Page 4 of 12 · 25%

– Nə olar ki? Adam böyüyər də, kiçilər də, məni hökumət hara göndərsə, orada işləyəcəyəm, – deyirdisə də, özü də, ailə üzvləri də bu sözlərin ürəkdən gəlmədiyini aydın başa düşürdü.

Mirzəyev səhər saat ona yaxın evdən çıxanda, adəti üzrə maşın dayanan yerə addımladı. Ancaq, böyründən antennası havaya ucalan maşınını görməyəndə düşdüyü vəziyyəti bir də xatırlayıb, qanı qaralmış halda piyada getdi. Çoxdan bəri özünü və ailə üzvlərini təzə maşında gəzməyə öyrətdiyindən, bu saat ona ən çox təsir edən vəzifəsinin kiçilməsi deyil, məhz bu maşından məhrum olması idi: “İndi hamı deyəcək ki, aşna, necəsən? Çox özünə qürrələnirdin. Buna hökumət deyərlər. Qaldırar və endirər də...”

O, bu fikirlə ətrafına baxdısa da, tanıdığı adamların üzündə gözlədiyi istehzadan cüzi bir əlamət belə görmədiyinə təəccüb elədi. Hamı, ehtiramla salam verib keçirdi. Mirzəyev tramvaya minib trestə gələndə, ilk dəfə, mədəndən qayıdan Qüdrətlə rastlaşdığı üçün daha da pərt oldu. Qüdrət onu görüb dayandı, özü salam verdi:

– Xoş gördük, yoldaş Mirzəyev, – dedi. – Nə üçün piyada gəlirsiniz? Zəng eləsəydiniz, maşını yollardım...

Bu sözlər iti xəncər kimi Mirzəyevin qəlbinə işlədi: “İstehza eləyir!” deyə xəyalından keçirib qaş-qabağını turşutdu. Qüdrət isə cəld ona yaxınlaşıb, nəzakətlə əl verdi:

– Buyurun! – deyib, kabinetini göstərdi.

Onlar içəri girəndə Mirzəyevin başı sinəsinə enmiş, gözləri yerə dikilmişdi. Bunun səbəbini hiss edən Qüdrət, Mirzəyevin heysiyyətinə toxuna biləcək hərəkət və sözlərə yol verməməyə çalışır, tamam ayrı məsələdən danışırdı:

– Bu gün kefim çox yuxarıdır, elə bil tufan işin sürətini daha artırıb. Plan yüz beşdən yüz səkkizə qalxıb. Təzə buruqlarda gündəlik qazıma planını yüz iyirmidən aşağı ödəyən yoxdur. Bilirsinizmi bu nə deməkdir?

O, sevinclə parıldayan gözlərini Mirzəyevə dikib cavab gözlədi. Ancaq müsahibinin fikri tamam başqa bir istiqamətdə işləyirdi: “İndi mən bunun ixtiyarındayam. Bu gündən sonra başımda qoz sındırıb, intiqam alacaq” deyə həyəcanla düşünüb, ixtiyarsız olaraq başını yuxarı qaldıranda, Qüdrətin uşaq kimi səmimi, sadə bir tərzdə gülümsədiyini görüb, onun sifətində axtardığı istehzanı tapmadı: “Bəlkə məndən bu yolla intiqam alır?” fikrilə, bir xeyli ondan gözlərini çəkə bilmədi.

– Necədir, hə yoldaş Mirzəyev! Bu niyə belə oldu?

– Siz nəyi deyirsiniz?

– Onu deyirəm ki, bizim bu fəhlələrin gücünə özüm də heyran qalmışam. Uzun illərin təcrübəsindən bilirdim ki, tufan vaxtı hər yerdən qara xəbərlər gəlir. Amma bu gün...

Telefon zəngi uzun bir cingilti ilə səsləndi. Qüdrət tez Mirzəyevdən aralanıb stol arxasına keçdi, dəstəyi götürdü.

– Hə, hə, mənim qızım... Trest adından ustaya de ki, mən ona təşəkkür elan edirəm. Mükafat da öz qaydasilə. Bütün briqadaya! Briqada acdır. Mən bunu bilirəm. Qorxmasınlar. Mən onları unutmamışam. Əgər bunun üçün təyyarə də lazım olsa, düzəldib yemək göndərəcəyəm. Elə belə də deyərsən!

Qüdrət dəstəyi yerindən asanda şadlığından bir yerdə qərar tuta bilmir, gəzinir, yenə də Mirzəyevə müraciət edib deyirdi:

– Varam belə adamlara! Bu günə qədər yemək göndərməyimizə razı deyildilər. Qoca Ramazan deyirdi ki: “Lazım deyil, ölüm-itim olar”.

– Bəs indi necə, istəyirlər?

– Yox, yenə də razı deyillər? Amma, doğrusu, zarafat deyil. Üç gündür dənizdə bütün nəqliyyatın hərəkəti dayanıb. Camaat bir saat belə istirahət eləməyib. Yorğunluq, aclıq yəqin onları əldən salıb. Nə təhər olsa yemək göndərəcəyəm!

– Gedənlər dənizdə qərq olsalar, kim cavab verəcək?

– Özləri!

– Necə yəni özləri?

Mirzəyev heç özü də fərqinə varmadan sualını amiranə bir tövrlə verirdi. Lakin Qüdrət üçün bunun heç bir əhəmiyyəti yox idi. O, yenə otaqda var-gəl edərək, birdən dayandı:

– Özləri cavab verəcəklər. Mən bu işə könüllüləri göndərəcəyəm! – dedi:

– Bunun məhkəməsi var, prokuroru var!

Qüdrət bu dəfə gərgin bir fikrə getdi. Lakin onu həyəcanlandıran Mirzəyevin dediyi sözlər deyildi. O indi yalnız Mirzəyevin xasiyyəti haqqında düşünürdü: “Axı bu neft sahəsinə haradan gəlib düşmüşdür? Məhkəmə, prokuror... Onlardan mən nə üçün qorxmalıyam? Mirzəyev, sən bilirsənmi ki, məhkəmə ilə prokuror yalnız caniləri qorxuda bilər? Yox, aşna sən belə sözlərlə mənim inadımı zəiflədə bilməzsən! Yaxşı olar ki, gedib başqa bir işlə məşğul olasan” – Qüdrət bir xeyli kiriyib yenə fikirləşdi və sonra:

– Yoldaş Mirzəyev! – dedi, – sizdən yalnız bir xahişim olacaq.

– Buyurun! İndi mən sizə tabeyəm (Mirzəyevin səsindən xətrinə dəyilmiş bir adam incikliyi duyulurdu.)

Qüdrət dedi:

– Məsələ onda deyil. Xahişim budur ki, 107-ci buruqda Minayevin ixtirasını imtahandan keçirirlər. Mənim maşınımla ora gedin, göz yetirin!

“Başlandı!” deyə Mirzəyev Qüdrətin qəsdən ixtiradan söz saldığını, çoxdan hazırladığı intiqamın başlanacağını bilib, ona qarşı ürəyində baş qaldıran kin və qəzəbini boğmağa çalışdı:

– Rica edirəm, – deyə Qüdrət ona mehriban bir nəzərlə baxdı, axı siz hər halda texnika sahəsində hazırlıqlı adamsınız. Əgər o ixtiranın kiçik bir qüsurunu də göstərsəniz, böyük köməkdir.

Mirzəyev bu sözlərdə və onların ahəngində nə qədər intiqam nidaları axtardısa da, heç bir şey tapa bilmədi. Qüdrətin yalnız səmimi bir yoldaşlıq xahişi elədiyini başa düşdü. Qüdrət barədə tamam yanıldığını görüb, belə adamlara qarşı münasibətində nahaq yerə qabalıq göstərdiyini birdən-birə etiraf etməyə məcbur oldu.

– Gedərəm, mütləq gedərəm! – dedi.

– Çox sağ olun, yoldaş Mirzəyev. Bir dost kimi əl ələ verib işləyəcəyik, deyilmi?

– Əlbəttə!

Bu artıq səmimi bir vəd idi. O, kabinetdən çıxandan sonra Qüdrət öz-özünə deyirdi: “Axı nə üçün o belədir?” Bu anda içəri girən Bədirli onun fikir sapını qırdı:

– Yemək düzəlib. Aparan lazımdır.

– Bu saat gedərik, – deyə Qüdrət şəhər telefonu ilə evinə zəng elədi: – Ana, Şirmayı hanı? Gələndə deyərsən ki mənə zəng eləsin. Xeyirdir, ay ana, xeyirdir. Vallah ac deyiləm. Bilmirəm onun konserti bu gündür, ya sabah? Yadımdan çıxıb. Nə təhər olsa, zəng eləsin!

O, dəstəyi yerindən asdı. Bədirlinin gözlərinin içinə baxdı:

– Bir şey var, yoxsa adi yeməkdir?

– Çörəkdən tutmuş selyotkayacan hər nə desən var.

– Bəs haradadır?

– Yeşiyə doldurublar. Yük maşını ilə körpüyə yola saldım...

– Gedək, yoldaş Bədirli, mən özüm gəmini və ekipajı yoxlamasam, ürəyim rahat olmaz.

Onlar eşiyə çıxdıqları zaman, Qüdrət Mirzəyevin maşınla getdiyini xatırlayıb, balkonda ayaq saxladı:

– Gözləyək, maşın qayıtsın, – dedi və birdən M-1-in həyətdə durduğunu gördü: Mirzəyevin mədənə piyada yola düşdüyünü anlayıb, ixtiyarsız olaraq güldü. İndi o, istər-istəməz Mirzəyevə istehza edirdi. Bir an belə keçməmiş bu hərəkətini zəiflik əlaməti kimi heç özü də bəyənmədi: “Atalar düz deyib ki, igid basar, boğazlamaz”. Bu zərbməsəl köhnəlmiş olsa da Qüdrətin xasiyyətinə uyğun gəlirdi.

– Yoldaş Bədirli, deyəsən külək yavaşıyır, hə? İndi Bədirli, müdirinə xoş gəlsin deyə, onun sözlərini təsdiq elədi, bir havaya, bir də Qüdrətə baxdı:

– Yox, dedi, – daha da bərkiyir. Əslinə baxsan, yoldaş Qüdrət, siz əmr elədiniz, mən də hər şey düzəltdim, elə elədim ki, daha deməyəsiniz əlimdən bir iş gəlmir. Amma, öz aramızdır...

Bədirlinin də, Mirzəyev kimi, nə isə deyib, onu fikrindən daşındırmaq istədiyini hiss edən Qüdrət, əlini havada tovlayıb, Bədirlinin sözünü kəsdi:

– Yaxşı, yaxşı! Tələsmək lazımdır. Camaatı acından qırmayacağıq ki?

– Şər deməsən, xeyir gəlməz, yoldaş Qüdrət, düzü, bu havadan heç gözüm su içmir.

– İndi neyləyək deyirsən? – Qüdrət etiraz eşitmək istəmədiyini bildirən qəti bir ifadə ilə Bədirliyə baxdı. – Göndərmək, vəssalam!

– Siz deyən olsun. Ancaq... Üç-dörd saat gözləyək, bəlkə Allah elədi, tufan yavaşıdı...

Qüdrət maşına mindi, əli ilə Bədirliyə arxada yer göstərdi:

– Məndən sənə nəsihət, yoldaş Bədirli, bir iş görəndə qəti ol. Tərəddüd adamı qorxaq eləyir.

Maşın daş yola çatanda, havanı qara bir bulud kimi tutmuş toz, bir addım qabağı belə görməyə qoymurdu. Maşının örtülü pəncərələrinə xırdaca daş parçaları dolu sayağı dəyib şüşələri şaqqıldadırdı. Şofer fənərləri yandırdısa da, yol bir qarış belə işıqlanmadı.

– Bu nədir, deyəsən Nuhun tufanı təzədən başlanır! – deyə Qüdrət qaşqabağını sallayıb irəliyə baxa-baxa udqundu. – Ayrı yoldan sürəydin də...

– Hər yer belədir, yoldaş Qüdrət, bir az gözləsək yaxşıdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qan intiqamı

I**Onun arvadı, sağ tərəfdəki böyük taxtın üstündə oturub, namaz qılan ərinin üzünə baxırdı. Süleyman kişi tez-tez əyilib qalxır, dodaqlarını yavaşcadan qımıldadıb nə isə oxuyurdu...

27 min
Bahar suları

I**Qeysər, oğlunun ölümündən iki il sonra belə ağır və iztirablı düşüncələrdən ayrıla bilmədi. Qadın nümayəndələri iclası, savad kursu, əl işi dərnəyi, klub məşğələsi – bunlar hamısı onu gələcək həyatında baş verə biləcək bütün fəna hallara dair düşünməkdən saqındıra bilmədi. Çox zaman, maraqlı məruzələr eşitdikdə də, sevimli oğlu gözləri qarşısında canlanır, bütün xəyalını uzaqlara, ucsuz-bucaqsız dərinliklərə çəkib aparırdı. Qeysər, sifətdən çirkin idi. O, adamları yalançı baxışlarla aldada bilən iri qara, cazibəli gözlərdən məhrum olduğunu hələ oğlu ölməmişdən bilirdi. Qeysər, çirkinliyini özü üçün bir nöqsan saymır, hətta qadınlarla bu xüsusda söhbət edərkən, heç bir işdə gözəllərdən geri qalmadığını söyləyirdi.

10 min
Qayıtmadı

I**Surxay kənddə menşevik ordusunun sınıq körpünü tutması xəbərini eşitdi, osmanlı əsgərləri qayıdan zamandan bəri mal damında saxladığı tüfəngini götürdü, cəbhəyə getdi. Bu zaman onun arvadı Şirmayı sağ-salamatdı. O, pendir-çörəyi də heybəyə öz əlilə qoymuş, titrək dodaqları arasından yalnız bu sözləri deyə bilmişdi.

2 min
Quzu

Şəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.

19385 min

Poems by other poets