Xatiratım
Contents
Page 24 of 26 · 88%
Onunçün də Əbutürab Axund oğlunun məqaləsinə biz məcmuəmizin birinci nömrəsində belə cavab verdik: “Hər kəs danışsa, əlbəttə, öz-özünü xar və zəlil və naciz edər. O səbəbə ki, insanın heç bir üzvündən o qədər zərər insana yetişməz, nə qədər ki, dilindən yetişər. İsa əleyhüssəlam həzrətlərinə ərz elədilər; “Ya ruhulla, dəlalət buyur bizi bir əmələ ki, o əməl bizi cənnətə daxil eləsin”. Buyurdu: “Heç danışmayın”. Ərz elədilər; “Ya ruhullah, heç danışmamaq olmaz”. Buyurdu: “Əcəb olar”. Həzrət Süleyman əleyhüssəlam buyurdu: “Əgər danışmaq gümüş olsa, danışmamaq qızıldır. Danışmamaq danışmaqdan yaxşıdır”.
Heç bir müsəlman gərək danışmasın. Xah cahil və axmaq ola, xah kamil və sahibi-mərifət. İnsan nə qədər ki sakit və samitdir, o qədər gözəldir; elə ki, başladı danışmaqa, dəxi gözəllik itib gedir. Odur ki, Müsləhiddin Şirazi deyib:
Zəban dər dəhan, ey xirədmənd, çist? –
Kilidi-dəri-gənci-sahibhünər.
Çü dər bəstə başəd nədanəd kəsi
Ki cövhərfüruş əst ya piləvər.
Bu mətləbləri təsdiq edəndən sonra Molla Nəsrəddin öz tərəfindən bunu da lazım bilir desin:
Ey dil, dəxi dinmə və sükut et, sənn tari,
lal ol və danışma!
Sal başını aşağı və heç baxma yuxarı!
mal ol və danışma!
Gər qeyriləri cəmdəyinə vursala, dinmə!
Gər başın əyib peysərinə vursala, dinmə!
Pamal edə düşmən səni, səbr et, bala, dinmə!
Ya zülm edə, ya boynuna kəndir sala, dinmə!
Ya ruzunu cəbr ilə əlinnən ala, dinmə!
Sal başını aşağə və heç baxma yuxari,
lal ol və danışma!
Kər qüssələnib eyləyəsən naləvü zari,
mal ol və danışma!
Və bundan başqa üç belə parça ilə həmin mənzumə tamam olur. Ancaq qalanlarının burada dərcini əhəmiyyətsiz görürük.
Məcmuəmizin birinci nömrəsinin mündərəcatı içində bir “Dəllək” sərlövhəli hekayə də vardır. Müxtəsər məzmunu budur ki, Sadıq kişinin on yaşında Məhəmməd Vəli adlı oğlu, tikanlı otu burnuna soxur və bununla burnunu qanadır ki, gözlərinin ağrısı şəfa tapsın. Qan, uşağın burnundan elə bərk axır ki, uşağın anası ehtiyat edir və Sadıq kişini göndərir ki, getsin dəllək Usta Hüseyni gətirsin, çünki arvadın rəyincə, Usta Hüseynin həkimlikdə böyük səriştəsi var. Sadıq kişi qaçır dəllək Usta Hüseynin yanına və o vaxt yetişir ki, Usta Hüseyn bir kişinin başını qırxırmış.
Burada hekayə “mabədi var” sözləri ilə yarımçıq qalır ki, mabədi də ikinci nömrədə dərc olunubdur.
Bu nömrənin mündərəcatı iki bənd “poçt qutusu” – ilə tamam olur. Birinci bəndin məzmunu budur: “Badikubə, cənab Molla Tağızadəyə. Sualınıza ancaq belə cavab verə bilərik: hərçənd senator Çerevanskinin idareyi-ruhaniyyə barəsindəki layihəsi təsdiq olunmayıbdır, lakin bizə çatan məlumata görə müsəlmanların rəisi-ruhaniləri və qaziləri əvvəl gərək Tiflisdə “ekzarx” idareyi-ruhaniyyəsində mollalığa imtahan tutub, sonra polis qorodovoyları tərəfindən təsdiq olunalar...”.
“Poçt qutusu”nun ikinci bəndi: “İrəvanda cənab İsmayıl bəy Şəfibekova, məcmuəmizi təbrik etmək xüsusunda artıq dərəcədə məmnun olduq. Və lakin göndərdiyiniz şeirləri əvvəlinci nüsxəmizdə çap edə bilməyib, gələn həftə çap etməyi vəd edirik. Amma şeriniz o qədər gözəldir ki, bir bəndini bərayi-xali-nəbudiən lazım gördük yazaq:
Bir gün küçə ilə əlimdə səbət gedirdim.
Çıxdı birdən qabağıma yoldaşım.
Dedim: “Yoldaş, söylə, hara gedirsən?”.
Dedi: “Xəbər alma, sən allah, keyfim xarabdı mənim”...
Birinci nömrənin mündərəcatına dübarə qayıtmamaq babətindən, axırıncı söz olaraq, bunu da qeyd etmək lazımdır ki, qeyd olunan məzmundan başqa, məcmuəmizdə abunə şərtləri də elan olunmuşdu. Üç aylığı (13 nüsxə) bir manat 60 qəpik, altı aylığı 3 manat.
Və çün məcmuənin nəşri aprelin yeddisindən başlanmışdı, onunçün illik abunə əvəzində doqquz aylıq abunə qiymətini dörd manat təyin etdik. Və doqquz ay keçəndən sonra o biri ilin təzə yanvar ayından, birillik abunə qiyməti beş manat elan olunur.
Məcmuənin adresi belə idi: Tiflis, Voronsovski küçədə, nömrə qırx yeddi, “Molla Nəsrəddin” idarəsi.
Müxbir və məqalə yazanlar üçün də tək bircə bu şərt elan olunurdu ki, “idarəyə çap olunmaq üçün göndərilən məktub və məqalələri geri qaytarmaq mümkündür, əgər sahibləri marka göndərib xahiş eləsələr”.
Birinci nömrənin şəkillərinə keçdikdə, onlarım ikisi barəsində qabaq sətirlərimizdə söhbət olundu. Birinci səhifədə müsəlmanlar qəflət yuxusunda şirin-şirin yatışıblar. Və dördüncü səhifədə cəmaəti-müslimin padşaha dua eləyir və qabaqda duran mollanın döşünə hökumət qorodovoyu nişan taxır.
Məcmuənin aralıq səhifələrində iki şəkil də var: biri rəvayət etdiyimiz “Dəllək” hekayəsində haman dəllək Usta Hüseyndir. Öz dəlləkxanasında bir müsəlman qardaşın başını qırxdığı bir vaxtda, Sadıq kişi gəlib onu, oğlunun burnunun qanını kəsmək üçün dəvət edir. Və dəllək Usta Hüseyn də aynanı Sadıq kişiyə uzadıb deyir: “ – A kişi biryolluq adını qoy erməni, xalq da bilsin ki, sən ermənisən. Pəs utanmırsan başının tükünü bu qədər uzadıb qırxdırmırsan?”.
İçəri səhifələrin birində də qoşa şəkil çəkilib: üst şəkildə bir tüfəngli kişiyə bir müsəlman kəndlisi öz qara mallarını nişan verir və deyir: “Mən ölüm götür bu heyvanları, ver mənə o tüfəngi”. Altdakı şəkildə bir erməni kişisi əli tüfəngli bir rus saldatına bir yüz manatlıq kağız uzadır, rus dilində belə deyir: “Pocalusta, vazmi denqi, davay rucyo”; yəni xahiş edirəm, bu pulu alasan və o tüfəngi mənə verəsən.
Məlumdur ki, hər bir şəkillər o əsrin aynası olan kimi, bu iki şəkil də erməni-müsəlman davasının övzanını göstərirdi. O zaman, haman günlərdə ki məcmuəmiz nəşrə başlamışdı, iki qonşu tayfanın mabeynində bir-birinə qarşı ədavət elə şiddət tapmışdı ki, bir-birini məhv eləmək üçün bu bədbəxtlər hər bir mal və dövləti qurban etməyə hazır idilər. Və pullu ermənilər bu yolda nağd pul xərcləyirdilər. Maldar müsəlmanlar da haman yolda heyvanlarını satıb, təsərrüfatlarını pozmaqda idilər.
“Molla Nəsrəddin”in birinci nömrəsinin materialı ancaq bundan ibarət idi.
Və elə ki həmin materialın əl yazısı əlimizdə hazır oldu, şüru etdik məcmuə surətində çap etməyə. Bu məsələ daha texniki cəhətdən bizə çətin görsənmirdi. Səbəb bu ki, təb işlərində ən birinci vəsilə, çapxana hazır idi.
“Qeyrət” mətbəəsi öz işində idi və yoldaşımız Faiq tərəfindən lazımınca idarə olunurdu. Və lakin tək bircə şey! Hər bir işə iqdam etmək onsuz mümkün deyil.
Pul məsələsi bizim boş cibimiz üçün ən ağır bir məsələ idi.
Məcmuənin karikaturalarını çəkdirmək üçün pul lazım idi. Bunu bu tövr həll etdik ki, möhtərəm nəqqaşımız Şmerlinq qabaqkı nömrənin şəkillərinin zəhməthaqqını nisyə çəkməyə razı oldu. Burada keçən günləri yadıma salıb məcmuənin yolunda mərhəmət göstərənləri bir-bir yada saldıqda, onların içində ən dəyərli köməkçimiz Oskar İvanoviç Şmerlinqə qəlbimin incə bir guşəsindən intəhasız salamlar göndərirəm.
Şəkil məsələsi bitdi və əziz nəqqaşımız öz vaxtında bu söylədiyimiz şəkilləri çəkib hazır eləməyə söz verdi.
Demək, şəkillər hazır, materialların müsvəddəsi hazır. Qaldı bir məsələ: kağız məsələsi.
Birinci nömrəni hələlikdən, gələcəyə əl uzatmaq istəməyib bərayi-ehtiyat artıq yox, ancaq min ədəd çap etməyi qərara aldıq. Və bu qədər az, bundan artıq çap etməkdən iki nöqteyi-nazərdən ehtiyat etdik; biri necə ərz olundu, pul məsələsi idi. Pulumuz heç yox idi: heç bu min ədəd məcmuənin pulunu – ki, doqquz manat eləyirdi, – tapa bilmirdik.
Yadımdadır ki, bu pulu mən yavıq dostumuzdan istədikdə o pulu verməyə bu şərti qoydu ki, mən onu məcmuənin məzmunundan hali edim.
Mən başladım əlyazmalarımı oxumağa. Baş məqaləni oxudum. Pullu dostumuz qulaq asdı və dinmədi. Elə ki keçdim abunə şərtlərinə və o yerə gəldim ki, idarədən müştərilərə nəsihət verilir [ki] murdar poçt xidmətçilərinin rütubətli əllərindən ehtiyat eləsin, dindar dostumuz burada başını aşağı saldı. Mən duydum ki, iş xarabdır və dostumuz pul verməyəcək. Elə ki, nəhs günlərə keçdim və istədim bu bəndi də oxuyam, qırmızı saqqal rəfiqim məni bu yerdə dayandırdı və xahiş etdi ki, mən dəxi özümə zəhmət verməyim. Puldan da yana qəti cavab verdi ki, onun nə indi daxılında (bu söhbət onun dükanında idi) doqquz manat tapılar, nə də bu tez vaxtda cəm ola bilər.
Mən çox xarab oldum. Əvvəl o səbəbdən diltəng oldum ki, bu bir saatın içində doqquz manatı tapmasam, məcmuə dəxi bir gün də təxirə düşəcəkdir. İkinci məni məyus edən, məcmuənin məzmunu oldu. Biz bu mətalibi burada yazmışıq ki, cəmaəti-müslimin oxusun. Mənim bu rəfiqim həmin cəmaəti-müsliminin əfradının biridir. Bu ki nəinki özü, heç mənim oxuduğuma da qulaq vermək istəmədi, vaveyla, kimdən ötrü biz bu sözləri yazırıq? Bu ki oxumayacaq, qalan müsəlman qardaşlar da həmçinin, pəs dəxi bu nə zəhmətdir ki, çəkirik və dəxi niyə yazırıq və nədən ötrü yazırıq və kimdən ötrü yazırıq?..
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-xatiratim
Use ← → keys to move, R for a random poem
More by this author
Necə ki, texnika elmində gündə bir Edison çıxır və gündə bir təzə ixtira eləyir və gündə bir təzə üsul tapır, habelə təbabətdə də – necə ki, məlumdur, – hərdən-bir təzə müalicə üsulu qulağımıza çatmaqdadır.Bu təzə müalicə üsullarının birini də bir neçə gün bundan qabaq Saray həkimi ixtira edibdir.
İran işləriGorun çatlasın, ay başıdaşlı, bir gözünü aç, gör, İran Azərbaycanından nə xəbərlər gəlir?.. Gör, zəmanə necə xarab olub? Gör insanlar necə qudurublar?Bu gün teleqraf xəbər verir ki, İran azərbaycanlıları Əhməd şaha məlum ediblər ki, əgər İrana qayıtmalı olsa, İran Azərbaycanı İrandan ayrılıb müstəqil cümhuriyyət əmələ gətirəcəkdir? Eşidin və agah olun, ey şahın gədaları!
AcıqnanProfessor Köprülüzadə danışdıqca mən də danışacağam.Oktyabrın 24-də professor Köprülüzadə ədiblər cəmiyyətində danışırdı. Söhbət Türkiyənin şairlərindən düşmüşdü. Axırda söz gəldi çıxdı Əbdülhəq Hamidə və Tövfiq Fikrətə. Burada əziz qonağın ağzından mən bir qəribə söz eşitdim: guya bu ədiblərin yazıları çətin yazılardır.
Dəxi nə istəyəcəklər?Doğrudan da, birisinin qabağından qaçdıqca daldan səni qovalayacaq.Sözüm İran azərbaycanlılarının barəsindədir.
Poems by other poets
Ey nəzakət çəməni içrə xüraman, gözəlim!Xubilik kişvərinin təxtinə sultan, gözəlim!
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
KəklikAy Salatın, bir bəri bax,Baxım gözəl gözə, kəklik.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,