Bu gün telefona yazığım gəlib,Bir vaxt həmdəm olan indi yad olub.Zəngim gözlənilmir, zəng gözləmirəm,Yazıq xəcalətdən ikiqat olub.

Körpə də deyiləm beşiyə dönə,Heyva-nar satmıram yeşiyə dönə,Bürokrat əlində pişiyə dönənBir canlı, lal-dinməz aparat olub.

Niyə eyvanımın bülbülü itdi,Yerində boşboğaz bir qarğa bitdi,Elə bil dünyada gülməli, ciddi,Ciddi nə vardısa, zarafat olub.

Dəlidağ, səsini eşidim hardan,Bir zəng yollayasan yağışdan, qardan,Bu fağır telefon neyləsin, qardaş,Daha Məmməd Araz farağat olub.

Pitsunda, sentyabr, 1980

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring