Biri budur ki, kəndlilərdən ötrü türk dilində çıxmaqda olan “Əkinçi” qəzeti dayandı.

Biri budur ki, hökumət türk teatrının hökumət tərəfindən verilməkdə olan məxaricini o qədər azaldıblar ki, o teatrın davam gətirməyinə ümid qalmır.

Bu iki xəbərin ikisi də səhihdir.


– Xub, heç dəxli var? Ay balam, Mozalan, ay yoldaş Dəli, bu nə işdir, bəlkə səhvdir, böhtandır?

– Xeyr, Molla əmi, başın üçün həqiqətin lap özüdür.

– Xub, ay balam, indi bari bunun səbəbini deyiniz görüm səbəb nə olub ki, indiki əsrdə kəndli mətbuatı qabağa getmək əvəzinə, tək bircə dənə olan kənd qəzeti dayansın və teatrımız təzə-təzə rövnəq tapdığı halda, birdən-birə qapansın.

Yoldaşlarım Mozalanı torpaq baş idarəsinə və Dəlini teatr baş idarəsinə göndərdim ki, bu nə işdir türk maarifinin başına gəlir?

Hər ikisi bir müxtəsərcə cavab gətirdi ki, pul çatmır. Heç dəxli var?...


Oxucuların qulluğuna ərz olsun ki, keçmişdə hər nə olub, keçib gedib. Amma indi pul işləri təzə bir səliqəyə düşmək istəyir. Bundan ötrü də təzə bir büdcet, yəni məsarif heyəti təyin olunub ki, idarələrin məxaric məsələlərini səliqəyə salsın. Çün bu da bizə məlumdur ki, bu vaxtadək xəzinə pulları israf yerə xərc olunub və heç bir yerdə xərcləri qənaət eləmək və mümkün olan qədərdə gödəltmək məsələsi ortalığa gəlməyib. Budur ki, təzə büdcet heyəti məcburdur o yerdə ki, lazım gördü, bihudə xərclərin üstünə qələm çəksin.

Demək, haman bihudə xərclərin biri “Əkinçi” ruznaməsi idi ki, onu bilmərrə yox elədilər.

Qaldı Hökumət Türk Teatrı. Bu da heç əslində olmasa, heç kəsin halına təfavüt eləməz.


Təvəqqe olunur bizdən inciməyəsiniz. Çünki doğrudur, çox yerlərə və çox idarələrə milyard-milyard pullar xərclənib və yenə xərclənəcək; amma “Əkinçi” ruznaməsinə pul çatmadı.

Bunlar hamısı gözəgörünməz Allahın məsləhətidir. Biz aciz bəndələr bundan baş aça bilmənik.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 20 yanvar 1923, №10

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Millət

“Millət” ləfzi İranda yoxdur. Nə qədər ki, qamusları vərəqlədim, nə qədər ki, camaat içində dolandım, – “millət” sözünü nə eşitdim, nə də bir kitabda gördüm.O yerdə ki, lüğət kitabında gərək yazılaydı “millət”, orada “millət” əvəzinə yazılıb: “şəxs”. O yerdə ki, söz düşəndə gərək sözü danışıla – orada “əşxas” ləfzi istemal olunur.

2 min
Təzvir ustadları

– Ağa, mərhəmətiniz artıq.– Ağa, lütfünüz artıq.

1 min
Fahişəxana

Mən Təbrizə gəlməmişdən elə bilirdim ki, fahişəxana pis şeydir; məsələn, Tiflisdə görürdüm ki, fahişəxananı ermənilər də öz məhəllələrinə qoymurdular, gürcülər də və ruslar da öz məhəllələrinə qoymurdular. Müsəlmanlar da qabaqca qoyurdular, amma gördülər ki, xaçpərəst tayfaları qoymurlar, bunlar da fikirləşdilər-fikirləşdilər, axırda istixarədən sonra qərar qoydular ki, fahişəxananı öz məhəllələrindən kənar etsinlər.Amma elə ki, mən gəldim Təbrizə, gördüm ki, bu şəhərdə müsəlman məhəllələrində dörd yerdə fahişəxana var və bihayə qızlar balkona çıxıb, mədrəsəyə gedən islam balalarını qonaq dəvət edirlər. İndi mən də, doğrusu, çaşmışam, bilmirəm fahişəxana yaxşı şeydir, ya pis şeydir? Əgər deyim ki, yaxşı şeydir, axır öz aramızdır, insafən danışsaq, görərik ki, yaxşı deyil; o səbəbə ki, əvvələn, fahişəxana millətin əxlaqını xarab edir. Saniyən, orada cavanlar nagəhan bəlalara düçar olurlar və əlacı olmayan dərdlərə düşürlər. Salisən, bizim şəriətimiz də belə-belə qəbih işləri günahi-kəbirə cərkəsinə yazıb.

1 min
Bikarlar məhəlləsi

Təbrizdə bir gün bazarla gedirdim, gördüm küçənin sağ tərəfində və sol tərəfində divar dibində elə hey adamdır oturub baxır. Soruşdum:– Bunlar niyə burada oturublar?

2 min

Poems by other poets · Satire