İkinci pərdə
Page 2 of 4 · 25%
Cəlal
İliyinə qədər pozulub. Onu daha fabrikdə saxlamaq mümkün deyil!.. (Gedir)
Fərhad (səhnə qabağında)
Qaşqay, Əmin Bəxtiyarovun çox şübhəli bir haqq-hesabla məşğul olduğunu hiss eləyirdi. Onun əliəyri adamlarla xosunlaşdığını az görməmişdi. Lakin bu xüsusda danışa bilmirdi. Çünki əlində tutarlı bir dəlil yox idi. Əmin Bəxtiyarov isə onun şübhələndiyini duymamış deyildi. Buna görə də Rəfiqə əhvalatını uydurmuşdu ki, Cəlalın guya qərəzli olduğunu sübut edə bilsin.
Əmin (öz-özünə)
Cəlal Qaşqay canıma lərzə salır. Bəlkə parçaları satdırmağımdan xəbəri var? Bu tərəfdən də tərs kimi Əsmər məni qılınclayacaq. Yox, bir gün belə gecikmək olmaz. Bütün izləri itirmək lazımdır. Mən Cəlalı qabaqlayıb Əsməri Kərim dayının gözündən salmalıyam... Nə deyəcəyəm?
Pauza
Qısa bir cümlə. “Üzdən həyalı görünməyinə baxmayın, çoxdanın əxlaqsızıdır, indi də özünü mənə calamaq istəyir!”.
Fərhad (səhnə qabağında)
Əmin Bəxtiyarov! Məsum bir xilqətə böhtan atmaq? Hanı sizin vicdanınız?
Əmin (öz-özünə)
Vicdan?! Nədir vicdan? Köhnə, çürük bir məfhum. Ancaq Əsmər üzümə dursa, məni vicdansızlıqda təqsirləndirsə? Hər halda Kərim dayı mənə inanacaq. Belə sadəlövhləri aldatmaq üçün böyük hiyləyə ehtiyac yoxdur.
Rəfiqə (gəlir)
Yoldaş Bəxtiyarov, atam hanı?
Əmin
Şəhər komitəsində.
Rəfiqə
Dünəndən evə gəlməyib. Nigaranıq.
Pauza
Əmin
Rəfiqə xanım, deməliyəm ki, başa düşmədim.
Rəfiqə
Nəyi, yoldaş Bəxtiyarov?
Əmin
Mənə salam vermədiniz. Niyə belə kəmiltifatsınız?
Rəfiqə (qeyri-müəyyən bir ifadə ilə)
Sizi görəndə hər şey yadımdan çıxır.
Əmin
Mənə qarşı qəzəbinizin çoxluğundan?
Rəfiqə
Səbəbini soruşmayın.
Əmin
Soruşmağa məcburam. Əgər bayırdan gələn mən olsaydım, bunu tələb etməyə haqqım yox idi.
Pauza
Rəfiqə
Cəlal Qaşqay buradadırmı? (Baş mühəndisin kabinetinə baxıb qayıdır) Yoxdur. Hara gedib görəsən?
Əmin
Özünüz baldan şirin, cavabınız zəhərdən acı.
Rəfiqə
Mənim nəzərimdə kompliment kəsərsiz silahdır. Pas atmış mətbəx bıçağı kimi.
Əmin
Düz deyirsiniz. Acı söz qızları daha çox cəzb eləyir. Təəssüf ki, mən belə sözləri deməyə alışmamışam.
Rəfiqə
Cəlal Qaşqay hara gedib görəsən?
Əmin
Qaşqay dilinizdən düşmür. Siz – mələk, Qaşqay – meymun. Yoxsa ona vurulmusunuz?
Rəfiqə
Bilmək istəyirəm: siz nə üçün həmişə atamın kabinetində olursunuz? Burda nəyin keşiyini çəkirsiniz?
Əmin
Birdəfəlik deyin ki, meymuna tamaşa eləmək sizə daha çox zövq verir.
