Quyu
Page 13 of 14 · 86%
– Şipşirindi, – dedi.
Piri də çömelib dilini vedrədəki suya vurdu.
– Əlin var olsun, Məcid dayı, – dedi.
Xalıq tut ağacının kölgəsində mürgüləyən Minnət qarıya yaxınlaşdı.
– Quyun hazırdı, ay ana! Allah sənə bundan sonra yüz il də ömür versin.
Məcid kişi quyudan vedrə-vedrə lilli su çəkib çölə tökdü.
– Hələ bulanıqdı. Axşamacan durulacaq. Göz yaşı kimi olacaq.
Umud gördü ki, Əsli dirsəklərini məhəccərə dirəyib eyvandan baxır. Əsli başını yaşıl qıyqacla bərk-bərk bağlamışdı. Uzaqdan bənizi ağappaq ağarırdı. Əsli eyvanda çox dayanmadı, otağa girib qapını örtdü.
Piri gözlərini Umudun palçıqlı üzünə zilləyib gülümsədi:
– Xeyir iş var, – dedi. – Ağdama getməlisən.
– Mənim orda nə azarım?
– Əfəl olma. Bu məsələni təşkil eləyincə min dona girmişəm.
Umuda elə gəldi ki, Piri Xalığa göz vurub kənara çəkildi.
Xalıq Minnət qarının üstünü döşəkağıyla örtdü. Samanlığın kölgəsində uzanmış Patronu Piriyə göstərib dedi:
– Sən işində ol. Bu çər dəymişi elə yerdə azdır ki, gəlib buranı tapa bilməsin. Lap uzağa apar. Yoldan, rizdən qıraq bir yerdə tulla... Həyətdə qalsa quyunu murdarlayar.
Sonra Xalıq Umudun kürəyindən itələyə-itələyə onu eyvana qaldırdı. Başladı bərkdən danışmağa:
– Sənə işimiz düşüb, kişi qırığı? İyirmi gündü Solmazdan xəbərimiz yoxdu. Əsli özünü didib tökür ki, gərək uşaqdan mənə bir xəbər gətirəsiniz. Mən heç, mən ayaqları çataqlı kəhərəm. Piri də mənə bənddi. Bu kənddən tərpənməyə bizim mümkünümüz yoxdu. Əlac qalıb sənə.
Xalıq şəbəkəli pəncərəyə baxdı. Umud başa düşdü ki, Əsli bu şəbəkəli pəncərənin arxasındadır. Xalıq sözlərini ona eşitdirir.
Xalıq səsini bir az da qaldırdı:
– Əsli bacın səni göndərir Solmazın yanına.
Umudun qulaqları Xalıqda idi, gözləri Piridə. Piri Patronun boğazına bağladığı gödək ipin ucundan tutub dartırdı. Tula qabaq ayaqlarını yerə bərk dirəmişdi, Piri də ipi ikiəlli bərk-bərk çəkirdi, az qalırdı Patronun başını bədənindən ayırsın. Umud bu dəm Patronun hürməyini arzulayırdı, heç olmasa, ömründə bircə dəfə onun səsini eşitmək istəyirdi.
– Nə deyirsən, Umudbala?
Umud Pirinin bala qapıdan sürüyə-sürüyə çıxardığı Patronun sağasola çırpılan lümə quyruğuna baxdı.
– Nə deyim? Mən...
– Ə, Ağdam budu, buradı. İkicə saata gedib gələrsən. İstəyirsən elə motosikletnən get.
Bala qapı örtüldü. Umud çiynini çəkdi.
Xalıq əlini onun kürəyinə vurdu:
– Sənə yaxşı yol, Umudbala...
Yarım saatdan sonra Umud kəhrəba rəngli motosiklin üstündə asfalt yola çıxdı.
Qara meşin zənbilin içində bir qazan aş vardı. Qazan hələ soyumamışdı, Xalıq Umuda tapşırmışdı ki, gərək yel kimi gedəsən, gərək bu xörəyi Solmaza isti-isti çatdırasan. Solmazçün xərclik də vermişdi, Umudun cibinə məktub da basmışdı: “Solmaza çatacaq”.
Umud elə bilirdi ki, yuxu görür, ancaq bu yuxuda o daha qov kimi yüngül deyildi. Bu yuxunun dumanı, pərdəsi yox idi, bu yuxunun ətri də vardı, rəngi də. Umud qorxurdu ki, birdən bu yuxunun ömrü gödək olar, gözlərini açıb özünü on il bundan qabaq Kamranın puluna alınmış yaylı çarpayıda görər və bu ətirli, rəngli röyadan onun ürəyində təkcə acı bir həsrət qalar. Külək Umudun saçlarını dağıdır, ilıq nəfəsi ilə onun bədəninə xoş vicvicə salırdı. Umud hiss etdi ki, bütün əzaları yaşayır və gerçək aləmdə olduğuna inandı. “Solmazla nə danışacam? Solmaz məni necə qarşılayacaq?”
Solmaz onu görəndə sevindi:
– Nə yaxşı, ay Umud? Sən hara, bura hara?
– Məni Xalıq dayı göndərdi... Gör qazan soyumayıb ki?..
Solmaz qazana əl vurmadı. Umudun verdiyi məktubu açıb oxumağa başladı. Yarıya çatanda gülümsədi. Alt dodağını dişləyib Umuda baxdı:
– Anama nə olub görəsən. Yazır ki, Umuda yaxşı üz göstər. Mən nə vaxt sənə güldən ağır söz demişəm, ay Umud?
Umud pərt halda dedi:
– Əsli xala niyə heylə yazıb?
Solmaz məktubun ardını oxudu. Umud qızın nazik, uzun qaşlarına heyran-heyran baxdı. Düşünürdü ki, Solmaz böyüyüb arvad olanda onun da bənizi anasının bənizi kimi solğun olacaq. Yəqin qızlığında Əslinin də yanaqları bax beləcə, qıpqırmızı olub, saçlarının rəngi beləcə şabalıdı olub. Amma Solmaz bədəncə anasına oxşamayacaq. Solmaz kökələcək. İndidən buxağı yavaş-yavaş dikəlir, indidən qolları, sinəsi ətlənir.
Onlar yataqxananın qarşısında dayanmışdılar, Solmaz nədənsə, Umudu içəri dəvət eləmirdi. Umud bunu arzulamırdı da. Çünki giribçıxan qızlardan utanırdı.
Solmaz məktubu qatlayıb ovcunda tutdu.
– Sağ ol, Umud, zəhmət çəkmisən, – dedi. Binanın tininə söykədilmiş motosiklə baxdı, amma, deyəsən, tanımadı.
Qız Umudun başı üstündən gözlərini səmaya dikib gülümsədi. Ancaq Umuda elə gəldi ki, qız zorla gülümsəyir, anasının Umud barədə yazdığı sözlərə görə gülümsəyir. Umudun bu təbəssümdən xoşu gəlmədi.
– Kəndə nə vaxt qayıdacaqsan, Solmaz?
– İyunun iyirmisində axırıncı imtahanımdı. Bu gün on beşidi... Beş gündən sonra... Papama deyərsən gəlsin, məni aparsın.
– Bəlkə məktub yazasan. Gözləyərəm burda.
– Yox, dil cavabı çatdırarsan.
Solmazın bir gözü yataqxananın qırmızı qapısında idi. Qız bir yanını qaçacaq qoymuşdu, amma yenə bayaqkı kimi gülümsəyirdi.
Umud düşünürdü ki, bu təbəssüm Solmazın özününkü deyil. Solmaz bu təbəssümü Əslinin məktubundan götürüb yapışdırıb sifətinə, Umud onun belə gülümsəməyini istəmirdi.
– Piri Patronu apardı azdırmağa... Daha Patron geri qayıda bilməz.
Solmaz yenə gülümsəyə-gülümsəyə Umuda baxdı və Umud qızın iri gözlərində səma boşluğu gördü.
– Hə, qayıda bilməz.
Umuda elə gəldi ki, Solmaz tələsik dediyi bu sözlərlə darıxdığını büruzə verdi. Qəribədir ki, bu an Umud da darıxdı və darıxmağına zərrə qədər də təəccüblənmədi.
– Mən gedim, – dedi.
Solmaz çiynini çəkdi:
– Bizimkilərə salam-dua söylərsən.
Kəhrəba motosikl yolu yarı eləmişdi. Kəndə yaxınlaşdıqca Umudun kefi durulurdu. Bayaq az qala itirdiyi ümid təzədən qəlbində dirçəlirdi. Son söz Əslinindir. Əsli Solmazı ona verəcək. Əsli Xalığı da yola gətirəcək. Bəs Solmaz? Piri deyir ki, Solmaz anasına ağ olmaz, anasının sözündən çıxmaz.
Umudun ürəyi şirin-şirin döyünməyə başladı. Umud xəyalında bir mağar qurdu. İşıqlı, uzun bir mağar. Kəndin bütün camaatını yığdı bu mağara. Kamranı da otuzdurdu lap baş tərəfdə, çalğıçıların yanında. “Yox, qoy orda dədəm otursun, ağsaqqaldı”. Bu uzun, işıqlı mağarda bir vur-çatlasın başladı ki, gəl görəsən. Musiqi səsi ərşə qalxdı, Toybəyi adamları dartdı oynamağa. Camaat qol-qola verib yallı getdi. Bütün kənd səhərəcən dinclik bilmədi. Ortalığa çıxan ortalıqda oynadı, yerində oturan yerində dingildədi. Sübhə yaxın kimsə qışqırdı ki, “balam, ta bəsdi, qoyun indi də bəy özü oynasın, deyirlər, bəy öz toyunda oynayanda ucuzluq olur. Kim ucuzluq olmağını istəyirsə, əlini qaldırsın”. Mağardakıların hamısı hər iki əlini qaldırdı. Umud yaman utanırdı, heç oynamaq istəmirdi. Çünki oynamağı bacarmırdı, oynayanda yaman gülməli görünürdü, qollarını tərpədəndə eynən çəyirtkəyə oxşayırdı. Amma əlac yox idi, bütün kənd oynamışdı, gərək Umud da oynayaydı. “Palaza bürün, elnən sürün” deyiblər. Sağ olmuş çalğıçılar bir yeyin hava çaldılar. Umud başını bulayıb dedi ki, bəs məni bağışlayın, mən yeyin havaya oynaya bilmərəm. Çalğıçılar ağır bir hava çaldılar. Umud bu dəfə də başını bulayıb dedi ki, bəs üzüm ayağınızın altında, bu, arvad havasıdır, mən kişi ola-ola zənən havasına necə oynayım? Çalğıçılar pıçıldaşdılar, məsləhətləşdilər, təzə bir hava çaldılar. Umud gördü ki, bu hava sümüyünə yaman düşür, qol götürüb başladı oynamağa. Mağarda bir dövrə vurdu, iki dövrə vurdu, süzə-süzə gəldi qavalçalan oğlanın yanına. Elə süzə-süzə də ağzını oğlanın qulağına dirəyib dedi: “Qardaş, bu havanı mən birinci dəfədir eşidirəm. Sən canın, de görüm, bu havanın adı nədir?” Oğlan da qavalı çala-çala ağzını Umudun qulağına dirəyib dedi ki, vallah, bu havanın doğru-dürüst adını mən də bilmirəm, amma el içində buna deyirlər: “Özgə atına minən tez düşər”. Umud fikirləşdi ki, bu hava yaxşı havadır, ürəyə yatandır, hayıf ki, adı sarsaq addır. Umud qohumlarını bir-bir qaldırdı. “Əhd eləmişəm, gərək toyumda cəmi qohum-əqrabaynan oynayam”. Əvvəlcə atasıyla oynadı, sonra Kamranla, Kamranın balalarını da çəkdi ortalığa. Axırda baxıb gördü ki, ta mağarda qohum-filan qalmayıb. Ürəyindən keçdi ki, Solmaznan da oynasın, amma Solmaznan oynaya bilməzdi, çünki Solmaz bu dəqiqə gərdəyin dalında idi, ürəyi döyünə-döyünə Umudun yolunu gözləyirdi. Eh, bu kəndin də qəribə adəti var: gəlini adam içinə çıxmağa qoymurlar. Umud gördü ki, Porsuq Piri mağarın aşağı tərəfindən süzə-süzə onun üstünə gəlir. Umud dedi: “Mən qohumlarımnan oynamağa əhd eləmişəm. Sən niyə düşmüsən ortalığa?” Piri də cavab verdi ki, bu havanı mən düzəltmişəm, mən təşkil eləmişəm, indi sən mənim havamı oynayırsan. Cin vurdu Umudun başına: “Çıx, rədd ol burdan!” dedi. Bir ayrı cin də Pirinin başına vurdu. Piri mağarın ortasında dayanıb əllərini qaldırdı. Elə sakitlik oldu ki, “qu” desəydin, qulaq batardı. Pirinin səsi mağarda guruldadı: “Ay camaat, bu aşpazı mən kişi eləmişəm! İndi bu məni bəyənmir!”
Kitabxana.az · https://kitabxana.az/en/works/isi-melikzade-quyu
Use ← → keys to move, R for a random poem
More by this author
Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Evin kişisiÇəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...
Küçələrə su səpmişəm...Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.
Dədə palıdKürün sağ yaxasında yaşıl zolaq kimi uzanıb gedən meşədə Bağır düz iyirmi il idi ki, gözətçi işləyirdi. Ən uca, ən qoca palıdın otuz-qırx addımlığında balaca bir koma qaralamışdı və Bağır bu komada olanda ən uca, an qoca palıdın hənirini eşidirdi. Hərdən Bağıra elə gəlirdi ki, bu meşədə qoca palıddan savayı acac yoxdur və Bağır iyirmi ildir ki, yalnız bu ağacın keşiyini çəkir.Bağır bu palıdı hər gün görürdü; səhərdən axşamacan onun yanından bəlkə yüz dəfə ötürdü. Onun kölgəsində süfrə açırdı, dincəlirdi. Bürkülü gecələrdə bəzən elə buradaca – palıdın çətiri altındakı taxta çarpayıda yatırdı. Bu palıd Bağırçın dünyanın özü qədər qədim idi, əbədi idi. Bağır bu palıdın bozumtul, çat-çat gövdəsinə kürəyini bəlkə min dəfə, milyon dəfə söykəmişdi, ancaq elə bil palıdın təpəsinə baxmamışdı, fikir verməmişdi. Yəqin ki, baxmışdı, amma Bağır bu gün, bu yay səhərində gördüyünü əvvəllər görməmişdi.
Poems by other poets
Gecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Əlli il yaşadımƏlli il! Bəsimdir orta bir ömür,Taleyin hökmü də vaxtını bilir.
Qəzəl: Aftabi-aləmi-candır ruxi-zibayi-dostAftabi-aləmi-candır ruxi-zibayi-dost,Rövnəqi-bağı-candır hüsni-bihəmtayi-dost