Contents
  1. Namaz
  2. Meyit büsatı
  3. Şadlıq namazı
  4. Gecə namazları
  5. Sövm – orucluq
  6. “Molla Nəsrəddin”in birinci nömrəsi
  7. Məcmuəmizdə dil məsələsi
  8. Utanmadıq
  9. İstixarə
  10. Atalar sözü

Page 14 of 26 · 50%

Dekabrın axır günlərində azarlını gətirdik və o vaxtda təzə tikilmiş İrəvan dəmir yolu ilə Tiflisə tərəf yola düşdük.

Övrətimin əhvalı xarab idi. Onun sağlamlığına mənim gümanım çox az idi. Yeznəm də xeyli qəmgin görsənirdi və elə yadıma gəlir ki, İrəvanda ta o vədə Aleksandropol adlanan şəhərə kimi bircə söz də danışmadı. Azarlı da öz yerində uzanmışdı və bir söz danışmırdı. Yemək və içmək də istəmirdi.

Aleksandropoldan Tiflisə tərəf yola düşdüyümüz sübh vaxtı idi. Yeznəmin kefi bir qədər açılmışdı; buna da səbəb o oldu ki, bacısı da başladı az-az danışmağa. Oxşuyurdu ki, azarlının əhvalı nədənsə yaxşılığa tərəfdir.

Burada Məhəmmədqulu bəy bir qədər oyüzdən-buyüzdən söhbət edəndən sonra, mənim kefimi soruşdu və bunu da soruşdu ki, təzə yazı-pozudan yanında bir şey vardırmı? Mən dedim ki, bir şey yoxdur; amma burada yalan dedim. Bir ay bundan qabaq təzə yazdığım “Poçt qutusu” hekayəmin əl yazısı qoltuq cibimdə idi.

Dedim bir şeyim yoxdur. Ondan ötrü belə dedim ki, mən əsərlərini həvəslə ona-buna göstərən yazıçıları dost tutmaram, bəlkə, iyrənərəm. Və Allah şahiddir ki, mənim üçün ondan ağır bir təklif yoxdur ki, özün yazdığın bir yazını öz əlinlə çıxardasan və onun-bunun qabağına tutub nişan verəsən. Məni tanıyanların heç birisinin yadına gəlməz ki, mən asanlıqla öz əsərimi çıxardam bir kəsə göstərəm, ya bir kəsə oxuyam.

Onunçün də yeznəmə “yox” cavabını verdim. Amma gördüm ki, mənim bu cavabımdan sonra yazıq kişi başını saldı aşağı və genə qəmqüssəyə getdi; çünki bacısı da gözlərini yumub dəxi dinmirdi və digər tərəfdən də qatarların qaranlıq lağımlara girib çıxmağı da yeznəmin və azarlının övqət-təlxliyini dəxi də artırırdı. Onunçün də, doğrusu, yeznəmə yazığım gəldi və bu səbəbdən qoltuq cibimdən dəftərçəni çıxartdım və uzatdım yeznəmə tərəf. O da deyəsən yuxuda idi və yuxudan ayılan kimi, guya, xahi-nəxahi, əlini uzatdı və dəftərçəni aldı və könülsüz, yavaşca açdı və istəyirdi oxusun, vaqon girdi qaranlıq lağıma.

Xülasə... Bir vaxt, yadımdadır, gördüm ki, Məhəmmədqulu bəy öz-özünə gülür. Baxdım ki, “Poçt qutusu”nu oxuyur. Burada mən gördüm ki, bu hekayəciyim qaynımın xoşuna gəlir və gülə-gülə mənə dedi: – Sən bu hekayəni çox yaxşı yazmısan. Bu sözləri deyəndən sonra genə oxumağında və oxuya-oxuya gülməyində davam edirdi. Və qatar qaranlıq lağımlara girəndə qaynımın acığı da tuturdu ki, qaranlıq onun oxumağına mane olur.

Mən burada “Poçt qutusu”nun barəsində bu bir neçə sözü ondan ötrü yazıram ki, mənim bu hekayəçiyim söz yox, öz-özlüyündə elə də bir böyük əsər deyil ki, bu qədər tul və təfsilə layiq ola; ancaq burada mən “Poçt qutusu”nu ondan ötrü oxucuların nəzərinə gətirirəm ki, mənim bu hekayəm mənim ədəbi həyatımda bir əhəmiyyətli rol oynayıbdır. Bu da odur ki, bəlkə, bu hekayənin səbəbindən mən həmin bu müsafirətimdə Tiflisə azarlını apardıqda dəxi İrəvana qayıdıb gəlmədim və Tiflisdə qalıb sonra da həmişəlik tiflisli oldum. Bu da bu minvalla üz verdi.

Bir gün yol gedəndən sonra sabahısı günü varid olduq Tiflisə və düşdük İrəvan meydanının qabağında, məşhur Qafqaz mehmanxanasına. Haman gün də azarlını apardıq və qoyduq Mixaylovski müalicəxanasına ki, orada ona müalicə olunsun. Və ikimiz dəmən və yeznəm – müalicəxanadan çıxdıq şəhərə və nahar eləmək fikrinə düşdük, və üz qoyduq o vədə Tiflisdə birincilik qazanmış məşhur yemək evinə. Burada camaatın içində möhtərəm Məhəmməd ağa Şahtaxtlı əyləşmişdi, çörək yeməkdə idi. Bə bizi uzaqdan görən kimi durdu ayağa və bizi xoş-beş ilə apardı oturtdu yanında və bizim üçün də yemək sifariş verdi. Başladıq nahar eləməyə. Söhbət azarlıdan keçdi mətbuata və ədəbiyyata. Burada yeznəm cibindən “Poçt qutusu”nun dəftərini çıxartdı verdi Məhəmməd ağaya.

Genə deyirəm ki, belə işlər mənim məzaqımdan kənardır; necə ki, məni yavıq tanıyanlar bilirlər ki, nə deyirəm. Öz yazdığım yazını nə bir kəsə oxumaq istərəm, nə də ələlxüsus məclislərdə öz yazımı əl-əl göstərməyə razı olaram. Amma yeznəmin meyli və məramının qabağında heç vaxt etiraz etmək istəməzdim. Xüsusən bu günlərdə ki, bacısının babətindən onsuz o biçarə diltəng idi.

Məhəmməd ağa “Poçt qutusu”nu oxuya-oxuya elə bir qışqırıqla gülməyə başladı ki, burada qeyri çörək yeyənlərin diqqətini cəlb elədi. Mən yavıqdakı hovuzda üzən rəngarəng balıqlara tamaşa eləyirdim. Və yaxşı yadımdadır ki, Məhəmməd ağa güldükcə balıqlar suyun içində elə atılıb düşürdülər ki, deyəsən, o Allahın balaca heyvanlarının da Novruzəlinin avam və sadəliyinə gülməyi tutur.

Amma Allah şahiddir ki, mənim əhvalım heç yaxşı deyildi. Burada Məhəmməd ağa kitabçanı oxudu qurtardı, biz də naharı qurtardıq. Hamımız durduq və Məhəmməd ağa mənə təklif elədi ki, mən həmişəlik qalım Tiflisdə, dəxi İrəvana qayıtmayım və Tiflisdə qaldıqda, onun “Şərqi-Rus” qəzetində hekayənəvis, felyetonçu olum.

Hərçənd mən bir müəyyən söz demədim, çünki övrətimin dərdi məni elə almışdı ki, nə gələcəkdən və nə gedəcəkdən xəbərim var idi və nə İrəvanda qalmaq fikrində idim, nə də Tiflisdə qalmaq istəyirdim. Məhəmməd ağa öz dediyində elə bərk durmuşdu ki, küçəyə çıxandan sonra bir də gördüm ki, faytondayam. Getdik düşdüyümüz “Qafqaz” mehmanxanasına. Orada yeznəm yığışdı ki, vağzala gedib oradan gecə ilə İrəvana yollansın. Məni də və mənim əşyamı Məhəmməd ağa qoydu faytona və hamam gün də apardı mənzilinə ki, “Şərqi-Rus”un idarəsi orada idi. Haman küçənin adı o vaxt Peskovski küçə idi, indi bilmirəm, təzə nə ad qoyublar.

“Şərqi-Rus” naşiri və baş mühərriri Məhəmməd ağa Şahtaxtlı Naxçıvan şəhərinin yavıqlığında Araz kənarında məşhur bir qəsəbədəndir. Məşhur onunladır ki, bu qəsəbə bir çox sahib-mənsəb və ziyalıların vətəni olubdur. Məşhur xanəndə və bütün Qafqaz müsəlmanları içində mərsiyəxanlıqda birincilik qazanmış Hacı Molla Abdulla da bu qəsəbənin övladındandır. Haman Hacı Molla Abdulladır ki, hali-həyatda olan indiki ən şöhrətli qələm sahiblərimizdən birisinin atasıdır.

Məhəmməd ağanı mən cavan vaxtımda bir dəfə də Naxçıvanda görmüşdüm. Min səkkiz yüz doxsan dörddəmi-beşdəmi, bilmədim, Məhəmməd ağa nədən ötrü Naxçıvana gəlmişdi. Mənim o vaxt yazmış olduğum “Məhəmməd Həsən əmi”nin hekayəsi yoldaşlarımın içində danışığa düşmüşdü. Və Məhəmməd ağa təkid etdi və mən hekayəni apardım qoydum onun qabağına. O da başdan bir neçə vərəq oxudu və bəyəndi. Hətta bunu qeyd eləmək istəyirəm ki, haman hekayənin birinci səhifəsi rus hərfləri ilə yazılmışdı. O vədə şərqşünas və misyonerlərdən qazanlı Radlov Azərbaycan üçun bir yeni əlifba təklif eləyirdi. Bu ibarət idi rus hərflərindən. Ancaq rus hərfləri içində olmayan bir neçə sövt üçün yeni bir neçə hərflər icad etmişdi. Bu hürufatın nümunəsi o vaxtlar Qafqaz maarif idarəsi tərəfindən nəşr olunan “Qafqazı öyrənmə materialları” məcmuəsində hərdən bir çap olunardı. Mən, çün o vaxtlar cavan və rus siyasətindən bixəbər, haman Radlovun türklər üçün yeni əlifbasını təsdiq etdim. Və hətta məndən savayı Naxçıvanda bir neçə türk maarifçiləri də təsdiq edirdilər. Onların içində ən döşünə döyən Mirzə Məhəmmədqulu, o vaxt qəza naçalnikinin dilmancı idi. Haman mənim hekayəm “Məhəmməd Həsən əmi”nin birinci səhifəsi Radlovun rus hərfləri ilə yazılmış[dır].

Altı-yeddi il bundan qabaq (sənə min doqquz yüz iyirmi birdə) qeyri hekayələrimlə, Bakıda Maarif Komissarlığına pişnəhad etmişəm ki, orada çap olunsun. Sonra bilmədim necə oldu və harada qaldı.

Bunu buraya yazmaqdan mən onu qeyd etmək istəyirəm ki, ərəb hürufatına nifrət və yeni bir asan hürufata həvəs məndə hələ o vaxtlardan var idi. Sonra da – necə ki məlumdur, – mən həmişə yeni türk əlifbasını arzu eləyən və köhnə hürufatın ziddinə gedənlərdən oldum.

Məhəmməd ağa Şahtaxtlı çoxdanın adamıdır. İndi möhtərəm ədibimiz Bakıda yaşayır və Şura hökumətindən təqaüd (pensiya) alır. Qoca yazıçımız Şahtaxtının əyanındandır. Amma özü cavanlıqdan özünü təhsilə verdi və Şərq dillərini təhsil etməklə bərabər, Avropa lisanlarını da öyrəndi və xeyli vaxt Avropada da qaldı. Eşitdiyimə görə həvəsi və məşğələsi həməvəqt yazıçılıq olubdur və necə ki Avropada, oranın qazetlərində, habelə Rusiyada rus qəzetlərində həmişə iştirakı olubdur. Az vaxtda türkcə qəzet nəşr etmək zəmini qəbul etdi və illər uzunu bu yolda çalışdı və xeyli zəhmətlərdən sonra “Şərqi-Rus”u çıxartmağa nail oldu.

Məlumdur ki, o vaxtlar müstəbid Rusiya hökumətinin mənəm-mənəm bir dövründə ki, rus tayfasından savayı türk kimi kiçik bir millətə etina olunmurdu, türk dilində bir müstəqil cəridə intişarına yol vermək Peterburq hökumətindən heç gözləmək olmazdı. Xüsusən ki, İran və Osmanlı ilə həmsərhəd olan Qafqaz müsəlmanlarının maarifinin qüvvətlənməyinə ruslar heç bir vaxt yol vermək istəməzdilər. Bununla bərabər, Məhəmməd ağa qəzetinin icazəsini aldı və nə tövr aldı, bu mənə məlum deyil. Ancaq mənə, Məhəmməd ağanın vətəninin övladına, bu məlumdur ki, o vaxtlar ədibimiz qəzet məşqinə düşəndə, mən eşitdim ki, Məhəmməd ağa atadan qalma mülkünün öz hissəsini satıb on səkkiz min manata və bu pulu alıb gedib Tiflisdə qəzeq nəşr etsin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets