Contents
  1. Namaz
  2. Meyit büsatı
  3. Şadlıq namazı
  4. Gecə namazları
  5. Sövm – orucluq
  6. “Molla Nəsrəddin”in birinci nömrəsi
  7. Məcmuəmizdə dil məsələsi
  8. Utanmadıq
  9. İstixarə
  10. Atalar sözü

Page 11 of 26 · 38%

Sövm – orucluq

Küfr, nasəza danışmaq hərgiz heç bir kəs üçün rəva deyil, amma mən bir yanda orucluq söhbəti düşəndə, çox mail oluram ki, küfr və nasəza danışam... Səbəb budur ki, orucluq söhbəti düşəndə mənim yadıma uşaqlığımın qara günləri düşür. Haman günlər ki, mən yay fəslində üzü üstə zirzəminin rütubətli, amma sərin yataqlarına üzü quylu sərilib və dilimi ağzımdan bir qarış da çıxarıb axşam azanını gözləyirəm. Gözləyirəm ki, müəzzin “Allahü əkbər” sədası ilə camaata su içməyə və çörək yeməyə izin versin.

Bir yanda rəməzan söhbəti düşəndə mənim uşaqlıq günlərim yadıma gəlir. Haman günlərim ki, yeddi-səkkiz yaşında valideynim mənə oruc tutdurardılar.

Mən yeddi-səkkiz yaşında olan vaxtlar Rəməzan ayı yay fəslinə düşərdi. Yay günləri on səkkiz saat olardı. Mənim vətənim isti yerdir, arandır və yay vaxtı mənim vətənimin xanları və əyanları yaylaqlara gedərdilər. Şəhərdə qalardı şəhərin əsnafı və füqə-rayi-kasibəsi. Və məlumdur ki, əsnaf və kəsəbə əhli-çün həmişə ruhanilərin itaətində olublar, – bu cəhətdən ibadətə də mail olublar.

Mən necə ki, bir kasıb ailənin uşağı, demək, uşaqlıqdan gözümü açıb ata və anamı din və şəriət içində görmüşəm, din və şəriətə qulluq edən görmüşəm, dinə və şəriətə qul görmüşəm...

Və xülaseyi-kəlam, uşaqlıqda, əlli il bundan əqdəm, yeddi-səkkiz sində olduğum vaxt, rəməzanal-mübarək ayının on səkkiz saatdan ibarət olan günlərini oruc tutmuşam və məndən savayı şəhərimizin mən sində olan uşaqlarının çoxunu özüm kimi oruc tutan görmüşəm.

Nədir bunun mənası? Yəni necə oruc tutmuşam? Bunun mənası budur ki, mən biçarə, yeddi-səkkiz yaşında bir uşaq, yay zamanı, sübh açılmamış, azandan da qabaq, obaşdanlıq (sühür) minacatı verilən kimi yuxudan ayılıb yerimdən durmuşam və az-çox çörəkdən, axşamdan qalmış pişmişdən xahi-nəxahi, könülsüz və iştahasız yemişəm və müəzzin sübh azanını çağıran kimi durmuşam ayağa, iki rükət sübh namazını qılıb yatmışam, ta günortaya bir saat qalanadək, Günorta azanı deyilib, genə dəstəmaz və nanaza məşğul olmuşam.

Bunu da tamam elədim. Sonra dəxi nə eləyim? Yavaş-yavaş aclıq və susuzluq mənə kar eləyir. Nə eləmək? Bikarlıqdan götürmüşəm Quranı, bir qədər ondan oxumuşam, ta yorulanadək. Bundan da doydum və yoruldum. Dəxi nə eləyim? Hava çox isti, dodaqlarım susuzluqdan quruyubdur. Amma çarə yoxdur. Orucu yemək heç fikrimə də gələ bilməz. Hələ saat dörddür; hələ axşama dörd saat qalır. Xahi-nəxahi gərək dözəsən və səbr edəsən. Durub gedirsən məscidə ki, vaxt bir az da keçsin. Orada Axund Molla Tağı moizə eləyir, rəməzanül-mübarək ayının şərafətindən danışır: sövmün şəraitindən və qəvaidindən danışır, mahi-mübarəkin əmalından danışır və axırda moizəsini belə tamam edir:

– Həzrət imam Cəfər Sadiqdən mənquldur ki, mahi-mübarəki-rəməzanda hər namazdan sonra bu duanı oxumaq fərzdir: “Ya Əliyyü ya Əzim, ya Gəfurü ya rəhim, əntə rəbbiyyül-əzim... Əlləzi...“.

O minbərdən dedikcə camaat da onun dalıyca təkrar edir.

Məsciddən çıxıb gəlirəm evə. Gün hələ batmayıbdır. Hava o qədər istidir ki, nəfəs almaq mümkün deyil. Dodaqlarım yanır, boğazım quruyur. Hamamın qabağına “qırna”dan su axır. Suçular tuluğ dallarında, oradan su doldurub aparırlar. Duru bulaq suyu dəmir lülədən şırıltı ilə axıb tökülür daşların üstünə. Amma heç kəsin cürəti yoxdur haman sudan içsin; çünki indi mahi-mübarəki-rəməzandır. İndi dodaqlar gərək quruya; onunçün ki, mahi-mübarəki-rəməzandır. İndi susuzluqdan boğazlar gərək quruya; səbəb bu ki, indi mahi-mübarəki-rəməzandır. İndi mən tək yeddi yaşında müsəlman uşaqları gərək səhərdən-axşamadək “ləbbeyk” deyib susuzluqdan od tutub yana; o cəhətə ki, indi mahi-mübarəki-rəməzandır.

Nəyə, nə səbəbə? Və kimə lazımdır sənin bu susuzluğun?

O vədə heç kəsə bu sualı vermək olmazdı. O vədələr heç bir müsəlman bəndənin fikrinə gələ bilməzdi ki, yeddi yaşında bir uşağın on yeddi saat ac və susuz qalmağı, bəlkə, heç bir kəsə lazım deyil; o səbəbə gələ bilməzdi ki, yeddi yaşında uşağa oruc tutmağı vacib edən şəriət özüdür, necə ki, bu barədə Ağayi Məclisinin “Bist bab” və qeyri müctəhidlərin risalələrində və hətta məktəblərdə dərs kitabı hesab olunan “Camei-Abbas”i – Şeyx Bəhaəddində müəyyən olunubdur. Dəxi burada qeyri bir şəkk və şübhə yeri ola bilməzdi. Ancaq yadımda qalan budur ki, uşaqların böyükləri ilə təfavütü bu idi ki, uşaqlara məhz Rəməzan ayının orucunu tutdurardılar və neçə-neçə vacibi və sünnəti namazlardan biz uşaqlar azad idik.

O ki qaldı böyüklər, mən indi bu saat gözlərimi yumub yenə diqqəti-tam ilə huş-guşumu verirəm keçmiş günlərə, xəyalıma gətirirəm mənim uşaqlıq əsrimin cəmaəti-müsliminini və yenə artıq diqqət və huş-guşla qulaq verirəm keçmiş günlərə. Və hər bir kişi və övrəti, qohum və qardaşı, hacı, kərbəlayıları, – hələ mollaları demirəm, – mən o camaatın hamısını il uzunu oruc tutan yadıma salıram, orucağız yadıma salıram.

Bunun səbəbi bu idi ki, otuz gün rəməzani-mübarək ayından başqa o vaxtın mömin müsəlmanları şəriətdə təyin olunan nəinki vacibi ruzələri, bəlkə sünnəti oruc günlərini də oruc tuturdular.

Məlumdur ki, şəri-şərif mucibincə səkkiz ədəd vacibi ruzə təyin olunubdur və hədsiz sünnəti ruzə yazılıbdır. Hədsiz deyəndə həqiqətdə sünnəti oruclar o qədərdir ki, Bəhaəddin Amili öz “Camei-Abbas” kitabında sünnəti oruc günlərindən söhbət açıb yazır ki, bu qism oruclar o qədər çoxdur ki, onların adı “Camei-Abbas” kitabına sığışmadı. Bununla bərabər şəriətmədari-mərhum və Məhəmməd dininin qanunlarının ravii-möhtərəmi öz kitabında haman sünnəti orucların iyirmi qismini təfsilən sadalayır. Amma kitab sahibi fazil Bəhaəddin Amili ancaq bircə şeyi unudubdur və elə bir qələt edibdir ki, burada bir böyük məzhəkə törəyir. Söhbət burasındadır ki, “Camei-Abbas” kitabında rəvayət olunan vacibi oruc günlərinin üstünə sünnəti oruc günlərini qoysaq və ilin müddətini üç yüz altmış altı hesab etsək, o vədə baxıb görəcəksən ki, “Camei-Abbas”ın orucluq günləri üç yüz altmış altıdan da bəlkə artıq oldu.

Elə müxtəsərcə belə hesab edək: başı daşlı mömin islam ümməti otuz gün orucunu tutan zaman gedirdi məscidə və vaizlərdən orada eşidirdi ki, otuz gündən başqa müsəlman ümməti üçün dəxi də vacibi və sünnəti oruc yazılıbmış. Vacibi oruclar: 30 gün rəməzani-mübarək, bunların qəzası, meyitin icarə ruzəsi, atadan qalma qəza orucu, nəzir və and orucu, kəffarə orucu, etikaf orucu, dümahə orucu.

Bunlar vacibi oruclardır.

Qaldı sünnəti oruclar, mövlud orucu, məbəs orucu, eydi-qədr orucu, hər ayın üç günü orucu, ərəfə orucu, mübahilə orucu, təsəddük orucu, otuz gun şəban ayının orucu, dəhvəl-ərz orucu, hər ayın əvvəlinin orucu, aşura orucu, və hər cümə günlərinin orucu, mahi-zilhiccənin səkkizinci gününün orucu, eydi-rəməzandan sonra altı gün şəvval ayının orucu, filan, fnlan...

Necə ki, “Camei-Abbas” kitabı o orucları sayıb axıra çıxa bilmir, biz də “Camei-Abbas” yazdığı orucların üçdən bir hissəsini burada ancaq saydıq ki, oxuculara artıq dərd-sər olmasın.

Burada zikr olunan orucluq günlərini mənim mömin vətəndaşlarım cümləsi oruc tuturdular. Əlbəttə, o vədə bu camaatın oruc olmayan günləri də olurdu; bu da o günlər olurdu ki, haman gün oruc tutmaq batildir; necə ki, eydi-mahi rəməzan günü, eydi-qurban günü və bir neçə belə-belə günlərdir ki, o gün müsəlman ümməti oruc tutsa, o oruc nəinki qəbul olunmaz, bəlkə, belə orucun kərahəti də vardır.

Mənim o qaranlıq vətənimdə hələ Rəməzan ayından qabaq, hələ Rəməzan ayı daxil olmamış, mömin vətəndaşlarım bütün şaban ayını oruc tutardılar; o vədə mənim əhli-iman vətəndaşlarımın sövmü-səlata həvəsləri gör nə mərtəbədə idi ki, şəbanül-müəzzəm ayını oruc tutmaq ilə, rəməzanəl-mübarəki tamam bir ay qabaq istiqbal edərdilər. Bütün şaban ayı dayımı oruc tutan yadıma salıram. Atam, anam, bibi və xalam, qohum-əqrəbam, qonşularım və rast gəldiyim şəhər əhli şaban ayından oruc tutmağa başlardılar. Hətta dayım məni və xala oğlum Əhmədi də oruc tutmağa dəvət edərdi. Mən, yadımdadır, bir neçə gün tutdum, amma Əhməd tutmadı. Sonra dayımın mənə rəhmi gəldi, ya nədənsə, artıq təkid eləmədi. Amma atam şaban ayının bəzi günlərini oruc tutmazdı və onunçün də mənə bir söz deməzdi. Bununla bərabər, şaban ayının ruzəsinin feyzi barəsində məscidlərdə vaizlər tərəfindən ciddi təbliğat aparılırdı. Və heç bir gün olmazdı ki, dayım, ya atam məsciddən evə gələndə bizə və qeyri oruc tutmayanlara məzəmmət eləməsin.

Bir gün dayım, Axund Molla Tağının moizəsindən evə təzəcə gəlib anama və biz uşaqlara xəbər verdi ki, biz doğrudan da, erməniyik, müsəlman deyilik. Və başladı nağıl eləməyə ki, bu gün Axund Molla Tağı deyirdi ki, şaban ayında oruc tutmayanlar sirat körpüsündən keçəndə məlum deyil ki, o körpü titrəyəcək, titrəməyəcək. Və şayəd xudavəndi-rəhimin o bəndəyə rəhmi gələ və şayəd rəhmi gəlməyə, səbəb budur ki, xudavəndi-ərrəhmanir-rəhim haman gün sənə deyəcək ki, necə insafın qəbul etdi ki, şəbanül-müəzzəm ayını sən oruc tutmaqdan özünü kənarda saxladın. Bir surətdə ki, bu ay, doğrudur, ruzə saxlamaq üçün vacib təyin olunmayıbdır və lakin bu imtahandır ki, xudavəndi-təbarək və taala öz mömin bəndələrini imtahana çəkmək istəyir. Onların zöhd və təqvasını mizana vurmaq istəyir. Vay, vay! Dəxi ermənidən sizin fərqiniz nədir?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets