Contents
  1. Namaz
  2. Meyit büsatı
  3. Şadlıq namazı
  4. Gecə namazları
  5. Sövm – orucluq
  6. “Molla Nəsrəddin”in birinci nömrəsi
  7. Məcmuəmizdə dil məsələsi
  8. Utanmadıq
  9. İstixarə
  10. Atalar sözü

Page 6 of 26 · 19%

Meyit büsatı

Məlum şeydir ki, indiyədək saydığımız ibadətlər ki, növ-növ namazdan ibarət olsun, məhz ondan ötrüdür ki, insan öləndən sonra axirətdə mizan-tərəzi qurulanda yaxşı imtahan versin və bu imtahana görə lazımi mükafat alsın ki, o da ibarət ola cənnətə daxil olmaqdan və cəhənnəmin əzabından uzaq olmaqdan.

Nə qədər ki mömin bəndə hali-həyatdadır, qiyamət gününün qeydinə o özü qalır; çünki hali-həyatdadır, muxtardır, qadirdir və mükəlləfdir. Amma elə ki mömin bəndə mövtə tərəf üz qoydu, o vədə çün ona icz üz verir, bir tərəfdən də həşr haqq-hesabını verməyə yavıqlaşmaqda olur. Onunçün də onun əqrəbası və mömin vətəndaşları onun qeydinə qalırlar, hər vəsilə ilə təlaş edirlər ki, onu axirət evinə hər bir günahdan ari və üzüağ göndərsinlər. Və çün hər bir mömin bəndənin nicatı yolunda bari-pərvərdigara dua və sənada bulunmağın, hər bir mömin bəndənin özünə də feyzi var, onunçün də mömin bəndə məriz olub haləti-nəzə yetişən andan ta qəbr evinə tapşırılanadək və dəfndən sonra və vəfatın ərbəininədək və sonralar hər pəncşənbə axşamı qəbr üstə Quran surəsi tilavət edirlər, mərhumu yad-bud eləyirlər. Mütəvəffanın əqrəbası və mömin vətəndaşları o qədər həmdü-səna, xeyir-dua [edir] və o qədər Allahı çağırmaqda olurlar ki, ağlım bavər etmir ki, bu qədər ibadətin, razi-niyazın müqabilində nə inkir-minkir mərhuma artıq bir əziyyət verə, nə də ruzi-məşhər gününün şahidləri hesab olunan övliya və övsiya mərhumu öz lütf və mərhəmətlərindən kənar tutalar. Onun üçün mənim mömin vətəndaşlarımın birinin axır nəfəsi çıxan kimi, əvvələn, onun evi bir məscidə təşbih olardı. Mərhum özü bir imam övladı dərəcəsində əlahiddə bir qüdsiyyət kəsb edərdi və onun ölüm xəbəri evdən eşiyə çıxan kimi damın üstündə müəzzin tərəfindən axirət mücdəsi “inna lillahi və inna ileyhi raciun” şüarı şəhərə yayılıb mömin bəndələri haman dəqiqə mərhumun mənzilinə cəlb edərdi ki, cəm olsunlar və onu elə bir təntənəli dua və sənalı axirət evinə müşayiət eləsinlər ki, mərhum Hacı Hüseynəli mərd-mərdanə puli-siratı keçib, guldurum gurup düşsün behiştin hurilərinin qucağına.

Hələ mərhum Hacı Hüseynəlinin axır nəfəsi çıxmamışdan, hələ haləti-nəzdə idi ki, yanındakı qohum-əqrəbası bunun üzünü qibləyə çöndərdilər və təşvişə düşdülər ki, Quran oxuyan gəlsin, Quran oxusun. Bir qeyri adam ələ düşmədi. Qonşuluqda divar dibində başmaq yamayan pinəçi Molla Məmişi tapıb gətirirdilər. Bu da yekə cırıq Quranı kürkünün altından çıxartdı və başladı avazla oxumağa. “Əuzü billahi minəş-şeytanir-rəcim, bismillahir-rəhmanir-rəhim, yüsəbbihü lillahi ma fis-səmavati vəma fil-ərz”. Bu surəni o qədər oxudu ki, Hacı Molla Tağı da özünü yetirdi. Molla Əli gəldi, çıxdı damın üstünə. Molla Baxşəli də münacatı başladı və bu qədər əsl mollaların vücudilə pinəçi Molla Məmişin Quran oxumağı yaddan çıxdı.

Bununla bərabər demək olmaz ki, pinəçi Molla Məmiş az iş gördü. Xeyr, onun xidməti çox oldu, çünki öz vaxtında Molla Məmiş mərhum Hacı Hüseynəlinin qulağına yetirdi ki, ey rəhmətlik, müqəddəs Quranımızın “Fəğabün” surəsində xəbər verilibdir ki, hər bir şey dünyada gecə və gündüz, yerdə və göylərdə xudavəndi-aləmə ibadət edir. “Fəminküm kafirün fəminküm möminin”: kafir də ibadət edir, mömin də ibadət edir. Pəs indi sən də xəbərdar ol, ey mərhum Hacı Hüseynəli...

Əlbəttə, o yaranmışlar ki, onlar aləmi-zərrdən müttəli və müxbirdirlər və ölülərin dilini bilirlər, o yaranmışlar yəqin eşidirlər ki, burada Hacı Hüseynəli pinəçi Molla Məmişin Quran ibarəsinin cavabında belə deyir:

– Ay bəndeyi-xuda, mən biçarə ki, bütün ömrümdə altı-yeddi yaşından başlamış bir gün olmayıb ki, yomiyyə namazını qəzaya qoyam, qeyri vacibi namazları əda etməyəm, nəvafili-yomiyyəni qılmıyam, Həzrət Əmirəlmöminin namazını qılmıyam, Həzrəti-Fatimənin namazını qılmıyam, Cəfəri-Təyyarı əda etməyəm, əraci namazını qılmıyam, nəmazi-istisqanı unudam, nəmazi eydi – qədirə etina etmiyəm və hər ayın əvvəlinin onuncu gününün namazını qılmıyam və bunlar hamısı keçəndən sonra bütün ömrümdə bir gün də olmayıb ki, mah-mübarək Rəməzanın bir gününün orucunu batil eləyim və bir gecəsini əhya saxlamıyam və nuz dəhhümdən axırınadək mahi-rəməzanın altı yüz altmış altı rükət nafilə namazını hər gecə axşamdan səhərədək şirin yuxunu özümə haram edib cabəca etməmiş olum. Pəs ay rəhmətliyin oğlu, pinəçi Molla Məmiş, indi dəxi sənin o cırıq və çirkli müqəddəs Quranının Fəğabün surəsi məndən nə istəyir? Bari qoyun bu dünyadan o dünyaya gedən yerdə və puli-siratdan keçən yerdə bir-iki saniyənin müddətində insancasına azad olum.

İnsanca azad olum!..

Molla Kərimin azanı şəhərin bütün camaatını yarım saatın ərzində Hacı Hüseynəlinin evinə və həyətinə topladı. Plov qazanları üçün Hacının həyətində ocaq yeri qazılır və haman dəmdə də qəbiristanda Hacı Hüseynəlinin qəbri qazılır. Şəhərin cəmi əmmaməliləri haman saat qarğa-quzğun tək buraya cəm olubdur. Onlar bu gün plov yeyəcəklər. Şəhərin cəmi balaca uşaqları bura qarğa-quzğun tək cəm olublar. Bunlar qəbiristanda halva qapacaqlar. Şəhərin cəmi möminləri buraya cəm olub, Quranın siparələrini oxuyurlar. Bunlar da plov yeyəcəklər. Meyitə qüsl verilir, kəfən biçilir, tabuta qoyulur, meyiti aparırlar. Şəhərin xeyli camaatı cənazəni müşayiət edir; çünki üç dənə plov qazanı asılıb, hərəsi iki putluq. Məscid həyətində cənazəni qoyurlar ortalığa və camaat namaza durur.

Bu da meyit namazıdır. Bu haman namazdır ki, bu sətirləri indi burada cızma-qara eləyən, həmin namazı ta uşaqlıqdan başlayıb, milyon dəfə onu qılmağa məcbur olubdur.

“Məcbur olub” deməkdə, mənim bu barədə bir neçə sözüm var.

Meyit namazı vacibi namazlar cərgəsində sayılır. Bu namaz ilə qeyri vacibi və sünnəti namazların fərqi budur ki, meyit namazı həmişə camaatla və camaatın nəzərində qılınır. Bu namaz ondan ötrü hörmətli və əhəmiyyətlidir ki, mütəvvəffanın mömin vətəndaşları bu namazı qılmaqda Allah-taaladan iltimas edirlər ki, mərhumun günahlarını bağışlasın və mümkün olduqca onu cənnətin nemətlərindən uzaq tutmasın. Onunçün meyit namazını qılmaq hər bir vətəndaşın birinci vəzifəsi hesab olunur. Onuçün bəndə də minlərcə vəfat etmiş mömin bəndələrin din qardaşı, minlərcə meyit namazını qılmışam. Şövq ilə də qılmışam, məcburən də qılmışam.

Şövqlə ondan ötrü qılmışam ki, necə ki cəmi namazları, habelə meyit namazını əda etməyin növ-növ feyzi vardır ki, min dəfələrlə vaizlərin moizəsində eşitmişik.

Məcburi də ondan ötrü qılmışam ki, bu namaz, – necə ki, ərz olundu, – camaat namazıdır; camaatın nəzərində qılınan namazlardandır, hər bir hazirunə vacib olan namazlardandır. Və bir surətdə camaat içində bir ölünü yad-bud edib onun mərasimi-dəfninə gəlmisən, dəxi o vaxt ki, camaat yenicə namaza durubdur, sən tək bircə onlardan ayrılıb özünü kənarda saxlayanda möminlərin nəzərində kəm-etiqad görükəcəksən. Onunçün də mən çox vaxt meyit namazında məcburən iştirak etmişəm; necə məndən savayı həmin sətirləri oxuyan yoldaşların əksəri mən tək xalqın nəzərində kəm-etiqadlar cərgəsinə düşməməkdən ötrü meyit namazı qılanların cərgəsində durub özlərini namaz qılanlara oxşadıblar ki, mömin bəndələr içində onun ehtiramı azalmasın. Ta o dərəcəyə kimi ki, indiki əsrdə də camaatımızın işıqlanmışları və belə-belə çərən-pərənin mənasını dərk edənlər – oxumuşlarımız, ədiblərimiz və sair qanacaqlılarımız yenə məscid həyətlərində meyit namazı qılanların cərgəsində durmaqdan özlərini xilas edə bilmirlər.

Mən ki, – qeyriləri [ilə] işim yoxdur, – ancaq meyit namazını altı-yeddi yaşımdan başlamış, ta indiyədək o qədər mömin müsəlman bəndələrinin cənazəsini pak və münəzzəh etmək qəsdilə qeyri əhli-iman din qardaşlarımın cərgəsində qılmışam ki, dəxi bu namazın ibarəsini əzbər bilirəm:

“Allahü əkbər... Əşhədü-ən lailahə-illəllah, vəhdəhüla şərikə ləhü, allahümmə səlli əla Mühəmmədin və ali Mühəmməd və barik əla Mühəmməd... Allahü əkbər...”.

Sən hesab edirsən ki, namazı qılıb qurtarandan sonra cənazəni götürüb aparırlar qəbiristana, orada mərhum Hüseynəlini dəfn edirlər və qayıdıb gedirlər hərə öz kəsbkarına. Əlbəttə, sən səhv edirsən; çünki əgər sən dediyin kimi olsa idi, onda nə mərhum Hacı Hüseynəlini o cür ehtiramla məhşər gününün şahidləri imtahandan çıxarıb cənnətin qəbzini ona əla mükafatla verəcək idilər, nə mərhumun diri vətəndaşları bu dünyada o qədər feyziyab olacaq idilər, nə qədər ki, mərhum Hacı Hüseynəlinin dəfn olunmağı sayəsində feyziyab oldular; savayı ondan ki, yaxşıca çay, qəhvə, plov və genə çay və genə plov...

Mərhum Hacını dəfn etmək üçün şəhərin, yalan olmasa, yarısı onun evinə cəm olmuşdu. Həqiqət halda, qəbiristana aparmayınca mərhumun nəşini yumağa və qəbrini qazmağa dörd nəfər hambal lazımdır. Və intəhası iki-üç saat vaxt kifayətdir. Bunun əvəzində şəhərin əqəllən dörd yüz nəfəri, dörd gün Hacı Hüseynəlinin ruhsuz bədənini qəbrə qoymağa və axirət evinə göndərməyə və axirətdə də cənnətin qapısından iltica və iltimas etməyə məşğul oldular. Bu dörd günün ərzində mərhumun həyətinin ağacları, torpaqları və daşları da Allahı çağırmaqda iştirak edirdilər və dörd günün ərzində mənim əhli-iman vətəndaşlarımın gözlərindən axıdılan göz yaşlarını tərəziyə qoyub çəkmək mümkün olsaydı, görəsən, neçə xalvar edərdi?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets