Xatiratım
Contents
Page 4 of 26 · 12%
– Qulağın məndədi, ya yox? Əvvələn, həzrət peyğəmbərin namazıdır ki, ibarət ola iki rükətdən: hər rükətdə bir fatihə və on-on beş dəfə “inna ənzəlna: oxuna gərək, habelə rükuə gedəndə on beş dəfə “inna ənzəlna”, habelə hər dəfə rükudan və sücuddan qalxdıqda on beş dəfə “inna ənzəlna” oxuna gərək. Bu bir. İkinci, həzrət əmirəlmömünin namazı dörd rükətdir ki, hər rükətdə bir dəfə fatihə və əlli dəfə “qül hüvəllahü əhəd” oxuna gərək. Üçüncü, həzrət Fatimeyi-Zəhra namazıdır. Bu da iki rükətdir. Burada fatihədən sonra [gərək] yüz dəfə “inna ənzəlna” və yüz dəfə “qül hüvəllahü əhəd” oxuna. İkinci rükətdə bu saydıqlarım gündəlik namazlardır. Dördüncü, mahi-mübarək Rəməzan ayının nafilə namazlarıdır ki, ibarət olsun min rükətdən ki, bunun təfsilatını inşallah Rəməzan ayı daxil olanda sənə nağıl elərəm. Sonra qulağın məndə olsun, – bu saydığım namazlardan savayı, islam ümməti üçün genə bir çox namazlar qərar verilibdir. Məsələn, nəmazi-məbəs ki, rəcəb ayının iyirmi yeddisindədir ki, ibarət ola on iki rükətdən. Sonra bösət namazı, on iki rükət mübahilə namazıdır ki, zilhiccənin iyirmi dördündə qılınır. Sonra ziyarət namazıdır, rəğayib namazıdır, şəbanın on beşinci gecəsinin namazıdır, rəcəbin on beşinci gecəsinin namazıdır, eydi-mahi-rəməzan namazıdır, qəflət namazıdır, səfər namazıdır, tövbə namazıdır, aşura namazıdır, eydi-novruz namazıdır...
Burada məni yuxu tutur.
Çün bu sətirləri oxuyan mənim möhtərəm oxucularım, şəkk yox ki, burada rəvayət olunan keyfiyyətlərə inanacaqlar, çünki Allah şahiddir ki, burada bir zərrə qədər xilaf yoxdur, elə də onlar görəcək ki, mənim haman qaranlıq əsrimin mömün müsəlmanları gecə və gündüz vaxtlarının çox hissəsini namaza həsr etmişlər. O ki qaldı mənim kimi uşaq tayfası, onların da bir paraları – necə ki, mən biçarə, – atalarının və əmilərinin təsiri altında bu namazların cümləsini də olmasa, çox hissəsini qılmağa məcbur olurdular. Ancaq bu söhbət ilin adi on bir ayı barəsindədir.
Amma bunu mən indi də qorxa-qorxa deyirəm ki, ilimizin aylarının içində bir şərafətli ay var ki, haman ayı indi mən yadıma salanda canıma lərzə düşür. Amma o vaxtlar mən də qeyri mömün bəndələr cərgəsində haman mübarək ayın daxil olmağını damların üstündə istiqbal edirdik. Haman şərafətli ayın adı mahi-mübarəki-rəməzandır. Və o ay mənim üçün indi böyük bir yadigardır. Səbəb budur ki, indi mən düşünürəm ki, o mübarək ayın mənə və mənim əziz valideynimə xeyri o olubdur ki, o biçarələr və həmçinin vətənimin onlar tək binəvaları haman mübarək ayın uzun gecələrini yatmayıb səhərə kimi namaz qılıblar. O namazların adı nafileyi-mahi-mübarəki-rəməzandır. Bu namazların qeyri vacibi və sünnəti namazlara nisbətən təfavütü budur ki, onların genə rükətinin sayı və hesabı var; amma Rəməzan ayının nafilə namazlarının haqq-hesabı yoxdur. Çünki Fazili – Dərbəndinin rəyincə, Rəməzan ayının birindən on doqquzunadək hər gecə üç yüz rükət namaz gərək qılasan. Amma müctəhid Məməqaninin risaləsində nafileyi-mahi-mübarəki-rəməzanın qədəri birindən on doqquzunadək hər gecə həştad rükət yazılır. Ancaq nuzdəhhüm, bistü yekküm və bistü seyyüm gecələri hər gecə üç yüz rükət yazılıbdır.
Və bunu mən kəmali-sədaqətlə ərz edirəm ki, mən uşaqlıqda rəməzanın uzun gecələrini rahat yatmamışam və nə qədər ki, namazı qılmağı təlim almamışdım, dayımın və valideynimin etikafına tamaşa edirdim. Və uşaqlığımın şirin yuxusu gəlib məni basanda cəhənnəmin əqrəblərinin qorxusundan gözlərimi açardım və görərdim ki, dayım, atam, anam və qonşuluqda yaşayan yenə bir neçə mömün və mömünələr namaz qılırlar. Axşamdan-səhərə kimi namaz qılırdılar; nafilə namazını qılardılar.
Və elə ki, axırda mən də böyüyüb on iki-on üç yaşa çatdım, mən də haman Rəməzan gecələri, mömün və mömünələrlə nafilə namazlarını qılmağa şərik oldum və şərik olduqda, söz yox, cənnətin naz və nemətlərinə də şərik oldum. Haman cənnətin ki, “tücri min təhtihəl-ənhar”, hələ bəlkə “əzvaci mütəhhirə”. Dəxi o vaxt əzvacın da mənasını mənə dindar müdərrislərim öyrətmişdilər.
Bu söhbətlər hələ Rəməzanın birindən on səkkizinədəkdir. O ki qaldı Rəməzanın on doqquzundan axırınadək, bu barədə də müfəssəl söhbətimi orucluq dəsgahının rəvayətinə buraxıram ki, bundan sonra ərz olunacaqdır.
Söz buradadır ki, bu qədər əhəmiyyət ki, Rəməzanın qoqquzundan axırınadək verilir, bu qədər nafilə namazı ki, ibarət olsun gecədə üç yüz rükətdən ki, on doqquzundan axırınadək hər gecə qılınır, – bunun əs1 illəti buradadır ki, hər Rəməzanın həmin hissəsinin gecələrinin biri qədr gecəsidir ki, islam ümməti indiyədək haman qədr gecəsini axtarmaqdadır. Və bunu indi qeyd edirəm ki, haman gecəni bu günə kimi mömün bəndələr hələ yenə tapmayıblar.
Və lakin çün qədr gecəsinin söhbəti Rəməzan söhbətinə daxildir, bu təfsilatı gələn hissəyə buraxıram və keçirəm genə namaz fəqərəsinə.
Qurtardımı namazlar? Və indiyədək söylədiyimiz namazları əgər bir nəfər mömün bəndə qılıb qurtarmış olsa, dəxi onun üçün genə qılınmamış namaz qalıbdırmı, ya yox? Baxaq görək.
Və mən bu sətirləri indi yazanda özüm də deyirəm bəlkə dəxi qurtardı getdi? Bəlkə dəxi bu qədər namazları ki mənim mömün vətəndaşlarım və din qardaşlarım o vədə qılırmışlar, bəlkə dəxi bununla onların təklifi qurtarır? Bəlkə indi onları əməli-salehlər cərgəsinə daxil etmək olar? Bəlkə dəxi bu namazlardan başqa, Allah-taala dəxi onlardan qeyri bir namaz tələb eləmir?!
Heyhat! Sənin xaliqin səni xəlq etməyibdir, məgər ondan ötrü ki, onun sirlərini dərk etməyə qadir olasan! Və illa hər bir mövcudatın bir müəyyən təklifi vardır və cəmi kainat ki, xudavəndi-aləm tərəfindən vicuda gəlibdir, bunların hərəsi bir amil dərəcəsindədir ki, təbiətin ehkamını hər bir yaranmış öz dairəsində əmələ gətirsin. Və bu dəsgahın genə əvvəl və axır sahibi necə ki, cəmi vacibül-vücudun xaliqi olan pərvərdigari-aləmdir ki, gözə görünməyən mənbədən və idrakımız çatmayan göylərdən yer üzünə barani-rəhmət göndərir.
Haman barani-rəhmət ki, mənim zavallı vətənimdə necə ki, Kərbəla meydanında o baranın bir qətrəsi abi-həyat mənziləsində idi, bunun illəti o idi. Mənim o vədəki vətənimin zariləri, suyun qıtlığından yay zamanları gecə və gündüz əlləri duada, barani-rəhmət gözlərdilər və şəhərin də əhalisi gecə və gündüz meyvə ağaclarını və səbziyyatı suvarmaq üçün gecə və gündüz əlləri duada Allahdan yağış istərdilər, yağış həftələrlə və bəlkə aylarla yağmazdı. Və təbiətin susuzluqdan bitkiləri qurudub yandırmaq xasiyyətini genə Allah-taala özü təyin edibdir. Niyə təyin edibdir, özü bilər. Və girəm ki, təbiətin bu xasiyyəti vücudilə hədsiz və hesabsız mömün bəndələrin və məsum əkinçi əhalinin məhsulatı quruyub yanacaqdır və insanlara bu quraqlıqdan qıtlıq və aclıq üz verəcəkdir və zavallı zəhmətkeşlərin zəhmətləri səmərəsiz qalacaqlar və bu aclıqdan bir çox uşaqlar ağlayacaq, – bunlar hamısı öz yerində; bunlar genə haman cənab Allahın öz işidir. Və biz bəndələrin təklifi genə dinməməkdir. Və o dəqiqə mənim zavallı vətəndaşlarımın təklifi genə dinməmək idi və necə ki, dinmirdilər.
Bari-pərvərdigara, bəs sənin onlara necə rəhmin gəlmir? Onlar ki, sənin yolunda bir gecə və gündüzün ərzində neçə yüz rükət namaz qılırlar. Onların alınlarında möhr yer eləyibdir. Onlar hətta nafilə namazlarını sənin qorxundan cabəca edirlər. Bəs zəhi nainsaflıqdır ki, sən onların ziraətini yandırasan və namütənahi yarış anbarlarından mömün bəndələrinə müftə yağışını müzayiqə edəsən! Niyə belə eləyirsən? Yoxsa onların həddi və hesabı olmayan dindarlıqlarına, qorxaqlıqlarına və savadsızlıqlarına və məlumatsızlıqlarına arxayınsan? Ona arxayınsan ki, bu işlərin mahiyyətini və sirrini duymayacaqlar? Çünki onlar bilməyənlərdir!
Xudaya, ləbbeyk! Bizə yağış!
Bə yadıma salıram o günləri ki, şəhərimizin əhalisi zirü-cavan, kişi və övrət, qoca və uşaq, hətta dördayaqlılar, şəhərin kənarına axışıb getməkdədir. Bir həngamədir ki, gəlib görəsən!
Xudaya, bizə yağış!
Şəhərin bütün əhalisi şəhərin kənarında, səhradadır. Bu gün düşənbədir. Hamı orucdur. Və mən də və mən tək cəmi səkkiz yaşındakı uşaqlar da orucdur. Üç gündür ki, orucuq. Axund Molla Tağı, yəni şəhərimizin birinci vaizi və qazısı və fazili şənbə günündən xəbər veribdir ki, üç günü – şənbəni, yekşənbəni, düşənbəni cəmi mömünlər oruc tutsunlar ki, bu gün, düşənbə günü, yəni üçgünlük etikafdan sonra müsəllaya çıxsınlar. Bu gün şəhərin cəmi insanları səhraya köçməkdədir. Hamı pay-piyada, ayaqyalın və hətta dizə kimi çərmənmiş... havanın şiddətli istisinin, yayın gününün təsirindən yerə ayaq basmaq mümkün deyil. Gör nə qiyamətdir ki, bütün yayı havaya nəinki rütubət, bəlkə bir parça da bulud gəlməyib. Cəmi nəbatat quruyub xəzəl olmaqdadır.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-xatiratim
Use ← → keys to move, R for a random poem
More by this author
Necə ki, texnika elmində gündə bir Edison çıxır və gündə bir təzə ixtira eləyir və gündə bir təzə üsul tapır, habelə təbabətdə də – necə ki, məlumdur, – hərdən-bir təzə müalicə üsulu qulağımıza çatmaqdadır.Bu təzə müalicə üsullarının birini də bir neçə gün bundan qabaq Saray həkimi ixtira edibdir.
İran işləriGorun çatlasın, ay başıdaşlı, bir gözünü aç, gör, İran Azərbaycanından nə xəbərlər gəlir?.. Gör, zəmanə necə xarab olub? Gör insanlar necə qudurublar?Bu gün teleqraf xəbər verir ki, İran azərbaycanlıları Əhməd şaha məlum ediblər ki, əgər İrana qayıtmalı olsa, İran Azərbaycanı İrandan ayrılıb müstəqil cümhuriyyət əmələ gətirəcəkdir? Eşidin və agah olun, ey şahın gədaları!
AcıqnanProfessor Köprülüzadə danışdıqca mən də danışacağam.Oktyabrın 24-də professor Köprülüzadə ədiblər cəmiyyətində danışırdı. Söhbət Türkiyənin şairlərindən düşmüşdü. Axırda söz gəldi çıxdı Əbdülhəq Hamidə və Tövfiq Fikrətə. Burada əziz qonağın ağzından mən bir qəribə söz eşitdim: guya bu ədiblərin yazıları çətin yazılardır.
Dəxi nə istəyəcəklər?Doğrudan da, birisinin qabağından qaçdıqca daldan səni qovalayacaq.Sözüm İran azərbaycanlılarının barəsindədir.
Poems by other poets
Ey nəzakət çəməni içrə xüraman, gözəlim!Xubilik kişvərinin təxtinə sultan, gözəlim!
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
KəklikAy Salatın, bir bəri bax,Baxım gözəl gözə, kəklik.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,