Page 3 of 3 · 67%

A d a m l a r h a m ı b i r d ə n: Lənət!

M ə ş ə d i O r u c (oxuyur). Qardaşım! Məşədi Oruc! Mən və məndən savayı yüz on dörd nəfər qəbirdən ricət edib, dübarə bu dünyaya gələnlər, gərək bir həftə tamam ziyarətə məşğul olaq və inşallah bir həftədən sonra gələrəm vətənə. Ancaq indi müxtəsər surətdə bunu deyə bilərəm ki, Məşhədi-müqəddəsdə bir abid peyda olub, bunun ismi-şərifi Şeyx Nəsrullahdır. Əyyədullah təala billütf! Şeyx cənabları neçə illər ilə İsfahanda ülumi-xəfiyyatı təhsil edəndən sonra, təşrif gətiriblər Xorasana və burada neçə ay riyazəti-tam və mücahideyi-lakəlamdan sonra, həmin elmin xəfayasının istinbatına və istixracına müttəle olub, axırda bu niyyətə düşüb ki, sübhanə və təalanın mərhəmətilə təsxiri-ərvahə iqdam eləsin.

Ey mənim mehriban qardaşım Məşədn Oruc! Macəranın təfsilini, inşallah, gələndə özüm dil-cavabı nağıl elərəm və sən eşidib mat və heyran qalarsan. Ancaq bunu bil və eşit ki, cəmadiyəl-axirin on səkkizinci günü, qəmər süfla aləminə yavuqlaşan saatda, şeyx cənabları Məşhədi-müqəddəsdə qürəba qəbristanına əhli-qübur ziyarətinə gəlib, təsxirül-əmvat şəraitini əmələ gətirəndən sonra, əvvəl başlayıb bir dua oxumağa və sonra uca səslə deyib: Əzzəmtü əleyküm ya əhləl-qübur! Durun ayağa ey allahın mömin bəndələri! Bu səsi eşitcək cəmi ölülər allahın qüdrətilə bir hərəkətə gəldilər.

Adamlar başlayır ağlamağa.

Dəxi nə deyim, ay qardaş? Gördüm başımın üstündə bir şəxs durub, uca qamətli, qırx yaşında, abidi-saleh və rəhmdil, siyəhçeşm və rəngi-ruyi-mübarəkəş bəsəbzə mail və ismi-mübarəkəş Şeyx Nəsrullah İsfəhani.

H a c ı l a r ı n b i r i d e y i r: Xudaya, şükür sənin cəlalına!

B i r i d e y i r: Bari pərvərdigara, rəhmin gəlsin yazıq bəndələrinə!

Hamı yenə ağlayır.

M ə ş ə d i O r u c (oxuyur). Ey mənim mömin qardaşım Məşədi Oruc! Bu kağızı sənə yazmaqda məqsədim səni xəbərdar eləməkdir ki, fazili-bimisl və abidi-müqəddəs Şeyx Nəsrullah rəcəb ayının qürrəsində Məşhədi-müqəddəsdən çıxacaq, Culfa yolu ilə Təbrizdən keçib, Nəcəfül-əşrəf şəhərinə azim olacaq. Şeyx cənablarının qəsdi bizim şəhərimizdə bir gün qalıb və əhli-qübur ziyarətinə müşərrəf olub, sonra yola düşüb getməkdir.

Adamlar ağlayır.

Bu kağız sənə yetişən kimi bu xəbəri vətən qardaşlarıma və xüsusən möhtərəm Hacı əmimə yetirəsən ki, ayın yeddisində ya səkkizində şeyx cənablarının pişvazına çıxıb, o pak vücuda layiqincə ehtiram göstərsinlər ki, bəlkə ağanın fəzilətinin kəramət və mərhəmətindən mənim həmşəhərlilərim bibəhrə qalmasınlar. Vəssəlam. Kağıza qol qoyub əhli-vilayəti-filan Məşədi Fətullah Hacı Rüstəm oğlu, fi-tarix 19 cəmadiyəl-axir, şəhri Məşhədi-müqəddəs. (Hər iki əlini göyə qalxızıb ağlayır. Adamlar da habelə ağlayırlar). Xudaya, şükür!

H a c ı B ə x ş ə l i (təəccüblü). Elədə şeyx cənabları bizim şəhərə də təşrif gətirəcək?

H a c ı H ə s ə n. Bəli, bəli. Kağızdan belə məlum olur ki, belə yazılıb. Adamlardan bir neçəsi gələcək; bizim şəhərə gələcək.

M ə ş ə d i O r u c. Bəli, bəli, bizim şəhərə gələcək; yəni gəlib buradan Təbrizə gedəcək.

H a c ı K a z ı m. Nə vaxt təşrif gətirəcək? A kişi, nə deyirsən?

M ə ş ə d i O r u c. Bəli, bəli, belə yazılıb; rəcəb ayının yeddisində ya səkkizində təşrif gətirəcək.

H a c ı K ə r i m. A kişi, nə danışırsan? Yəni neçə gündən sonra bizim şəhərə təşrif gətirəcək?

M ə ş ə d i O r u c. Yəni iki-üç gündən sonra.

A d a m l a r ı n b i r n e ç ə s i. Yəni iki-üç gündən sonra şeyx cənabları bizim şəhərə təşrif gətirəcək?

M ə ş ə d i O r u c. Bəli, bəli, belədir.

Adamlar hərəkətə gəlir, bir-birinə deyir: "Dəxi niyə durmuşuq?" Bir az hamı baxır bir-birinin üzünə.

H a c ı H ə s ə n (üzünü hacılara tutub) Vallah, dünyanın işlərinə məəttəl qalmışam (bir az fikirdən sonra). Yəni həqiqətdə bu bir möcüzədir ki, insan öləndən sonra dirilə və bizim kimi ağıllı-başlı adam ola.

H a c ı B ə x ş ə l i. Hacı Həsən ağa, sən elə sözləri gərək buyurmuyasan. Allahın hikmətinə əl aparmaq olmaz və bir də bu işlər gizlin bir iş ki, deyil: odur ki, kişi öz əli ilə kağız yazıb. Xeyr, Hacı ağa, sən o sözləri buyurma.

B i r n e ç ə a d a m. Əlbəttə, əlbəttə, bunların hamısı hikmətdir. Bu sirlər hamısı allah-talalanın yanındadır.

H a c ı H ə s ə n. Elədə dəxi niyə durmuşuq? Elədə indi şeyx cənabları yoldadır. Dəxi durmaq vaxtı deyil. Hacı Kazım, Hacı Kərim, Hacı Bəxşəli, Məşədi Oruc, dəxi kim var, hamınıza deyirəm: durmayın, tədarük görün (ucadan). A gədə, Heydərəli, haradadır bizim gədələr?

Nökər Ə l i qapıda adamların dalında görsənir.

A gədə, ata arpa verin, yəhər-əsbabı sazlayın. Siz də, hacılar, məşədilər, hazırlaşın; durmaq vaxtı deyil. Gərək yol tədarükü görək. Gərək qabağa gedək.

Hacılar, adamlar hərəkətə gəlirlər. Adamların bir neçəsi çıxır və bir-birinə deyir: "Gedək atları hazırlayaq".

H a c ı H ə s ə n. A gədə, Heydər! Durma, tez evə xəbər elə ki, otaqlara fərş salsınlar, qonaq gələcək.

Adamların içindən nökər Heydər çıxıb gedir.

H a c ı K a z ı m (Hacı Həsənə). Hacı, qoy sizə zəhmət olmasın, şeyx cənablarının zəhmətini mən çəkim, qoy bizim qonağımız olsun; qorxuram sizə zəhmət ola.

H a c ı H ə s ə n. Yox-yox, Hacı Kazım, sən allah elə demə. Elə vücudun yolunda belə zəhmətlər xoşdur.

H a c ı B ə x ş ə l i. Xeyr, Hacı Həsən ağa, qoy şeyx bizə qonaq olsun.

H a c ı K ə r i m. Vallahı, razı olmanam, gərək şeyx cənablarının bəndəçiliyini özüm qəbul edəm. Vallah, olmaz.

H a c ı H ə s ə n (Hacı Kərimə). Sənin başın üçün razı olmanam; çünki şeyx cənablarının boynumuzda haqqı çoxdur.

H a c ı K a z ı m. Elədə, Hacı Həsən ağa, dəxi dayanmaq vaxtı deyil. Gedək hazır olaq. Hacılar, buyurun gedək, yol tədarükü görək.

Hamı "buyur-buyur"--deyib çıxırlar. Otaqda bir Hacı Həsən qalır. Bu, tərəfdən qapıdan Kərbalayı Fatma xanım, başında çadra, qorxa-qorxa başını içəri uzadıb, sonra girir, içəri.

K ə r b ə l a y ı F a t m a x a n ı m (Hacı Həsənə). Ay Hacı, bu nə xəbərdir? Deyirlər Kərbəlayı Fətullah dirilib gəlir?

H a c ı H ə s ə n. Kabla Fatma, dəxi durmaq vaxtı deyil, ev-eşiyi sazla. Dünya

və aləm bir-birinə dəyib; Xorasanda hər nə qədər adam ölmüşdü, hamısı dirilib. Kərbəlayı Fətullah da dirilib; odur, bu gün-sabah gəlir. Onu dirildən şeyx də gəlir; özü də düşəcək bizdə. Di sənə deyirəm durma get, ev-eşiyi səliqəyə sal (ucadan və hirsli). Di sənə deyirəm durma! (İstəyir çıxıb getsin).

K ə r b ə l a y ı F a t m a x a n ı m. Ay Hacı, allah atana rəhmət eləsin, bir de görüm, bizim şəhərin ölülərini də dirildəcək?

H a c ı H ə s ə n (qapıda). Ay arvad, sən allah, tez ol, durma! Bilmirəm dirildəcək ya diriltməyəcək. O bağlıdır allahın iltifatına. Mənim özümün də ağlım çaşıb; heç bilmirəm nə cür diriləcək? Allahın iltifatı olsa, bu nə bir çətin işdir? (Çığırır). Arvad, sənə deyirəm durma get, tədarük gör! Mən gedirəm (çıxır).

K ə r b a l a y ı F a t m a x a n ı m (hər iki əlini yuxarı qalxızıb ağlayır). Ey yeri-göyü yox yerdən yaradan allah! Məni il yarımdır ağlar qoyubsan, gülüzlü qızımı əlimdən alıbsan, mənim ciyərimə dağ basıbsan! Ay rəhim allah, mən səndən istəyirəm Saramı! Ay Kərbəlayı Fətullahı dirildən allah, mənə də rəhmin gəlsin; mənim gülüzlü qızımı dirilt! Allah! Allah! … (ağlayır, üzüqoylu döşənir yerə).

İ s k ə n d ə r (içəri girir, yavaş-yazaş gəlib durur anasının yanında və başını aşağı salıb qəmgin deyir). Yazıq ana!

-P ə r d ə*

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets