Contents
  1. Üçüncü şəkil
  2. Dördüncü şəkil
  3. Beşinci şəkil
  4. Altıncı şəkil

Page 3 of 4 · 50%

Kərim

Yoldaş Qaşqay, düzünü deyim ki, bu cür ikitirəlikdən xoşum gəlmir. Ümumi işin xətrinə adamlarla dil tapıb, bir-birimizə kömək eləsək, daha yaxşı olmazmı?

Cəlal

Üzr istəyirəm, kollektivə qəsdən ikitirəlik salan adamlarla dil tapmaq çətindir. Əgər şüursuzluqdan belə eləsəydi, buna birtəhər dözmək olardı. Ancaq məsələ burasındadır ki, Bəxtiyarov bilə-bilə, qəsdən aləmi qarışdırır. O bunsuz yaşaya bilmir... Mən onun fabrikdə qalmağına razı deyiləm!

Kərim

Demisən ərizə verib getsin?

Cəlal

Bəli, demişəm. Sözümün də üstündə möhkəm dururam.

Kərim

Məsləhət deyil, yoldaş Qaşqay.

Cəlal

Elə isə, mən gedirəm!

Pauza

Kərim (gülümsəyir)

Yəqin sən də əsəbiləşmisən, o da. Bu barədə daha arxayın bir vaxtda danışarıq... Bəs təzə çeşidli mallar hanı?

Cəlal

Bu saat gətirəcəklər.

Kərim (incə bir kinayə ilə)

Demək indi eksport üçün işləyirik, hə?

Cəlal

Bunu sizə kim dedi?

Kərim

Əmin Bəxtiyarov. Həyətdə rastlaşdıq.

Cəlal

Simsiz teleqraf da belə işləmir.

Kərim

Bəs parçalar niyə gecikdi?

Cəlal

Boyaları yaxşı qurumamışdı. Gözləməli olduq.

Fəhlələr və ustalar ipək parçaları gətirib stolun üstünə sərirlər. Əmin Bəxtiyarov hamıdan sonra gəlir.

Kərim

Bax, indi fikir demək olar.

Cəlal

Rəfiqə xanım, mən sizin zövqünüzə inanıram. Buyurun, siz də baxın.

Kərim (parçaları diqqətlə gözdən keçirərək)

Keyfiyyətinə heç bir sözüm yoxdur. Əhsən, əhsən!.. Əvvəlki növlərlə heç müqayisə eləmək olmaz. Bircə şeyə təəssüflənirəm.

Rəfiqə (təəccüblə)

Nəyə ata?

Kərim

Bu çeşidlər əvvəlkilərə nisbətən çox baha başa gəlir, qızım.

Rəfiqə

Yəqin ki, baha da satılacaq, elə deyilmi?

Cəlal

Yoldaş müdir, əgər etirazınız yoxdursa, əvvəlcə Rəfiqə xanımın rəyini dinləyək. Bir neçə anlığa onu gələcək müştərilərimizin nümayəndəsi hesab eləyək.

Kərim

Hə, necədir, qızım?

Rəfiqə (parçaların birini götürüb işığa tutur və bədəninə dolayır)

Atacan, əgər sən də mənim zövqümə inanırsansa, bu mallar bizim fabrikimizə dünya şöhrəti qazandıra bilər. Həm sadə, həm də yaraşıqlı!

Əmin (Rəfiqənin sözlərinin səmimiliyinə inanmadığını bildirən kinayəli bir ifadə ilə)

Siz bunları doğrudanmı bəyənirsiniz?

Rəfiqə

Bəyənmək azdır, yoldaş Bəxtiyarov. Bu xəsis boyaların gözəl ahəngini yaratmış rəssam qarşısında mən ehtiramla baş əyməyə hazıram.

Əmin

Mən sizin incə zövqlü bir xanım olduğunuzu güman eləyirdim. Bu boyaları xəsis deyil, yoxsul adlandırmaq daha düzgün olardı. Bir də, bu parçalar modda deyil.

Rəfiqə

Ola bilər... Ancaq bizim fabrikimiz insanların zövqünü yüksəldən mallar buraxırsa, biz bunu yalnız alqışlaya bilərik... Unutmayın ki, rəngin çoxluğu şərt deyil. Əsil məharət – az rənglə zəngin hisslər oyatmaqdır. Bu parçaların gözəlliyi də elə bundadır.

Kərim (qızının dərrakəsindən vəcdə gəldiyini gizlətməyərək)

Əmin, oğlum, Rəfiqəyə dil yetirə bilməzsən.

Əmin

Görürəm, görürəm, o, təzə çeşidlərə bərk vurulub.

Rəfiqə

Biz həmvətənlərimizə nəfis geyinməyi də öyrətməliyik!

Kərim (daha da ruhlanaraq)

Haqlısan, qızım. Gözəl parçalardır. Adam gərək vicdanla danışsın. (Fəhlələr və ustalara) Hə, siz nə deyirsiniz, uşaqlar? Ay usta, sən niyə dinmirsən?

Usta Əliş

Yoldaş Rəhimli, hamımız həvəslə işləmişik. Bizdən soruşsanız “əla” qiymət verərik. Siz deyin, bəyənirsiniz, ya yox?

Kərim

Mənim də fikrimcə əladır! Sağ olun! (Ustaların əlini bərk-bərk çıxır)

Usta Səməd

İki-üç aya maya dəyəri əvvəlkindən də az olacaq. (Fəhlələrə üz tutaraq) Elədir, elə deyil, yoldaşlar?

Səslər

Doğrudur, düz deyirsən!..

Cəlal

Əgər doğrudursa, bəs nə üçün sizin adınızdan mənə ultimatum verirlər?

Usta Əliş

Bu nə sözdür, yoldaş Qaşqay?

Cəlal

Guya siz narazısınız, hətta protest eləmək fikrindəsiniz!

Usta Səməd

Onu hansı köpək oğlu deyir, yoldaş Qaşqay?

Əmin

Eyy, bura küçə deyil. Heç olmasa, qadınlardan utanın!

Gümrah

Düz buyurursan. Səməd ədəbsizlik elədi. Ancaq, düzü, mən də bilmək istəyirəm ki, onu hansı donuz oğlu deyir?

Cəlal

Eşidirsənmi, yoldaş Bəxtiyarov?

Əmin

Eşidirəm, eşidirəm. İki-üç nəfər kollektiv deyil.

Cəlal

Kollektivdən də soruşarıq.

Əmin (Gümraha)

Bəs sən demirdin sexin hamısı narazıdır?

Gümrah

Deyirdim.

Əmin

Bəs indi niyə tüpürdüyünü yalayırsan?

Gümrah

Biz maaş cədvəlindən narazıyıq, bu gözəl çeşidlərin nə günahı var? (Kərimə) Yoldaş müdir, bu parçalara brak demək olar?

Kərim

Yox, oğul, yox.

Gümrah

Elə isə qoy mühəndis Əmin Bəxtiyarov tüpürdüyünü yalasın!

Fəhlələr gülüşürlər.

Cəlal

Eşidirsinizmi, yoldaş Bəxtiyarov?

Pauza

Mən sözarası demişdim ki, bu malları eksport üçün hazırlayırıq. Əslində, öz vətəndaşlarımızı nəzərdə tutmuşdum.

Usta Əliş

Yoldaş Rəhimli, Qoy bu malları cəsarətlə eksporta da göndərsinlər. Xarici bazarda fəhlələrimizin, ustalarımızın məharətini görsələr pis olar?

Kərim

Düz deyirsən, usta Əliş... Qızım, gedək evə... İclaslar məni lap həkdən salıb...

Rəfiqə

Cəlal yoldaşa bir neçə sözüm var, ata. Sən get, mən də bu dəqiqə gəlirəm.

Kərim (təəccüblə)

Cəlala?

Rəfiqə

Bəli, ata...

Əmin

Cəlala? Gizlin söz?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Bahar suları

I**Qeysər, oğlunun ölümündən iki il sonra belə ağır və iztirablı düşüncələrdən ayrıla bilmədi. Qadın nümayəndələri iclası, savad kursu, əl işi dərnəyi, klub məşğələsi – bunlar hamısı onu gələcək həyatında baş verə biləcək bütün fəna hallara dair düşünməkdən saqındıra bilmədi. Çox zaman, maraqlı məruzələr eşitdikdə də, sevimli oğlu gözləri qarşısında canlanır, bütün xəyalını uzaqlara, ucsuz-bucaqsız dərinliklərə çəkib aparırdı. Qeysər, sifətdən çirkin idi. O, adamları yalançı baxışlarla aldada bilən iri qara, cazibəli gözlərdən məhrum olduğunu hələ oğlu ölməmişdən bilirdi. Qeysər, çirkinliyini özü üçün bir nöqsan saymır, hətta qadınlarla bu xüsusda söhbət edərkən, heç bir işdə gözəllərdən geri qalmadığını söyləyirdi.

10 min
Qayıtmadı

I**Surxay kənddə menşevik ordusunun sınıq körpünü tutması xəbərini eşitdi, osmanlı əsgərləri qayıdan zamandan bəri mal damında saxladığı tüfəngini götürdü, cəbhəyə getdi. Bu zaman onun arvadı Şirmayı sağ-salamatdı. O, pendir-çörəyi də heybəyə öz əlilə qoymuş, titrək dodaqları arasından yalnız bu sözləri deyə bilmişdi.

2 min
Quzu

Şəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.

19385 min
Kor at

Kənd toyu qurtarırdı.Oğlan evindən gəlmiş dəliqanlılar geri qayıtmağa hazırlaşırdılar. Gəlinlər, qızlar, nişanlının cehizini həyətin ortasında duran ikitəkərli arabaya yükləyirdilər. Hamı əl-ayağa düşmüşdü. Arabanı rəngbərəng xalılarla bəzəyənlərin sevinci yerə-göyə sığmırdı. Onların hamısı bəzənmişdi. Bəziləri, ayaqyalın da olsalar, qanovuzdan don geyinmişdilər.

19387 min

Poems by other poets