Contents
  1. Namaz
  2. Meyit büsatı
  3. Şadlıq namazı
  4. Gecə namazları
  5. Sövm – orucluq
  6. “Molla Nəsrəddin”in birinci nömrəsi
  7. Məcmuəmizdə dil məsələsi
  8. Utanmadıq
  9. İstixarə
  10. Atalar sözü

Page 26 of 26 · 96%

Fəhlələr gecəyarısı yorulub işdən çıxdılar, biz fəhlədən də sübh vaxtı yorulub işdən çıxdıq. Ancaq bir təfavütlə ki, biz işdən çıxanda “Molla Nəsrəddin”in birinci nömrəsinin min ədədi basılıb tamam oldu.

Bu tarix miladi tarixinin min doqquz yüz altıncı ilinin aprel ayının yeddisi və tarixi-hicrinin min üç yüz iyirmi dördüncü ilinin səfər ayının iyirmi dördü idi.

Bunu lazım bilirəm deyəm ki, o vaxtlar mən Tiflisdə gürcü məhəlləsində Şeyx Sənan küçəsində olurdum. Rusca haman küçənin adı Davud küçəsi idi. Çünki xaçpərəstlər istilahında müqəddəs Davud – Şeyx Sənan deməkdir. Bizim məhəllə dağ ətəyində idi. Və bizdən yuxarı dağın şəhərə enən tərəfində müqəddəs Davudun məbədgahı da vardır. Şeyx Sənan gürcü qızına aşiq olduğu yer haman yerdir.

Mən burada bir qıza aşiq olmadım. Ancaq mən aşiq olduğum bir şey haman mənzərə idi ki, buradan göz qabağında ayna kimi açıq görsənirdi. O mənzərə şəhərin aşağı tərəfindən görsənən Şeytanbazarı məhəlləsi idi. Belə məhəllə dünyada müsəlman aləminin hər bir şəhərində var. Qələ şəhərinin Şeytanbazarı, İrəvanın, Bakının və hətta Təbrizin və qeyri şəhərlərin və qəsəbələrin Şeytanbazarı bir şəkildədir: toz və torpaq, zibil, evlər və dükan-bazar xaraba, küçələr dolu it-pişik və keçəl-küçəl müsəlman uşaqları. İki dükanın biri çayxana, tiryəkxana, qumarxana, dar küçə və bazarda yük heyvanları qarışıb adamlara. Camaat cümləsi kişidir. Maarifin, səliqənin və nəzafətin burada iyi-əsəri görsənməz. Hali cümləsi müsəlman camaatıdır. Və əgər buraya bir qəribin yolu düşsə, onu şüşəkiyə basacaqlar. Əgər bunu da eləməsələr, o adama dörd gözlə elə baxacaqlar ki, guya bir belə adam görməyiblər. Buraya varid olan təzə bir adam da həmçinin: o da buranın vəhşilik halına təəccüb edəcək və heyran qalacaq.

Hətta Qələ və Şəki-Şirvanı demirəm, Təbriz kimi bir paytaxtın Şeytanbazarını görəndə mat və məəttəl qalmışam. Türküstanın mərkəzi hesab olunan Daşkəndin müsəlman məhəlləsinin bazar və məhəlləsini görəndə insanın xəyali hekayələrdə oxuduğu vəhşi hindlilərin məişəti yada düşür.

Pəs “Molla Nəsrəddin” dünyaya gələn vaxt mən Tiflisdə haman Davud küçəsində yaşayırdım; necə ki, məcmuədə həmişə həmin ünvanımız elan olunubdur.

