Page 2 of 3 · 33%

Soltan

Yox, yox, mən sağ ikən hayıfını onda qoymaram. (Qazı Məhəmmməd olan otağı göstərərək) Günahsızların qarğışı onu tutdu. Odur, oğlu ölüm yatağındadır.

Əminət (qulaqlarına inanmayaraq)

Kim, mənim oğlummu?

Soltan

Vallah, məni də yandırır... Sənin balandır... Müqəssir ərindir, bir parça uşağı tovlayıb ölümə yolladı.

Əminət

Aman Allah, bu əzaba təkcə mənimi layiq gördün. (Dəli kimi özünü o biri otağa atır. Hönkürtü ilə ağlayır)

Soltan

Bacımdır. Amma bu fəryadı ürəyimdəndir. Müqəssir mən deyiləm, qoy Şamilin beli sınsın, yalnız o zaman qədrimi bilər...

Əminət (saçını yola-yola qayıdır)

Onu kim bu günə saldı, kim?.. (Birdən dayanır, dizi üstə qapanır) İlahi, onu əlimdən alıb, məni gözüyaşlı qoyma... Ey böyük Tanrı, Qazı Məhəmmədi mənə çox görmə...

Soltan

Ürəyimə od salma, bacı... Sənin bu acı fəryadın ciyərimi qana döndərdi...

Əminət

Ey yeri-göyü yaradan Allah, biz nə günahın sahibiyik? (Yenə hönkürüb ağlayır)

Soltan (onun qollarından tutub qaldırır)

Qalx, Əminət, qalx... Gedək, bacıcan, Allah kərimdir... (Onu o biri otağa aparır)

Mürid (Tamarini gətirib gəlir)

Otur, Şamil buraya gələcək.

Tamarin

Doktor gəldimi?

Mürid

Yox, hələ gəlməyib... Sən bilən, yaranal ona izn verər?

Tamarin

O razı olmaz... Ancaq özü mənim kağızımı alsa, gələr...

Pauza

Mürid

Aha, İmamdır... Sən onun qabağında baş əy... Böyüyümüzdür... Onun hörmətini saxla... ha...

Tamarin (qımışaraq)

Baş üstə!..

Şamil (Dmitri ilə bərabər qayıdır)

Aha, Tamarin budurmu?.. (Ayağa qalxmaq istəyən Tamarinin çiyinlərindən basıb oturdur) Lazım deyil... Bunsuz da keçinə bilərik.

Dmitri (təzim edərək)

Salam, cənab paruçik.

Tamarin

İndi mən paruçik deyiləm. Dmitri... Əsirə təzim etməzlər...

Şamil

Nə oldu, doktor gəlmədimi?

Mürid

Hələ yox, imam...

Pauza

Şamil

Tamarin! Mən düşmənə qarşı amansızam...

Tamarin

Başqa cür də ola bilməzdi...

Şamil

Amma deyirlər ki, sən bizim düşmənimiz deyilsən...

Tamarin

Mən bütün insanların dostuyam...

Şamil

Sizin padşah da insandır...

Tamarin

Yox, o, insan qatilidir... Yaratdığı ən böyük əsər də dar ağacıdır.

Şamil

Mən düşmənəm... mənimlə bərabər qılınc çalmaq istəsən, din ayrılığı, millət ayrılığı bizim dostluğumuza mane ola bilməz.

Tamarin

Mən qılınclara, qalxanlara da düşmənəm.

Şamil

Bunlarsız azadlıq mümkün deyil...

Tamarin

Onu da bilirəm, bilirəm ki, yalvarıb-yaxarmaqla kar aşmaz... Lakin sənin də yolun insanları səadətə çıxartmayacaq...

Şamil

Nə üçün?

Tamarin

Sən zülmə qarşı islam bayrağı qaldırırsan... İslam da xristiyanlıq kimidir... Bütün dinlər yer üzündəki səadətlərin düşmənidir.

Şamil

Dmitri, sənin dostun iki yol ayrıcında qalmış mürtəddir...

Dmitri

Cənab paruçik, imam sizi dost kimi yanına çağırmışdır... bax, mən də rusam. Mən ona qardaşlıq əli uzatdım... məni də müridliyə qəbul etdi... İmamın qoşununda üç yüz əllidən çox rus soldatı vardır.

Tamarin

Dmitri, sən ki, bilirsən, min illərdən bəri yalnız ölüm axtarıram...

Şamil

Ancaq ölüm də qurtuluş yolu deyil... Gələcək nəsillərin dərdini düşünməyən igidin həyatı mənasızdır.

Tamarin

Mən döyüş meydanında yalqız qalmış bir insanam, imam, mən sürgünlərdə, dar ağaclarında, zindanlar küncündə məhv olmuş böyük bir nəslin son qırıntısıyam...

Şamil

O, hansı nəsildir, Tamarin?..

Tamarin

O nəsil, ana Rusiyanın səadəti yolunda vuruşub namus üçün məhv olan Puşkinin nəslidir.

Şamil

O, kimdir?

Tamarin

Omu?.. Bütün insanların dostu, mənim müəllimim böyük Puşkin... mən onun yolunda öləcəyəm, imam...

Şamil

O doğrudan da böyük şairdirsə, mənə tərəfdar olar. Çünki mən də gözəl sənətkarlara pərəstiş edirəm. Mən də insan zəkasının azadlığını qoruyuram... Bu qılıncı din yolunda, islam yolunda oynatmıram... Mən də sizin düşmənlərinizlə vuruşuram...

Kərimət (yüyürüb gəlir)

İmam... Böyük ata... Yalvarıram. (Şamilin qabağında diz çökür) Mən onu tanıyıram. O bizi ölümdən qurtardı. Onu öldürməyin!..

Şamil

Dustaq olmaq, ölmək deyil, qızım...

Kərimət

O bizim dostumuzdur, imam... Onu bağışlayın.

Şamil

Aparın!.. Fikirləşsin... Mən oğlumun dərdini unuda bilmirəm.

Kərimət

Ayaqlarına düşüb yalvarıram, böyük ata. Mən ona yemək aparmışdım. Zindanın qarovulçusu dedi ki, zabiti öldürməyə apardılar.

Şamil

Qızım, onu heç kim öldürmək fikrində deyil. Mən onu əsirlərə dəyişəcəyəm. (Mürida) Apar!..

Tamarini aparırlar.

Kərimət

Yazıq oğlan. (Hönkürtü ilə ağlayaraq gedir)

Birinci mürid (yoldaşı ilə bərabər gəlir)

Həkim gəlmədi, imam...

Şamil

Onu gördünüzmü?

Birinci mürid

Atımızı yel kimi çapıb onun qərargahına getdik. Əvvəlcə bizi yaxın qoymaq istəmirdilər... Ağ bayraq qaldırdıq, razı oldular... Həkimin özünü görə bilmədik... Bir nəfər soldat kağızı bizdən aldı, dedi ki, nə təhər olsa həkimə çatdıraram...

Şamil

Deməli, həkim ümidi də puç oldu... Dostum, Dmitri, söylə, mən nə etməliyəm, nə?

Dmitri

Darıxmayın, imam... Sizə bədbinlik yaraşmır.

Şamil

Gəl, Dmitri... (Qazı Məhəmmədin iniltisini eşidərək dayanır). Yox, mən onun yaralarına bir də baxa bilmərəm. Gedək, Dmitri, nə qədər uzaqda olsam yaxşıdır.

Gedirlər.

Soltan (gəlir)

Getdilər. Doktor çağırdılar. Əbləhlər! Gör kimdən kömək gözləyirlər... Generalın başına hələ soyuq dəyməmişdir. O, atdığı güllənin yarasını sağaltmağa doktor yollasaydı, ona mən də axmaq deyərdim... (Kimi isə görərək) Bu nədir?.. Mən yuxumu görürəm? Rus həkimi burayamı gəlir?..

Doktor (eşikdən)

Şamil!..

Soltan

Buyurun, cənab...

Doktor (gəlir)

Şamil hanı? Mən dağların azad soltanını görmək istəyirəm... yaralı hanı?

Soltan

Hansı yaralı?.. Əvvəla burda heç bir yaralı-filan yoxdur... İkinci, Şamil gavurlara yaralı tapşırmaz.

Doktor

Aha, sizi mən harda isə görmüşəm... Siz Mefistofel kimi harada aş olsa, orada başsınız, deyilmi?

Soltan

Mefistofel nədir?

Doktor

O, insan olsaydı, sənə oxşardı... Ancaq o şeytandır...

Soltan

Artıq-əskik danışma. Əkil burdan, yoxsa hər tikən qulağın boyda olar. (Xəncəri qınından çıxardaraq) Get, yoxsa...

Doktor (revolverini çəkir)

Əl saxla, cənab... Mən yaralıları sağaltdığım kimi, sağ adamları yaralaya da bilərəm...

Soltan

Rədd ol burdan... Mən razı olmaram ki, dinsizlər bizim yaralılara əl vursunlar...

Doktor

Sənin razılığını soruşmaq fikrində deyiləm. Məni Şeyx Şamil özü çağırtdırmışdır. Aha, gələn yəqin odur.

Soltan

Ax, xain!.. (yüyürüb cəld gözdən itir)

Şamil (gəlir)

Sən kimsən?..

Doktor (qımışaraq)

Gündə yüzlərcə yaralını operasiya edib yorğun düşmüş doktoram.

Şamil

Sənə kim dedi?

Doktor (kağızı göstərərək)

Dostum Tamarin yazmışdı... Atı minib köməyə gəldim... Yaralı hanı?.. Mən elmin gücünü sınamaq istəyirəm.

Şamil

Düşməni sağaldarsanmı?

Doktor

Yaralı insan hər yerdə mənim dostumdur...

Şamil

Böyük insan da hər yerdə Allah qonağıdır... Xoş gəlmisən... Buyur. (Əlilə Qazı Məhəmməd olan otağı göstərir) Sən get, mən onun iniltilərinə dözmürəm... Mən yaralının atasıyam...

Doktor

Qorxmayın... Ürəklə çalışaram... İgid insanları müalicə edərkən, xüsusi ləzzət alıram... (Gedir)

Ana (Qazı Məhəmmədin otağından çıxır. O, gözlərinin yaşını silir. Şamili görüb dayanır)

Oğlum, bu dərdə mən necə dözüm, necə?.. (Ağlayır)

Şamil

Ağlama, ana... Qazı Məhəmməd mənim oğlumdur... Ölməyəcək... Sinəsindən yaralanmaq bizim adətimizdir...

Ana

Onu qan aparır. Rəngi kağız kimi ağarıb... Həkim əlac edə biləcəkmi?

Şamil

Get, ana, Allah kərimdir.

O, gözlərini silə-silə gedir.

Soltan (gəlir, Şamili görüb çəkilmək istərkən, Şamil də onu görür. O dayanır)

Xoş gördük, imam. Aşağılarda səngəri möhkəmlətdim... Bərk dayanmışıq... Bu mühasirə on il də sürsə, mənim iradəmi zəiflədə bilməz.

Şamil (Acığından dəhşətlə parıldayan gözlərini Soltana zilləyərək, addım-addım yaxınlaşır)

Soltan, sən də belə?.. Düşmən qorxulu deyilmiş... Ən qorxulu insan mənim dostlarımın arasında imiş...

Soltan

Nə olmuşdur ki?.. Nə üçün belə acıqlısınız, imam?

Şamil

De görüm, Qazı Məhəmmədin yolladığı qasid sənə nə demişdi?.. O nə xəbər gətirmişdi?

Soltan

Nə xəbər?!

Şamil

Bəli, bəli, nə xəbər gətirmişdi?

Soltan

Bilmirəm siz hansı qasidi deyirsiniz?

Şamil

Sən öldürəni...

Soltan

Mən?.. Qasidi öldürmüşəm?.. Dəli deyildim ki?

Şamil

Sən çox ağıllısan... Ancaq de görüm qasidi niyə öldürdün?..

Soltan

O, qasid deyildi... Tüfəngi qaldırıb sizi nişan aldığı zaman mən onu vurmaya bilməzdim, imam.

Şamil

Sualıma cavab ver... O, Qazı Məhəmmədin yanından qayıdarkən nə xəbərlə gəlmişdi...

Soltan

O mənə heç bir şey demədi, imam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Bahar suları

I**Qeysər, oğlunun ölümündən iki il sonra belə ağır və iztirablı düşüncələrdən ayrıla bilmədi. Qadın nümayəndələri iclası, savad kursu, əl işi dərnəyi, klub məşğələsi – bunlar hamısı onu gələcək həyatında baş verə biləcək bütün fəna hallara dair düşünməkdən saqındıra bilmədi. Çox zaman, maraqlı məruzələr eşitdikdə də, sevimli oğlu gözləri qarşısında canlanır, bütün xəyalını uzaqlara, ucsuz-bucaqsız dərinliklərə çəkib aparırdı. Qeysər, sifətdən çirkin idi. O, adamları yalançı baxışlarla aldada bilən iri qara, cazibəli gözlərdən məhrum olduğunu hələ oğlu ölməmişdən bilirdi. Qeysər, çirkinliyini özü üçün bir nöqsan saymır, hətta qadınlarla bu xüsusda söhbət edərkən, heç bir işdə gözəllərdən geri qalmadığını söyləyirdi.

10 min
Qayıtmadı

I**Surxay kənddə menşevik ordusunun sınıq körpünü tutması xəbərini eşitdi, osmanlı əsgərləri qayıdan zamandan bəri mal damında saxladığı tüfəngini götürdü, cəbhəyə getdi. Bu zaman onun arvadı Şirmayı sağ-salamatdı. O, pendir-çörəyi də heybəyə öz əlilə qoymuş, titrək dodaqları arasından yalnız bu sözləri deyə bilmişdi.

2 min
Quzu

Şəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.

19385 min
Kor at

Kənd toyu qurtarırdı.Oğlan evindən gəlmiş dəliqanlılar geri qayıtmağa hazırlaşırdılar. Gəlinlər, qızlar, nişanlının cehizini həyətin ortasında duran ikitəkərli arabaya yükləyirdilər. Hamı əl-ayağa düşmüşdü. Arabanı rəngbərəng xalılarla bəzəyənlərin sevinci yerə-göyə sığmırdı. Onların hamısı bəzənmişdi. Bəziləri, ayaqyalın da olsalar, qanovuzdan don geyinmişdilər.

19387 min

Poems by other poets