Page 4 of 6 · 50%

– Ay ev yiyəsi, mənə bir pay.

Mehri xanım bayıra çıxdı. Baxdı ki, bir dilənçidi, allah göstərməsin, görəndə adam deyir, elə ağzımdakı tikəni çıxarım buna verim. Ancaq elə ki Yaradanqulu gözlərini qalxızıb Mehri xanımın üzünə baxdı Mehri xanım onu tanıdı. Gördü ki, bu Yaradanqulunun gözləridi ki var. Yaradanqulunun bir gözləri var idi, elə bil Şümrü itələyib yerində durmuşdu. Baxanda adamın bağrı yarılırdı. Amma Mehri xanım özünü elə apardı ki, guya onu tanımadı. Özü də bildi ki, Yaradanqulunu Kürdoğlu xəbər aparmağa göndərib. Oydu ki, hiyləyə əl atdı. Yaradanquluya bir tümən verib dedi:

– Dilənçi qardaş, indi az oldu, inşallah toydan sonra gələrsən, sənə bir ovuc pul verərəm.

Mehri xanım bu sözü deyəndə elə bil Yaradanquluya padşahın xəzinəsini bağışladılar. Ürəyində dedi: «Aha, yaxşı oldu, indi öyrənim görüm nə toydu». Soruşdu:

– O nə toydu elə?

Mehri xanım dedi:

– Cəlali Kürdoğlu ki eşitmisən haa…

– Hə xanım, onu tanımayan kafərdi!

– Bax bu yaxınlarda mənim onunla toyum olacaq, onda gələrsən, nə istəsən verərəm.

– Xanım, dilənçinin payı nə olar, ya bir çömçə aş, ya da bir nimçə bozbaş. Aşın yanığı, bozbaşın da suyu.

– Adə, ağzını yava-yava qoyub danışma. Bu sənə yetim toyu zadı deyil. Cəlali Kürdoğlunun toyudu.

Mehri xanım Kürdoğlunu arxayın salmaq istəyirdi ki, tələsməsin. Ta ki o, Şəhri ilə fikirləşib bir tədbir görə bilsin. Birdən deyirdi, Kürdoğlu onların fəndini başa düşər. Gəlib tez-tələsik zornan onu aparar.

Deyir, keçəlin bici, padşahın gici, ikisindən özünü gözlə. Yaradanqulu özünü bicliyə qoyub soruşdu:

– Xanım, birdən bir bığıburması çıxdı, Kürdoğlunnan qabağa düşdü, səni apardı. Onda bəs necə olacaq?

Mehri xanım cavabında dedi:

– Ədə, hələ Kürdoğlunun qabağına keçən olmayıb. Analar elə oğul doğmayıb ki, Kürdoğlunun qabağına keçə. İkincisi də mən ondan başqa heç kəsə gedən deyiləm.

Bəli, əzizlərim, Mehri xanım keçəl Yaradanqulunu arxayın etdi ki, Kürdoğludan başqa heç kəsə getməyəcək. Yaradanqulunun çiçəyi çırtladı. Ürəyində sevindi ki, bu xəbəri Kürdoğluya çatdırar, əvəzində yaxşı bir nəmər alar. Ona görə də daha dayanmayıb düşdü yolun ağına. Üç günlük yolu bir günlük eləyib gəlib çıxdı Cəlali Kürdoğlunun hüzuruna. Cəlali Kürdoğlunun gözü yoldaydı. Gözləyirdi ki, keçəl ha budu gəldi, ha odu gəldi. Bir də baxdı ki, keçəl gəlir, özü də elə gəlir ki, elə bil yayınnan çıxmış oxdu. Bildi ki, nəsə var. Amma bəlli deyil xeyirdi, ya şərdi. Yaradanqulu çatarçatmaz Kürdoğlu onu yaxaladı:

– Əə, keçəl, yardan mənə xəbər. Şərdi başın sadağa, xeyirdi xələtin məndə.

Keçəlin sevindiyindən salam-kəlam yadından çıxdı, üz tutdu Kürdoğluya:

Mehri yardan xəbər gətdim
Ağa bir xələt, bir xələt.
Qulluq etməz zatı qələt,
Ağa bir xələt, bir xələt.

Qızıl düymə sağındadı,
Şamamalar tağındadı,
Yar yarın sınağındadı,
Ağa bir xələt, bir xələt.

Geymişdi kolxana cuna,
Ağ əllərə əlvan həna,
Keçəl başa qızıl xana
Ağa bir xələt, bir xələt.

Atım öldü naldan düşdü,
Yazıq canım dildən düşdü.
Yaradanqulu haldan düşdü
Ağa bir xələt, bir xələt.

Yaradanqulu əhvalat necə olmuşdusa, birbəbir hamısını danışdı. Axırda da dedi: «Ağa, arxayın ol, Mehri xanımın fikri-zikri səndədi, səndən başqa heç kəsə gedən deyil». Bəli, Kürdoğlu bu sözə tamam inandı. Bir ovuc qızıl çıxarıb tökdü Yaradanqulunun keçəl başından:

– Əə, keçəl, yığışdır, Allaha dua et. Ye, iç, kef çək. Mehri xanımnan toyum olanda sənə bir dağarcıq pul verəcəyəm, gedib darğalıq elərsən.

Bəli, Kürdoğlunun kefi kökəldi, əmr verdi, bir şadyanalıq məclisi quruldu. Kürdoğlu keçəl Yaradanqulunu başda oturtdu. Yeyib, içib halı şah taxtına çıxandan sonra Kürdoğlunun saz, söz yadına düşdü. Ürəyi cuşə gəlib görək məclis əhlinə nə dedi. Əvəzində deyək, kefdə olasız:

Könlüm istər uca dağlar qarını,
Gün vurub ərisin səlbəsəl bu gün.
Mehri yardan mənə xəbər gəlibdi,
Şad olsun qoşunum elbəel bu gün.

Qurban olum qıynağıma, qoluma
Gecə-gündüz fikrim gedir yanına,
Yaradanqulu, gətirəydin yanıma
Sanayaydım birçək, telbətel bu gün.

Nanəciblər bilməz namus, arını
Bülbül qoymaz gül üstündə xarını,
Get, Kürdoğlu özün gətir yarını
Gətirməsən bu dünyadan öl bu gün.

Sizə deyim Mehridən. Yaradanqulu gedən kimi Mehri qaçıb gəldi Şəhrinin yanına ki, bəs, belə-belə, Yaradanqulu dilənçi sifətində gəlmişdi, yəqin, Kürdoğlu xəbər aparmağa göndərib. Məsləhət-məşvərətdən sonra Mehri ilə Şəhri belə qərara gəldilər ki, bu günə-sabaha bir də gördün Kürdoğlu qapını kəsdirdi. Vaxtında tədbir görmək lazımdı. Axır belə fikir elədilər ki, getsinlər Türkman paşası Səlim paşanın yanına. Hal-qəzyəni danışıb ondan pənah istəsinlər. Deyirlər, Türkman paşası çox mərd adamdı. Yəqin, onları darda qoymaz. Axşam oldu. Mehri ilə Şəhri bütün gecəni oyaq qaldılar, ilan vuran yatdı, Mehri ilə Şəhri yata bilmədi. Səhərin toranı çalar-çalmaz qalxıb Türkman paşasının yanına yola düşdülər.

Bəli, elə ki Yaradanqulu haman xəbəri gətirdi, Kürdoğlu arxayın oldu ki, Mehri ondan qeyrisinə getməyəcək. Dedi, yəqin, Şəhriyə də baxır, mənə də. Mənim adım-sanım, qoçaqlığım cəmi aləmdə məşhurdu. Məni qoyub Şəhriyə ərə getməz ki. İkinci tərəfdən də bilir ki, Şəhriyə bir qulaqburması verərəm ki, dədəsi qəbirdən xortlayıb çıxar. Bir həftə ötdü, iki həftə ötdü, üçüncü həftə Kürdoğlu dedi, bir Mehri xanımın dalınca gedim. Daha işi tezləşdirmək lazımdı. Oydu ki, dəstəsini başına yığdı, elə ki hamı cəm oldu, Kürdoğlu üz tutdu dəstəsinə:

Bahar uçar könül quşu
Bu dağların havasına.
Qanad çalar tülək, tərlan
Uçar, qonar yuvasına.

Qızıl almalar işdəmiş,
Dörd bir yanın naxışdamış,
Yol düşmüş karvan işdəmiş,
Mehri xanım obasına.

Olan Kürdoğluna oldu,
Peymanam qan ilə doldu
Mehri yar saraldı-soldu,
Dağlar düşdü arasına.

Kürdoğlunun adamları bildilər ki, Kürdoğlu onlarla bir yerdə Mehri xanımın arxasınca getmək istəyir. Hamısı yerbəyerdən dedi:

– Ağa, bilirsən ki, biz sənin yolunda ölümə hazırıq. Haraya istəyirsən, gedək.

Kürdoğlu başının dəstəsi ilə Sərsəbil şəhərinə rəvan oldu. Gəlib şəhərin kənarına yetişdilər. Kürdoğlu dedi:

– Gəlin bir burada gözləyək, Yaradanqulu gedib bir xəbər öyrənsin.

Amma sonra Kürdoğlu fikirləşdi ki, elə özü də getsə, yaxşıdır. Gedib Mehri xanımla görüşsün, alışıb verişsin ki, bəs, nə vaxt elçi göndərsin, toyu nə vaxt eləsinlər. Xülasə, dəstə qaldı şəhərin kənarında. Kürdoğlu Yaradanqulunu da yanına alıb şəhərə varid oldu. Elə ki, gəlib bir pinəçi dükanının qabağına yetişdilər, keçəl dedi:

– Ağa, başmağım cırılıb, icazə ver onu yamadım sonra gedək. Belə Mehri xanımın yanına getmək yaxşı deyil.

Kürdoğlu gördü, doğrudan da, Yaradanqulunun başmağı yaman gündədi. Bu halda onu Mehri xanımın yanına göndərmək ayıbdı. Dedi:

– Yaxşı, onda sənə bir təzə başmaq alaq. Bunu tulla getsin, yamatmaq uzun çəkər.

Hər ikisi içəri girib pinəçidən xahiş elədilər ki, yaxşı bir başmaq versin. Pinəçi başmağı verdi, amma qiymətini elə baha dedi ki, Kürdoğlunun gözü çıxdı kəlləsinə, qaytıdı ki:

– Əə, imanını da bunun üstünə qoyma, adam kimi qiymət de. Biz tələsirik, gedəcəyik.

Pinəçi qəzəbləndi:

– A kişi, mən belə verirəm, xoşundu al, xoşun deyil yaxşı yol.

Bu dəfə Yaradanqulu dilləndi:

– Əə, qeyrətin olsun…

Pinəçini od götürdü:

– Görürəm, bir sən qeyrətlisən, bir də Kürdoğlu. Bir qız istəyirdi, o da qaçıb əlindən çıxdı.

Pinəçi Kürdoğlunu tanımırdı, elə adını eşitmişdi. Əgər bilsəydi ki, bu Kürdoğludu dilini dinməzinə qoyardı.

Kürdoğlu qəzəbləndi, istədi, irəli yeriyib pinəçinin başını bədənindən ayırsın. Keçəl işi duydu, him elədi ki, səbr elə, qoy görək bu nə deyir. Deyəsən, işin içində iş var. Üz tutdu pinəçiyə:

– Əə, qız nədi, filan nədi, sən nə danışırsan?

– Qız da qızdı da… Dəvə zad olmayacaq ki…

Yaradanqulu gördü, şirin dilini işə salmasa, pinəçidən fərri bir şey öyrənə bilməyəcək. Kürdoğluya him elədi ki, bayıra çıxsın, pinəçi ilə o özü danışacaq. Kürdoğlu bayıra çıxdı. Yarandanqulu pinəçi nə qədər demişdisə, bir az da artıq pul çıxarıb verdi. Yağlı dilini işə saldı. Bir dəqiqənin içində pinəçini muma döndərdi. Elə ki, gördü pinəçi yola gəldi, soruşdu ki, qardaş, o, nə qız haqqhesabıdı elə. Pinəçi nə var idisə, hamısını qoydu keçəlin ovcuna. Bəli, elə ki, keçəl əhvalatı öyrəndi, çıxdı bayıra ki: «Qılıncın qında çürüsün, Kürdoğlu, qız əldən çıxdı». Kürdoğlu soruşdu:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets