Contents
  1. Namaz
  2. Meyit büsatı
  3. Şadlıq namazı
  4. Gecə namazları
  5. Sövm – orucluq
  6. “Molla Nəsrəddin”in birinci nömrəsi
  7. Məcmuəmizdə dil məsələsi
  8. Utanmadıq
  9. İstixarə
  10. Atalar sözü

Page 10 of 26 · 35%

Şiraz müsəlmanlarının belə hirs ilə namaza hazırlaşmağı, demək olar ki, indi gözümüzün qabağında hazırda müşahidə olunur. Mənim də uşaqlıq əsrimin qaranlıq günləri bundan əlli il qabaq idi. Şirazın müsəlmanlarının dindarlığından bir-iki sətir rəvayətin bir böyük mənası var. Mənası budur ki, əlli il bundan qabaqkı müsəlmanlıq dəliliyilə əsri-hazırımızda haman Şiraz, ya qeyri bir islam camaatının dəliliyində heç fərq yoxdur.

Hər nə təfavüt görməli olsaq, genə bundan sonra görməli olacağıq. Və hər nə ümid varsa, bundan sonra olacaqdır. Əvvəl və axır ümidimiz genə sosializm inqilabınadır. Əvvəl və axır ümid onadır ki, həmin sosializm bayrağı altında və sosializm şüarı təhtində islama sitayiş edən millətlər (və habelə qeyri dinlərə sitayiş edən millətlər) dünya elmlərini təhsil edib və cəmi din və dinçilərin mövhumat və xurafatından agah olub birdən-birə azandan da əl çəkələr, müəzzindən də əl çəkələr və namazların cümləsini – vacibi namazları da, sünnəti namazları da, ağ yel və qara yel namazlarını da və cəmi nafilə namazlarını da – bir çuvala doldurub Araz və Kür daşan zamanı suya axıdalar, qoysun getsin işinə. Bununlamı qurtarır namaz büsatı?

Pəs namazın müqəddəmatı? Pəs vüzu (dəstəmaz) məsələsi? Pəs mütəhhirat məsələləri? Qüsl və təyəmmüm təfsilatı?!

O kəs ki Camei-Abbas kitabında dərc olunan həmin şəriət ehkamından xəbərdar deyil, o kəs bu yazılan mətləbi layiqincə başa düşməyəcək. Bunu o kəs başa düşə bilər ki, əlli il bundan qabaq “Came” kitabını mən biçarə tək mədrəsədə gündüzlər təhsil edəndən sonra axşamlar valideyni və qohum-əqrəbası tərəfindən həyata tətbiq etmək məcburiyyətində olubdur.

Tək bircə dəstəmazın (ərəbcə vüzuun) macərası “Şahnamə”dən tul və təfsillidir... Hər kəs Mirzə Əbdül Qasım müctəhidin “Murşidil-əvam” kitabından xəbərdardır, o, bircə o bilər ki, namazın müqəddəmatına iman sahibi müsəlmanlar nə qədər vaxt sərf edə idilər gərək (necə ki, indi də edirlər).

Qüsl, təyəmmüm, adabi-təharətxana, nəcasatın qismləri, mütəhərratın qismləri, dəstəmazın adabı...

Ağlınıza nə gəlir, asandırmı, məsələn, dəstəmaz almaq? Əgər sən desən asandır, mən səndən sual edərəm ki, əlləri nə cür yumaq lazımdır? Yəni mirfəq məsələsini (dirsək məsələsini) sən bilirsən, ya yox? Yoxsa bunu səhl sayırsan? heç eşitmisənmi ki, bu barədə neçə-neçə məclislərdə, məhfillərdə, üləma va füzəla mabeynində qurtarmayan mübahisə və bəlkə münaqişələr üz veribdir? Asanmı sanırsan dirsək məsələsini?

Əgər yadıma gələn bir əhvalatı burada söyləsəm, ola bilər ki, sən gülünc hesab edəsən. Amma bunu lazımdır bilmək ki, o vədə mömin vətəndaşlarımın ibadət və riyazəti həmin sən gülünc saydığın məşğələlərdən ibarət idi.

Bir gün gedirdim məktəbə dərsə. Şəhərimizin Zaviyə məscidinin qabağında bir neçə şəxs əyləşmişdilər; ikisinin ismi-şərifləri yadımdadır: Hacı Nəcəf və Hacı İmamqulu. Qalan iki-üç nəfər də mənim məhəllə əhllərim idi; amma adları yadımda qalmayıbdır.

Hacı İmamqulunun sol əli dirsəyə kimi çirməkli idi. Hacının qıllı qara əli bu saat yadımdadır. Qalan möminlər Hacı İmamqulunun başına doluşub dirsəyinə baxırdılar. Mən də yavıq getdim. Məlum oldu ki, burada vüzu məsələsini həll edirlər ki, aya, barmaqları dirsəyin harasından qoyub yumaq lazımdır və əlin neçə barmağını dirsəyin üstə qoymaq lazımdır? Və Hacı İmamqulu sağ əlinin, bilmirəm, neçə barmağını qoymuşdu sol əlinin dirsəyinin üstə və özü də başını əymişdi diqqətlə öz dirsəyinə tamaşa edirdi. Möminlərin biri deyirdi:

– Yox, yox! Hacı Ağa, səhvin var, Ağayi-Cəbəli belə fərmayiş etməyibdir. Gərək barmaqlarını belə qoyasan.

Bu sözləri deyəndən sonra həmin mömin, çün Hacı İmamqulu onun təklifinə əməl eləmədi, öz sol əlini çirmədi və sağ əlini dirsəyinin üstə qoyub dedi:

– Bax, belə lazımdır.

İndi də tamaşa edən möminlər bunun başına doluşdular və bunun dəstəmaz təliminə qulaq asdılar. Möminlərin bir-ikisi “bəli, belədir” deyirdi; amma o biriləri razı olmurdu.

Çün dərsimin vaxtı keçirdi, mən getdim məktəbə. Günortadan iki, ya üç saat keçmiş qayıtdım və gördüm ki, həmin möminlər, yəni Hacı Nəcəf, Hacı İmamqulu və qalanları haman Zaviyə məscidinin səkisində, haman yerdə oturublar. Yenə yavıq getdim və indi də gördüm ki, Hacı Nəcəf dəstəmaz məşqi eləyir; yəni sağ əlini çirməyib, sol əlini qoyub dirsəyinə və dəstəmaz alan kimi dirsəyini sığallayır. Qeyri möminlərin yenə kimisi deyir: “Bəli, bəli, belədir”, amma qalanı deyir: “Xeyr, Ağa Bağır Məclisi belə fərmayiş etmir”.

Yadımdadır ki, mən məktəbə getməyimlə qayıdıb indi bura gəlməyimin arası olardı laəqəllən beş saat. Yəni tamam bu beş saatın ərzində mənim haman müqəddəs vətəndaşlarım burda əyləşib məhz bu məsələnin həllinə məşğul idilər ki, aya, dəstəmaz alan zaman sol əlin barmaqları sağ əlin dirsəyinin harasını yusun gərək. Və bu barmaqları beləmi tutmaq lazımdır, ya eləmi tutmaq icab edir?

O vaxt mömin din qardaşlarımı həmin dini məşğələlərinə bir oturuma beş saat sərf edən görəndə və qeyri ibadət və riyazətlərinə genə çox-çox saatlar sərf edən görəndə, dəxi bir məsələyə diqqət verə bilmirdim ki, pəs onlar əmri-məişətləri üçün ruzi qazanmağa hansı vaxtlarını və günün və ya gecənin hansı vaxtını sərf edirlər.

Amma o vədənin işlərini indi, əlli il sonra yada salanda bu saat heç başa düşə bilmirəm ki, gecə-gündüzün iyirmi dörd saatını da cənnətin açarını axtaran mənim vətəndaşlarım o vaxtlar çörəyi haradan və nə vaxt qazanırdılar. İftar vaxtı o müsəmma plovları, yanındakı xuruşlar və həlviyyatı ilə haradan və nə zaman təhsil edirdilər?

Pəs o vədənin mömin hacı və məşədilərinin şəriətbazlıqlarının şahidlərinin biri də mən idim və məndən savayı, söz yox, cəmi mən tək məktəb şagirdləri və küçə uşaqları idi. Və hərçənd mən on üç yaşında bu müqəddəs torpaqdan qopub qeyri millətlər içinə təhsil üçün göndərildim, amma on [üç] yaşa kimi orada ata və anamın vətənində, məscidlərdə və minbərlərdə, mədrəsələrdə və məclislərdə şəriət-mədarlardan və fazillərdən aldığım tərbiyə ona kifayət idi ki, on üç sində mən bəzi sirlərdən agah olam. Və elə ki, mən on üç sində buradan qopub getdim, getdim qeyri bir məmləkətə və bir ildən sonra yay tətili zamanı qayıdıb müvəqqəti olaraq vətənimə qayıtdım, o vədə on dörd yaşındakı yoldaşlarımın çoxunu təəhhül edən gördüm. Və heç də burada təəccüb yeri yoxdur; o səbəbə ki, məni və mənim sindaşlarımı yeddi-səkkiz yaşından başlamış – məscidlərdə vaizlər, məktəblərdə əmmaməli müdərrislər və evlərimizdə mömin dayılarımız cidd-cəhdlə şəriətin cəmi məhrəmani ehkamına vaqif ediblər.

Məktəbdə aldığımız dərslərdən biz səkkiz-doqquz yaşında təharətxanaya daxil olub oranın emalını, heyz və nifas məsələlərini və hətta mücamiət qanunlarını əzbərləmişdik. Və mən ki on üç yaşında bu müqəddəs torpaqdan çıxdım getdim, onunçün də həmin “ülum və fünunu” bir növ unutdum və ola bilər ki, müsəlmançılıqdan da bir qədər uzaq düşdüm. Və məndən sonra vətənimdə qalan mənim sindaşlarım bir neçə il ondan sonra hərəsi on beş-on altı yaşında, bəlkə bir parası da ətəbati-aliyat ziyarətinə müşərrəf olmuş və bəhər-hal, hərəsi bir əhli-əyal sahibi, mömin, saqqallı və uca papaqlı bir mömin Əli şiəsi idi. Bunların ən zəkavətliləri, fitrətən pak qəlbliləri, dua və sənaya mailləri və Əli dostları [idi] bunlardan da haman tələbə dəstələri təşkil olunurdu ki, Bağdad və Nəcəfül-əşrəf darülfünunlarına müşərrəf olub, bir neçə ildən sonra fiqh və üsul və qeyri şəriət elmlərini ikmali-təhsil edib, vətənə qayıdırdılar ki, balaca uşaqlara yeddisəkkiz yaşından beytülxəla əhkamını və heyz və nifas məsailini və şəriətcə mücamiət əhkamını əsnayi-vəəzdə təlim etsinlər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets