Contents
  1. Namaz
  2. Meyit büsatı
  3. Şadlıq namazı
  4. Gecə namazları
  5. Sövm – orucluq
  6. “Molla Nəsrəddin”in birinci nömrəsi
  7. Məcmuəmizdə dil məsələsi
  8. Utanmadıq
  9. İstixarə
  10. Atalar sözü

Page 20 of 26 · 73%

Məcmuəmizdə dil məsələsi

Necə ki oxucularımıza məlumdur, biz “Molla Nəsrəddin” məcmuəsini açıq ana dilində yazmağa başladıq. Biz bu dilə o səbəbdən ana dili ad qoyuruq ki, bu dildə yazı yazanda və ortalığa “ana” söhbəti gələndə biz “ana”nı, “ana” da yazırıq, amma qeyri yazıçılarımız, xah o vədə və xah indi yazılarında “ana” ləfzi rast gələndə, “ana” sözü əvəzinə “madər” yazırlar və həmçinin “ata” sözü əvəzinə “pədər” yazırlar. “Ana”nı “madər” yazanlar və “ata”nı “pədər” yazanlar, dəxi qeyri türk sözlərini də habelə səbəbsiz yerə fars və ərəb sözünə dəyişirlər. Belə ki, “nəvə” yeri “həfid”, “ehfad” yazırdılar və yazırlar. Və “ata-ana” sözünə cızıq çəkib “valideyn” yazırdılar və yazırlar. Hətta hər gün yediyimiz “çörəyi” bəyənməyib “nan” yeyirdilər və indi də yeyirlər. Və necə sözləri bir-bir dəyişdirirdilər və indi də dəyişdirirlər, habelə türk dilinin tərkiblərini və qanunlarını kənara qoyub, fars və ərəb tərkibləri və qanunlarını işlədirdilər və indi genə işlədirlər.

Hələ “pədər” və “madər” və “nan” kimi sözlər səhldir. Ərəb və fars dilindən elə bir xoruz səsi eşitməmiş kəlmələr və ibarələr lüzumsuz yerə işlədirdilər (necə ki, indi də işlədirlər) ki, dəxi onları ərəb və farsca az savadlılar oxuyub başa düşmürdü. Və bu icad etdikləri qatış-bulaş dilin adını “ədəbi dil” qoyub açıq ana dilini “çoban dili” adlandırırdılar.

Məlumdur ki, bu ibarəli yazmaq şivəsi bizə Türkiyədən keçibdir və osmanlı ədəbiyyat tarixinə aşina olanlar bilirlər ki, Türkiyədə qədimül-əyyamdan osmanlıların yazıları ərəb dilinə o qədər yavıqdır ki, əgər orada “iştə”, “şu” və “dır”, “lar” olmasa, osmanlı dilini ərəb dilindən seçmək olmaz. Osmanlının məşhur və müqtədir şairlərinin qəliz yazmağı, ibarəli yazmağı zərbülməsəl olubdur. Qəliz və ibarəli yazmağın mənası budur ki, sözlərin cümləsi ərəb sözləri və tərkiblər ərəb tərkibidir. Və hətta ərəb dilinin nəinki o sözləridir ki, bizlər onu azdan-çoxdan Quranda və ərəb kitablarında görmüşük. Ərəb dilini qurtdalayıb, ərəb lüğətlərindən elə bir az eşidilən və az işlənən sözlər tapıb işlədirdilər ki, çox vaxtda lüğət kitablarında da o sözlər işlənmir...

Biz molla nəsrəddinçilər dil barəsində yuxarıda bir neçə ibtidai sözlər deyib buna iktifa etmirik və il barəsində ümumiyyətcə fikrimizi bir bu qədər müxtəsər bəyanatla məhdud etmək istəmirik. Biz bu əqidə deyilik ki, o dil ki biz onunla “Molla Nəsrəddin”i meydana gətirib və onunla da məcmuə yazmağa iqdam etmişik – bu dil ümum türk xalqı üçün arzu etdiyimiz bir dildir. Bizim türk tayfaları üçün ümumi bir dil, ədəbi bir dil mühüm məsələlərin biridir və hətta – elə zənn edirəm ki, – ümum türklər üçün, ümum bir dil yaratmaq və bir imla yazmaq onlar üçün, təzə əlifba yaratmaqdan çətindir. Vaqeən, necə olsun? Bu ola bilərmi ki, Naxçıvandan birisi çıxıb başlasın Naxçıvan şivəsinə yavıq bir dildə yazsın, məgər bu dili naxçıvanlılardan başqa uzaq bir ölkələrin türk camaatı oxumayacaq? Habelə qeyrilərin şivəsi. Hələ tək bircə Qafqaz türkləri üçün ümum bir dil məsələsinin həlli genə səhldir, pəs osmanlı türkləri, pəs Krım və Qazan tatarları, pəs Türküstan və Özbəkistan, pəs İran azərbaycanlıları? Pəs biz bunu etiraf edirik ki, əvvəl-axır türk kütlələri üçün ədəbi dil və ümumi imlaya çox böyük ehtiyac vardır. Və etiqadımız da bundadır ki, bir belə dil gec-tez vücuda gələcəkdir. Və lakin bunu gərək heç bir insan əhli unutmaya ki, gec-tez Türkiyədən bizlərə gəlib çatan qədim ədiblərin dillərindən lüzumu olmayan, çətin ərəb və əcəm sözlərini, ibarələrini çıxardıb tullamaq çox da vacibdir. Bundan o çıxmır ki, biz avama məxsus bir dil və bir ədəbiyyat istəyirik; xeyr, biz ancaq onu deyirdik ki, indiyədək qəliz ərəb sözləri ilə zibillənmiş bədbəxt türk dilini təsfiyə etmək lazımdır.

“Molla Nəsrəddin”in dilinə gəldikdə, burada məsələ bambaşqadır.

“Molla Nəsrəddin” min doqquz yüz altıda Tiflisdə təşkil olundu. Tiflis, Qafqazın mərkəzi şəhəri və Qafqaz hökumətinin paytaxtıdır. Habelə bu şəhər Qafqaz türklərinin mərkəzi hesab oluna bilər. Həqiqətdə də belədir. Tiflisdən Naxçıvana və Ordubada da əl yetirmək olur; Qafqaz və Bakı, Batum şəhərinin də arasındadır. Buradan Culfaya və oradan Araz nəhrini keçib bir günə İran Azərbaycanının mərkəzi və paytaxtı olan Təbrizə gedib çatırsan. Bakıdan Xəzər dəryasını bir gündə ötüb Türküstanın Aşqabad və Mərv və qeyri yerlərinə xəbər yetirmək mümkündür. Dağıstan da bu yavıqdadır. Tiflisdən Bakı təriqilə on iki saatlıq dərya səfəri bizi İranın Gilan məmləkətinə yetirir.

Bu saydığımız cəmi ölkələr və şəhərlərdə yaşayan türklərin danışdığı, haman biz danışdığımız türkcədir. Və həmin min doqquz yüz altıda, aprelin altısında “Molla Nəsrəddin”in açıq ana dili ilə yazdığımız mətalibi onlar açıqca başa düşdülər; elə asand vəchlə başa düşdülər ki, dəxi bu dildən başqa qeyri bir dil axtarmağa hacət qalmadı. Və atalarımız deyən kimi:

Ağıllı ağıl eliyincə
Dəli vurdu Kürü keçdi.

Və bizim dilçilərimiz ədəbi, fənni, akademik dili axtarınca “Molla Nəsrəddin” də açıq və sadə türk dili ilə vurdu nəinki tək bircə Kürü və Arazı keçdi, bəlkə Xəzər və Qara dəryaları da vurub Türkiyəyə və Türküstana və Gilana keçdi və uça-uça Qafqaz dağlarını aşıb, Qafqaza və Krıma və sair türk ölkələrinə keçdi və bu sözə də sübutumuz budur ki, birinci nömrəmiz türk dünyasına dağılan kimi tək bircə həftənin içində hər bir yerdən yazdığımız suallara haman aydın “Molla Nəsrəddin” dilində hədsiz cavablar idarəmizə gəlməyə başladı. Bu cavablar bizim üçün tək bircə həqiqəti təsdiq etməkdə idi ki, yazdığımız dil “Molla Nəsrəddin” məcmuəsi üçün gərək haman sadə və açıq dil olmalıdır. Bu haman dildir ki, iyirmi üç ilin müddətində biz haman “Molla Nəsrəddin” dilini tutub gedirik. Və bu 23 ilin təcrübəsi bizə bunu göstərdi ki, əgər məcmuəmiz türklərə çox asanlıqla dağılıb öz sözünü onlara çox açıq vəchlə yetirə bildi, bunun səbəbi məhz məcmuənin asan dilidir; onunçün də bu yolda biz bərk-bərk durmuşuq və tərəddüd və şəkk-şübhə etmirik.

Və kim bilsin: bəlkə, məcmuəmizin asan dilinin camaatımıza olan mənfəəti və xidməti biz güman etdiyimizdən də artıqdır. Bunu bilmək lazımdır ki, bütün islam aləmində ümumən və Qafqaz müsəlmanları içində, xüsusən, ərəb əlifbasının çətinliyi səbəbindən və habelə dəxi qeyri səbəblərdən savad işləri həmişə tənəzzüldə olubdur. Və əlinə qələm götürüb bir mətləb yazmaq istəyən bir Allah bəndəsi bilməyib yazını nə dildə və nə ləhcədə yazsın və dilin imla qanunlarına necə riayət etsin və müxtəlif sövtləri hansı hürufat şəklinə salsın; onunçün də indiyədək bizlərdə cürət eləyib ələ qələm alanlar barmaqla sayılıbdır.

Cəmi bu qisim kəmcürət savadlılarımıza “Molla Nəsrəddin” məcmuəsi bir nümunə və bəlkə, bir dəlil və rəhnüma oldu. Paho! Belədəmi yazarmışlar?! Bu ki asan iş imiş! Belə mən də ki yaza bilərmişəm! Və yazdılar da. “Molla Nəsrəddin” idarəsinə hər yerdən və hər tərəfdən gündə əlli-altmış məktub töküldü. Bunlar haman bədbəxt cavanlar idi ki, neçə il dərs oxuyandan sonra genə özlərini yazı yazmağa müqtədir hesab eləmirdilər. Səbəb bu ki, indiyədək yazı yazmaq İran türkləri arasında ancaq fars dilində olub, Türkiyədə məhz şəhərlərdə ərəbixan “bir qaç” ədib və şairlər tərəfindən “ərəblənmiş” türk dilində olubdur və bizlərdə də uzun illər müsəlmanca təhsilkərdələr qələm sahibi olublar. Əlbəttə, bu dil ki biz onunla “Molla Nəsrəddin”i yazırdıq, o dili biz ümum türklər üçün ədəbi bir dil hesab etmək fikrində deyilik və bu da bizə heç lazım deyil; bizim məqsədimiz hal-hazırda öz fikrimizi asan bir dillə Azərbaycan türklərinə və bəlkə də, sair türklərə asan bir dillə yetirmək idi. Zənn edirəm ki, yetirdik də.

O vədə cəmi türk kütlələri üçün ümumi və ədəbi dil məsələsi bizi məşğul eləyə bilməzdi, çün hərənin bir məqsədi və şüarı olan kimi, bizim də şüarımız dil yaratmaq deyildi, ancaq dərdi-dilimizi hal-hazırda camaat başa düşən dildə ona yetirmək idi, necə ki, yetirdik. Yetirirdik də və cavab da alırdıq ki, sonra hədd və hesabsız müxbirlərin əks-sədası bu sözümüzə bir şahid oldu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets