Page 1 of 3

1

Daşlı küçə ağzında, bağçalı həyətlərin qabağında, çay kənarında qəhvəyi maşın dayandı. Bayaqdan bəri meşəiçi, dolama yamac yollarla gələn, dağlara səs salan maşını kənd uşaqları əhatə etdilər. Onlar maşından çıxan, bu yerin camaatına oxşamayan əntiqə geyimli, enli şlyapalı adamlara diqqətlə baxırdılar. Maşındakılarm biri kök, irigövdəli, ağbəniz, qırmızıyanaqlı, qızıldişli, əyriətək kostyumlu, ucaboylu bir kişi idi. Morul nemslərinə oxşayan bu adam qırmızı qayışlı portfelini əlinə alıb, yanındakı şlyapalı qadına nə isə dedi, xırda, qamaşan gözləri ilə kənd uşaqlarına baxdı. Uşaqlar ona, sonra da bir-birinə baxıb, gülüşmək istədilərsə də, özlərini saxladılar. Maşından çıxan üçüncü, qaraşın adam uşaqlara yanaşıb, salam verdi və soruşdu:

– Uşaqlar, arıçılıq ferması hansıdır?

Çantasım dalma bağlamış 10-12 yaşlı bir məktəbli irəli yeriyib, barmağı ilə göstərdi:

– Tinin başındakı həyət.

– Bu ağ divarlımı?

– Bəli, həmin çaxçaxlı darvaza!

Qaraşın oğlan yanındakılara ingilis dilində nə isə dedi, ucaboy kişi qadının qolundan tutdu, fermaya tərəf yollandılar.

Fermanın həyətində isə bu gün başqa bir həngamə var idi. Ferma müdiri Salman kişi səhər gün çıxandan oğlu Vilayətin əlinə susəpən və çılğı verib, həyəti sulatmış, süpürtdürmüşdü. Özü də qoluçirməkli, belində döşlük, başıaçıq arı pətəklərinin başına dolanır, təzə səbətləri təmizləyib, kənarlarına qəndab püskürdür, yan-yana düzürdü. Sarmaşıq, nilufər, söyüdgülü çiçəkləri əkilmiş saxsı güldanları yaş dəsmalla silərək, daha da yaxma, pətəklərin lap qabağına düzür, çiçək yarpaqlarına diqqət yetirib, bəzisini yüngülcə tərpədir, bəzisini bərk üfürürdü. Salman kişinin qonaq gözlədiyi məlum olduğu kimi, qəhvəyi maşında gedənlərin də qonaq olduğu aydın idi. Ancaq bunların bir-birindən xəbəri yox idi. Salman kişi gözləyirdi, ancaq başqa qonaq gözləyirdi.

Salman kişi Qabaqtəpə kəndinin, təkcə Qabaqtəpə kəndinin yox, bütün Dəstəfur rayonunun məşhur arıçılarından idi. Son 7 il ərzində, yəni Salman kişiyə müdirlik etibar olunandan bəri bu fermanın şöhrəti artırdı. Hitlerçilər Sovet ölkəsinə basqın eləyəndə Salman kişinin fermasında çalışan üç arıçının ikisi orduya getməli oldu. Salman kişinin tək qaldığını görən kolxoz sədri onu yanına çağırıb dedi:

– Görürəm, tək qalmısan, qoca kişisən, sənə köməkçi lazımdır, kimi məsləhət bilirsən?

Salman kişi əvvəlcədən bu söhbətə hazır kimi, dərhal cavab verdi:

– Kimi istəyə bilərəm? Görmürəmmi, kolxoza adam lazımdır! Bu nəhəng təsərrüfat - əkin-biçin addımbaşı dil açıb adam istəmirmi? Bunu görə-görə mən bir də səndən nə üz ilə adam istəyim? Arvadı çağırıram, hərdən də Vilayət əlimdən tutur. Siz hələ ki, məndən nigaran olmayın. Arıları bəsləyəcəyəm, məhsulu da bacardıqca əskilməyə qoymayacağam.

Salman kişi hörmətlə dediklərini qeyrətlə də elədi. Müharibənin qızğın və çətin illərində istirahəti, yuxunu özünə haram edib var gücünü arı pətəklərinə xidmətə verdi. 80 pətəyin hər birini elə diqqətlə bə sləyir, arıların həyatını elə həvəslə izləyirdi ki, kəndlilər kişinin hər arını tək-təklikdə tanıdığını deyib heyrət edirdilər. Salman kişi arıların səsindən, uçuşundan onların vəziyyətini, ehtiyacını duyurdu. Yazbaşı arılar təzəcə fəaliyyətə çıxanda bal məhsulunun necə gələcəyini təyin edir, xəbər verirdi.

Salman kişi iki il ərzində pətəklərin sayını iki qat, bal məhsulunu isə üç qat artırdı. Vaxtilə bal məhsulunu sadə çərəz sayan Qabaqtəpə kolxozunda bal məhsulu ağarantı məhsulu ilə yan-yana iş görməyə, kolxoz planında sayılmağa başladı. Qabaqtəpə fermasına Moskvadakı Kənd Təsərrüfatı Sərgisində yer verdilər. Salman kişini öz məhsulundan, təcrübəsindən danışmaq üçün iki ay qışı sərasər şəhərdən-şəhərə, rayondan-rayona çağırdılar, radio qabağına çıxartdılar. Salman kişinin builki işini isə heç bir ilə tay tutmaq olmaz. O, sovet torpaqlarının hitlerçilərdən təmizlənməsi xəbərini alar-almaz Qızıl Ordu döyüşçülərinə yazbaşı plandan əlavə 30 pud artıq bal verməyi öhdəsinə götürmüşdü. Bundan əlavə, ordudan qayıdan arıçı yoldaşı Məmməd Məmmədəli oğlunu da fermada işə çağırmışdı:

– Qardaşımsan, - demişdi, - elə işləyək ki, vədəbaşı borclu qalmayaq!

Hələ martın axırlarında meşədə qar əriyib qurtaran zaman kol diblərində bənövşə yarpaqları göyərəndə, arılar oyanar-oyanmaz Salman kişi ferma həyətini darışlıq saymışdı: 200-dən artıq armın fəaliyyəti üçün burada nəinki yer yox idi, hətta göyərti, gül-çiçək də az idi. Arıların vaxtı, qüvvəti yol getməyə sərf olunmasın, çiçək ilə pətək arasında məsafə az olsun deyə, Salman kişi pətəklərin yarısını meşəyə köçürtdü, orada ağac doğrayıb səliqəli bir otaq tikdi, Məmmədə dedi:

– Gərək birimiz bura köçək, başına qoymaq olmaz!

Məmməd razılıq verdi və köçüb arıların yanında oturdu. Arıları meşəyə köçürməklə Salman kişinin başqa bir məqsədi də var idi, onu Məmməd də bilməmiş deyil. Şam meşəsində yaşayan arının məhsulu müalicə üçün daha yararlı olur. Salman kişi bal məhsulunun çoxunun xəstəxanalara, cəbhədən gələn yaralı döyüşçülərə verildiyini bilirdi və bu məhsulun müalicə təsirini həkimlərdən az tərifləmirdi.

Bu gün arıçılıq fermasındakı həngaməni, qeyri-adiliyi doğrudan da qonaq gözləyən ailələrin sevinci ilə müqayisə etmək olar. Bunlar birbirinə çox oxşayır.

Qonaq cürbəcür olur. Söhbət kənardan evə gələn qonaq haqqında yox, evin öz içindən evə gələn qonaq barəsindədir.

Deyəcəksiniz, bu necə qonaqdır?

Bir il əvvəl böyük təntənə və şadyanalıqla toy eləmiş cavan bir ailəni təsəvvürə gətirin. Burada oğlanın da, qızın da ata-anası var, əziz dostları, yoldaşları var. Günün birində bütün qohum, dost və yoldaşların diqqəti doğum evinə dikilir, oradan gəlməli olan bir xəbəri hamı aramsızlıqla gözləyir. Bir də görürsən, içəridən bir körpənin ipək kimi nazik, yumşaq səsi eşidildi. Dərhal ağ geyimli, qara qıvrım saçlı həkim qız eyvana çıxıb, gələnləri muştuluqladı:

– Gözünüz aydın olsun, oğlan qonağımız sağ-salamat gəlib çıxdı, hamınıza salamı var!

Salman kişinin qonağı da evin içindən gələn qonaqdır. Ancaq bir qədər bundan ayrılır. Doğrudur, Salman kişi də övlad sahibidir, ancaq hələ nə oğlunu evləndirmiş, nə qızını ərə vermişdir. Böyük oğlu Kirovabad Kənd Təsərrüfatı İnstitutunun bağçılıq fakültəsində oxuyur, qızı musiqi texnikumunda piano çalır, kiçik oğlu Vilayət isə altıncı sinifdədir. Dərsdən sonra fermada atasına kömək edir.

Salman kişinin gözlədiyi qonaq, daha doğrusu, qonaqlar arı pətəklərindən gələcəkdi. İki-üç gün idi ki, onun aramı yox idi, hər səhəraxşam bir-bir pətəkləri gəzərək, qulağını səbətə qoyub içərisini, yeni bahar müjdəsi ilə havalanaraq uğultu salan kiçik, təmiz və faydalı məxluqun səsini dinləyir və ürəyində deyirdi: "Bu gün-sabahdı!"

Bu gün isə bir neçə pətəyə diqqət yetirəndə "sabah" deməyə dili gəlmədi: "Beçə hazırdır?" - deyib göyə baxdı. Üfüqdən boylanan səhər günəşinin açıq bahar səmasını parlatdığını, oradan isə kainata nur ələdiyini görüb daha da sevindi: "Bəli, əsl vaxtdır ha!"

Salman kişi kostyumunu çıxarıb yana atmışdı. Yaşma yaraşmayan bir cəldlik və zirəkliklə ferma həyətində o yan-bu yana qaçır, iş görür, səliqə-sahman eləyir, oğluna tapşırıq verirdi.

Çox çəkmədi ki, nişanlanan pətəklərdə gözlənilən həngamə qopdu. Pətək qaynar qazan kimi səslənməyə, qızışmağa üz qoydu. Səbətlər sanki bu saat parçalanacaqdı. Birdən buxar kimi xaricə hücum çəkən beçə arılar gənc və həmahəng səsləri ilə həyəti başına almağa, gah göyün dərin qatlarına, gah da guya bulud kimi havada dönüb dolaşmağa, ağır tüstü kimi burulmağa başladılar. Salman kişi şirəli səbətdən ikiəlli yapışaraq, gah o yana, gah da bu yana gedir, böyüyən gözləri ilə havada fırlanan beçələrə baxır, sanki işarə edib çağırırdı. Beçələr sahiblərinimi, hər yana həyat, fərəh və ətir yayan baharımı, yemi, yaxud üfüqdən yüksələn günəşimi salamlayaraq, bir neçə dəfə cövlan vurdular. Qol-budağı ilə həyəti örtən tut ağacının işıldayan yarpaqlarına səpələndilər. Sonra baş budaqlara bir-birinin üstünə yığışdılar. Ağacın budaqları doluya tutulmuş kimi, xışıldadı və bir qədər silkələndi. Arıların çoxu qalxıb yenidən qondu, qaralan budaqlar sallanaraq, sakit vəziyyət aldı. Beçə qonan budaqlar yaşıl ağaca yox, qəribə bir maddə ilə örtülmüş tingə, qarağacdan kəsilmiş çomağa oxşayırdı. Mütəmadi surətdə qanad çalan, tərpəşən, təbii bir narahatlıqla bir-birinin üstündə yer axtaran, səslənən bala arıların qanadları günəş şüasında gümüş kimi bərq vurduğu budaq bəzən buxara dərisinə, bəzən də zər nəqşlərlə örtülü bir silaha oxşayırdı. Həyəti isə qəribə və xoş bir musiqi səsi başına almışdı. Sanki gün işığına, bahar havasına çıxan bu təmiz və zəhmətsevən beçələr sevinclərini bir-birinə demək üçün hey səslənirdilər. Səslər bir-birindən ayrılmır, birbirinə mülhəq olub, xoş və ümumi bir ahəngə çevrilirdi. Beçənin bu vəziyyətinə tamaşa etməkdən doymaq olmurdu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Məşriq

Yay axşamıdır. Ucaboy, uzunpaltar bir kişi zəmilərin içi ilə, başıaşağı, daş-kəsəyi, kol-kosu basa-basa yeyin yeriyir. Keyimiş qıçlarını əsa kimi qabağa atır, ayaqladığı daş-torpağı hiss etmir. Düz yolu qoyub dağa-daşa düşməyindən, qaraltı görcək yayınıb kənar getməyindən adam şübhələnir.Bu, saçı-saqqalı qar kimi ağarmış, sifətinə yuxu kimi qaranlıq çökmüş yüz yaşlı bir qoca idi. Elə quru, arıq bir adamdı ki, yeriməsə, canlılığına inanmazsan, deyərsən kölgədir, ya xəyaldır.

194018 min
Boz adam

Komandir soruşanda ağzımdan çıxdı ki: "Mən gedərəm!" Deyəsən, rəhmətliyin oğlu çoxdan ürəyində məni tutubmuş. Qırağa çəkib tapşırıq verdi. Mən də təkrar edib xudahafizləşdim.Gedirdim, çox çətin işə gedirdim. Mən hara, kəşfiyyat hara!.. Özü də necə kəşfiyyat! Gərək təkbaşıma soxulam düşmən qərargahına, vəziyyəti öyrənəm, işlərindən halı olam, dörd saatacan xəbər gətirəm. Almanların da elə zamanıdır ki, hirslərindən cilov gəmirirlər. Üç gündür səngərlərimizə dalbadal güc vururlar, hər gələndə bir-iki yüz soldat papağını boş qoyub qaçmağa məcbur olur. İşləri fırıq olanda gedib bir-birini danlayırlar, təzə əmrlər yazırlar. Biz də sabahısı gün bu əmri ölülərin cibindən çıxarıb "işə tikirik." Ona görə deyirəm ki, almanlar bu saat qızıl əsgər qanına susayıblar. Ələ düşsən, tikə-tikə doğrayacaqlar.

19415 min
Fitnə

Bəhram şahın ay üzlü, çöhrəsindən min bir gözəllik yağan bir kənizi var idi. Bu kənizin adı Fitnə idi.Fitnə zirək, qıvraq, ağıllı-kamallı qız idi. Sifəti cənnət yazı kimi təzə və zərif, yerişi göy zəmi üzərindən süzən yel kimi aram, xoş idi. Üzündən-gözündən məlahət yağırdı. Fitnə yaxşı kaman çalar və rəqs edərdi. Bülbül kimi şirin, təsirli səsi var idi. Kaman ilə səs-səsə verib oxuyanda quşları göydən endirərdi. O, şaha vurulmuşdu. Şah da ona aşiq idi.

194110 min
Ata

Zəng çalmandan sonra müəllimlər otağı boşaldı. Yalnız məktəbin 20 ildən bəri daimi gözətçisi olan Salman kişi peçə odun qoyur, səliqə-sahman eləyir, sonra da kürsünü altına çəkib divar dibində, xəritə qabağında əyləşir, hansı bir maraqlasa uzun müddət nəzərini xəritədən, bu əlvan kağızın qarışıq yazılarından, saysız-hesabsız cızıqlarından ayıra bilmir.Salman kişini bu vəziyyətdə görənlər ona coğrafiya müəllimi, yaxud dünya səyyahı deyərdilər. Əslində isə Salman kişinin heç ibtidai savadı da yoxdur. Ancaq məktəbdəki iş təcrübəsi sayəsində bəzi hərfləri və rəqəmləri tanımış, qol çəkməyi öyrənmişdir. Coğrafiyadan başı çıxmaz, hətta dünyanı "qarpız kimi" yumru sayan bir "dərsə" inanmazdı da.

19416 min

Poems by other poets