Müqəddəs Davud məhəlləsində yaşamağım məcmuənin sərbəstliyinə böyük təsir bağışladı. Bura gürcü məhəlləsi idi və müsəlmanların əlləri çatmayan bir yer idi. Məlumdur ki, “Molla Nəsrəddin”in ən böyük nişangahı dini mövhumat və şəriət xürafatı idi; əyan və əşrafla mübarizə və qolçomaqların qabağını almaq idi. Belə mübarizəni müsəlman camaatının içində otura-otura o vaxtlar aparmaq mümkün deyildi. Səni haman yerdə sənkisar edərdilər. Onunçün gahdan bir məcmuədə arının yuvasına çöp uzadanda gürcü məhəlləsinin bir xəlvət yerində gizlənirdim və arıların hirsinin yatmağına müntəzir olurdum; necə ki, məsələn, Bakı qoçuları Bakıdan Tiflisə gəlib məni axtarıb tapa bilmədilər; necə ki, arvad məsələsinə dair ikinci ilin nömrəsində bir məqalə dərc edən günü Ömər Faiqdən mənə muəkkid sifariş gəldi ki, küçəyə çıxmayım; çünki Şeytanbazarda dükanlar bağlanıb və müsəlman camaatı küçələrə cəm olub məni axtarırlar.

Bu barədə müfəssəl rəvayət gələn səhifələrdə olacaqdır.

Bu gun aprelin yeddisində çapdan çıxmış təzə birinci nömrənin yüz ədədini satmaq üçün “Qeyrət” mətbəəsində qoyub qalan doqquz yüzünü apardıq Davud küçəsindəki təzə idarəmizə. Bu doqquz yüzün iki yüzünü poçtla Bakıya [yola] salıb Abbasqulu Kazımov adına göndərdim və iki yüzünü də qeyri şəhərlərə tanışların üstünə göndərdim ki, orada hər kəs bacardığı kimi satdırsın. Abbasqulu Kazımov sabiqdə “Şərqi-Rus” qəzetinin Bakıdakı vəkili idi və bu şəxsi də o vaxtdan qaibanə tanıyırdım. Ancaq idarədə qalan bir neçə məcmuə də elə haman gün, günorta zamanınadək Tiflisdəcə nağd bir-bir satıldı. Onunçün də ikinci nömrəni dəxi iki min miqdarda çapa verdik.

Demək, birinci nömrəni bir min miqdarda çap etdirib, ikinci nömrəni iki o qədər, iki min ədəd sifariş verdik.

Burada kəmcürətliyimiz aşkara çıxır. Əlbət ki, bir günün ərzində günortayadək beş yüz ədəd tək bircə Tiflis şəhərində intişar olan bir cəridə yəqin ki, bütün Qafqaz və Mavərayi-Qafqaz dairəsində gərək gecə minlərcə dağıla bilə idi. Və lakin belə kəmcürətliyimiz – necə ki, indi yadıma gəlir, – iki səbəbdən naşi idi: bir səbəbi bu idi ki, necə ki, ərz olundu, çox kasıb idik. “Allaha” şükür edirdik ki, hələ bu min ədədə də xərc qoymağa iqtidarımız çatdı. Bu bir min ədədi ki, belə müşkülatla düzəldə bildik, iki min ədədə gücümüz çatsa, genə min şükür eləməli. Kəmcürətliyimizə ikinci səbəb bu idi ki, müsəlman camaatına o qədər də bel bağlaya bilməzdik. Qeyri cəridələrin islam içində rəvac tapmağının tarixini və təcrübəsini mülahizə edəndə artıq ümidvar ola bilmirdik ki, məzhəkə şivəsi ilə danışan və mütəəssib dindar müsəlmanların dini əqaidini istehzaya qoyan “Molla Nəsrəddin” artıq tərəqqi eləməyə gərək. İki min ədəd ki ikinci nömrədən ötrü sifariş verdik, bu özü də böyük bir tirajdı. Və bu miqdarda məcmuəmiz işə keçsə, genə şükür eləməlidir. Və birinci nömrəni poçt idarəsinə təhvil verib ikinci nömrə üçün mətbəələrə iki min ədəd sifariş edib hələ ki, buna iktifa elədik.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets