Quyu
Page 12 of 14 · 79%
Umudun gözləri yumulurdu, Piri onun baxışlarından heç nə anlamadı. Piri üzünü yana döndərdi, guya indi deyəcəklərinin Umuda dəxli yox idi, guya biri öz-özünə danışırdı:
– Kim mənim jiznimi pozmaq istəsə, baxtından küssün.
Umud sinəsini stolun qırağına söykədi.
– Neynərsən o adama?
– Özüm billəm neynərəm.
– Öldürərsən?
Piri stolun üstündəki çörəkdən bir qırıq kəsib, iki barmağı arasında Umudun yarıyuxulu gözlərinin qabağına tutdu.
– Bu bərəkət haqqı öldürrəm, – dedi. – Ta jiznim pozulandan sonra...
Umud ağlının bu dumanlı çağında fikirləşdi ki, porsuq Piri, doğrudan da adam öldürə bilər. Günlərin bir günü Umud başıaşağı yol getdiyi yerdə Pirinin maşını çıxar onun belinə. Vəssalam! Günah ölənədir!
Umud qalxdı.
– Gedək.
Piri də qalxdı. Umudun boynunu qucaqlayıb üzündən öpdü.
– Qardaşam sənnən, – dedi. – Ölənəcən.
Şəhərin bütün küçələrini dolandılar. Elə küçə vardı ki, içindən üç-dörd dəfə keçdilər. Umud bir az özünə gəlmişdi, amma başı, gözlərinin altı ağrıyırdı. Bir kölgəlikdə, döşəkcənin üstündə uzanmaqdan ötrü burnunun ucu göynəyirdi. Eybi yoxdur, döşəkcəsiz də keçinər. Lap quru yer olsun, lap Minnət qarıyla ayaq-baş olsun. Umud yorğun-yorğun soruşdu:
– Hələ kəndə qayıtmırıq?
Piri bu suala cavab vermədi. Piri ayrı söz dedi və Umud bu sözdən tamam ayıldı.
Piri dedi:
– Bilirəm, Solmazdan xoşun gəlir.
Umudun matı-qutu qurudu.
Piri bir az da uzağa getdi:
– Məktub da yazmısan ona.
Umuda elə gəldi ki, dünyada Piridən gizli sirr yoxdur, Piri yerin altından da xəbərdardır, üstündən də. Umud doğrudan-doğruya Piridən qorxdu. Elə qorxa-qorxa da dedi:
– Qəribə sözlər danışırsan.
Piri bu dəfə baltanı lap kökündən vurdu:
– Solmazın üstündə Tofiqnən dalaşmısan.
Piri, deyəsən “dalaşmısan” sözünü qəsdən dedi. Gərək “döyülmüsən” deyəydi. Görünür, Umudun şəstinə toxuna biləcəyindən ehtiyat elədi.
– Əsli də bilir bu məsələni.
Umud daha təəccüblənmədi:
– Lap ağ elədin, – dedi.
Piri bir əlini sükandan buraxıb sinəsinə vurdu:
– Bu canım ölsün bilir... Beş balamın canıçün...
Umud az qaldı Solmazı istədiyini etiraf eləsin, Pirinin yanında ürəyini boşaltsın. Özünü güclə saxladı. Təəssüflə:
– Solmaz hara, mən hara?! – dedi.
– Kimin oğlundan əskiksən? İstəyirsən mən bu işə əncam çəkim. Əsli qızı sənə verəndən sonra Xalıq nə deyəcək? Evdə Əslinin sözü zakondu.
– Bəs, Solmaz?
– Solmaz bir əppək yesin, birini də Allah yolu versin ki, sənin təkin oğlan onu istəyir... Özün də əl-ayaq eləyərsən.
– Necə?
– Qızla görüş, danış... İstəyirsən təşkil eləyim.
– Yox, yox. Sağ ol.
Umud “yox”u candərdi dedi, utandığından dedi və ona elə gəldi ki, Solmazı bu dəqiqədən etibarən əbədi itirdi. Umud Solmazı yenə qatmaqarışıq, dumanlı yuxularında arayacaq. Qorxa-qorxa onun yumşaq barmaqlarından tutacaq. Ancaq qızın şabalıdı saçlarının ətrini, əllərinin hərarətini duymayacaq. Çünki yuxuların ətri yoxdu, yuxularda isti-soyuq bilinmir. Adamı qov kimi yüngülləşdirən bu dumanlı-pərdəli yuxularda ömür sürmək, səadət axtarmaq Umudu təngə gətirməzmi, ilahi?
Piri saatına baxıb:
– Uje vaxtdı, – dedi.
Maşın qovaq ağaclarının arasındakı “finski” evin qarşısında dayanan kimi Xalıq sarmaşıqlı həyətdən səkiyə çıxdı, sanki bayaqdan burda dayanıb gözləyirmiş. Sədr asta-asta gəlib maşına oturdu və o dəqiqə ətir iyi Umudun burnunu qıcıqlandırdı.
Şəhərdən çıxana qədər ətir iyi Umudun burnundan getmədi...
Xalığın əhvalı yaman yaxşı idi. Umud onu ömründə belə şən, belə gülümsər, belə xoşbəxt görməmişdi. Xalığın bənizi allanmışdı, gözlərinin altındakı tuluqlar çəkilmişdi.
Xalıq zümzümə eləməyə başladı. Xeyli keçəndən sonra zümzüməsini kəsib, başını geri çevirdi:
– Umudbala, sən yaxşı oğlana oxşayırsan ha, – dedi. Bir az da qanrılıb gözlərini Umudun üzünə zillədi. – Əsli bacın girəvəyə salıb səni sorğu-suala tutacaq.
Umud az qaldı desin ki, Əsli bacı mənim yanımda cınqırını da çıxarmayacaq, Əsli bacı məndən yeddi ağac uzaq dolanacaq.
– Nə deyəcəksən onda, Umudbala? Əsli bacın xəbər alacaq ki, hara getmişdiniz. Onda nə deyəcəksən? Deyəcəksən hara getmişdik?
– Kirovabada.
– Kimin yanına, Umudbala?
– Sizin elmi rəhbərin.
Piri sıxıla-sıxıla dedi:
– Umud ağzıbütöv uşaqdı. – Pirinin tüklü qulaqları qızardı.
– Malades! – Xalıq üzünü qabağa tutub, təzədən zümzümə etməyə başladı...
Umud artırmanın işığını yandırdı. Məcid kişinin gözləri açıq idi. Kişi qalxıb mütəkkəyə dirsəkləndi.
– Niyə ləngidiniz, a bala?
– Kirovabad hara, buradı? Gedib-gəlməyi altı saat çəkir. – Umud üzünü yana tutdu ki, atası onun yalan danışdığını gözlərindən hiss etməsin.
Kişi əsnəyib sinəsini qaşıdı.
– Bu gecə ditdililəri tüstüyə verə bilmədim. Elə yorulmuşam, tərpənməyə heyim yoxdu... Aclığın var?
– Balıq kababı yemişəm.
– Bəxtəvər, – kişi təzədən başını mütəkkəyə qoydu.
Gecə sakit idi. Ulduz ulduzu çağırırdı. Bir balaca meh olsaydı, ağcaqanadları qovub aparardı. Umud qulağının dibində zəhlətökən zümzümə eşitdi. Ağcaqanadı qovurmuş kimi başını sağa-sola tərpətdi.
– Bunların əlindən hara qaçaq? – dedi.
– Onları da Allah yaradıb. Lazım olmasa, yaratmazdı. İlan pis heyvandı, heləmi? Amma deyirlər, indi hökumət ilanları qırmağa icazə vermir. Çünki ilan nəyəsə lazımdı. Demək, ditdili də nəyəsə lazımdı. Pis adamları niyə qırmırlar? Demək, onlar da nəyəsə lazımdı. Pis olmasa, yaxşının qədrini bilmərik. Onlarsız yaşaya da bilmərik, vallah. Hamı quzu kimi olsa, dünya nəyə gərəkdi?
Umud düşündü ki, atası düz demir, atası hirsli olanda həmişə tərsməzhəb danışır, qaraya ağ deyir, ağa qara. Pis kimin nəyinə lazımdı? Piri olmasa dünya boş görünməz ki! Əgər Piri kimiləri min-min, milyon-milyondursa, onda necə?
– Deyəsən, qanım qaradı, dədə?
– Qanım qara niyə olur? Şükür Allaha, canım sağ, yeməyə də çörəyim var.
Arvadı öləndən bəri Məcid kişi tez-tez darıxırdı. Kamrangil dağa gedəndən sonra kişinin əhvalı lap xarab olurdu. Umud bu yaxınlarda atasının bağçada tək-tənha oturub ağladığını görmüşdü. Kövrələ-kövrələ soruşmuşdu: “Niyə ağlayırsan, ay dədə?” Həmişə dərdini hamıdan gizlədən, heç vaxt gileylənməyən Məcid kişi bu dəfə dözə bilməmişdi: “Humayın rəhmətə getdiyi yeddi ildi. Hələ də inanmıram. Elə bilirəm böyürdən çıxıb deyəcək ki, ay imansız, gör nə kökə düşmüsən!” O gecə Umudun da eyni açılmamışdı. Səhərdən axşamacan həyətdə əlləşən arıq, balacaboy anası gözlərinin qabağından getməmişdi. Umud yorğanı başına çəkib səssiz-səmirsiz ağlamışdı.
Umud çarpayıda uzanıb hərdən köks ötürən atasına baxdı. Başa düşdü ki, atası yenə darıxır, başa düşdü ki, atası çoxdan darıxır və darıxdığı üçün də Xalığın həyətində quyu qazır.
Məcid kişi gözlərini açıb gülümsədi:
– Səni Xeyransanın qızı soruşurdu... Tubu.
– Neynirdi?
– Deyirdi, Umudun məndə zənbili var, gəlsin aparsın... O nə zənbildi hələ?
– Heç, əşi... Bir az mer-meyvə aparmışdım ona.
– Zənbili özü gətirə bilməzdi? – Kişi təzədən dikəldi. – Ə, a lotu, yoxsa Xalığın sözü ağlına batıb? Yoxsa Tubunu almaq fikrinə düşmüsən? Yaxşı sövdadı, Allah xeyir versin.
– Əşi, qoy görək, – deyib, Umud çarpayıdan uzaqlaşdı.
Bu gecə Umud işığı yandırmadı. Yerinə girən kimi gözləri süzüldü. Hardansa yadına Patron düşdü. Fikirləşdi ki, yəqin Xalığın evində Patrona çörək, sür-sümük verən yoxdur. Yəqin Solmaz bu evdən gedəni Patron ac-susuzdur. Umud fikirləşdi ki, Patron bu yaxınlarda öləcək, özü də acından öləcək. Çünki Patron hündür daş hasarı aşa bilmir. Dərdini həmcinslərinə danışa bilmir.
Umud yarıhuşda, yarıyuxuda qərara aldı ki, sabah Patrona yemək aparsın.
5
Umud girəvəyə salıb özünü samanlığın qabağına verdi Cibindən çıxartdığı bir parça təndir çörəyini kölgəlikdə sərələnmiş Patronun qabağına atdı. Patron başını qaldırıb laqeyd-laqeyd Umuda baxdı. Umud çörəyi bir az yaxın itələdi:
– Ye, Patron, ye, – dedi.
Patron bir neçə dəfə qulaqlarını tərpətdi, ancaq gözlərinin pıçalığına qonmuş yaşıl milçəkləri qova bilmədi. Sonra qarşısındakı çörəyi iylədi. Çörək boyat olsa da, hələ qupquru qurumamışdı, sür-sümükdən çox-çox yumşaq idi. Patronun dişləri bu çörəyə bata bilərdi, amma nədənsə, Patron dişlərini çörəyə batırmadı. Çənəsini pəncələri üstə qoyub gözlərini yumdu. Yaşıl milçəklər təzədən onun ağız-burnuna daraşdı...
Məcid kişi üst-başından su süzələnə-süzələnə quyudan çıxdı. Palçıqlı əlini Umudun üzünə sürtüb yavaşca dedi:
– Su. – Sonra üzünü eyvana tutub qışqırdı. – Su!.. Su”!..
Birinci Piri gəldi, onun dalınca Xalıq.
Məcid kişi quyudan bir vedrə lilli su çıxartdı. Sudan bir ovuc götürüb dili ilə yoxladı.
Kitabxana.az · https://kitabxana.az/en/works/isi-melikzade-quyu
Use ← → keys to move, R for a random poem
More by this author
Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Evin kişisiÇəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...
Küçələrə su səpmişəm...Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.
Dədə palıdKürün sağ yaxasında yaşıl zolaq kimi uzanıb gedən meşədə Bağır düz iyirmi il idi ki, gözətçi işləyirdi. Ən uca, ən qoca palıdın otuz-qırx addımlığında balaca bir koma qaralamışdı və Bağır bu komada olanda ən uca, an qoca palıdın hənirini eşidirdi. Hərdən Bağıra elə gəlirdi ki, bu meşədə qoca palıddan savayı acac yoxdur və Bağır iyirmi ildir ki, yalnız bu ağacın keşiyini çəkir.Bağır bu palıdı hər gün görürdü; səhərdən axşamacan onun yanından bəlkə yüz dəfə ötürdü. Onun kölgəsində süfrə açırdı, dincəlirdi. Bürkülü gecələrdə bəzən elə buradaca – palıdın çətiri altındakı taxta çarpayıda yatırdı. Bu palıd Bağırçın dünyanın özü qədər qədim idi, əbədi idi. Bağır bu palıdın bozumtul, çat-çat gövdəsinə kürəyini bəlkə min dəfə, milyon dəfə söykəmişdi, ancaq elə bil palıdın təpəsinə baxmamışdı, fikir verməmişdi. Yəqin ki, baxmışdı, amma Bağır bu gün, bu yay səhərində gördüyünü əvvəllər görməmişdi.
Poems by other poets
Gecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Əlli il yaşadımƏlli il! Bəsimdir orta bir ömür,Taleyin hökmü də vaxtını bilir.
Qəzəl: Aftabi-aləmi-candır ruxi-zibayi-dostAftabi-aləmi-candır ruxi-zibayi-dost,Rövnəqi-bağı-candır hüsni-bihəmtayi-dost