. Kəndir də islanıb sürüşkən olmuşdu, əldəovucda dayanmırdı.

Umud vedrəni qaldırıb başı üstünə çevirdi. Qaramtıl lığ sarı çayırların arası ilə axıb getdi. Umudun şalvar-köynəyində palçıq quruyub bozarmışdı. Əlləri də palçıqdan bomboz idi. Umuda elə gəlirdi ki, Məcid kişi ömrü boyu qazsa da, axtardığı damarı tapa bilməyəcək və Umud yerin yeddi qatındakı palçığı vedrə-vedrə dartıb çölə tökməli olacaq.

Məcid kişi başını yuxarı qaldırdı. Umud ha baxdı, atasını tanıya bilmədi. Kişinin bir yerində sağ-istahat qalmamışdı, sir-sifəti qapqara palçıq içində idi, təkcə xırda gözləri işıldayırdı.

– Ta torpaq horraya dönür. Suya az qalıb.

– Bəs deyirdin bu quyu dərin olacaq?

– Mənim dediklərimin hamısı doğru olsaydı, nə dərdim vardı. Torpaq üstüörtülü bir xəzinədi, nə bilirsən ki, xəzinə onun hansı qatındadı. Torpağın sirrindən Allah da baş açmaz. On yeddi yaşımdan quyu qazıram, hələ də torpaq möcüzədi mənimçün.

– Bu vaxtacan neçə quyu qazmısan, dədə?

– Sənin başının tükü sanı. – Kişi mala çəkirmiş kimi palçıqlı əlini quyunun divarına sürtdü. – İndi quyu heç kimə lazım döyül, – dedi. – Qazdıqlarımın da hamısı batıb gedib. Elə quyu qazmışam, dərinliyi 40 ərşin... Dünyada sudan qiymətli nemət yoxdu.

Umud dizlərini yaş torpağın üstünə qoyub, atasına qulaq asırdı. Birdən ona elə gəldi ki, bayaq atasının gözlərində görünən parıltı qəflətən sönüb getdi. Umud atasının batıq səsində bir kədər, bir təəssüf duydu.

– Yəqin bu mənim axırıncı quyumdu. Kim bilir, bəlkə Minnət qarıdan tez ölüb getdim. Bu quyu məndən yadigar qalar. Dədən yadına düşəndə, gəlib baxarsan. Balalarına da göstərərsən. Deyərsən, bu quyunu babanız qazıb.

Umud burnunu çəkdi.

– Kövrəltmə bizi, əşi.

– Sən kövrələn həşərat döyülsən... Çək görüm!

Umud hıqqana-hıqqana vedrəni dartıb quyudan çıxartdı.

İsti düşmüşdü. Güləndamla Cəfərqulu harasa çəkilmişdi. Tut ağacının dibində Minnət qarının yeri boş qalmışdı. Patron da, deyəsən, haradasa kölgələnirdi.

Umud bayaqdan eyvana baxırdı. Heç olmasa uzaqdan-uzağa Əslini görmək istəyirdi, onun səsini eşitmək istəyirdi. Amma Əsli ilə göz-gözə gəlməyi arzulamırdı. Əslidən utanırdı.

Məcid kişi aşağıdan soruşdu:

– Yorulmusan?

– Gün başımı deşir.

– Quyunun içi buzxanadı elə bil.

– Qoy qalsın, dədə, axşam sərini gələrik. Xalıq dayı özü dedi ki...

– Könlünə avaralanmaq düşüb?

– Düşüb.

– Get avaralan, amma, tez qayıt.

Umudun dərdi-azarı motosikl sürmək idi. Özünü həyətə çatdıran kimi əsgi götürüb kəhrəba rəngli motosiklin tozunu tər-təmiz sildi. Özü də yaxşıca yuyundu, paltarını dəyişdi. Keçib bağçadan bir az ərik, bir az gilənar dərdi...

Qızlar bir yerə toplaşmışdılar. Motosiklin səsinə hamı dönüb baxdı. Umud yaxına getməyə ürək eləmədi. Bura gəlməyinə birdən-birə peşman oldu.

Tubu onu səslədi:

– Utanma, gəl!.. Bəlkə qızları qovum burdan?! Yəqin məni təklikdə görmək istəyirsən!

Qızlar gülüşdülər.

Umud Tubudan belə atmaca gözləmirdi. Qızlara baxa-baxa fikirləşdi: “Sözü bir yerə qoyublar ki, məni pərt eləsinlər”. İstədi geri qayıtsın, amma Tubu dillənən kimi qərarından döndü.

– Zənbildəki nədi, saldat?

Umud meşin zənbili götürüb qızlara tərəf getdi.

– Sizə ərik, gilənar gətirmişəm.

Tubu zənbili aldı:

– Payın çox olsun, – dedi. – Sovqatsız da gələ bilərdin.

– Nə böyük sovqatdı ki?!

Umud utana-utana qızlara baxdı. Qızlar hələ də gülümsəyirdilər. Onlar pıqqıldaşmağa başlayanda Umud düşündü ki, xudahafizləşib getməyin məqamıdır. Birdən qızlar elə bilərlər ki, bura gəlməkdə onun başqa niyyəti-zadı var. Umudun heç bir niyyəti yoxdur. Hava isti, Tubu da qızmar günəşin altında işləyir. Qoy ərikdən, gilənardan yeyib sərinlənsin. Nə niyyətbazlıqdır? Tubu bu kəndin ordenli qızıdır, ona hörmət eləmək hamının borcudur. Umud da hamının biri. Vəssalam!

Umud başa düşdü ki, qızların yanında Tubuyla onun söhbəti tutmayacaq. Bir də axı Tubuyla onun nə söhbəti, nə alveri? Umudun burda nə ölümü var?

– Salamat qalın!

Umud geri dönmək istəyəndə Tubu təəssüflə soruşdu:

– Hara tələsirsən?

Tubunun səsindəki mülayimlik Umudun bayaqkı şübhələrini bir andaca alt-üst elədi: “Yox, Tubu adam dolayana oxşamır. Tubu məni ələ salmaz”. Umud utancaq-utancaq gülümsədi, ancaq onu da anladı ki, bu gün Tubudan yox, onun yanındakı qızlardan utanır. Umud geriləyə-geriləyə:

– İşim var, – dedi.

Tubu onun ardınca qışqırdı:

– Sovqat üçün sağ ol! Ağzın şirin olsun!

Umud özünü motosiklə çatdırınca elə bildi ki, bir ildir yol gedir. Hiss edirdi ki, qızlar arxadan ona baxırlar. Umudun ayaqları bir-birinə dolaşırdı.

Umudun həyətə girməyindən, deyəsən, heç kim xəbər tutmadı. Xalıq tut ağacının kölgəsində, Minnət qarının qarşısında çöməlmişdi. Piriylə Cəfərqulu da onun böyüründə dayanmışdı. Məcid kişi onlardan kənarda oturub üst-başının palçığını ovxalayırdı.

Xalıq şüşə kasadakı qatıqdan bir çay qaşığı götürüb Minnət qarının ağzına uzatdı:

– Ye, ana, ye... Dərdin mənə gəlsin.

Minnət qarı qırmızı gözlərini oğlunun üzünə dikmişdi, deyəsən, ağzını açmaq fikrində deyildi. Xalıq qaşığın ucunu qarının içəri əyilmiş dodaqlarına dirədi:

– Ye, ana. Mən çağa olanda sən də məni belə yedizdirmisən.

Minnət qarının çiyninə bitişmiş bürüş-bürüş boğazı bircə dəfə tərpəndi.

– Bax, belə ha, – deyib Xalıq qaşığı təzədən qatıqla doldurdu.

Piri bu tamaşanı hər gün görsə də, yenə heyran-heyran sədrə baxırdı. Piri üzünü kənarda yorğun-arğın oturmuş Məcid kişiyə tutub danışdı və elə danışdı ki, onun dediklərini nəinki Xalıq, hətta artırmanın qabağında sil-süpür eləyən Güləndam da yəqin eşitdi:

– Hər gün özü yedizdirir anasını... Düz on ildi... Halal olsun!

Məcid kişi onun sözlərinə baş qoşmadı, gözlərini damar-damar, palçıqlı əllərinə zilləyib susdu.

Piri Umudu yanladı.

– Kirovabada getmək istəyirsən?

– Nəyə?

– Gəzməyə. Axşam qayıdarıq.

Piri Umudun cavabını heç gözləmədi, əyilib Xalığın qulağına nəsə pıçıldadı. Xalıq əlində qaşıq geri qanrılıb Umuda ötəri baxdı. Qaş-qabağını töküb Piriyə astadan nəsə dedi. Piri də təzədən nəsə onun qulağına pıçıldadı. Xalıq çiynini çəkdi, sonra ayağa qalxıb Umuda üz tutdu:

– Əsli bacın zakaz verib ki, səni də Kirovabada aparım. Bizim arvad mehrini yaman salıb sənə. – Xalıq gülümsədi və gözlərinin altındakı tuluqlar daha da şişdi.

Umud atasına baxdı:

– Bəs quyu?

Məcid kişinin əvəzinə Xalıq cavab verdi:

– Cəfərqulu burdadı.

Cəfərqulu Minnət qarının süfrəsindən götürdüyü tikəni ağzına basdı. Cəfərqulunun sağ ovurdu şişib parıldadı.

– Sədr... mənim... qırıjam var.

– Əyə, yeddi uşağı əkib-törədəndə heç demirdin qırıjam var!

Cəfərqulu ağzındakı tikəni güclə uddu:

– O ayrı, bu ayrı... Torpaq işi ağırdı.

– Əl yetirərsən Məcid kişiyə.

– Sədr, qırıja...

Xalıq sözünü tamamlamağa ona macal vermədi:

– Dilləşmə mənnən, – dedi. – Elmi rəhbərin yanına getdiyim yerdə qanımı qaraltma!..

Maşın çala-çuxura düşüb silkələndikcə arxadakı ət kisəsi yırğalanıb Umudun kürəyinə dəyirdi. Umudun bədəni çimçişirdi: yadına piy iyi verən mətbəx düşürdü. Hələ üstəlik Kamranın dediyi sözlər də yadına düşürdü: “...Qoyunlar onu alim eləyəcək”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 min
Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 h 10 min
Küçələrə su səpmişəm...

Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.

197154 min
Dədə palıd

Kürün sağ yaxasında yaşıl zolaq kimi uzanıb gedən meşədə Bağır düz iyirmi il idi ki, gözətçi işləyirdi. Ən uca, ən qoca palıdın otuz-qırx addımlığında balaca bir koma qaralamışdı və Bağır bu komada olanda ən uca, an qoca palıdın hənirini eşidirdi. Hərdən Bağıra elə gəlirdi ki, bu meşədə qoca palıddan savayı acac yoxdur və Bağır iyirmi ildir ki, yalnız bu ağacın keşiyini çəkir.Bağır bu palıdı hər gün görürdü; səhərdən axşamacan onun yanından bəlkə yüz dəfə ötürdü. Onun kölgəsində süfrə açırdı, dincəlirdi. Bürkülü gecələrdə bəzən elə buradaca – palıdın çətiri altındakı taxta çarpayıda yatırdı. Bu palıd Bağırçın dünyanın özü qədər qədim idi, əbədi idi. Bağır bu palıdın bozumtul, çat-çat gövdəsinə kürəyini bəlkə min dəfə, milyon dəfə söykəmişdi, ancaq elə bil palıdın təpəsinə baxmamışdı, fikir verməmişdi. Yəqin ki, baxmışdı, amma Bağır bu gün, bu yay səhərində gördüyünü əvvəllər görməmişdi.

19791 h 40 min

Poems by other poets