Page 2 of 3 · 33%

Salman kişi altdan-yuxarı bu mənzərəyə baxıb körpəsini atıb-tutan ataların sevincinə oxşar bir şadlıqla gülümsəyirdi. Ancaq onun sevincində bir qayğı və təlaş əlaməti duymaq da çətin deyildi. O, yaxşı bilirdi ki, bu gözəl tamaşa uzun sürə bilməz - arılar qalxa bilərlər. Hələ beçələr havada fırlananda Vilayəti tut ağacına çıxarmışdı. Dayanıb gözləyirdi. Atası şirəli səbəti yavaşca arı qonan budaqlara yaxınlaşdıranda Vilayət həmin budağa təpik vuracaq, arıları yerindən tərpədəcək, səbətə tökəcəkdi.

İşin bu məqamında küçədə qəhvəyi maşın dayanmışdı. Vilayət bayaqdan bəri ağac başından gələnləri və onlar ilə söhbət edən uşaqları görürdü. Onların fermaya yönəldiyini görəndə təəccüb etmiş, diqqətini toplasa da, tanımamışdı. Atasına demək istəyirdi ki, Salman kişi qışqırdı:

– Adə, yatmısan nədi, vursana!

Vilayət nəzərini küçədən ayırıb işinə məşğul oldu, budaqları təpikləməyə başladı.

Bu halda bir uşaq həyətə qaçıb Salman kişinin səslədi:

– Əmi, sizi qapıda çağırırlar.

Salman kişi başını qaldırmadı:

– Deginən işi var!

Uşaq getdi. Onun dalınca qaraşın oğlan gəldi:

– Salman dayı, - dedi, - salaməleyküm! Bərəkətli olsun!

Salman kişi onun salamını alıb işarə ilə kürsü göstərdi:

– Əyləş, Həmid!

Qaraşın oğlan bir müddət kişinin beçə tutulmuş səbətləri sahmana salmasına tamaşa elədi, sonra yaxınlaşıb nə isə dedi. Salman kişi oğlunu çağırdı. Cəld otağa getdi, iki dəqiqə çəkmədi ki, geyinib çıxdı. Qaraşın oğlanla darvazaya gəlib qonaqları qarşıladı.

Ucaboy adam Amerika Birləşmiş Ştatlarının Filadelfiya şəhərindən gəlmiş məşhur fermer Arnold Ceferson idi. O öz vətənində arıçılıq təsərrüfatından milyonlar götürən bir fermer idi. Hələ 1929-cu ildə Azərbaycandan yeni cins arı aparmaq üçün təşəbbüs eləmişdi. İndi isə özü şəxsən Qabaqtəpə arılarının mühiti ilə tanış olmaq, bunlardan bir neçə pətək aparmaq niyyətində idi.

Ceferson Amerika kənd təsərrüfatı mütəxəssisləri ilə birlikdə Moskvaya, oradan da Bakıya gəlmişdi. Nazirlik öz aqronomlarından birini ona qoşmuşdu ki, Cefersonu aparıb ferma ilə tanış etsin. Cefersona da elə bu lazım idi. O, belə xəyal eləyirdi ki, uzaqdan-uzağa icrası mümkün olmayan, ya çətin olan alış-verişi indi arı sahibi ilə üz-üzə tez həll eləyəcəkdir. Cefersonun ürəyini dolduran sevincin səbəbi bu idi. Buna görə də Cefersonun çöhrəsinə çökən intizar kölgəsi sönüb getməkdə idi. Onun enli, dolu, ətli, hər səhər səliqə ilə qırxılan üzünü bayram günlərinə məxsus bir təbəssüm tez-tez işıqlandırırdı. Belə dəqiqələrdə Cefersonlar - ər-arvad bir-birinin üzünə baxır, bir-birini məmnun sükutla yaxşı başa düşür, heç nə demirdilər.

O heç vaxt güman etməzdi ki, kommunistlər bir kapitalisti belə qonaqpərəstlik ilə qarşılayacaqlar. Güman etməzdi ki, kommunistlər onu çox həsrətini çəkdiyi yerə, Qabaqtəpə kimi əla arı yerinə buraxacaqlar.

Maşından düşəndə, ferma həyətinə yanaşıb sıralanmış arı pətəklərini görəndə Cefersonun sevincinin həddi-hesabı yox idi. Xanımını qoltuqlayıb irəli gedən fermer yerlilərin beçə tutmaq işi ilə məşğul olduğunu görüb lap özünü itirdi, xanımını buraxıb həyət qapısına tərəf yeyinlədi.

Qaraşın oğlan Salman kişini Cefersona təqdim etdi. Ceferson gözünü arı pətəklərindən çətinliklə ayıraraq, portfelini sol əlinə alıb Salman kişiyə əl uzatdı. Salman kişi xanımla da tanış olub suallı nəzərlərlə onlara baxdı, sonra üzünü qaraşın oğlana tutub dedi:

– Buyurun evə gedək!

Qaraşın oğlan Cefersona müraciətlə nə soruşdusa, Ceferson Salman kişiyə sarı döndü. Vacib, bir az da xəlvət bir söz demək istəyirmiş kimi, bir qədər də irəli yeriyib dayandı.

İndi onlar qabaq-qabağa dayanıb bir-birinin üzünə baxırdılar. Hər ikisi fermer adlansa, hər ikisi bir ixtisas sahibi olsa, bir-birinə nə qədər yaxın dayansa da, əslində bir-birindən çox uzaq və kənar idilər.

Salman kişi qonağı içəri çağırdı:

– Buyurun həyətə!

Ceferson beçələri sahmanlamaqla məşğul olan adamları, özünə yer tapmayıb həyətdə cövlan vuran və ucalan, səs salan arıları görüb, cəld maşına qayıtdı, plaşını çiyninə saldı, gözlüyünü, əlcəyini taxıb irəli yeridi, Salman kişiyə müraciətlə soruşdu:

– Bu işdə çoxdanmı... - Ceferson sualını dəyişdi, üzünü qaraşın oğlana tutdu: - Bunlar ingiliscə danışa bilirmi?

Salman kişi sualı başa düşüb cəld cavab verdi:

– Xeyr, biz ana dilində danışırıq.

– Bu işdə çoxdanmı işləyirsiniz?

– Var bir on-on beş il!

– Arıçılıq sənətini yalnız təcrübə ilə öyrənmisiniz, ya kitab-zad oxuya bilirsiniz?

Salman kişi başı ilə "yox" işarəsi verdi:

– Bizim arıçılar arasında savadsız tapılmaz!

– Eləmi?

– Bəli!

– Bunu sizmi yazmısınız?

– Elə görünür!

Ceferson heyrətindən yerində dondu, bir kitaba, bir Salman kişiyə baxdı:

– Siz harada təhsil görmüsünüz?

– Mən burada, rayondaca yaşlılar məktəbini qurtarmışam. Sonra Kənd Təsərrüfatı İnstitutunun qiyabi şöbəsində oxumuşam.

– İşləyə-işləyə?

– Bəli, bir barmağım balda olub, bir barmağım dəftər-kitabda!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Məşriq

Yay axşamıdır. Ucaboy, uzunpaltar bir kişi zəmilərin içi ilə, başıaşağı, daş-kəsəyi, kol-kosu basa-basa yeyin yeriyir. Keyimiş qıçlarını əsa kimi qabağa atır, ayaqladığı daş-torpağı hiss etmir. Düz yolu qoyub dağa-daşa düşməyindən, qaraltı görcək yayınıb kənar getməyindən adam şübhələnir.Bu, saçı-saqqalı qar kimi ağarmış, sifətinə yuxu kimi qaranlıq çökmüş yüz yaşlı bir qoca idi. Elə quru, arıq bir adamdı ki, yeriməsə, canlılığına inanmazsan, deyərsən kölgədir, ya xəyaldır.

194018 min
Boz adam

Komandir soruşanda ağzımdan çıxdı ki: "Mən gedərəm!" Deyəsən, rəhmətliyin oğlu çoxdan ürəyində məni tutubmuş. Qırağa çəkib tapşırıq verdi. Mən də təkrar edib xudahafizləşdim.Gedirdim, çox çətin işə gedirdim. Mən hara, kəşfiyyat hara!.. Özü də necə kəşfiyyat! Gərək təkbaşıma soxulam düşmən qərargahına, vəziyyəti öyrənəm, işlərindən halı olam, dörd saatacan xəbər gətirəm. Almanların da elə zamanıdır ki, hirslərindən cilov gəmirirlər. Üç gündür səngərlərimizə dalbadal güc vururlar, hər gələndə bir-iki yüz soldat papağını boş qoyub qaçmağa məcbur olur. İşləri fırıq olanda gedib bir-birini danlayırlar, təzə əmrlər yazırlar. Biz də sabahısı gün bu əmri ölülərin cibindən çıxarıb "işə tikirik." Ona görə deyirəm ki, almanlar bu saat qızıl əsgər qanına susayıblar. Ələ düşsən, tikə-tikə doğrayacaqlar.

19415 min
Fitnə

Bəhram şahın ay üzlü, çöhrəsindən min bir gözəllik yağan bir kənizi var idi. Bu kənizin adı Fitnə idi.Fitnə zirək, qıvraq, ağıllı-kamallı qız idi. Sifəti cənnət yazı kimi təzə və zərif, yerişi göy zəmi üzərindən süzən yel kimi aram, xoş idi. Üzündən-gözündən məlahət yağırdı. Fitnə yaxşı kaman çalar və rəqs edərdi. Bülbül kimi şirin, təsirli səsi var idi. Kaman ilə səs-səsə verib oxuyanda quşları göydən endirərdi. O, şaha vurulmuşdu. Şah da ona aşiq idi.

194110 min
Ata

Zəng çalmandan sonra müəllimlər otağı boşaldı. Yalnız məktəbin 20 ildən bəri daimi gözətçisi olan Salman kişi peçə odun qoyur, səliqə-sahman eləyir, sonra da kürsünü altına çəkib divar dibində, xəritə qabağında əyləşir, hansı bir maraqlasa uzun müddət nəzərini xəritədən, bu əlvan kağızın qarışıq yazılarından, saysız-hesabsız cızıqlarından ayıra bilmir.Salman kişini bu vəziyyətdə görənlər ona coğrafiya müəllimi, yaxud dünya səyyahı deyərdilər. Əslində isə Salman kişinin heç ibtidai savadı da yoxdur. Ancaq məktəbdəki iş təcrübəsi sayəsində bəzi hərfləri və rəqəmləri tanımış, qol çəkməyi öyrənmişdir. Coğrafiyadan başı çıxmaz, hətta dünyanı "qarpız kimi" yumru sayan bir "dərsə" inanmazdı da.

19416 min

Poems by other poets