Xatiratım
Contents
Page 16 of 26 · 58%
Və mətbəəni bu şərtlə təhvilə götürəndən sonra onu haman “Peskovki” küçəsində qonşuluqda qeyri bir münasib evə köçürtdük və mətbənin rəsmi surətdə “Qeyrət” mətbəəsi adı ilə adlandırıb başladıq onu müvafiq-qayda işlətməyə.
Və lakin mətbəəçilik o vaxtlar asan bir iş deyil imiş. Xüsusən bizim üçün ki, bu yolda heç birimizin heç bir təcrübəmiz yox idi. Və bu səbəbdən mətbəəni sazlamaq yolunda çox-çox səhvlər edirdik və bu səhvlər də bizə çox zərər verirdi. Odur ki, mətbəəni Peskovki küçədən qonşuluqda olan Krasnovodski küçəsinə köçürməyə məcbur olduq. Təzə köçdüyümüz ev ikimərtəbəli böyük bir bina idi. Alt mərtəbədə geniş otaqlarda mətbəəni yerləşdirdik. Üst mərtəbədə mən özümə mənzil qərar verdim. Eyni zamanda da üst mərtəbədə bir müxtəsər Leyli məktəbi əmələ gətirmişdik. Burada on beş-iyirmi şagirdə kimi cəm edib, bunları məktəblərə daxil olmağa hazırlayırdıq. Haman məktəbin də, – necə ki, “Qeyrət” mətbəəsinin də, – həmçinin rəsmi müdiri hökumət tərəfindən təkcə mən özüm idim. Buna da səbəb bu idi: həmin müəssisələri təsis etmək icazəsini o əsrin hökuməti bəlkə ancaq mənə verərdi və Ömər Faiqə verməzdi; bu cəhətə ki, mən hökumət, darülmüəlliminini bitirmiş bir cavan idim, amma Ömər Faiq Türkiyədə təhsil tapmış bir cavan idi və zənn edirəm ki, mətləb burada aşkar olur.
Xah mətbəə işlərimiz və xah məktəb işlərimiz bizə xeyli zərər verirdi. Çünki nə mənim və nə yoldaşım Faiqin maddi qüvvəmiz var idi, onunçün məxaricin və zərərin cümləsini üçüncü yoldaşımız Məşədi Ələsgər çəkirdi. Həmin Məşədi yoldaşımı hədsiz təşəkkürlərlə yad edirəm və deyirəm ki, bu yoldaşımız məşədi məsləkliyilə bərabər, o qədər ki maarifə və maarif yolunda xərc qoymağa həvəsi var idi, az bir qeyri məşədidə də belə həvəs ola bilər. Və hər hal, bizim “Qeyrət” mətbəəsinin möhkəmləşməyi yolunda da və pansionumuzun davamı yolunda da onun xeyli xərci çıxdı və bunlar hamısı onun üçün nəticədə zərərdən başqa bir özgə şey olmadı.
Mətbəəyə həmi kənardan sifarişlər qəbul edirdik, həmi öz əsərlərimizdən çap edirdik. Mən “Poçt qutusu”nu kitabça surətində çap etdirdim. Ömər Faiq “Qeyrət” adlı əsərini çapa verdi və bunlardan əlavə yomiyyə teleqrafları çap edib, əlahiddə vərəqələr surətində dağıdırdıq.
Bu vaxtlar rus-yapon davası axıra yetişdi. Amerikanın Port-smut şəhərində rus və yapon hökumətləri mabeynində sülh əhdnaməsi bağlanırdı və az qalırdı ki, əhalinin qulağı müharibənin top və tüfəng söhbətlərindən və tökülən minlərcə qanların müsibətindən xilas olsun. Bu heyndə erməni-müsəlman davası başlandı. Dünya yenə bir-birinə dəydi və ələlxüsus ki, biz. Çünki mətbəəmiz, məktəbimiz və mənzilimiz erməni məhəlləsində idi, xeyli rahatsızlıq çəkdik. Qabaqlarda, – nə qədər ki erməni-müsəlman toqquşması Qafqazın qeyri şəhərlərində idi, – ümid edirdik ki, bəlkə, Tiflisə sirayət etməyə. Elə ki Tiflisdə hökumət tərəfindən məxsus şeytanlar və provokatorlar bu misli olmayan səfahəti və bədbəxtliyi Tiflisə də gətirdilər, bizim halımız çox yaman oldu. Bir tövr şagirdləri və əhli-əyalımızı köçürtdük qeyri bir məhəlləyə və evimizdən çıxıb qaçdıq. Və lakin ermənilər tərəfindən mətbəəmiz zəbt olundu və olundu da, sabahısı azad olundu. İntəhasız təşəkkürlə yad edirəm haman iki nəfər erməni cavanlarını ki, erməni məhəlləsində bizə mühafiz oldular və mətbəəmizin özümüzə qaytarılması barəsində qərardad etdilər. Kim idilər onlar və hansı firqəyə qulluq edirdilər? – Bizə məlum olmadı.
Çün məqsəd burada erməni-müsəlman davasından rəvayət etmək deyil, onunçün bu söhbəti burada qoyub keçirəm əsl mətləbə. Ancaq bir nöqtə barəsində ikicə sətir də burada əlavə etmək istəyirəm:
Erməni-müsəlman ədavəti, bu iki qonşunun tarixində qara səhifələrdir və qanlı bir yadigardır. Və keçmişdə hər nə olubsa keçib gedibdir, ən səmimi qəlb ilə və etiqadi-tam ilə deyirəm ki, daha o qara günlər bizim məmləkətdə həmişəlik bir qəmli yadigar olar və ancaq yadigar olacaqdır. Və o bədbəxtliyi yaradan, ona ruh verən hökumət əbədi puç olan kimi, bu iki qonşunun və iki qardaşın dəliliyi də həmişə puç olub gedibdir. Ancaq məni nigaran edən nöqtə bu olur ki, erməni-müsəlman münaqişəsindən söhbət açdıqda mən erməniləri türk mətbəəsinə hücum edən və mətbəə sahiblərini öz mənzilindən qaçırıb, erməni sərkərdələrinə mütetəci olan qələmə verdim. Və əhyana buradan ona işarə olmaya ki, erməni milləti hər bir nöqtədə hücum edənlər imiş və türklər ancaq ermənilərin hücumunu müdafiə edənlər imiş.
Bu qədər var ki, bu yazı-pozular özü bir tarixdir və burada rəvayət olunan macəralar da, əlbəttə, tarixdir. Və çün burada qeyd olunan sözlər gələcəkdə müvərrixlər üçün, bəlkə də, xeyli lüzumlu bir material ola bilər, nə eyb edər ki, bəndeyi-həqir burada da bir mühüm məsələyə öz cavabımı səbt edəm. Aya, bu iki millətin bu ədavətdə bani hansı idi və müdafiəçi hansı idi və müqəssir hansı idi, məzlum hansı idi? Biz bu suala xah camaat içində və xah mətbuat vasitəsilə öz vaxtında yeri düşəndə lazımi cavab vermişik. Və hətta “Molla Nəsrəddin” məcmuəsinin birinci nömrəsində də bu ən mühüm və ən birinci məsələ barəsində öz nöqteyi-nəzərimizi elan etməyi lazım gördük. Məcmuəmizi yadda saxlayanlar və birinci nüsxəsini qeyb etməyib yadigar üçün saxlayanlar bilirlər ki, birinci nömrəsinin bir səhifəsində, sənə min doqquz yüz altıncı ildə aprel ayının altısında erməni-müsəlman davasının qızğın vaxtlarında biz bir belə şəkil çəkmişik: bir müsəlman kəndlisi öz inəyini bir rus soldatına təklif edir və əvəzində onun tüfəngini istəyir. Buradaca bir erməni kişisi yenə haman tüfəngli soldata bir paçka əskinas pul təklif edir və onun tüfəngini istəyir. Bu şəkil özü erməni-müsəlman davasında, bu il tayfanın bu davaya hazırlaşmaq həvəsini bərabər mizanda göstərir.
Və xah o vaxtlar, xah ondan sonra, illər uzunu bu iki qonşunun bir-birinə olan ədavətini və onların bir-birilə vuruşmağını tədqiq etdikdə bunu gördük ki, əgər burada bir qəbahət varsa, o qəbahətə bu iki millət müsavi surətdə şərikdir. Və əgər bunların birisi bigunah və məzlumdursa, o biri də habelə günahsızdır. Pəs niyə bunlar, qabaqlarda, əsrlər uzunu bir-birilə qardaşçasına dolanan iki qonşu birdən-birə yırtıcı heyvan olub, bir-birinin canına daraşdılar? Hər bir kəs ki, o vaxt rus-yapon davasının nəticəsində zəif düşən çar hökumətinin vəziyyətinə və politikasına vaqif idi, o vaxt görə bilərdi ki, erməni-müsəlman ədavəti Peterburq siyasətinə xeyli əlverişli bir məsələ oldu; çünki Qafqazın bu iki güclü millətləri öz içəri dərdlərinə mübtəla olanda, əlbəttə, dəxi Rusiya hökumətinin politikasına qarışmağa vaxt tapa bilməzdi. Və sonralar erməni-müsəlman davasının tarixini oxuyanlar və yıxılmış Nikolay arxivini qurdalayıb oradan gizli və sirli materiallar tapanlar elə bir sənədlərə rast gəldilər ki, o sənədlər aşkar bir dəlillərlə sübuta yetirdi ki, erməniləri müsəlmanların, müsəlmanları ermənilərin üstünə küşkürən tək bircə Rusiya hökuməti idi. Onunçün də bu iki qonşunun ən sədaqətli insan-dost və tərbiyəli ünsürləri, nə qədər bu ədavəti söndürməkdə təlaş etdilərsə, arada hökmfərma olan gizli şeytənət və provokasiyanın bərəkətindən bu zəhirmar ədavət uzun illər müddətində davam etdi və minlərcə günahsız zəhmətkeşlərin müsibətinə səbəb bir nagəhan bəla oldu.
Sənə min doqquz yüz beşinci ilin müddətində biz ancaq mətbəədə xüsusi sifarişlər qəbul etməyə və bir az müddət də teleqrafları çap edib paylamağa məşğul olduq. Zəmanə gəldikcə qarışırdı. Bir tərəfdən erməni-müsəlman davası bizi camaat işinə qarışmağa və iki millətin ədavətini söndürmək yolunda əlləşməyə məşğul edirdi, bir tərəfdən də Rusiya hökumətinin yapon müharibəsindən zəif düşdüyünü fürsət sayıb əzilmiş millətlər baş qaldırmağa başlamışdılar və hərə öz tələbatını ortalığa qoyub hökumətə ariz olmuşdu.
Bir qədər vaxt ruznaməyə sahib olmağa ümidimiz gəlmirdi; çünki keçmişdə minlərcə zəhmətə düçar olub, bağlanan türk cəridələrini nəzərə alıb bu barədə tamamən naümid idik. Bilirdik ki, türk mətbuatını gözləri götürməyən sansorlar, Qaraxanov və kişmişovlar hələ ölməyiblər. Və nə qədər ki onlar ölməyiblər və sansorluqda vardırlar, ruznaməyə izn ala bilsək də, bir şey yaza bilməyəcəyik. İzn almaq da çox çətin bir əmr idi. Bunu görürdük ki, Hacı Zeynalabdin kimi o əsrin pəhləvanı “Həyat” qəzetinə izn hasil eləmək üçün Peterburqa, padşah yanına Bakıdan xüsusi adam göndərməyə məcbur oldu. Və bunu da görürdük ki, icazə alsaq da, “Şərqi-Rus” kimi ya ruhaniləri təməllüq etməyə məcbur olacağıq ki qəzetimizə prixod mollaları abunə olsunlar, ya da “Məzhər” qəzetinin sahibi Kamal Əfəndi kimi gərək canişin həzrətlərinə birinci nömrəmizdə qəsidə oxuyaq ki, hökumət yanında hörmətimiz olsun.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-xatiratim
Use ← → keys to move, R for a random poem
More by this author
Necə ki, texnika elmində gündə bir Edison çıxır və gündə bir təzə ixtira eləyir və gündə bir təzə üsul tapır, habelə təbabətdə də – necə ki, məlumdur, – hərdən-bir təzə müalicə üsulu qulağımıza çatmaqdadır.Bu təzə müalicə üsullarının birini də bir neçə gün bundan qabaq Saray həkimi ixtira edibdir.
İran işləriGorun çatlasın, ay başıdaşlı, bir gözünü aç, gör, İran Azərbaycanından nə xəbərlər gəlir?.. Gör, zəmanə necə xarab olub? Gör insanlar necə qudurublar?Bu gün teleqraf xəbər verir ki, İran azərbaycanlıları Əhməd şaha məlum ediblər ki, əgər İrana qayıtmalı olsa, İran Azərbaycanı İrandan ayrılıb müstəqil cümhuriyyət əmələ gətirəcəkdir? Eşidin və agah olun, ey şahın gədaları!
AcıqnanProfessor Köprülüzadə danışdıqca mən də danışacağam.Oktyabrın 24-də professor Köprülüzadə ədiblər cəmiyyətində danışırdı. Söhbət Türkiyənin şairlərindən düşmüşdü. Axırda söz gəldi çıxdı Əbdülhəq Hamidə və Tövfiq Fikrətə. Burada əziz qonağın ağzından mən bir qəribə söz eşitdim: guya bu ədiblərin yazıları çətin yazılardır.
Dəxi nə istəyəcəklər?Doğrudan da, birisinin qabağından qaçdıqca daldan səni qovalayacaq.Sözüm İran azərbaycanlılarının barəsindədir.
Poems by other poets
Ey nəzakət çəməni içrə xüraman, gözəlim!Xubilik kişvərinin təxtinə sultan, gözəlim!
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
KəklikAy Salatın, bir bəri bax,Baxım gözəl gözə, kəklik.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,