Contents
  1. Namaz
  2. Meyit büsatı
  3. Şadlıq namazı
  4. Gecə namazları
  5. Sövm – orucluq
  6. “Molla Nəsrəddin”in birinci nömrəsi
  7. Məcmuəmizdə dil məsələsi
  8. Utanmadıq
  9. İstixarə
  10. Atalar sözü

Page 8 of 26 · 27%

Dayıoğlum bu sözləri deyəndən sonra yazıq qoca dayım arxası üstə çöndü və gözlərini akoşqaya tərəf axıtdı və həzin səslə soruşdu:

– Günün nə vaxtıdı? – Oğlu dedi ki:

– Gün əyilibdir.

Dayım burada öz-özünə bir-iki dəfə “Allahü əkbər” dedi və başladı öz-özünə dodaqlarını tərpətməyə. Dayıcanım qorxa-qorxa istədi ərinin yanına gələ, amma dayım acıqlı səslə “Allahü əkbər” deyib arvadı geri qaytardı. Burada məlum oldu ki, kişi Hacı Molla Tağının təliminə müvafiq öz könlündə namaz qılır.

Burada bunu lazım bilirəm deyəm ki, mən o vaxtlar ancaq altı-yeddi yaşında ola bilərdim. Xalaoğlum Əhməd də mən yaşda idi. Biz hər ikimiz dayıoğlumun Hacı Molla Tağı tərəfindən gətirdiyi cavabları və dayımın namaz qılmağını görürdük. Dayım dodaqlarını tərpədə-tərpədə və gözlərini axıda-axıda namaz qılanda mən diqqətlə oturub bu işlərdən təlim alırdım; çünki mənim atam da və anam da dayım kimi dindar idilər və məni bərk-bərk Allaha, məscidə və ibadətə yavıq saxlardılar, onunçün də mən dayımın öz uzandığı yerində, göz-qaşla namaz qılmağına ehtiramla tamaşa eləyirdim. Amma xalaoğlum Əhməd dayımın namaz qılmağına istədi gülsün və dayımın və dayıoğlumun qorxusundan burada özünü saxladı. Bir qədər sonra həyətə çıxanda başladı dayımın namaz qılmağına lağ eləməyə. Mən genə dinmirdim; çünki bilmirdim mən də gülüm, ya Əhmədə acıqlanım. Amma elə ki, bicəngə xalaoğlum yıxıldı dayımı yamsılamağa və dayım kimi dodaqlarını tərpətməyə və gözlərini axıtmağa və hərdən bir həzin səslə “Allahü əkbər” deməyə, burada, doğrusu, mən də gülməyə başladım. Və sonra evimizə gedəndə anama Əhmədin cüvəllağılığını başladım nağıl eləməyə. Anam çox hirsləndi və Əhməddən xalama (Əhmədin anasına) şikayət elədi. Sonra bildim ki, Zəhra xalam oğlu Əhmədi belə qələtin üstündə bərk döyüb.

O vədə Əhmədin döyülməyini mən, yeddi yaşında cəhənnəmdən qorxan bir uşaq təsdiq eləyirdim. Ancaq çox sonralar həmin işləri yada salanda başa düşdüm ki, Əhməd, dayımın o cür namaz qılmağını iztehza etməkdə çox və çox da haqlı imiş.

Elə güman etmək lazım gəlmir ki, yuxarıda rəvayət olunan əhvalat nüdrətən ittifaq düşən bir işdir. Namazı belə səxtliklə əda etmək nə Hacı Tağının öz ixtirasıdır, nə də dayımın fövqəladə dinpərəstliyidir. O kəs ki, o vədələr məscidlərdə Hacı Molla Tağı, Molla Əli, Molla Kərim və bunlar kimi hədd-hesabsız vaizlər tərəfindən binamazlar və namaza ehmallıq göstərənlər barəsində moizələr eşidirdi, labüddür ki, o adam mənim dayım kimi dindar və cəhənnəm əzabından qorxan bir müsəlman olurdu. Və haman rəvayət etdiyim əsrin möminlərinin bir nümunəsi mənim haman rəhmətlik dayımdır ki, onun barəsində mən burada danışıram.

Mənim yadımdadır ki, o vədələr məscid moizələrinin əksəri namaz barəsində olardı. Namazı öz vaxtında əda edənlərə huri və qılman vədə verəndə vaizlər binamazları və namaza kəmetina olanları hər cür qorxu ilə qorxudardılar. Hətta bizim məktəbimizdə Molla Bağırın bizə verdiyi dərslərin biri bundan ibarət idi. Molla Bağır bir gün bizdən sual etdi:

– O necə əzabdır ki, həqq-taala binamazları mübtəla edəcəkdir?

Yadımda deyil ki, biz nə cavab verdik. Amma axund Molla Bağır bizə çox hirsləndi. Dəftərimizə belə yazdırdı, dedi, yazın:

– O şey ki həqq-taala tərk-səlatları, yəni binamazları mübtəla edəcəkdir, onlar on beşdir: onların altısı bu dünyanın cəzası, üçünü ölənə yavıq çəkəcəkdir üçünü qəbir evində çəkəcəkdir və üçünü qiyamətdə çəkəcəkdir. Diriliyində çəkdiyi altı cəzanın biri budur ki, binamazın üzündə nuri-Məhəmmədi olmuyacaqdır; ikinci, ömrü gödək olacaq; üçüncüsü onun malı artmayacaqdır; dördüncü, Allah-taala onun xeyratını qəbul etməyəcək. Xülasə, qəbir evində qiyamətədək əzab çəkəcək. Və onların hamısından pisi budur ki, duzəxdə bir əqrəb var ki, onun başı yeddinci göyə gedib çatır. Və onun ağzı Məğribdən Məşriqə kimidir. Qiyamət günü haman əqrəb duzəxdən çıxıb bir şey axtaracaq. Ondan soruşacaqlar ki, nə axtarırsan? Əqrəb cavab verəcək ki, beş sinif adam var ki, mən onları axtarıram. Onların birincisi binamazlardır.

Bunu lazımdır nəzərə almaq ki, bu moizələrin məzmununu müdərris Molla Bağır öz xəyalından düzəltmirdi; üləma və füzəlaların və müctəhidlərin kitablarından və risalələrindən əxz edirdi; necə ki, cəmi məscidlərdə söylənən moizələr, habelə məşhur islam “üləma”sının təvsirlərindən və risalələrindən əxz olunmuşdu.

O vədə vaizlərin dilində söylənən üləmanın içində ən məşhuru Ağa Məhəmməd Bağır Məclisi müctəhidi-İsfəhani idi. Bunun adı məscidlərdə moizə əsnasında xeyli ehtiram ilə söylənərdi. Sonra şəriətdən söylənən moizələr çox vaxt Mirzə Əbülqasım Fazilin “Mürşidil-əvam” kitabına isnad verilərdi. Bunlardan da artıq mömin camaatımız içində şöhrət qazanmış şəriət kitabı Şeyx Bahəddinin “Camei-Abbas” kitabı idi ki, bu kitabdan o vaxt məktəblərdə bizlərə dərs də verilərdi. Genə haman yuxarıda adı zikr olunan müctəhid Məclisinin “Bist bab” və Seyid Məhəmmədbağır Rəştinin “Sual və cavab” kitabları dad-bidad eləyirdilər. Hər bir vaiz ki, əsnayi-moizədə toyuq səsi eşitməmiş, yəni xariqüladə (“damdan düşmə”) bir hədis söyləsə idi, bu kitabların nüfuzu ilə dediyi sözü bərkidib dəmir-daş eləyəcəkdi. O moizələrdən bir nümunə:

– Hə, ey Allahın bədbəxt bəndələri! Siz bu sözləri səhl sayırsınız. Amma qulaq verin, görün, həmin “Şərhi-etiqad” kitabında kitab sahibi nə yazır? Yazır ki, bir gün olar ki, qiyam-qiyamət olar və cümlə namaz qılanlar məhşər ayağına dəvət olunarlar, orada hazır olarlar. Qiyamət gününün sahibi və rəsuli-xuda və onun vəli-vəsisi və Cəbrail və İsrafil və Mikail namaz qılanları oraya çağırıb onları imtahana çəkərlər və qıldıqları namazın adlarını onlardan sual edərlər... Hə, bilirəm, sən o vədə qabağa yeriyib deyəcəksən: “Nəm, mən cəmi namazlarımı öz vaxtında əda etmişəm. Hə, di söylə görüm. Bəli, sadalayacaqsan: namazi-yomiyyə, namazi-cümə, namazi-eydi-rəməzan, namazi-meyit, namazi-sogənd, namazi-əhd, namazi-nəzr, namazi-icarə, namazi-ayat, yəni zəlzələ namazı, qara yel namazı, qırmızı yel namazı, xüsuf və küsuf namazı, namazi-eydi-qurban, namazi-zifaf, namazi-Cəfəri-Fəyyar, namazi-filan, filan və filan. Bilirəm, bunların hamısını sayacaqsan. Amma vay o kəsin halına ki, qiyamət gününün şahidləri görələr ki, siz dalınıza alıb gətirdiyiniz namaz yüklərinin içində “namazi-nafileyi-nuzdəhhüm mahi-mübarəki-rəməzan” yoxdur! Haman namaz ki, altı yüz qırx dörd rükətdən ibarətdir. Hə! qılmamışsınız? Bu namazı niyə qılmamışsınız? O səbəbə ki, o gecəni yatmısınız, rahat rəxti-xab içində yatmısınız, yuxuda olmusunuz istəməmisiniz, özünüzü şirin yuxudan bidar eləyəsiniz, istəməmisiniz, isti yerinizi soyudasınız. Amma heyhat! Nə böyük qəflət! Məgər siz bunu bilmirsiniz ki, Həqqi-sübhan və taala öz məshəfi-şərifində buyurubdur ki, “tətəcafa cünubihim ənilməzacil”; yəni ey Məhəmməd, xəbər ver öz ümmətinə ki, gecənin yarısı olan zaman onların qabırğaları isti rəxtdən qalxsınlar və Allah-taalanın dərgahına üz çevirib ibadətə məşğul olsunlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets