Contents
  1. Namaz
  2. Meyit büsatı
  3. Şadlıq namazı
  4. Gecə namazları
  5. Sövm – orucluq
  6. “Molla Nəsrəddin”in birinci nömrəsi
  7. Məcmuəmizdə dil məsələsi
  8. Utanmadıq
  9. İstixarə
  10. Atalar sözü

Page 18 of 26 · 65%

Və lakin bu barədə çox az bir müddətin fasiləsində mətbuat dünyasında xeyli bir nəfəs genliyi əmələ gəldi. Min doqquz yüz altıncı ilin radələrində, yadımdadır, hər bir kəs hər nə kefidir, yazmağa və nəşr eləməyə başladı. Və yadımdadır ki, qələm azadlığı o yerə çatdı ki, bir gün bazarda qəzet satan uşaqları “Kukureku” çığıra-çığıra şəkilli bir jurnalı satan gördüm. Bu jurnal rus dilində çap olunurdu. Adı “Kukureku” idi. Və jurnalın haman gün rast gəldiyim bir nömrəsində bir xoruz şəkli çəkilmişdi. Xoruzun başı əsrin padşahı Nikolayın başı idi. Boğazı və bədəni xoruz idi. Şəklin təfsilatı indi yadımda deyil. Ancaq haman jurnal nömrəsi mənim üçün xeyli bir qiymətli yadigardır.

Xudaya, yuxudurmu bu, ya eyni həqiqətdir?! Padşahı da mümkün imiş lağa qoymaq və onu xoruz şəklinə salıb dünyaya nəşr etmək?

Şəkli alıb qaçdım yoldaşımın yanına.

– Faiq, hələ durmusan? Məgər durmalı əsrdir? Məgər dinməmək olar? Məgər fürsəti fövt etməkmi olar? Burada əsrin allahını şəkillərdə çəkirlər, onu xoruza oxşadırlar, amma bizi indiyədək qoymuyublar ki, nəinki padşahın şəklini çəkək, qoymuyublar onun ismini dua və sənasız zikr edək. İndi padşahı istehza edirlər, amma indiyədək bizi qoymuyublar bir dərvişin hoqqabazlığını tənqid edək, bir mərsiyəxanın lotuluğunu tənqid edək; qoymuyublar başımızın üstünü kəsən minlərcə zorbazorların zülmlərindən bəhs edək; qoymuyublar islam millətini çürüdən və çürütməkdə olan milyonlarca müfsid həşəratların eyblərini açıb camaatı mütənəbbeh edək. Amma yoldaş Faiq, bu nədir, əsrin şahını gör nə günə salıblar!

Bu qədər var ki, “Kukureku” jurnalında xoruz şəklində çəkilən Nikolay padşahla mənim işim yox idi. Və bu karikatura ilə artıq maraqlandığım ondan ötrü idi ki, dəxi qələmləri azad görürdüm. Bir surətdə ki əsrin padşahını, əhalinin yüzillərcə ölüsünün və dirisinin sahibi və qibləgahını xoruz şəklinə salmaq mümkün imiş, elədə pəs niyə durmaq və niyə dayanmaq və niyə fürsəti fövtə vermək?! Hələ Nikolay padşah bir saatlığa kənarda qalsın, pəs biz öz qibləgahlarımızı nə eləyək? Pəs biz öz padşahlarımızın kefini nə səbəbə sormuyaq? Biz öz qibləgahlarımızın niyə dərdinə qalmayaq? Məgər bizim öz Nikolayımız yoxdur? Məgər Şərqin məhəmmədəliləri ölübdürlər? Məgər şahzadə məhəmmədəlilər tək bircədirlər? Pəs hədd-hesabsız prinslər, xanlar, sultanlar, hakimlər və məmurlar Nikolaydan geri qalırlar? Bunlar keçəndən sonra rəs əmmaməli həşəratı nə eləyək? Pəs onlar nə vaxtadək cənnət, abi-kövsər vədəsilə bədbəxt islam camaatının qanını soracaqlar? Pəs nə vaxtadək avam camaatı məscid moizəsinə və imam mərsiyəsinə məşğul edə-edə elm-maarifdən və savaddan uzaq saxlayacaqlar?

Onunçün Nikolay padşahla o qədər işimiz yox idi; çünki bunu da görürdük ki, rus padşahı və Rusiya istibdadını bizdən də çox qüvvətli olan şimal və xaçpərəst qələm yoldaşlarımız iti qələmlərinin nişanəsinə qoymuşdular. Amma bizim qabağımızda dağ kimi duran istibdad, Şərq istibdadı və Şərq qaranlığı idi, şah və sultan istibdadı idi və şəriət zülməti idi, vətənimizin İran tərəfində sultanların, şahların “keyfmayəşa”sı idi, müctəhid və şeyxül-islamların cövlanı idi və xəlvət dərədə növ-növ tülkülərin bəyliyi idi. Və min-min bu qisim həşəratünsürlər meydanda özlərini tək görüb və camaatı cəhalət qaranlığında kar və kor görüb meydan sulamaqda idilər...

Hətta Nikolay səhldir. Bu bir padşahdır ki, bunu xoruza da oxşatmaq olar və hətta bunu vurub taxtından yendirmək də olar. Hətta şahlar da və sultan da qolaydır; bunları da yox eləmək olar. Digər əmmaməli şah və sultanlarımızı: pəs şəriətmədarları və fazilləri nə eləyək? Dindar camaatı hələ başa salmaq olar ki, şahsız və sultansız məmləkət şura üsulu ilə idarə oluna bilər. Pəs şəriətmədarlar və din mühafizləri barəsində avam camaata nə deyək? Və necə dindar adamı başa salaq ki, bunların vücudu nəinki lüzumsuzdur, hələ bəlkə məzərrətlidir.

Paho, nə danışırsan və kimin sözünü danışırsan? Sənin sözündən qan qoxusu gəlir. Kimin sözünü danışırsan? Mollaların? Axundların? Onlara bu minillərcə kimsə bata bilməyib. Hətta nikolaylara batan olubsa da, fazillərin sözünü danışmağa bir kimsə cürət eləməyib. Hələ “Şərqi-Rus” qəzeti əsrini demirəm ki, molla və axundların həmin cəridə ehtiramını da saxlamağı lazım görürdü. Hətta min doqquz yüz beşinci il oktyabrdan da sonra türk cəridələri mollaların nüfuzundan özlərini uzaq saxlaya bilmədilər. Və onların dindar ümmətlərinin və təbəələrinin xatirəsi üçün əksər övqat özlərini dinpərəstliyə də vururdular. Bakıda “Həyat” qəzeti öz baş məqalələrində osmanlı xəlifəsini islam ümməti üçün qibləgah qərar verirdi; şəriət hamilərini və qaziləri “həzrət” adlandırıb, kəmali-ehtiramla onlara təməllüq edirdilər. Və haman oktyabrın manifesti camaata azadlıqlar mücdəsini elan edəndən də sonra “Həyat” qəzeti Molla Əbutürab Axund oğlunun “Bizə hansı elmlər lazımdır” sərlövhəli kimi məqaləsini dərc edirdi. Və bu məqalədə müqəddəs əhli-qələmimiz yazırdı ki: “Bizim oxucularımız Avropa əhalisini insaniyyət və mədəniyyətdə dərəceyi-kəmala yetiriblər, amma mən deyirəm ki, Avropa əhalisi qanuni-siyasi ilahiyyədən azad olduqlarına görə eyni vəhşətdədirlər... hikməti-təbii bilməklə insan olmaq olmaz. Hikməti-ilahi ilə kamil olmaq insanı insan edər”. Girəm ki, bu sözlərə “Həyat” qəzeti sahibi o zəmanəyə görə kafi bir cavab veribdir. Ancaq bu məsələ barəsində mütəəssib və nadan islam camaatı mühitindəki Axund Əbutürablar məscid və minbərə iktifa etməyib, hələ genə qəzet sütunlarında da onlara yuxarı başda yer verirdilər.

Genə deyirəm ki, on yeddi oktyabrın azadlıq suru çalınanda və Nikolay padşahın şəkli xoruz şəklində jurnallarda çəkilən zaman mənim zehnimi məşğul edən o qədər sultanlar və padşahlar deyil idi, nə qədər ruhanilər idi. Çünki mən bilirdim ki, islam millətləri içində nə qədər ki şəriətin ehkamı caridir, nə qədər ki şəriət sahibləri məscid və minbərlərdən camaatı behişt və huri vədələri ilə iğfal etməkdədirlər və nə qədər ki avam müsəlman ümmətləri din mövhumatı içində çürüməkdədirlər, o qədər də onların gözü açılmayacaq ki, yaxşı ilə yamanı seçə bilsinlər və azadlığın qədrini bilə bilsinlər. Və bilməyincə də məlumdur ki, azadlıqların heç birindən istifadə edə bilməyəcəklər.

Vaqeən – necə ki, hal-hazırda – həmçinin o zaman, Şərqin qaranlığını təsəvvür edəndə insana elə bir təəccüb, heyrət üz verir ki, axırda əcayib bir şeyə gülən kimi, burada da insana bir mayeyi-gülünc və məzhəkə üz verir. Vaqeən, damın üstündə paltar sərən bir kəndli müsafirətindək geri qayıtmağına məgər gülməməkmi olar? Yaxud rəxti-xabda uzanıb gözlərini axıda-axıda dodaqları ilə dua vird edən bir xəstənin namaz qılmağı məgər gülünc deyil? Və belə gülünc bir zamanda, belə quli-biyabanı bir insanların tarixini yazmaq üçün, əhval və ətvarını təsvir etmək üçün məgər “Molla Nəsrəddin”in yaranmağı təbii deyil?

“Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets