Qalxıb göy üzünün qürur taxtına,
Günəş arxalandı qızıl baxtına.


Ayağı od tökdü, başı zər seli,
Axdı alınlardan yenə tər seli.


Aranı qovurdu, dağı üşütdü,
Yaşıl zəmilərdə sütüllər ütdü.


İnsanın əlindən alıb kölgəni,
Dedi: – Od pəncəmdə sıxaram səni.
Hökmüm bir dünyadır, işığım ümman,
Qarşımda sarsılıb yer zaman-zaman.
Hər telim bir nurlu qızıl külçəsi,
Mənəm kainatın ilk sərkərdəsi.
Əlçatmaz zirvəyəm, yanar bir dağam,
Qəlbim sevməyənə od vuracağam!


Bu vaxt görkəmində həzin bir sükut,
Göründü üfüqdə bir parça bulud.


Sözsüz mahnı deyil, qalxdı, ucaldı,
O, günün üzünə tünd kölgə saldı.
...Odur ki, özünü bənzədib günə,
Heç kəs güvənməsin böyüklüyünə!...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets