Xatiratım
Contents
Page 3 of 26 · 8%
Və bunlar keçəndən sonra həmə vəqt bekar qalanda başlardılar namazı. A balam, dəxi bu nə namazdı? Bu da atadan qalma namazdır; atanın qəza namazlarıdır ki, övlada onları əda etmək vacibdir.
Elə bu?
Mən xilaf ərz edə bilmənəm və o şey ki, uşaqlıqda görmüşəm, indi birbəbir nağıl eləyirəm. Və şayəd mən burada indi cızma-qaraladığım rəvayət gələcəkdə bir kəsə lazım ola və bu sətirləri oxumağın ona lüzumu ola və şayəd bu söhbət onlara təəccüblü görükə. Və lakin indi bu saat ki, haman uşaqlıq günləri ayın-şayın gözümün qabağındadır, mən o vaxt vətənimin cəmi mömün bəndələrini gecə və gündüz namaz üstə görərdim.
Söhbət buradadır ki, indiyədək yuxarıda saydığım namazlar ancaq vacibi namazlardır və məlumdur ki, vacibi namazlardan başqa müsəlman ümməti üçün sünnəti namazlar da təyin olunubdur. Bu da o namazlardır ki, onu qılmaq da olar, qılmamaq da olar. Yəni qılmamaq deyəndə necə qılmamaq? Əlbəttə, mümkündür qılmamaq və o da baxar insanın öz məzaqına və dindarlığının dərəcəsinə. Əgər sən istəyirsən o dünyaya iki üzü sulu gedəsən ki, heç bir yalançılığın qalmaya və ruzi-məhşərdə sual-cavab vaxtı hamıdan qabağa yeriyib dünyada tutduğun əməlin müqabilində özünə mükafat istəyəsən, onda, əlbəttə, vacibi namazlardan başqa sünnəti namazları da qılacaqsan. Zira bunların hamısının müqabilində sənə mükafat veriləcək və bunlar bihudə deyil.
Və nə qədər ki uşaq idim, bu işlərin mənasını o qədər dərk edə bilmirdim; ancaq axır vaxtlarda Molla Əlinin məktəbində Qurandan dərs alanda o yerə gəldik çatdıq ki, xudavəndi-aləm özü kitabında buyurubdur ki “fəmən yəmələ misqalə zərrətin xeyrə yərəhu və ilax...” Yəni indi sənə məlum oldu ki, vacibi namazdan başqa sünnəti namazlar da sənə nişan verilib. Əgər onları da əda etməzsən, mükafat da almazsan, əgər əda edərsən, onun da xeyrini görərsən və ilax. Onunçün də mənim dindar vətəndaşlarım vacibi namazlarından başqa, sünnəti namazlarından da dəxi boyun qaçırmazdılar.
Və yadımdadır ki, mərhum dayım, qonşumuz Məşədi Məmmədəli və sol tərəfdə mömün dəmirçi qonşularımız namaz qılan zaman görərdim ki, bunlar savayı yomiyyə namazından, genə namaz qılırlar. Hey namaz qılırlar. O vədə başa düşmürdüm ki, o dəxi nə namazdır; sonralar şəriət dərslərini dərk edəndən sonra başa düşdüm ki, əvvəla, günorta namazından qabaq səkkiz rükət nafilə [namazı] qılmaq lazımdır. Əsr namazından qabaq yenə səkkiz rükət nafilə namazı qılmaq lazımdır. Sonra dörd rükət məğrib namazı qılmaq sünnətdir. Gün batandan sonra ki, buna “vitrə” namazı dəxi deyilir. Sonra səkkiz rükət xiftən namazından sonra genə nafilə namazıdır. Sonra genə bir rükət “nafileyi-vitr” namazıdır. Sonra iki rükət namazi-nafileyi-sübhdür. Və hələ bununla təklif rəf olmur. Nafilə namazlarının hələ özünə məxsus duaları da vardır ki, onları da zikr etmək və tilavət etmək yenə vacibatdandır. Belə ki, həzrət imam Məhəmməd Bağır əleyhüs-səlamdan rəvayətdir ki, necə ki, öz iki gözünü əziz tutursan, zöhr vaxtı vacibi və sünnəti namazlar əda edəndən sonra onu bil ki, sənin imamın həmişə zöhr namazı əsnasında otuz dörd dəfə qül hüvəllahü əhəd” surəsini və bir dəfə “qül ya eyyühəl kafirun” surəsini tilavət etməmiş ayağa durmazdı. Və habelə gündəlik nafilə namazlarının yanında o qədər dua və surələrin oxunmağı təyin olunub ki, onları burada bir-bir zikr etmək istəsək, gərək hədsiz mürəkkəb və kağız burada sərf edək.
Burayadək söylədiyim məlumatı mən hələ uşaqlıqda təhsil etmişdim və səkkiz-doqquz yaşa çatanadək namazların qəvaidini, məzmununu və onları əda etməyi öyrənmişdim. Və hələ məktəbə getməmiş və savad öyrənməmiş namazın cəmi ibarələrini əzbər bilirdim, çünki bu sində namaz qılırdım. Və namazı qılmaq üçün heç savadın lüzumu yox idi. Necə ki, o vədə bu namazların cümləsini qılan mömün vətəndaşlarımın çoxu savadsız idi. Və burada savadın heç lüzumu yox idi. Səbəb bu ki, namazın və duaların mətn ibarələrini əzbərləyib, mənasını bilməyə-bilməyə namaz qılırdılar; necə ki, indi və həmişə qılırlar.
Bizə namazı təlim edən evimizdə hacı dayım idi və sonra da məktəbdə müəllim Molla Əli idi. Hacı dayımın heç savadı yox idi.
Amma Molla Əli, çün Nəcəfül-Əşrəfdə təhsil tapmışdı, alim adam idi. Hacı dayım cəmi namazların, duaların və surələrin ibarəsini elə təkmil əzbərləmişdi ki, güman edə bilməzdin ki, bu kişi adını yaza bilməzdi.
Hacı dayım əlli-əlli beş yaşında bir kişi idi. Amma elə qocalmışdı ki, namazın rüku və sücudunu hıqqana-hıqqana əda edə bilərdi. Bununla bərabər o qədər mömin və o qədər namaz qılan idi ki, səhərdən-axşamadək səccadə qabağında namaz qılardı. Və binəva mən və xaloğlum Əhməd uşaq vaxtlarımızda, yəni anlamaz vaxtlarımızda ona baxıb gülərdik, amma sonralar, bir tərəfdən dayım bizi döyə-döyə qorxutdu və bir tərəfdən də məscidlərdə vaizlərin cənnət və cəhənnəm moizələrinin təsiri altında başladıq yavaş-yavaş ağıllanmağa. Və səkkiz yaşında olanda mən – necə ki, yuxarıda ərz olundu, – yomiyyə namazlarını qılmağa başlamışdım. Amma xaloğlum Əhməd şalapay çıxdı və özünü binamazlara yavıq saxladı. Onun səbəbi bu idi ki, Əhmədin yeznəsi rus dərsi oxumuşdu və o rus dərsi oxuyan binamaz (adı Mirzə Ələsgər idi), deyirdilər nə özü namaz qılırdı, nə uşaqları qoyurdu qılsınlar.
Dayım bu barədə məni bərk saxladı. Və doğrudur, özü qıldığı cəmi namazları mənə qıldırmazdı, ancaq anama qıldırardı. Amma yomiyyə namazını məndən bərk tələb edərdi. Qalan namazları da ancaq mənə təlim etmək istərdi ki, yekəldikcə mən də onları yavaş – yavaş qılım. Və indi bu saydığım namazların cümləsini və onların cəmi ibarələrini və hətta quranın namaz vaxtında tilavət olunan cəmi surələrini mən indiyədək əzbər bilirəm. Və mənim bu elmim, əvvələn, dayımın tərbiyəsi nəticəsidir, saniyən, müdərris Molla Əlinin mənə verdiyi dərslərdən mənə hasil olubdur.
Bununla bərabər mən və Əhməd, hərçənd uşaqlıqda fanatik dərəcəsində mömin idik, dayımın dindarlığına və bizə həddən ziyadə nəzərə gələn namazpərəstliyinə gah doğrudan da uşaq kimi gülərdik və dayım namazda olanda çün danışa bilməzdi ki, namazı batil olmasın, – ancaq bir neçə dəfə “Allahü əkbər” çığırardı və gözlərinin yanı ilə elə acıqlı baxardı ki, biz bilərdik ki, bizimkini bizə verəcəkdir. Məsələn, bir gün gəldik, gördüm dayım yenə namaz üstədir. Günortadan bir-iki saat keçmişdi. Və bildim ki, bu namaz zöhr namazı deyil, çünki zöhr namazını dayım başlayanda elə başlardı ki, müəzzin Molla Kərim (ya sonralar Molla Baxşəli) minarədən yerə düşsün.
Gözlədim, dayım namazını qurtardı. Eləcə xəta oldu ki, dayımdan bu namazın hansı namaz olduğunu soruşdum. Burada rəhmətlik, əvvələn, başladı məni məzəmmət eləməyə ki, mən on bir yaşa çatmışam və hələ indiyədək “Cəfəri-təyyar” namazını eşitməmişəm. Və başladı mənə çox bir tənəli və acıqlı səslə vəz etməyə ki, “Cəfəri-təyyar” namazı dörd rükətdir. Və əvvəlinci rükətində iki dəfə salam zikr olunur. Fatihə surəsindən sonra “iza zül-zülət” surəsi oxunur və ikinci rükətində fatihədən sonra “qül hüvəllahü əhəd” və rükudan qabaq on beş dəfə oxunur: “sübhanallah əlhəmdülillah və lailahə-illəllah və Allahü əkbər”. Və dəxi nə gərək oxuna və neçə dəfə nə oxuna... Və bu çarə qoca dayım başladı genə neçə dəfə “sübhanallah vəllahü əkbər” dualarını saymağa.
Yadımdan çıxmır ki, burada xaloğlum Əhməd başladı gülməyə. Dayım başmaq tayını götürdü atdı onun dalıyca. Başmaq tayı getdi Əhmədin əvəzində dəydi dayıcanımın alnına. Biçarə arvad əlini alnına basıb elə oradaca qaldı.
Bir qədər keçdi, dayım qəlyan istədi və bilmirəm həmin övqattəlxlikdənmi səbəb oldu, ya qeyr bir səbəb oldu, ancaq dayım bir qədər yumşaldı və məni yavıq çağırıb başladı nəsihətini:
– Bala, sən hələ uşaqsan. Mən demirəm ki, bu namazların hamısını sən də gərək qılasan, çünki sən hələ uşaqsan, qıla bilməzsən, hamısını qıla bilməzsən. Və dünən hacı Molla Tağı məsciddə moizə eləyəndə fərmayiş buyurdu ki, uşaqlara bu namazların hamısı caiz deyil. Ancaq sənə yomiyyə namazını qılmaq kifayətdi, amma bəşərtiha-bəşərtiha ki, qəzaya qoymayasan. Yoxsa doğrusu dünən mən səndən çox incidim; çünki dünən gün qalxmışdı, sən hələ, qırışmal, şirin yuxuda idin.
Dayım qəlyanı sümürüb baxdı üzümə və bilmirəm nə fikir elədisə arvadının kefini soruşdu və mənə dedi:
– Bala, heç eyib eləməz ki, insan dünyada elmli ola. İndi mən görürəm ki, sən hələ namazların daha pisini-yaxşısını bilmirsən, amma indidən bilməyin heç eyb gətirməz. Zira ki, o vaxt ki, özünü tanıdın, yekəldin, – bir də görəcəksən ki, sənin boynunda böyük təkliflər var. Məsələn, bax, indi mən sənə “Cəfəri-təyyar” rəziyəllahın namazını təlim etdim. Sən elə güman eləmə ki, namazlar tək bununla qurtardı, getdi. Onu heç kəs demir ki, dəxi yoxdur, onu bircə binamazlar deyə bilərlər. O adamlar deyə bilərlər ki, yavaş-yavaş onların qəlbi gəldikcə kəsafət bağlayır. Onlar istəmirlər ki, bunu bilələr və başa düşələr ki, bu beş günlük dünya ibarətdir Allah-taalanın göstərdiyi yol ilə getməkdən və Məhəmməd rəsulullah bizə gətirdiyi şəriəti əziz tutmaqdan. Və bu şəriətdə bizə çox-çox namazlar təyin ediblər ki, onları biz əda etməsək, vallah, billah, taalah bizə qeyri bir nicat yolu yoxdur, yox, yox, yox. Pəs dəxi o hansı namazlardır?
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-xatiratim
Use ← → keys to move, R for a random poem
More by this author
Necə ki, texnika elmində gündə bir Edison çıxır və gündə bir təzə ixtira eləyir və gündə bir təzə üsul tapır, habelə təbabətdə də – necə ki, məlumdur, – hərdən-bir təzə müalicə üsulu qulağımıza çatmaqdadır.Bu təzə müalicə üsullarının birini də bir neçə gün bundan qabaq Saray həkimi ixtira edibdir.
İran işləriGorun çatlasın, ay başıdaşlı, bir gözünü aç, gör, İran Azərbaycanından nə xəbərlər gəlir?.. Gör, zəmanə necə xarab olub? Gör insanlar necə qudurublar?Bu gün teleqraf xəbər verir ki, İran azərbaycanlıları Əhməd şaha məlum ediblər ki, əgər İrana qayıtmalı olsa, İran Azərbaycanı İrandan ayrılıb müstəqil cümhuriyyət əmələ gətirəcəkdir? Eşidin və agah olun, ey şahın gədaları!
AcıqnanProfessor Köprülüzadə danışdıqca mən də danışacağam.Oktyabrın 24-də professor Köprülüzadə ədiblər cəmiyyətində danışırdı. Söhbət Türkiyənin şairlərindən düşmüşdü. Axırda söz gəldi çıxdı Əbdülhəq Hamidə və Tövfiq Fikrətə. Burada əziz qonağın ağzından mən bir qəribə söz eşitdim: guya bu ədiblərin yazıları çətin yazılardır.
Dəxi nə istəyəcəklər?Doğrudan da, birisinin qabağından qaçdıqca daldan səni qovalayacaq.Sözüm İran azərbaycanlılarının barəsindədir.
Poems by other poets
Ey nəzakət çəməni içrə xüraman, gözəlim!Xubilik kişvərinin təxtinə sultan, gözəlim!
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
KəklikAy Salatın, bir bəri bax,Baxım gözəl gözə, kəklik.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,