Page 11 of 14 · 71%

Maşın kənddən çıxanacan heç kim dinib-danışmadı. Asfalt yolda Xalıq geri qanrıldı. Gücə düşən adam kimi onun solğun bənizinə qızartı çökdü.

– Əsli bacın bilirsən səni mənə niyə qoşub? Elə bilir iş-gücümü buraxıb uxajorluq eləyirəm... Qocaldıqca Calalın qızının başı xarab olur. Keçi can hayındadır, qəssab piy axtarır... – Üzünü Piriyə tutdu. – Elmi işi qurtarmağım, deyəsən uzun çəkəcək. Rəhbər zalım balası da həftə səkkiz, mən doqquz zəng vurur ki, durma gəl.

Pirinin tüklü yanağının dartılmağından Umud başa düşdü ki, Piri irişir.

Üzümçülük sovxozuna dönüb bir balaca çəllək konyak götürdülər. Umud fikirləşdi ki, Xalığın elmi rəhbəri yəqin möhkəm içədir...

Yevlaxda bazarlıq elədilər. Mey-meyvə, göy-göyərti, xiyar-pomidor aldılar. Umud indi də fikirləşdi ki, əlbəttə, bu ətin, bu konyakın yanında meyvə, göyərti mütləq olmalıdır.

Sonra bir mağazaya girdilər. Xalıq yeddi metr bahalı parça ölçdürdü. Umud düşündü ki, yəqin bu da elmi rəhbərin ya arvadı, ya da qızı üçündür.

Xalıq Pirini qırağa çəkib başladı onunla pıçıldaşmağa. Xalığın bir gözü Umudda idi, Umud anladı ki, söhbət onun barəsindədir. Sədr bir az pərt görünürdü. Piriyə tez-tez nəsə deyirdi. Piri də çiyinlərini çəkirdi.

Xalıq barmağının işarəsi ilə Umudu yanına çağırdı.

– Gəlsənə qalıb burda gəzəsən? Qayıdanbaş səni götürrük. Cibindən pul çıxarıb Umuda uzatdı. – Restorana-zada gedərsən.

Umudun bir qara qəpiyi də yox idi, amma:

– Pulum var, – dedi. – Sağ olun.

Umud nəzərlərini Pirinin üzünə zillədi. Guya son söz, son qərar Pirinin idi. Sədrin təklifi, deyəsən, Pirinin ürəyincə deyildi. Piri Umud tərəfə baxmağa utanırdı, gözlərini Xalığın ağzına dikmişdi və Pirinin gözləri açıq-aşkar yalvarırdı: “Amandır, sədr, daşı ətəyindən tök”.

Xalıq maşının qapısını açdı. Bir ayağı yerdə, bir ayağı göydə:

– Darıxma, Umud, – dedi. – Tez qayıdacağıq. Vağzalın qabağında bizi gözlə.

Piri qaşqabağını töküb sükanın arxasına keçdi.

Umud uzaqlaşan maşının ardınca key-key baxdı. Onu niyə yarıyolda qoydular? Əgər Umudu Kirovabada aparmaq niyyətləri yox idisə, onu niyə yerindən dingildətdilər? Bu nə sirdir, nə müəmmadır belə?

Maşın aralıda dayandı. Piri yerə düşüb sevinə-sevinə Umuda əl elədi:

– Yüyür, ə!

Amma Umud yüyürmədi. Umudun ürəyindən qara qanlar axırdı, Umud pərtliyindən ağlamaq istəyirdi...

Xalıq bircə dəfə də dönüb arxaya baxmadı. Xalığın bir gözü Piridə idi. Piri onun baxışlarını üzündə hiss edib sıxılırdı.

Umud başa düşürdü ki, bu gün onu Xalığa ilişdirən Porsuq Piridir. Kəhrəba rəngli motosikli də Umuda Piri verdirib, bax bu maşının arxa oturacağında da onu Piri əyləşdirib. Bütün bu qurğular porsuq Pirinin əməlləridir. Umudun hörmətini, etibarını qazanmaq üçün Piri dəridən-qabıqdan çıxmağa hazırdır.

Maşın Yevlaxdan sağa buruldu. Kürün körpüsündən keçəndə Umud baxıb gördü ki, bu yol Kirovabad yoluna oxşamır. Umud Kirovabada iki dəfə getmişdi, amma o yolda nə Kür görmüşdü, nə də körpü.

Alaqapısında “Mingəçevir” yazılmış şəhərə girəndə Umud maşının pəncərəsindən döyükə-döyükə gah sağa, gah sola baxdı. Burda geniş küçələr gördü, hündür-hündür evlər gördü. Yolun qırağındakı beşmərtəbəli binaların balkonlarından, pəncərələrindən sarıkəkil qızlar, gəlinlər boylanırdılar. Umud gördü ki, bu şəhərin bir suyu elə onun əsgərlikdə olduğu Barnaula oxşayır. Umud fikirləşdi ki, yəqin bu yaraşıqlı, səliqəli şəhərin içindən keçib Kirovabada gedəcəklər. Kaş yarımca saat burda dayanaydılar, Umud ala-yarımçıq da olsa, bu şəhəri gəzəydi.

Maşın Kür çayının sahilində “finski” deyilən evlərdən birinin qənşərində dayandı. Burda qollu-budaqlı, hündür qovaq ağacları vardı. Bu ağaclar, doğrudan da, Kirovabaddakı ağaclara çox oxşayırdı.

Piri koppuş əlini siqnal düyməsinin üstünə qoydu. Siqnalın səsi uzun, boş küçəyə yayıldı, Xalıq tərs-tərs Piriyə baxdı.

– Yavaş, – dedi. – Pajardı?

Alçaq hasarlı, sarmaşıqlı həyətdəki evin pəncərəsindən ətli-əndamlı bir qadın gülümsəyə-gülümsəyə baxırdı. Xalıq maşından düşdü. Sarmaşıqlı hasarın arxasında taxta divarları qızaran “finski” evə girib görünməz oldu.

Umudun yerində başqa adam olsaydı, yəqin barmağını dişləyib deyərdi: “Ay dadi-bidad...” Amma Umud barmağını dişləmədi. Üzünü Kürə tərəf tutub fikirləşdi: “Xalıq dayı buna görə məni başından eləmək istəyirdi?.. Qara qızın dərdi varmış”.

Porsuq Piri maşındakı şey-şüyləri tövşüyə-tövşüyə evə daşıdı. Sonra gəlib tövşüyə-tövşüyə sükanın arxasında oturdu. Maşını tərpədəndə Umuda dedi:

– Keç yanıma.

Umud adlayıb qabaq oturacaqda əyləşdi. “QAZ-69”-un şəhərdən çıxdığını görüb soruşdu:

– Kirovabada gedirik?

– Buranın Kirovabaddan nəyi əskikdi, ə? Bilirsən burda nə qəşəng qızlar var? Hamısı da kulturnu...

Piri maşını gölün qırağındakı kababxananın qabağında saxladı.

Çimərlikdə adam əlindən barmaq basmağa yer yox idi. Qumun üstündə uzanıb özünü günə verən kim, çığırışa-çığırışa göldə çimən kim. Xeyli aralıda qayıqla gəzənlər də vardı.

Umud suyu şappıldada-şappıldada üzən qızlara baxıb qobunu xatırladı, Tubunun tunc bədənini xatırladı. Əlini gözlərinə kölgəlik eləyib qızlara zəndlə diqqət yetirdi. Gördü ki, bu qızlardan hər hansının bədəni Tubununku kimi badımcanı deyil. Bunların bəyazı var, sarısı var, hələ günəşin yandıra bilmədiyi ağappağı var. Bu pambıq kimi ağappaq qızların çoxusu bədəndə Solmaza oxşayırdı.

Piri də, Umud kimi əllərini gözlərinə kölgəlik eləyib qızlara baxa-baxa dodaqlarını yaladı:

– Görürsən, camaat nə kefə baxır? Biz də kənddə toz-torpağın içində eşələnirik... Hayıf ki, əynimdə fərqli tumanım yoxdu, yoxsa soyunub çimərdim.

Keçib kababxanada oturdular.

Piri xörəkpaylayan oğlanı çağırdı.

– Dörd pors balıq kababı.

Umud etiraz elədi:

– Dördü çoxdu.

Piri sağ əlini yuxarı qaldırıb barmaqlarını araladı.

– Beş pors, – dedi, – çaxır da gətir... Suxoy. – Xörəkpaylayan oğlan gedəndən sonra Piri gülümsədi. – Bunların porsusu nədi ki? Üç tikə! Bir oturuma yüz şiş yeyərəm.

Piri çaxıra əl vurmadı.

– Rulun dalında öldürsələr də içmərəm. Qismət olsun, kənddə oturaq, onda burnumdan gəlincə vuraram.

Umud Pirinin tez-tez tökdüyü sərin çaxırı içdi və bir də baxıb gördü ki, butulka boşalıb. Umudun canında xoş sızıltı vardı, ancaq bu sızıltı quyudan vedrə-vedrə torpaq dartanda onun bədənini bürüyən ağrıya bənzəmirdi. Hər şey, hətta Pirinin tüklü sifəti də Umudun gözlərinə içdiyi çaxırın rəngində görünürdü. Umud Pirinin şişib tərpənən ovurdlarına, qulaqlarının sırğalığında dikələn uzun tüklərə baxdı, özü də fərqinə varmadan soruşdu:

– Sənə niyə “Porsuq” deyirlər?

Tikə Pirinin boğazında qaldı. Güclə udqunub gülümsündü, ancaq bu təbəssümdə acıq vardı, hiddət vardı.

– Nə bilim, – dedi. – Kəndimizdə o qədər avara adam var ki, hərəyə bir ləqəb qoyurlar. Mən porsuğa oxşayıram?

– Oxşayırsan.

– Canın sağ olsun. Onsuz da hərə bir şeyə oxşayır.

– Mən də?

– Sən də.

– Nəyə oxşayıram?

– Çəyirtkəyə.

Qobunun qırağındakı lüt uşaqlar gəlib durdu Umudun xumarlanan gözlərinin qabağında. Tofiqin şilləsinin səsini də eşitdi. Üzü gizildədi. “Yəqin Tofiq deyib buna”.

Piri, deyəsən, Umudun acıqlanacağından qorxub sözünü dəyişdi:

– Zarafat eləyirəm, sən yaxşı oğlansan.

Umud gözləyirdi ki, bu dəqiqə Piri ona yalvaracaq. Ağlamsına-ağlamsına deyəcək ki, “mənim beş balama yazığın gəlsin, Umud. Əsli ilə məni bir yataqda gördüyünü ağzından qaçırtsan, qanım getdi. Xalıq bu məsələni bilsə, məni də, Əslini də tikə-tikə doğrayar”. Piri yəqin bu sözləri deyəndən sonra cibindən əzik bir dəsmal çıxarıb gözlərinin yaşını siləcək. Umud da onun ağladığını görüb kövrələcək. Deyəcək: “Kişi kişinin namusuna toxunmaz, Piri. Mən bu sirri ürəyimdə qəbrə aparacağam. Amma boynuna al ki, əclaflıq eləmisən”. Piri başını tərpədəcək: “Tamam düz buyurursan; əclafın yekəsiyəm. Amma beş balamın ölmüşünə, bir də belə qələt eləmərəm”.

Umud baxıb gördü ki, Piri heç yalvarana oxşamır, özünü elə aparır ki, guya aydan arı, sudan durudur. Umud az qaldı inansın ki, Pirini Əslinin çarpayısında ömür-billah görməyib, Xalığın evində onu yəqin qara basıb.

Piri dirsəklərini stola dirəyib Umuda tərəf əyildi:

– Nə olsun ki, adıma “Porsuq” deyirlər. Sən mənim ürəyimə bax. Ürəyim mum kimidi... Xalığın ipini çəkən mənəm. Yaxşını yaxşı işə qoydurram, pisi işdən götüzdürrəm. Mən kənd üçün əlləşirəm, camaat üçün əlləşirəm. Odu ey, dədən quyu qazır. Elə bilirsən Xalığın ağlına gəlib bu? Bunu onun yadına mən salmışam. Fikirləşmişəm ki, Məcid dayı heç harda işləmir, qoy oğul əlinə möhtac olmasın. Haqqını artıqlamasıynan verdirəcəm onun... Quyu Minnət qarının nəyinə lazımdı, ə? Hey?

– Lazım döyül.

– Amma Məcid dayıya pul qazanmaq lazımdı. – Piri qaşqabağını töküb susdu. Yan-yörəyə nəzər salıb astadan, dirənə-dirənə dedi: – Di gəl ki, mənim üzümün pis tərəfi də var. Vay o adamın halına ki, bilə-bilə ayağımı basdalaya. – Sözlərinə cavab gözləyirmiş kimi zəndlə Umuda baxdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 min
Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 h 10 min
Küçələrə su səpmişəm...

Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.

197154 min
Dədə palıd

Kürün sağ yaxasında yaşıl zolaq kimi uzanıb gedən meşədə Bağır düz iyirmi il idi ki, gözətçi işləyirdi. Ən uca, ən qoca palıdın otuz-qırx addımlığında balaca bir koma qaralamışdı və Bağır bu komada olanda ən uca, an qoca palıdın hənirini eşidirdi. Hərdən Bağıra elə gəlirdi ki, bu meşədə qoca palıddan savayı acac yoxdur və Bağır iyirmi ildir ki, yalnız bu ağacın keşiyini çəkir.Bağır bu palıdı hər gün görürdü; səhərdən axşamacan onun yanından bəlkə yüz dəfə ötürdü. Onun kölgəsində süfrə açırdı, dincəlirdi. Bürkülü gecələrdə bəzən elə buradaca – palıdın çətiri altındakı taxta çarpayıda yatırdı. Bu palıd Bağırçın dünyanın özü qədər qədim idi, əbədi idi. Bağır bu palıdın bozumtul, çat-çat gövdəsinə kürəyini bəlkə min dəfə, milyon dəfə söykəmişdi, ancaq elə bil palıdın təpəsinə baxmamışdı, fikir verməmişdi. Yəqin ki, baxmışdı, amma Bağır bu gün, bu yay səhərində gördüyünü əvvəllər görməmişdi.

19791 h 40 min

Poems by other poets