Xatiratım
Contents
Page 2 of 26 · 4%
Namaz
O qaranlıq dünya ki, mən ilk dəfə gözümü açıb baxmışam və qulağımı açıb eşitmişəm, haman qaranlıq dünyada mən valideynimi, qohum-əqrəbamı, qonşularımı, cəmi vətəndaşlarımı haman vaxt namaz üstə görmüşəm.
“Allahü əkbər”.
Hər dəfə dayımgilə gedəndə, o rəhmətliyi namaz qılan görmüşəm. Atam həmişə namaz üstə olardı. Anam hər gün neçə dəfə namaz qılardı (yomiyyə namazı).
Qonşuluqda sağ tərəfdən Məşədi Məhəmmədgildə və sol tərəfdən, dəmirçilər tərəfdən həmə vəqt “Allahü əkbər” sədası qulağıma çatardı. Məscid həyəti gecə və gündüz namaz qılan ilə dolu olardı. Və xülaseyi-kəlam, hər gün sübh vaxtı, zöhr vaxtı və şam vaxtı müəzzin Molla Kərimin “Allahü əkbər” nidası asimana bülənd olardı. Haman saat cəmi mömünlər əl aftabaya yetirib başlardılar dəstəmazı: “qül hüvəllahü-əhəd, allahüs-səməd...” və dəstəmaz alıb şüru edərdilər namaza. Sübh vaxtı sübh namazına, zöhr vaxtı zöhr namazına, şam vaxtı şam namazına və xiftən namazına.
Və lakin möhtərəm qare elə güman etməsin bu on yeddi rükət pənckaneyi-yomiyyə namazını əda etmək üçün o qədər vaxt da sərf olunmaya gərək. Bu barədə üzr istəyib ərz edirəm ki, o baxar namaz qılanın həvəsinə və şövqünə. Mümkündür vaxta qənaət etmək və müxtəsərcə həmd-surəni qiraət edib şüru etmək rüku və süçuda və təşəhhüd və səlam. Allahın da borcunu verdin getdi, dəxi sənin başının üstə durub demir ki, yox, qələt eləmə və tələsmə.
Amma rəvayət etdiyim “qaranlıq” əsrin namaz qılanlarını bəndə indi yadıma salanda bunu təsdiq edirəm ki, indi səliqələr büsbütün dəyişilib və bunu mən indi şəhadət edirəm ki, o zamanın dindar əhli-imanlarının və o cümlədən mənim dayımın, qonşuluqda dindar və əhli-iman Molla əlilərin, Məşədi Məmmədəlinin və cəmi fazillərin və pak-damən hacıların vaxtlarının çox hissəsi namaz qılmağa sərf olunardı. Və çün mən uşaq idim və qeyri ailələrə o qədər tərəddüdüm yox idi, onunçün də dayımın namaza vaxt sərf etməyi o vaxtın qeyri mömünlərinin ibadət və riyazətinin bir nümunəsi gərək ola.
Sübh azanından dayımın dəstəmaza hazırlıq dua və sənası başlanardı; “Allahü əkbər, Allahü əkbər, bismillahir-rəhmanir-rəhim. Qül hüvəllahü əhəd, Allahüs-səməd... Allahümmə səlli əla Mühəmmədin və ali Mühəmməd, bismillahir-rəhmanir-rəhim, la hövlə vəla qüvvətə illa-billahü əliyyül əzim. Allahü əkbər”.
Mən o vədələr uşaq idim və yuxum da bu səbəbdən gərək bərk və şirin olaydı və elə indi də. Ancaq o həyəcanla ki dayım namaz qılmağa məşğul olardı, dəxi mümkün deyildi yatmaq və oyanmamaq. Əvvəla, namazını xeyli ucadan qılardı və ikinci elə bətər məxrəclə ərəb ibarələrini tələffüz edərdi və elə bir nazü-qəmzə ilə növ-növ dualar zikr edərdi ki, gün çıxandan da sonra – ki, namaz gərək tamam olub qurtara idi, – dayım şüru edərdi Quranın bir neçə surəsini axıradək tilavət eləməyə. Əvvəl başlardı böyük surələrdən, məsələn, yadımda qalan: “Vəşşəms” surəsidir. “Qiyamət” surəsidir, “Əmmə” surəsi. Və bunlardan savayı genə bir neçə surəni mərsiyəxan tək avazla xanəndə-misal oxuyub keçərdi “İnna ənzəlna” kimi kiçik surələrə və saqqalını tumarlaya-tumarlaya durardı ayağa. Dəxi indi dayım, əlbəttə, özünü dünyada yaşayan ən xoşbəxt Allah bəndələrindən dəxi də xoşbəxt hesab edərdi. Bu haman dayımdır ki, otuz il ondan sonra Sabir onun şənində belə bir qəzəl yazdı:
Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər,
Cənnətə uyqu ipilə bir kəmənd atmaq dilər.
Əbləhin fikrincə, cənnət bir Buxara şəhridir,
Beççə tək qilmanları bulduqca oynatmaq dilər.
Və hələ elə güman etməyin ki, dayım öz təklifini qurtardı və duasənadan azad oldu. Xeyr, görərdin ki, namazı bu qədər həngamə ilə qılıb qurtarandan sonra durardı ayağa və təsbeh çevirə-çevirə genə öz-özünə dodaqlarının altında vird elərdi: “Allahümmə səlli əla Mühəmmədin və ali Mühəmməd”, “lahövlə vəla qüvvətə illa billahi əliyyil-əzim, lahövlə vəla qüvvətə illa billahi əliyyil-əzim”.
Buna da diqqət eləmişəm ki, daim namazı əda edib qurtarandan sonra xoş-əhval nəzərə gələrdi. Bunun səbəbini o vədələr mən başa düşə bilməzdim, amma sonra başa düşdüm ki, namazdan sonra dayım üçün üz verən səadətin əsl mənbəyi budur ki, indi dəxi dayım özünü quranda iman əhllərinə vədə verilən nemətlərə haqlı hesab edir. O kəslərin ki, “amənu və əməlüs-səlihat”, o kəsləri ki, iman gətirib əməlləri salehdir, yəni öz vaxtında namazlarını belə eşqi-übudiyyətlə əda ediblər. “İnnə ləhüm cənnat”, onlar üçündür behiştin bağları ki, “tücri min təhtihəl-ənhar”, haman bağlar ki, orada ağacların altında həmişə arxlar axacaqdır. Və hələ bu kifayət deyildir və dayım üçün tək bircə sulu bağın vədəsi o qədər də qiymətli olmaya gərək, çünki dayımın özünün o günləri yaxşı meyvəli ağacları və sulu arxları var idi. Amma dayım üçün ən qiymətli və ən maraqlı o idi ki, bu bağlarda seyr edən qadınlar, əvvəla, pakizədirlər (“vələhüm fiha əzvaci mütəhhirətin”) və saniyən, bu bağın pakizə huriləri orada həmişəlik və baqi idilər: “və hüm fiha xalidun”.
Buna biçarə dayım kəmali-etiqadla inanırdı, əlbəttə ki, inanırdı. Yoxsa əgər inanmasa idi, güman edə bilmənəm ki, bütün ömrünün şirin sübh yuxusunu özünə və öz biçarə oğul-uşağına haram edə idi. Onunçün də Sabir burada söylədiyinin bu qisminin dayıma gərək dəxli olmaya:
Məqsədi sövmü səlatildən bu imişkən, yazıq
Həm xudanı, həm də məxluqatı aldatmaq dilər.
Burada biçarə kişi tərəfindən bunu mən sədaqətlə ərz edə bilərəm ki, dayımın sövmü səlatindən məqsədi tək bircə həmişəlik cənnətdə mütəhhirə qadınlarla həmişəlik və tükənməyən ömür keçirmək idi. Burada öz ibadətilə dayım nə xudanı, nə də bəndəni aldatmaq fikrində yox idi.
Bu hələ sübh namazıdır. Mülahizə eləmək lazımdır ki, burada dayımın nə qədər vaxtı bu namazı əda etməyə sərf olundu. Və bunu qeyd etmək lazımdır ki, necə ki, dayım, habelə də vətənimin qeyri dindarları.
Hələ bu sübh namazıdır, hələ bu ikicə rükət sübh namazıdır. Hələ on yeddi rükət yomiyyə namazının, demək, on beş rükəti qalır.
Doğrudur, zöhr, əsr və şam ilə xiftən namazlarının nədənsə ehtiramı sübh namazı ehtiramınca deyil və bu saydığımız namazlar sübh namazı tək təmtəraq ilə əda olunmurlar. Və lakin genə əda olunurlar.
Xub əgər söhbət tək bircə on yeddi rükət yomiyyə namazı barəsindədir, bunu iş arasında genə qılıb qurtarmaq olar. Pəs o nədir ki, bu məqalənin yuxarısında zikr olundu ki, o qaranlıq dünya ki, mən ilk dəfə gözümü açıb baxmışam və qulağımı açıb eşitmişəm, haman qaranlıq dünyada mən valideynimi, qohum-əqrəbamı, qonşularımı və cəmi vətəndaşlarımı həməvəqt, gecə və gündüz namaz üstə görmüşəm? Söhbət əgər tək bircə yomiyyə namazıdır, bu ki, cəmən on yeddi rükətdir. Sözdə xilaf yoxdur. Pəs o hansı namazlardır ki, onları il on iki ay gecə və gündüz, mənim yazıq vətəndaşlarım qılmaqdan qurtarmazdılar? Və elə ki, sonralar bir az yekəldim və Molla Əlinin məktəbində başladım həmin axirət ülum və fünunundan təhsil eləməyə o, vaxt mürur ilə başladım vaqif olmağa ki, dayılarım, qonşularım və cəmi vətəndaşlarım, gecə və gündüz qıldıqları namazın birinin adı nəmazi pəncganeyi-yomiyyədir.
Dəxi bu?
Nə qədər ki uşaqdım, bu işləri ağlım dərk eləmirdi, amma elə ki böyüdüm, o vədə başa düşdüm ki, dayım və atam yomiyyə namazından savayı qıldıqları namazlar yomiyyə namazı dərəcəsindən vacibi namazlardır. Belə ki, uşaqlıqda, məsəla, Qurban bayramı günü məhəlləmizin fazillərini və mömünlərini namaz qılan görəndə elə güman edərdim ki, onlar məhz bikarçılıq babətindən namaz qılırlar. Amma böyüyəndən sonra kitablarda oxudum və şəriətşünaslardan öyrəndim ki, Qurban bayramı namazı sübh və ya şam namazı dərəcəsində vacibi namazdır. Belə ki, qurban namazını əda etməmək sübh namazını əda etməmək mənziləsindəndir. Və habelə Rəməzan ayı namazı və qeyr vacibi namazlar. Məsəla, nə ağlın kəsir dünyada yazıq müsəlman ümməti üçün nə qədər namaz yazılıb?
Hərçənd şəriətmədarlar namazları iki hissəyə bölüb, bir hissəsinə vacibi və birinə sünnəti adı qoyublar, amma mən gördüklərimi bu saat ortalığa qoysam, o vədə mülahizə buyura bilərsiniz ki, mən rəvayət etdiyim “qaranlıq”da yaşayan islam ümməti üçün, qıldıqları namazı sayıb qurtarmaq olsa, o vaxt göydəki ulduzları da sayıb qurtarmaq olar.
Rəhmətlik vətəndaşlarım cümə günləri cümə namazına durardılar, ölü öləndə meyit namazına durardılar, göy guruldayanda namaz qılardılar (ayət namazı), ay tutulanda namaz qılardılar (xüsuf namazı), gün tutulanda namaz qılardılar, qara yel əsəndə namaz qılardılar, qırmızı yel əsəndə namaz qılardılar, and içəndə namaz qılardılar, nəzr eləyəndə namaz qılardılar, icarə eləyəndə namaz qılardılar.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-xatiratim
Use ← → keys to move, R for a random poem
More by this author
Necə ki, texnika elmində gündə bir Edison çıxır və gündə bir təzə ixtira eləyir və gündə bir təzə üsul tapır, habelə təbabətdə də – necə ki, məlumdur, – hərdən-bir təzə müalicə üsulu qulağımıza çatmaqdadır.Bu təzə müalicə üsullarının birini də bir neçə gün bundan qabaq Saray həkimi ixtira edibdir.
İran işləriGorun çatlasın, ay başıdaşlı, bir gözünü aç, gör, İran Azərbaycanından nə xəbərlər gəlir?.. Gör, zəmanə necə xarab olub? Gör insanlar necə qudurublar?Bu gün teleqraf xəbər verir ki, İran azərbaycanlıları Əhməd şaha məlum ediblər ki, əgər İrana qayıtmalı olsa, İran Azərbaycanı İrandan ayrılıb müstəqil cümhuriyyət əmələ gətirəcəkdir? Eşidin və agah olun, ey şahın gədaları!
AcıqnanProfessor Köprülüzadə danışdıqca mən də danışacağam.Oktyabrın 24-də professor Köprülüzadə ədiblər cəmiyyətində danışırdı. Söhbət Türkiyənin şairlərindən düşmüşdü. Axırda söz gəldi çıxdı Əbdülhəq Hamidə və Tövfiq Fikrətə. Burada əziz qonağın ağzından mən bir qəribə söz eşitdim: guya bu ədiblərin yazıları çətin yazılardır.
Dəxi nə istəyəcəklər?Doğrudan da, birisinin qabağından qaçdıqca daldan səni qovalayacaq.Sözüm İran azərbaycanlılarının barəsindədir.
Poems by other poets
Ey nəzakət çəməni içrə xüraman, gözəlim!Xubilik kişvərinin təxtinə sultan, gözəlim!
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
KəklikAy Salatın, bir bəri bax,Baxım gözəl gözə, kəklik.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,