Contents
  1. Üçüncü şəkil
  2. Dördüncü şəkil
  3. Beşinci şəkil
  4. Altıncı şəkil

Page 4 of 4 · 75%

Beşinci şəkil

Ay işığına qərq olmuş ucqar bir küçə. Tək şabalıd ağacı. Cəlal Qaşqay ağaca söykənib papiros çəkir. Əmin Bəxtiyarov arxa tərəfdə gah görünür, gah da gözdən itir, sanki Qaşqayı öldürməyə fürsət axtarır.

Fərhad (səhnə qabağında)

Yox, Bəxtiyarov Cəlalı öldürmək fikrində deyildi. O, insan qanı tökmək istəmirdi, o, düşmənini ölümdən də dəhşətli bir məğlubiyyətə uğratmaq istəyirdi

Əmin (Cəlala yaxınlaşaraq)

Görüş yerinizi o qədər də bəyənmirəm. Burdan gəlib-gedən çox olur.

Cəlal

Burda heç kəs yoxdur. Məni kölgə kimi izləyən təkcə sənsən. (Hirsli) De görüm fikrin nədir?

Əmin

Fikrim – səni izləmək deyil. Mən buraya təsadüfi gəlib çıxmışam. Gəl, barışaq. Etiraf eləyirəm: mən məğlub oldum. Sən güclüsənmiş.

Cəlal

Fabrik nə müharibə cəbhəsidir, nə də sirk meydanı.

Əmin

Müdirimiz də, fəhlələr də sənə tərəfdar çıxdılar. Belə görünür ki, mən haqsızammış.

Cəlal

Bu azdır. sən fabrikdə nə isə bir cinayət törətmək istəyirsən, yaxud artıq törətmisən.

Əmin (gülərək)

Mən cani deyiləm, fabriki də səndən az sevmirəm.

Cəlal

Yalandır. Sənin nəfsin cinayət törətməyə bilməz... Düzünü de, nə üçün fəhlələri mənim əleyhimə qaldırmaq istəyirdin?

Əmin

Düzünü? Bu saat deyim. Səni yalnız bir adama tanıtmaq istəyirdim.

Cəlal

Kimə?

Əmin

Müdirimiz Kərim Rəhimliyə.

Cəlal

O məni yaxşı tanıyır.

Əmin

Tanısaydı, təzə çeşidləri bəyənib təbrik eləməzdi. Bayaq o, hamıdan çox sevindi. Bilirsənmi nə üçün?

Cəlal

Sevindi, ona görə ki, xeyirxahdır. İnsan əli ilə yaranan hər nemət ona zövq verir!

Əmin

Yox, yanılırsan. Başqa səbəb var... Rəhimli hər şeyə üzdən baxır. İşin məzmunundan çox formasına fikir verir. Təzə çeşidlərin rəngi onun gözlərini qamaşdırdı. Düşündü ki, sən bu uzaq rayon şəhərindəki fabrikə doğrudan da, dünya şöhrəti qazandırmaq fikrindəsən. Amma o səni tanımır. Sözümü kəsmə, gör nə deyirəm. Sən ən cüzi bir iş görəndə də ancaq öz xeyrini fikirləşirsən. Bir arzun üçün minlərcə Rəhimlini qurban verərsən. Mən çox gözəl bilirəm ki, o bahalı parçalar sənin özünə gərək olub. Axı, sən toya hazırlaşırsan...

Cəlal

Nə fabrik mənimdir, nə də parçalar.

Əmin

Doğrudur, sənin deyil. Əsil məharətin ondadır ki, o parçaları öz xüsusi malına çevirmək fikrindəsən.

Cəlal

Sən artıq sayıqlayırsan.

Əmin (boyunbağını cibindən çıxardaraq)

Görürsənmi, ay işığında da parıldayır... Ancaq nə olsun ki? Rəfiqə bunu görəndə, nifrətlə məndən üz döndərib getdi. Sən bunu yəqin ki, artıq bilməmiş deyilsən.

Cəlal

Bilirəm. Rəfiqə dedi. Lakin onu Əsmər kimi kəməndə salmaq sən düşünən qədər də asan deyil. O yaxşı bilir ki, var-dövlət insana zinət vermir!

Əmin

Bu sözlərində də zərrə qədər səmimiyyət görmürəm. Sən Rəfiqəni ələ gətirmək üçün bundan on qat, on beş qat bahalı nişan hədiyyəsi almaq fikrindəsən. Elə bir hədiyyə ki, sənin eybəcər sifətini unutdursun.

Cəlal

Mən sənə alçaq demirəm. Bu sözə heyifim gəlir. Əgər həyatından bezikməmisənsə, rədd ol, get.

Əmin

Gəl barışaq, Cəlal Qaşqay. Yox? Demək sülh baş tutmadı. Təəssüf, çox təəssüf. Peşman olacaqsan. Özü də lap tez!.. Eşidirsənmi, Cəlal Qaşqay?.. (Gedir)

Fərhad (səhnə qabağında)

Onları yalnız rəqib adlandırmaq səhv olardı, deyilmi? Aralarındakı uçurum, doğrudan da, həm dərin, həm də qorxulu idi... Bəs Rəfiqə nə üçün gəlib çıxmır? Cəlal! Şərtiniz nə idi?

Cəlal (öz-özünə)

Rəfiqə özü məni çağırdı. Bu yeri də o nişan verdi... Aylı-ulduzlu gecə... Tək şabalıt ağacı. Nə isə bir sözü vardı... Əmin Bəxtiyarov məndən intiqam almaq istəyir. Mən onun çirkin əməllərinə mane oluram... İndiyəcən yalnız şübhəm vardı. Boyunbağını görəndən sonra hər şey mənə aydın oldu... Bunlar hamısı fabrikdəki şübhəli haqq-hesabların üzərinə işıq salır.

Pauza.

Yox, Rəfiqə məni sevə bilməz. Bəlkə Əminin hiylələrindən məni xəbərdar eləmək istəyir. Çox ola bilər ki, mənim görmədiyim bir cinayətdən onun xəbəri var... Gəlmədi. Ay bulutlar arasında gizlənir... (Saatına baxaraq) Beş dəqiqə gecikir. Mənə nə isə demək istəyirdi. Amma nə? Bu sual mənə rahatlıq vermir. Yox, sevə bilməz. Bu sifət hansı qızın xoşuna gələr? Yox, yox.

Fərhad (səhnə qabağında)

Rəfiqə gəlir. O, ətrafına baxmır. Bəxtiyarovu görmür. Əmin isə, kepkasını gözlərinin üstünə basıb, Rəfiqənin hərəkətlərini oğrun-oğrun müşahidə eləyir. İntiqam hissi onun qəlbini didib-parçalayır.

Rəfiqə (gəlir)

Cəlal, çoxdan burdasan?

Cəlal

Çoxdan.

Rəfiqə

Səni evimizə aparmaq istəyirdim. Atamı iclasa çağırdılar. Ona görə fikrimdən daşındım.

Cəlal

Ucadan danışma, Rəfiqə.

Rəfiqə

O niyə?

Cəlal

Eşidən var.

Rəfiqə

Mən elə söz demədim ki, utanım da.

Pauza

Bu gecə ay yaman işıqlıdır.

Cəlal

Gözəl gecədir.

Rəfiqə

Gözəl gecədir.

Cəlal

Demək təzə çeşidlər xoşuna gəldi?

Rəfiqə

Çox... Amma mən sənə ayrı söz demək istəyirdim.

Cəlal

Nə söz?

Pauza

Rəfiqə

Müharibədə tankın yanan zaman ürəyin zədələnməyib ki?

Cəlal (onun fikrini başa düşməyərək)

Necə məgər?

Rəfiqə (gülümsünür)

Heç, özün bilirsən, mən həkiməm; bu məni tibbi nöqteyi-nəzərdən maraqlandırır.

Cəlal (sözləri müstəqil mənada anlayaraq)

Yox, zədələnməyib... Sinəmdə çoxlu qəlpə qalmışdı. Hamısını cərrah çıxartdı. Yalnız biri ürək zirvəsində ilişib... Təkdənbir əziyyət verir. Amma ürəyim sağlamdır. (Rəfiqənin mənalı-mənalı baxdığını duyaraq) Görürəm, nə isə kinayəli bir söz deməyə hazırlaşırsan.

Rəfiqə

Kinayəli?

Cəlal

Bəlkə demək istəyirsən ki, insan üçün, həm də xoşbəxt olmaq istəyən bir gənc üçün sağlam ürək azdır. Adama sir-sifət də, yaraşıq da lazımdır.

Rəfiqə

Gözəl, yaraşıqlı, cazibədar bir sifət, eləmi?

Cəlal

Əlbəttə. Mən bu məziyyətdən məhrumam. (Köksünü ötürür)

Pauza.

Rəfiqə

Nekrasovun “Rus qadınları” əsərini xatırlayırsanmı?

Cəlal

Bir zaman oxumuşdum.

Rəfiqə

Bəyənmişdin, yox?

Cəlal

Bəyənmişdim... Bunu niyə soruşursan?

Rəfiqə

Danışmağa söz tapmadığıma görə.

Cəlal

İnanmıram.

Rəfiqə

İnan, Cəlal.

Pauza

Cəlal

Bəxtiyarovun boyunbağısını bəyənmədin, hə?

Rəfiqə

Sən də deməyə söz tapmırsan?

Cəlal

Doğrudur, tapmıram.

Rəfiqə

Yox, inanmıram.

Cəlal

İnan, Rəfiqə.

Pauza

Rəfiqə

Bu gecə ay yaman işıqlıdır.

Cəlal

Səncə bu pisdir, yaxşı?

Rəfiqə

Yaxşı.

Cəlal

Məncə pisdir.

Rəfiqə

Nə üçün?

Cəlal

Mənim sifətim aydın göründüyü üçün.

Rəfiqə

Cəlal, əzizim...

Cəlal

Nə dedin, “Əzizim?”

Rəfiqə

Nekrasovun qəhrəmanı Sibirin cəhənnəmdən müdhiş şaxtalarında əri ilə görüşəndə neylədiyi yadındadırmı?

Cəlal

Yadımdadır. Knyaginya Volkonskaya ilk dəfə əri ilə qarşılaşanda, əvvəlcə üzü üstə qapanır, onun qıçlarında kilidlənmiş ağır qandalı öpür... Sən buna inanırsanmı?

Rəfiqə

İnanıram, Cəlal, inanıram. Məhəbbəti ideal kimi ilahiləşdirən insanların bu hərəkətində təəccüblü bir şey yoxdur.

Cəlal

Gözlərin yaşarıb... Ağlama. Göz yaşı zəiflik əlamətidir.

Rəfiqə

Mən də o gözəlin yerində olsaydım, əvvəlcə qandalları öpərdim. Qüvvətli insanlar mənim də idealımdır. Amma sənin ayaqlarında qandal yoxdur.

Cəlal

Yoxsa buna təəssüf eləyirsən?

Rəfiqə

Yox, Cəlal. Fikrimi deyə bilmədim. Sənin üzündəki yanıqlar müharibədən yadigar qalmış əsl qəhrəmanlıq rəmzidir. Məgər bu, xoşbəxtlik deyilmi?

Cəlal

Xoşbəxtlik!.. Yoxsa sən mənə acıyırsan?

Rəfiqə

Yox, yox!.. Mən səni heç vaxt alçaltmaq fikrində olmamışam! Ürəyində sönməz bir məşəl gəzdirən insan belə təhqirə layiq deyil! Başını qürurlu tut, Cəlal. (Əllə onun çənəsini yuxarı qaldırır) Bax, belə!.. (Birdən Cəlalın boynunu hərarətlə qucaqlayıb, üzündən öpür və dərhal da yüyürüb gözdən itir)

Əmin (arxa tərəfdən görünərək)

Əgər Allah varsa, ona min lənət! Rəfiqə kimi dünya gözəli gör bir kimə qismət oldu!

Cəlal (heyrətlə)

Sevir?! Mən yuxu görürəm!

Əmin

İntiqam dəqiqələri gəlib çatdı. İndi qoy Cəlal Qaşqay tab gətirsin!.. (Gedir)

Göy üzünü alov rəngli qüvvətli bir işıq çulğalayır.

Cəlal

Bu nədir? Hardasa yanğın var? Ah, ürəyim... Elə bil yanan mənim ürəyimdir... Mən kimi gözləyirəm? Ora, ora getmək lazımdır. (Gedir)

Fərhad (səhnə qabağında)

Sən haqlısan, Cəlal, sənin ürəyin də od tutub yanır, yanağın da. Sən eşitmədin. Əmin Bəxtiyarov “intiqam dəqiqələri gəlib çatdı” dedi. Fabriki yandırıblar!..

Altıncı şəkil

Səhnə qabağında. Kərim Rəhimli, Əmin Bəxtiyarov və ambardar.

Kərim

Fabriki yandırdıqları bəs deyil, təzə çeşidli malları da aparıblar. Yüz ton ipək!.. Milyon yarım qiyməti var. Adam dəli ola bilər. Sən neyləmisən, hə?

Anbardar

Kərim dayı, bu nə sözdür? Gəldilər, order verdilər, vəkalətlərini göstərdilər. (Kağız qovluğunu açaraq) Budur, baxın, möhür yerində, imza da ki, öz qaydası ilə.

Kərim

Mən orderə qol çəkməmişəm! Nə imza, nə möhür?

Anbardar

Orderi Cəlal Qaşqay imzalamışdı.

Kərim

Şükür Allaha, deməli malları oğurlamayıblar. Bəs bu Qaşqay özü hanı?

Cəlal (məyus halda gəlir)

Mən burdayam, yoldaş Rəhimli. Yolda sinəmdən ağrı qalxdı. Bərk incidir.

Kərim

Orderi nə vaxt imzalamısan?

Cəlal

Hansı orderi?

Kərim

Necə yəni hansı? Təzə malları sən buraxdırmamısan? Hamısını aparıblar!

Cəlal

Yox, mənim bu işdən xəbərim yoxdur... İmza göstərin.

Əmin

Necə göstərsin? Bütün idarə yanıb. Görmürsən?

Cəlal (kinayəli)

Görürəm. Yaxşı görürəm.

Əmin

Şəxsən mənə hər şey aydındır.

Kərim

Aydın olan nədir?

Əmin

Kor-kor, gör-gör... Cəlal Qaşqay asanlıqla dövlətlənmək üçün malları kimə isə verib, indi də imzasını danır. Sadə, asan bir yol. (Cəlala) İdarəni yandırıb, cinayətini ört-basdır eləmək istəyirdin? Kələyin baş tutmadı, hə? Yaxşı ki, anbardar malı buraxanda yanında çox adam varmış... Hamısı da Qaşqayın imzasını görüb... Müqəssir əlimizdən yaxasını qurtara bilməz!

Hamının gözü Qaşqaya zillənir.

Cəlal (Əminə)

Müqəssir mənəm?

Pauza

Səndən soruşuram: mənəm müqəssir?.. Bayaq səni öldürmədiyimə peşmanam, xain! (Əminin boğazından ikiəlli yapışıb boğmaq istəyir)

Kərim

Cəlal, dayan! Sən neyləyirsən?

Cəlal (Kərim Rəhimliyə)

Yoldaş müdir, eşitdinizmi Bəxtiyarov nə dedi?

Pauza

Nə üçün cavab vermirsiniz?

Kərim

İnsanları tanımaq olmur. Mən nə deyə bilərəm?

Ümumi sükut.

Fərhad (səhnə qabağında)

Yanğın yerinə gələn müstəntiq də Cəlal Qaşqaydan şübhələnməyə başladı. Onun səhvi, Qaşqayın yalnız bu axşam gülümsəyən böyük səadətini əlindən aldı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Bahar suları

I**Qeysər, oğlunun ölümündən iki il sonra belə ağır və iztirablı düşüncələrdən ayrıla bilmədi. Qadın nümayəndələri iclası, savad kursu, əl işi dərnəyi, klub məşğələsi – bunlar hamısı onu gələcək həyatında baş verə biləcək bütün fəna hallara dair düşünməkdən saqındıra bilmədi. Çox zaman, maraqlı məruzələr eşitdikdə də, sevimli oğlu gözləri qarşısında canlanır, bütün xəyalını uzaqlara, ucsuz-bucaqsız dərinliklərə çəkib aparırdı. Qeysər, sifətdən çirkin idi. O, adamları yalançı baxışlarla aldada bilən iri qara, cazibəli gözlərdən məhrum olduğunu hələ oğlu ölməmişdən bilirdi. Qeysər, çirkinliyini özü üçün bir nöqsan saymır, hətta qadınlarla bu xüsusda söhbət edərkən, heç bir işdə gözəllərdən geri qalmadığını söyləyirdi.

10 min
Qayıtmadı

I**Surxay kənddə menşevik ordusunun sınıq körpünü tutması xəbərini eşitdi, osmanlı əsgərləri qayıdan zamandan bəri mal damında saxladığı tüfəngini götürdü, cəbhəyə getdi. Bu zaman onun arvadı Şirmayı sağ-salamatdı. O, pendir-çörəyi də heybəyə öz əlilə qoymuş, titrək dodaqları arasından yalnız bu sözləri deyə bilmişdi.

2 min
Quzu

Şəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.

19385 min
Kor at

Kənd toyu qurtarırdı.Oğlan evindən gəlmiş dəliqanlılar geri qayıtmağa hazırlaşırdılar. Gəlinlər, qızlar, nişanlının cehizini həyətin ortasında duran ikitəkərli arabaya yükləyirdilər. Hamı əl-ayağa düşmüşdü. Arabanı rəngbərəng xalılarla bəzəyənlərin sevinci yerə-göyə sığmırdı. Onların hamısı bəzənmişdi. Bəziləri, ayaqyalın da olsalar, qanovuzdan don geyinmişdilər.

19387 min

Poems by other poets