Yeddinci şəkil
Page 3 of 3 · 67%
Şamil
Soltan, xain mənim öz doğma balam da olsa, mən onun başını bədənindən ayıranda uf demərəm... Eşidirsənmi?..
Soltan
Siz mənim sədaqətimə şübhə edirsiniz. İmam... Mənim üçün yalnız ölüm əfsəldir. (Xəncərini çəkib özünü vurmaq istəyir)
Şamil (xəncəri dartıb alır, qınına soxur)
Axmaqlama!..
Soltan
Bir halda ki, mənə etibar eləmirsiniz, bu papaq mənə haramdır, imam...
Şamil
Yaraqlarını tök yerə.
Soltan (xəncərini, qılıncını, tapançasını açıb yerə tökür)
Əmr edin boynumu vursunlar... (Dizi üstə qapanır)
Şamil
Dur, get... bu gündən mənim Soltan adlı qaynım yoxdur... Öldürərdim, amma Əminətə bağışlayıram.
Soltan (qalxıb gedə-gedə)
Sədaqət göstərən adamların axırını həmişə belə gördüm. Mən indi gördüm ki, doğrudan da axmaq adamam. Sizi öldürmək istəyən xainə mane olmasaydım, indi mən də bir kişi idim... Siz haqlısınız, imam... Mən gedirəm... Amma qoy Allah özü şahid olsun ki, mənim vicdanımda bir nöqtə qədər də ləkə yoxdur...
Şamil
Get, bir də gözümə görünmə...
Soltan
Eybi yoxdur. Səhvinizi düşünəndən sonra, kimin haqlı olduğu aydınlaşar... (Gedir)
Doktor (gəlir)
Qaynar su versinlər.
Şamil
Bu dəqiqə...
Şamil gedib bir qab su gətirir, doktora verir.
Doktor, heç ümid varmı?
Doktor
Səbr edin... (Gedir)
Şamil
Səbr edin... Mənim iztirabımı duymayır... (Təəccüblə baxaraq) Bu nədir?
Dmitri, bir neçə Müridlə Soltanı qolları üstündə gətirir.
Dmitri
Özünü vurdu, imam...
Şamil (sarsılaraq)
Doğrudanmı? Birdən o haqlı olsa? Yox, yox, oğlum mənə yalan deyə bilməz...
Soltanı taxtın üstünə uzadırlar.
Dmitri
Bərk yaralanmışdır, imam...
Soltan (gözlərini açır, bir an hərəkətsiz dayanıb məchul bir nöqtəyə baxır və iniltili bir səslə çağırır)
İmam, imam.
Şamil
Mən burdayam.
Soltan
Ölürəm. Son nəfəsimdir. İnanın ki, mən sizin yolunuzda ölürəm. mənim sədaqətimə inanın. Soltan ölər, amma xəyanət eləməz.
Şamil
Elə qüvvətli bir gözüm olaydı ki, onun ürəyindəkiləri görə biləydim... O biri evə aparın... Bu gün bizimki belə gətirdi...
Dmitri (Soltanı götürüb apara-apara)
Bu dirilməz. Sinəsindən qan çeşmə kimi axır...
Atay (yüyürüb gəlir)
İmam, imam!.. Hücum başlandı!.. Gəlirlər.
Şamil
Bağırma, Atay, hücum qabağı adam özünü itirməz... Sənə nə olmuşdur? Hamını toplayın... (Dmitrini yanıma çağır)
Atay
Bu saat... (Gedir)
Şamil
Ax... Hacı Murad... Hacı Murad... Mən sənin qədrini yalnız indi bilirəm... Ana, ana!.. Bura gəl...
Ana (gəlir)
Qurbanın olum, həkim neylədi?..
Şamil
Ana, sən adamları məndən yaxşı tanıyırsan. De görüm, Soltan nə yuvanın quşudur?
Ana
Soltan?.. Niyə xəbər alırsan, qadan ürəyimə?
Şamil
Sən onu uşaqlıqdan tanıyırsan...
Ana
O nəslə mənim etibarım yoxdur, oğul... Onlardan bircə gəlinimdir...
Şamil
Soltan özünü sinədən vurmuşdur, ana. Bu, igidlik nişanəsidir. Hacı Murad yaxşı adamdır, yoxsa Soltan?
Ana
Mən nə deyim, oğul?.. Deyirlər Hacı Murad uruslara qoşulub... Doğrudurmu, bala?..
Şamil
Bu böhtanı sən kimdən eşitdin?
Əminət (gəlir)
Mənim qardaşım nə günahın sahibidir? Ondan nə istəyirsən?.. Oğlumun dərdi mənə bəs deyildimi, yoxsa sən məni bütün ömrüm boyu gözü yaşlımı qoymaq istəyirsən?
Şamil
Əminət, Soltanı vuran mən deyiləm, özüdür...
Əminət
Aman yarəbbi, o ölsə mən neylərəm! Ver mənim qardaşımı, onun ölümünə bais sənsən... Ver mənim oğlumu, onu da sən tovlayıb ölümə yolladın...
Şamil
Əminət, mən Qazı Məhəmmədi də, Soltanı da səndən az istəmirdim... Qardaşın günah işlətdi, mən də onun yaraqlarını aldım. O özünü sinədən yaralasa, da mən onun günahından keçmirəm...
Əminət
Yox, yox, bütün günahlar səndədir... Sən qardaşımı qəsdən bu günə saldın. Sən Hacı Muradla qohum olub, qardaşımı gözdən salmaq istəyirdin.
Şamil
Bu nə deməkdir?
Əminət
Sən bunu dana bilməzsən... Elçi yolladığını məndən niyə gizlədirsən?..
Şamil
Bu böhtanları uyduran əlimə düşsəydi, mən onun dilini kəsib, yerinə duz səpərdim... Əminət, bir Allah özü şahiddir ki, mən sənin qəlbini zərrə qədər də incitmək xəyalında deyiləm.
Əminət
İlahi, oğlumu da, qardaşımı da əlimdən alırsan... Bu dünyada mənim heç kimim qalmayacaqmı? (hönkürüb ağlayır)
Şamil
Ağlama, Əminət, ağlama... (Ona yaxınlaşıb boynunu qucaqlayır) Unutma ki, mən də atayam. Yadındadırmı, hələ o, səkkiz yaşında ikən mən ölümcül yaralanmışdım. Bizi hər tərəfdən düşmənlər bürümüşdü. Mən özüm güclə yeridiyim halda Qazı Məhəmmədi dalıma götürüb bütün gecəni sürünə-sürünə dağlara dırmaşdım. Səhər açılanda sən məni tanımadın. Mən onu düşmənə verməmək üçün bütün qanımı yollarda axıda-axıda gəlmişdim. Sən mənim üzümə baxanda quruyub qalmışdın. “Bu nədir? – deyirdin. – Səndə bir damcı qan da qalmamışdır...” Yox. Mənim öz balamı nə cür istədiyimə sən şahidsən...
Əminət (yenə Qazı Məhəmmədin iniltisini eşidərək)
Odur, Qazı Məhəmməd orada ölümlə pəncələşir. O mənim yeganə oğlumdur, o birisi... Hanı Cəmaləddin? Sən onu Rusiya padşahına əmanət yollamadınmı? Sən, dünyanın bütün nemətlərindən əziz olan doğma balamı qurban vermədinmi?
Şamil
Sakit ol, Əminət, bu vətəndir, biz hamımız onun üçün yaşayırıq. Sən körpə aslanımın anasısan, sən göz yaşı axıtmağa haqlı deyilsən... Get, Soltanın yaralarını bağla...
Ana
Gəl, qızım... belə uğursuz günlər getsin, gəlməsin... (Əminəti aparır)
Şamil
Əminət, Əminət... Sən nə qədər sadə ürəklisən... (Qazı Məhəmməd inildəyir) Oh... bu səs... (Qazı Məhəmmədin yanına keçir)
Kərimət (gəlir)
Bu nə iniltidir?
Pauza
Zabit... Zabit... Onun adı gələndə ürəyim necə döyünür... O, insandırmı, yoxsa mələkdirmi?.. Mən onu zindandan qurtarıb özümlə bərabər uzaqlara apara bilsəydim... Bütün qüssələrim bir anda yox olub gedərdi. Yalnız o bilsəydi ki, bu ürəyimdə ona qarşı nə qədər böyük, nə qədər ülvi bir məhəbbət var. Yox, mən onu ölümdən qurtaracağam... (Soltanın yerə atdığı xəncəri götürür) Budur, açar... Dustaqxananın qapısını bu xəncərlə açacağam. (Gedir)
Doktor (gəlir)
Budur, səhərdən bəri əlləşib tapdım... (Əlində tutduğu mərmər qırıntısını Şamilə göstərərək) Oğlunuzu narahat edən bu idi...
Şamil
Doktor, məni bağışla, onun sağlamlığına ümid varmı?
Doktor
Aslan ürəkli igidlərə ölüm yaraşmaz... Oğlunuz sağalacaqdır. Böyük bir atanı sevindirdikcə nə qədər şad olduğumu bilsəydiniz...
Şamil
Çox razıyam... Yaralı düşməni görəndə igidin qəlbi gərək ipək kimi yumşaq olsun... Bu unudulmaz dostluğumuzun xatirəsinə yadigar üçün ən çox sevdiyim köhlən atımı sənə bağışlayıram...
Doktor
Sağ olun... Mən vətənə qayıdıram... Rusiyaya. Moskvaya qayıdıram. Mənə at lazım deyil...
Şamil
Peşkəşi geri qaytarmazlar.
Doktor
Böyük insanın bir təşəkkürü, hər şeydən qiymətlidir...
Şamil
Sənin kimi rusları mən ürəkdən sevirəm... (Doktoru qucaqlayır, alnından öpür) Dostlarına söylə ki, Şamil özünü də, istəkli oğlunu da doğru yola qurban demişdir... Get, Allah sənə yar olsun...
Bu anda azan verilir, uzaqdan baraban səsləri gəlir.
Doktor
Gəlirlər... Yaralı bir neçə gün heç yana tərpənməsin...
Şamil (Doktoru ötürür)
Bu səsi eşitdikcə ürəyimin qanı gözlərimə vurur. (Pəncərədən uzaqlara boylanaraq) Ax, Hacı Murad, Hacı Murad... Sən and içdin, söz verdin...
Atay (gəlir)
İmam, gələn qoşuna baxdıqca adamın gözü qaralır... Geri çəkilsək yaxşıdır.
Şamil (həyəcanla)
Geri?.. (Qazı Məhəmməd olan otağa sarı baxaraq) Atay, sənin oğlun varmı?
Atay
Var, imam.
Şamil
Var. Amma yaralı deyil, eləmi?
Baraban səsləri yaxınlaşır, azan səsi güclənir.
Atay
Ayrı yolumuz yoxdur... Bir baxın, bir baxın... Qoşun bulud kimi qaralır. On mindir, yüz mindir, bilmək olmur... Geri çəkilmək hamısından məsləhətdir...
Şamil (yenə pəncərədən baxır)
Dayandılar... O atlıları görürsənmi?
Atay
Yəqin onların elçiləridir, İmam...
Şamil
Qoy gəlsinlər... Sən get, elçini qarşıla.
Atay
Baş üstə! (Gedir)
Şamil (qılıncını, xəncərini və tapançasını yoxlayır, üst-başını düzəldir, yenə pəncərədən boylanır)
Ax, Hacı Murad, Hacı Murad, sən indi haralardasan?..
Atay (Paruçik Rayevski bir neçə soldatla bərabər gəlir)
Bunlar yaranalın elçiləridir, tam...
Şamil
Buyursunlar.
Rayevski
Generalın təklifi belədir. İki saat müddətində bu qalanı tərk edin. Yoxsa iyirmi beş topla gülləbaran ediləcəksiniz...
Şamil
Vəssalam?
Rayevski
Bəli...
Şamil
Mənim də cavabım onun təklifi kimi qısa olacaq... O bizdən qılınc yarasından başqa heç nə ala bilməz... Hücumu gözləyirəm.
Rayevski
Aydındır. Gedək! (Gedirlər)
Şamil
Atay, hamı hazırdırmı?
Atay
Bəli, imam... Arvadlar, qızlar da əllərinə tüfəng alıb daxmaların, daşların dalına giriblər. Hamısı deyir ki, Qazı Məhəmmədi düşmənə verib getməmək üçün ölməyə də hazırıq.
Şamil
Sağ olsunlar. İndiyə kimi, düz iyirmi il mən onlar üçün vuruşurdum, indi də onlar mənim üçün vuruşurlar...
Atay
Gəlirlər, imam... Hücum başlandı. Qoşun dərədən sel kimi axıb üstümüzə gəlir. Onların nizələri, meşə kimi qaralır... Atlarının yerdən qaldırdığı toz, göyə dirək olmuşdur...
Bu anda top səsi eşidilir, minacat oxunur.
Şamil
Mən hazıram... (Qılıncını sıyırır)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-seyx-samil-yeddinci-sekil
Use ← → keys to move, R for a random poem
More by this author
I**Qeysər, oğlunun ölümündən iki il sonra belə ağır və iztirablı düşüncələrdən ayrıla bilmədi. Qadın nümayəndələri iclası, savad kursu, əl işi dərnəyi, klub məşğələsi – bunlar hamısı onu gələcək həyatında baş verə biləcək bütün fəna hallara dair düşünməkdən saqındıra bilmədi. Çox zaman, maraqlı məruzələr eşitdikdə də, sevimli oğlu gözləri qarşısında canlanır, bütün xəyalını uzaqlara, ucsuz-bucaqsız dərinliklərə çəkib aparırdı. Qeysər, sifətdən çirkin idi. O, adamları yalançı baxışlarla aldada bilən iri qara, cazibəli gözlərdən məhrum olduğunu hələ oğlu ölməmişdən bilirdi. Qeysər, çirkinliyini özü üçün bir nöqsan saymır, hətta qadınlarla bu xüsusda söhbət edərkən, heç bir işdə gözəllərdən geri qalmadığını söyləyirdi.
QayıtmadıI**Surxay kənddə menşevik ordusunun sınıq körpünü tutması xəbərini eşitdi, osmanlı əsgərləri qayıdan zamandan bəri mal damında saxladığı tüfəngini götürdü, cəbhəyə getdi. Bu zaman onun arvadı Şirmayı sağ-salamatdı. O, pendir-çörəyi də heybəyə öz əlilə qoymuş, titrək dodaqları arasından yalnız bu sözləri deyə bilmişdi.
QuzuŞəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.
Kor atKənd toyu qurtarırdı.Oğlan evindən gəlmiş dəliqanlılar geri qayıtmağa hazırlaşırdılar. Gəlinlər, qızlar, nişanlının cehizini həyətin ortasında duran ikitəkərli arabaya yükləyirdilər. Hamı əl-ayağa düşmüşdü. Arabanı rəngbərəng xalılarla bəzəyənlərin sevinci yerə-göyə sığmırdı. Onların hamısı bəzənmişdi. Bəziləri, ayaqyalın da olsalar, qanovuzdan don geyinmişdilər.
Poems by other poets
Halay vurub, dəstə duran gözəllər,Öz yarımın başqa tayın görmədim.
Yenə, ey gözləri məftun, sənə məftunəm mənYenə, ey gözləri məftun, sənə məftunəm mən,Zarü məhzunü digərgunü ciyərxünəm mən.
Süleymana baxın(Göyçə mahalının Daşkənd kənd sakini**Süleymana həsr olunub)**
AğlamazmıEy məni qınayan, ağlama, deyib,Ağlar yarı gedən bəs ağlamazmı?