Rəfiqə
Belə olsaydı, onda bütün günü sizə tamaşa edərdim.
Əmin
Oğlanların kobudluğuna birtəhər dözmək olar, amma zərif qızlar belə sözləri deyəndə...
Rəfiqə
Dözə bilmirsiniz, eləmi?
Əmin
Mən sizi sevirəm, Rəfiqə xanım.
Rəfiqə
Nə üçün?
Əmin
Qəribə sualdır. Sevirəm, çünki gözəlsiniz.
Rəfiqə
Mən sizi sevmirəm.
Əmin
Nə üçün?
Rəfiqə
Çünki gözəl deyilsiniz.
Əmin
Bu sözü ilk dəfə sizdən eşidirəm. Mən çirkinəm?
Rəfiqə
Bəli, təəccübünüz yersizdir. Siz meymundan da çirkinsiniz. (Sürətlə gedir)
Fərhad (səhnə qabağında)
Bu cavab Əsmərin şilləsindən də bərk dəydi, lakin Əmin heç bir ağrı duymadı.
Əmin (öz-özünə. İnamla)
And içərəm ki, onun Cəlala məhəbbəti kitabdan gəlmədir. O, Dezdemonaya təqlid eləyir. Orijinal görünmək istəyir... (Düşüncəli) Yoxsa doğrudan Cəlalı sevir? Şübhəm var... (Cibindən çıxardığı boyunbağını gün işığına tutub parıldadır) Mən əminəm ki, Rəfiqə bunu görsəydi, o acı sözlərin birini də mənə deməzdi. Bəs nə üçün mən bunu ona göstərmədim! (Rəfiqənin dalınca çıxır)
Cəlal (gəlir)
Bu müdir harda qaldı? (Telefonun dəstəyini götürüb hara isə zəng etmək istərkən Gümrah gəlir) Buyur, mənə görə qulluğun?
Gümrah
Yoldaş Qaşqay, sizə şikayətim var.
Cəlal
Kimdən?
Gümrah
Bədəl dayıdan. Mühəndis Bəxtiyarovdan. Sizin özünüzdən. Belə də zülm olar? Niyə donluğumdan ayda iki yüz manat tutulsun? Mənim qazancım nədir ki, onun da üçdən birini verməsinlər?
Cəlal (zəngi basır)
Əyləş, əyləş, bu dəqiqə öyrənərəm.
Gümrah (kövrələrək)
Atam naxoş, anam da ki, savadsız. Mən onları nə ilə dolandırım?
Cəlal
Uşaq deyilsən ki? Kövrəlmək nədir? Yekə kişisən. Sənin yaşıdların qəhrəmanlıq eləyib, aləmdə məşhur olurlar. Ayıb deyil?
Gümrah
Elələri də var, mənim kimi bivecləri də. Hamı qəhrəman olmaz ki?
Katibə gəlir.
Cəlal
Baş mühasibi çağırın. Maaş cədvəlini də gətirsin.
Katibə
Baş üstə. (Gedir)
Gümrah
Belə insafsızlığı görəndə, adamın ürəyi dözmür. Axı, tək mən olsaydım, yenə dərd yarı idi. Bütün sex narazılıq eləyir.
Bədəl Sadayev gəlir.
Cəlal
Maaş cədvəlini gətirmədin?
Bədəl
Xeyr.
Cəlal
Niyə?
Bədəl
Camaata maaş verilir.
Cəlal
Nə üçün bu oğlanın maaşından iki yüz manat tutmusunuz?
Bədəl
Brakı var.
Gümrah
Yoldaş Qaşqay, bu nə deyir? Hələ mənim əlimdən brak mal çıxmayıb. Doğrudur, mən özüm bivecəm, qəhrəmanlıq əlimdən gəlmir, amma dünyasında brakım olmaz.
Cəlal
Malları özüm yoxlayacağam. (Gümraha) Sən get, qanunsuz bir qəpiyin də tutulmayacaq.
Bədəl
Adın nədir?
Gümrah
Mənim?
Bədəl
Bəli, sənin.
Gümrah
Gümrah.
Bədəl
Sənin nəyin gümrahdır? Bu boyda-buxunda da Gümrah olar? Ada bax. Gümrah!..
Gümrah
Əşi, atam-anam qoyan addır, mən neyləyim?
Cəlal (hər ikisinə)
Gedin. (Bədələ) Camaatı bizdən narazı salmaq da təzə metoddur?
Gümrah gedir.
Bədəl
Heç bilmirəm, neçə ağamız var. Bu fani dünyada Əfqanıstanınsa padşahı ola bilmədik. Hər yerindən qalxan bizi qapazlayır.
Cəlal
Necə, necə? Əfqanıstan hara, sən hara?
Bədəl
Əşi, bir sözdür deyirəm də. Elə o saat padşah olmadım ki?
Cəlal
Sən iş vaxtı da içirsən?
Bədəl
Yox içməmişəm... Hafiz Şirazi deyir ki, mən ömrümdə bir dəfə möhkəm içmişəm, yəni lül-qəmbər olub yıxılanacan. Amma hər gün içməyim paxmel üçündür.
Cəlal
Səni bir də bu halda görsəm, öz bəxtindən küs.
Bədəl
Əgər məndə bəxt olsaydı, buxalter yox, padşah olardım də. (Gedir)
Cəlal
Hiyləgər tülkülər!.. İndi də bu yolla fəhlələri narazı salmaq istəyirlər! (Telefonla zəng eləyir) Şəhər komitəsidir? Yoldaş Rəhimlin istəyirəm. Getdi? Çox sağ olun. (Dəstəyi yerindən asır)
Rəfiqə (gəlir)
Xoş gördük, Cəlal. (Hərarətlə əl verir) Atam dünəndən evə gəlməyib. Bura zəng eləməkdən yorulmuşuq. Cavab da vermir...
Cəlal
Məruzəyə hazırlaşırdı... Bütün gecəni tək o yox, mən də yatmamışam... Bir qədər gözləyin, bu saat gəlir.
Rəfiqə
Bəs siz... Mənə nə isə göstərmək istəyirdiniz...
Cəlal
Hə... Xahiş eləyirəm, dayanın... Vaxtınız varsa...
Rəfiqə
İşdən yenicə gəlmişəm, heç yana tələsmirəm.
Pauza.
Əsməri gördüm. Məndən iş istəyirdi. Ona neyləmisiniz?
Cəlal (tutularaq)
Ərizə verib... Mən onun fabrikdən getməyinə razı deyiləm. Ən mahir toxucumuzdur.
Rəfiqə
Dedim ki, atam da səni buraxmaz. Uşaq kimi ağladı... Kim isə xətrinə dəyib... Nə varsa, siz də əsəbiləşmisiniz...
Cəlal (papiros yandırır. Qəzəbdən əli titrəyir)
Adamları tanımaqda olmur. Üzlərinə baxanda deyirsən, dünyada belə mədəni, belə nəzakətli insanlar az tapılar, amma əslində...
Rəfiqə
Kimi deyirsiniz? Əsməri?
Cəlal
Yox, Əsmər barədə belə sözləri deməyə mənim dilim varmaz. Mən özgə adamları deyirəm. Atanızı da, məni də aldadanlar var. Əvvəllər düşünürdüm ki, bəlkə yanılıram, ancaq bu gün hər şey mənə aydın oldu... Əmin Bəxtiyarovu yaxşı tanıyırsınızmı?
Rəfiqə
Şəhərimizdə onu tanımayan yoxdur.
Cəlal
O mənada soruşmuram. Necə adamdır?
Rəfiqə
Nə deyim, Cəlal? Mənə elə gəlir ki, Bəxtiyarovu tanımaq o qədər də asan deyil. Hər halda onunla ehtiyatlı dolanın. Bu saat fabrikin bağçasında gəzinirdim. Yandan çıxıb, ordan-burdan danışdı. Sonra mənə bir boyunbağı göstərdi. Deyir ki, nişan üçün alıb... Əlli min manata... Sizcə bu pullar hardandır?
Pauza.
Deyəsən atam gəldi.
Kərim (gəlir)
Aha, qızım da burdadır... İclaslar məni lap həkdən saldı. Gəl otur, qızım.
Cəlal
Yoldaş Rəhimli, bağışlayın... Qızınızla söhbətinizə mane oluram. Sizə bir sualım var.
Kərim
Buyur, Cəlal, buyur.
Cəlal
Maaşların tutulmağından xəbəriniz varmı?
Kərim
Bəxtiyarov məlumat vermişdi. Brakların cəriməsi...
Cəlal
Məni bağışlayın. Əmin Bəxtiyarov mənim tapşırığımla görülən hər bir işə mane olur, hər dəfə də sizin adınızdan danışır.
Kərim
Məsələn, nə deyir?
Cəlal
Guya siz də təzə çeşidləri bəyənmirsiniz. Guya onların yarıdan çoxunu brak sayırsınız.
Kərim (təəccüblə)
Mən?.. Görmədiyim bir şeyi necə bəyənməyə bilərəm? Hanı o mallar?
Cəlal
Doğrudur, Əmin Bəxtiyarov fabrikdə çoxdan işləyir, ali məktəbi də məndən əvvəl qurtarıb, amma bu heç də meyar ola bilməz. O, fabrikin geridə qalmış, mühafizəkar adamlarını başına toplayıb, hər addımda işə əngəl törədir.
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-alov-ikinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
I**Qeysər, oğlunun ölümündən iki il sonra belə ağır və iztirablı düşüncələrdən ayrıla bilmədi. Qadın nümayəndələri iclası, savad kursu, əl işi dərnəyi, klub məşğələsi – bunlar hamısı onu gələcək həyatında baş verə biləcək bütün fəna hallara dair düşünməkdən saqındıra bilmədi. Çox zaman, maraqlı məruzələr eşitdikdə də, sevimli oğlu gözləri qarşısında canlanır, bütün xəyalını uzaqlara, ucsuz-bucaqsız dərinliklərə çəkib aparırdı. Qeysər, sifətdən çirkin idi. O, adamları yalançı baxışlarla aldada bilən iri qara, cazibəli gözlərdən məhrum olduğunu hələ oğlu ölməmişdən bilirdi. Qeysər, çirkinliyini özü üçün bir nöqsan saymır, hətta qadınlarla bu xüsusda söhbət edərkən, heç bir işdə gözəllərdən geri qalmadığını söyləyirdi.
QayıtmadıI**Surxay kənddə menşevik ordusunun sınıq körpünü tutması xəbərini eşitdi, osmanlı əsgərləri qayıdan zamandan bəri mal damında saxladığı tüfəngini götürdü, cəbhəyə getdi. Bu zaman onun arvadı Şirmayı sağ-salamatdı. O, pendir-çörəyi də heybəyə öz əlilə qoymuş, titrək dodaqları arasından yalnız bu sözləri deyə bilmişdi.
QuzuŞəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.
Kor atKənd toyu qurtarırdı.Oğlan evindən gəlmiş dəliqanlılar geri qayıtmağa hazırlaşırdılar. Gəlinlər, qızlar, nişanlının cehizini həyətin ortasında duran ikitəkərli arabaya yükləyirdilər. Hamı əl-ayağa düşmüşdü. Arabanı rəngbərəng xalılarla bəzəyənlərin sevinci yerə-göyə sığmırdı. Onların hamısı bəzənmişdi. Bəziləri, ayaqyalın da olsalar, qanovuzdan don geyinmişdilər.
Poems by other poets
Sən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitabOldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab,Aləmə andan açıldı rahi-iman fəthi-bab.