Xatiratım
Contents
Page 1 of 26
Gözümü ömrümdə birinci dəfə açan kimi dünyanı qaranlıq görmüşəm. Bu qaranlıqda ilk dəfə eşitdiklərim bunlardır: “Allahü əkbər! Allahü əkbər!”. Həmin səda qonşuluqda müəzzinin azanıdır. Və sonralar adət eləmişdim ki, bu iki kəlmədən sonra azançımız Molla Kərim bu sözləri də deyir: “Əşhədüən lailahə illəllah”.
Və bundan sonra dəxi böyüdükcə hər gün və hər saat sağ və soldan eşitdiklərim sözlərin içində labüd gərək “Allahü əkbər” olaydı.
Hər sübh vaxtı məni şirin yuxudan oyadan atamın “Allahü əkbər” səsi olardı. Burada başa düşərdim ki, atam namaz qılır. Haman sözləri anamdan da eşidərdim. O da habelə namaz qılardı. Və bunlar hər ikisi namaz vaxtı da namazın qeyri ibarələrinin içində namazı qılıb qurtarınca, bir neçə dəfə ucadan və naqafil “Allahü əkbər” çağırardılar. Bu da həmin vaxt ittifaq düşərdi ki, evdə bir kəs olmaya və pişik gəlib başlaya südü yalamağa, ya əmcək uşağı iməkləyə-iməkləyə oda yavıq gedə. Demək, çünki namaz üstə danışmaq namazı batil eləyənlərdəndir, onunçün Allahı çağırmaqdan başqa nə pişiyə nə də uşağa bir söz demək olardı.
Atamın anama acığı tutanda “Allahü əkbər” deyərdi. Anamın da bizə acığı tutanda həmçinin “Allahü əkbər” çağırardı.
Elə yadıma gəlir ki, o zaman ağızlarda danışılan kəlmələrin üçü adi danışıq olsaydı, bir kəlmə “Allah” ləfzi idi.
– Sən allah ata, mənə bu gün üzüm al gətir.
– Oğlum, vallah, bazara dəxi üzüm gəlmir.
– Sən allah al.
– Mən allah gəlmir.
– Ay bacı, Allah atana rəhmət eləsin, o uşağı küçədən çağır gəlsin.
Bundan anlaşılan budur ki, xah mənim valideynim, xah qeyri vətəndaşlarım hər bir saat, hər dəqiqə və hər saniyə Allahın adını zikr eləməkdə idi. Allahı hər dəqiqə çağırmaqda idilər, ona yavıq olmaqda idilər. Və bu Allah məhəbbəti, yaxud allah qorxusu ondan ötrü idi ki, xah mənim valideynim, xah sair vətəndaşlarım o zaman bu əqidədə idilər ki, Allahın bir cənnəti var, bir cəhənnəmi və hər bəndəsini allah-taala istəsə cəhənnəmə də vasil elər, istəsə behiştə də daxil elər. O baxır sənin əməlinə. Əməli-salehlər cənnətə və bədəməllər cəhənnəmə daxil olacaqdır. Və sonra yaxşı yadımdadır ki, qonşu mollamız molla Əli ki, mənə və qardaşlarıma sonralar dərs də deyərdi, hər gün bu barədə ərəb ibarəsilə belə zikr elərdi. “Fəmən yəmələ misqalə zərrətün”. Uşaqlıqda bu ibarə molla gedəndən sonra o saat yadımdan çıxardı. Ancaq böyüyüb savadımı artırandan sonra bildim ki, həmin ibarə quran ayəsidir. “Fəmən yəmələ misqalə zərrətün xeyrən yərəhu vəmin yəməl...” və ilaxır. Və məlum şeydir ki, o vaxt Molla əlilər atamı və anamı öz moizəsində inandırmışdı ki, əməli-xeyir ibarətdir sövmü səlatdan və əməli-şər ibarətdir orucu yeməkdən və bığlarının ucunu uzatmaqdan və müsəlman olmayan insanın yağını yeməkdən və ilaxır. Əlbəttə, oğurluq və adam öldürməyi də Molla əlilər qəbih əməl qəbiləsinə yazırdılar. Ancaq dünya məişətinə dair olan oğurluq və adam öldürmək söhbətləri molla moizəsində ya heç zikr olunmazdı, ya da müxtəsər keçərdi.
Pəs hər kəs ki, bu dünyada xeyir əməl sahibi oldu, axirətdə də onun əvəzini görəcək, həmin xeyir əməlin mükafatını öləndən sonra alacaqdır. Nədir o mükafat? Nədən ibarət olacaqdır? Və Molla əlilər atamı, anamı və qonşularımızı inandırmışdılar ki, xeyir əməl sahibləri öləndən sonra puli-siratdan keçib daxil olacaqlar cənnətə. O cənnətə ki, orada Molla Əlinin rəvayətində “tücri min təhtihəl ənhar”: oranın bağlarının altından nəhrlər cari olacaq. Və orada ləziz meyvələr bitir və orada cənnət əhalisi üçün pakizə övrətlər mühəyyadır. Və Molla Əli bunu quran ibarəsi ilə belə rəvayət edərdi: “vələhüm fiha əzvaci mütəhhirətin”; və hamısından əfzəl bu idi ki, belə-belə pak qadınların məclisində yaşamaq iman əhli üçün həmişəlik baqi-əbədi olacaqdır (“vəhüm fiha xalidun”), həmişəlik olacaq; nə azar tapacaqlar, nə mövt onları dərk edəcək.
Pəs bu dəsgahın sahibi kimdir? Kimdir cənnəti yaradan? Kimdir cəhənnəmi yaradan?
Haman bari-pərvərdigardır. Haman böyük Allahdır ki, ərəblər ona deyirlər: “Allahü əkbər”. Və bu haman ibarədir ki, hər cür ibadətimiz və riyazətimiz haman ibarə ilə başlanır.
“Allahü əkbər”.
Pəs xudavəndi-aləmə yavıq olmaq üçün ibadət lazım, elə bir ibadət lazım ki, Allah bəndəsinin bütün övqatını məşğul etsin, onu bir an da Allahı yad etməkdən qafil qoymasın. Və bu məqsədə yetirən ibadətlərin ən birincisi, ən müsaidi namazdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-xatiratim
Use ← → keys to move, R for a random poem
More by this author
Necə ki, texnika elmində gündə bir Edison çıxır və gündə bir təzə ixtira eləyir və gündə bir təzə üsul tapır, habelə təbabətdə də – necə ki, məlumdur, – hərdən-bir təzə müalicə üsulu qulağımıza çatmaqdadır.Bu təzə müalicə üsullarının birini də bir neçə gün bundan qabaq Saray həkimi ixtira edibdir.
İran işləriGorun çatlasın, ay başıdaşlı, bir gözünü aç, gör, İran Azərbaycanından nə xəbərlər gəlir?.. Gör, zəmanə necə xarab olub? Gör insanlar necə qudurublar?Bu gün teleqraf xəbər verir ki, İran azərbaycanlıları Əhməd şaha məlum ediblər ki, əgər İrana qayıtmalı olsa, İran Azərbaycanı İrandan ayrılıb müstəqil cümhuriyyət əmələ gətirəcəkdir? Eşidin və agah olun, ey şahın gədaları!
AcıqnanProfessor Köprülüzadə danışdıqca mən də danışacağam.Oktyabrın 24-də professor Köprülüzadə ədiblər cəmiyyətində danışırdı. Söhbət Türkiyənin şairlərindən düşmüşdü. Axırda söz gəldi çıxdı Əbdülhəq Hamidə və Tövfiq Fikrətə. Burada əziz qonağın ağzından mən bir qəribə söz eşitdim: guya bu ədiblərin yazıları çətin yazılardır.
Dəxi nə istəyəcəklər?Doğrudan da, birisinin qabağından qaçdıqca daldan səni qovalayacaq.Sözüm İran azərbaycanlılarının barəsindədir.
Poems by other poets
Ey nəzakət çəməni içrə xüraman, gözəlim!Xubilik kişvərinin təxtinə sultan, gözəlim!
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
KəklikAy Salatın, bir bəri bax,Baxım gözəl gözə, kəklik.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,