Cəlali Kürdoğlu
Page 5 of 6 · 67%
– Necə yəni əldən çıxdı?
– Necəsi zadı yoxdu, Mehri xanım Şəhriyə qoşulub qaçdı Türkmən paşasının yanına.
Dünyayi-aləm Kürdoğlunun başına daraldı. Başa düşdü ki, Mehri xanım onu aldadıb. Hannan-hana özünə gəldi. Keçəl Yaradanqulu ona toxdaq verib dedi:
– Ağa, olmasın o qız, düz dünya dolu qızdı. Lap istəyirsən sənə padşah qızı alaq.
Kürdoğlu cavab verdi:
– Keçəl, səninki elə saman altdan su yeritməkdi, o da tutar tutar, tutmaz da tutmaz. Amma mənimki kişilikdi, söz verdim gərək eləyəm. İndi deyirsən bir qızdan ötrü məmə yeyəndən pəpə yeyənə hamı desin Kürdoğlu qorxaqdı, bir qız istəyirdi, onu da əldən verdi. Qorxusundan arxasınca gedə bilmədi. Günü bu gün yola düşürük Türkman paşasının yanına. Adam kimi qızı istəyirik. Razı oldu oldu, olmadı onda bir qılıncdı bir də Türkman paşasının başıdı.
Keçəl qeyri bir söz demədi. Bildi ki, deməyin xeyri yoxdu. Ordan şəhərin kənarına qayıtdılar. Kürdoğlu adamlarını başına yığıb dedi. Görək nə dedi, necə dedi:
Üzəngi vurun atlara,
Gəzək biz elbəel bu gün.
Qana qataq çölü, düzü
Dolanaq çölbəçöl bu gün.
Hanı paşa, verin dərsin,
Hökmümüz daşa yerisin,
Qoşun Türkmanı bürüsün
Düzülək dalbadal bu gün.
Bağban olub bar istərəm,
Turunc istər, nar istərəm,
Kürdoğluyam, yar istərəm,
Paşa öldür, ya öl bu gün.
Kürdoğlunun dəstəsində yeddi yüz bir adam varıydı. Yeddi yüzü qılınc vuranıydı, amma bircə keçəl Yaradanqulu qılınc görəndə ürəyi yarılırdı. Onunku alıb aldatmağıydı, fəndinə keçdin evin yıxıldı.
Elə ki, Kürdoğlu sözünü qurtardı, hamı yerbəyerdən dilləndi:
– Kürdoğlu, özün bilirsən ki, biz sənin yolunda ölməyə hazırıq, hara deyirsən, ora da gedək.
Bəli, dəstə yol aldı, gecəynən, gündüznən yatmayıb, yeməyib gəlib çatdılar Şamdərya şəhərinə. Bu o şəhər idi ki, Türkman paşası orada əyləşirdi. Gəlib şəhərin kənarına yetişdilər. Kürdoğlu dedi:
– Gəlin burda əylənək. Bir məktub göndərək Türkman paşasına. Bəlkə, adamdı qandı, deyəndə ki, qızı ver, verdi, onda daha cəng eləməyin yeri yoxdu. İşdi əgər qanmaz onda qandırarıq.
Keçəl Yaradanqulu az-çox yazı-pozu bilirdi. Kürdoğlu dedi, Yaradanqulu yazdı. Kürdoğlu paşaya yalvardı ki, məni yaxşı tanıyırsan, gücümə də bələdsən. Gəl, qızı ver, sakit qayıdıb gedək. Yoxsa Şamdəryanın torpağını torba ilə daşıtdıracağam. Keçəl məktubu yazıb qurtardı. Kürdoğlu dedi:
– Keçəl, məktubu aparmaq sənin boynuna.
Keçəl Yaradanqulu bəçeşm eləyib məktubu soxdu qoltuğuna, ya allah deyib paşanın sarayına yola düşdü.
Keçəli yolda, Kürdoğlunu da adamları ilə şəhərin kənarında qoyaq. Sizə deyim kimnən, Mehri ilə Şəhridən, bir də Türkmən paşasından. Elə ki, Mehri ilə Şəhri Şamdərya şəhərinə yetişdilər, birbaş gəldilər Türkman paşasının sarayına. Sarayın qabağında dayandılar, qapıçının ovcuna bir onluq qızıl basdılar ki, bəs bizim ərzimiz var, onu paşaya çatdır. Qızıl onluğu görəndə qapıçı az qaldı imanını bazara çıxarsın, dedi:
– Nə qulluğunuz var, buyurun.
Şəhri dedi:
– Paşaya ərz elə ki, Sərsəbildən bir qıznan bir oğlan Kürdoğlunun əlindən qaçıb sənə pənah gətiriblər. Əgər mümkünsə, bizi öz yanında saxlasın.
Qapıçı gedib xəbəri necə var elə də Səlim paşaya çatdırdı. Səlim paşa Cəlali Kürdoğlunu yaxşı tanıyırdı. Bilirdi ki, haramzadanın biridi. Bu xəbəri eşitsə, bir qələt çıxardacaq. Düzdü, paşa Kürdoğludan qorxmurdu, amma yenə fikirləşdi ki, azacıq aşım, ağrımaz başım, hər yoldan ötəni sarayda saxlamaq olmaz. Kürdoğlu adamyeyən deyil ki. Gedib şəhərdə bir ev tapıb qalsınlar. Qapıçı xəbəri Mehri ilə Şəhriyə çatdırdı. Onlar hər ikisi başa düşdülər ki, paşa onları başından eləmək istəyir. Ona görə də Mehri götürüb paşaya belə bir məktub yazdı:
Verməynən zalıma, möhnətdən qurtar,
Paşam, salma çöldən çöllərə məni.
Leyli, Məcnun, Əsli, Kərəmdən betər
Paşam, salma çöldən-çöllərə məni.
Uca dağlar hərgiz saxlar qarını,
Kamil bağban sevər bağın barını
Satmaram sevginin düz ilqarını,
Paşam, salma çöldən-çöllərə məni.
Mehri fikirləşdi ki, bəlkə, Kürdoğlu paşaya bir xəbər göndərib, bir şey boyun olub, paşa da razılaşıb. İndi o səbəbə görə onları qəbul eləmək istəmir. Oydu ki, sözün dalısını götürüb belə yazdı:
Qurban olum qılıncına, soyuna,
Gəl, sən baxma Kürdoğlunun toyuna.
Qəza vurdu düşdüm müşkül oyuna,
Paşam, salma çöldən-çöllərə məni.
Öz bağımda bağbanım var, bağım var,
Namusum var, qeyrətim var, arım var,
Mən Mehriyəm, Şəhri kimi yarım var
Paşam salma çöldən-çöllərə məni.
Məktubu yazıb tamam elədi. Verdi qapıçıya ki, aparıb Səlim paşaya çatdırsın, qapıçı nəm-nüm elədi ki, xəbəri bir dəfə apararlar. Paşanın acığı tutar, dərimi dabanımdan çıxarar. Mehri gördü, qapıçı yenə nəsə umur, tamahı həzrət Əlinin qılıncından itidi. Əlacı kəsildi, bir onluq qızıl da basdı qapıçının ovcuna. Qapıçı onluğu görüncə məktubu bayaq ha, havada qapıb yayından çıxmış ox kimi özünü verdi Səlim paşanın yanına. Paşa məktubu alıb oxudu. Elə ki, məsələdən hali oldu, bildi ki, bu qıznan oğlan bir-birlərini sevirlər. Kürdoğlunun əlindən qaçıb paşaya pənah gətiriblər, bayaq dediyi sözə peşiman oldu. Öz-özünə dedi, bu namərddikdi ki, iki növrəstə cavan hardan hara səni deyib gələ, sənə qısıla, onları qəbul eləməyəsən. Əmr verdi, Mehri ilə Şəhrini gətirdilər. Paşa baxdı ki, bunlar bir-birinə elə yaraşır, elə yaraşır, elə bil bir almadılar yarı bölünüblər. Allah-taala bütün camal-kamalını, hüsnü-xəttini, qəddiqamətini bu iki cavana verib. Hardan, nə üçün gəldiklərini yerliyataqlı bilmək istədi. Şəhri əhvalatı birbəbir paşaya nağıl elədi. Paşa dedi:
– Bu gündən mənim yanımda sarayda qalırsız. Sizə özüm toy eləyəcəyəm. Kürdoğlu quş olub sizin həndəvərinizə də səkə bilməz. Heç nədən qorxub eləməyin.
Mehri ilə Şəhri sarayda qalmaqda olsun, sizə deyim keçəl Yaradan-quludan. Keçəl Yaradanqulu bir at mindi, məktubu da cibinə qoyub Səlim paşanın sarayına yola düşdü. Səhərin gözü təzəcə açılmışdı. Mehri ilə Şəhri pəncərənin qabağında durub yollara baxırdılar. Vətən, el-oba yadlarına düşmüşdü. Bir də baxdılar ki, uzaqdan bir atlı gəlir, amma atın üstündə elə oturub ki, elə bil, İmam Söyün yetimidi. Atlı gəlib yaxınlaşanda bir də baxdılar ki, ey dili-qafil, bu kim ola, kim olmaya, Keçəl Yaradanqulu ola. O saat hər ikisi mətləbi qandı. Bildilər ki, Yaradanqulu bura koxalıq istəməyə gəlmir, Kürdoğlunun xəbərini gətirib ki, Mehrini paşadan alsın. Şəhri dedi:
– Mehri xanım, mən bir gedim Yaradanqulunun qabağına, görüm Kürdoğludan nə xəbər gətirib.
Şəhri düşüb Yaradanqulunun qabağına gəldi:
– Yaradanqulu, xeyir ola, sən hara bura hara, yoxsa başına dərman almağa gəlmisən?
Yaradanqulu Şəhrini tanıdı, dedi:
– Yox, bu dəfə iş səninkidi. Kürdoğlu sənin başına bir quruş qiymət qoyub, kim öldürsə, verəcək. Öldürən tapılmasa, özü öldürəcək.
Keçəl nə üçün gəldiyini Şəhriyə anlatdı. Bildirdi ki, Kürdoğlu öz dəstəsi ilə şəhərin kənarında dayanıb, əgər paşa Mehrini verməsə, Kürdoğlu müharibə eləyib qızı aparacaq. Şəhrinin canına qorxu düşdü. Fikirləşdi ki, paşa onun qohumu deyil, qardaşı deyil. Onnan ötrü müharibə eləyib qan tökməz. Mehrini Kürdoğluya verəcək ki, başı dinc olsun. Kürdoğlu sakit çıxıb getsin. Halı pərişan oldu, dünya başına dolandı. Mehrinin yanına gəlib gərək öz dərdini ona necə ərz elədi:
Qoşunlar səf-səf düzüldü,
Paşam bizi elə verər.
Tamam şəhəri bürüdü,
Paşam bizi ələ verər.
Mehri işin nə yerdə olduğunu bildi. Ancaq Şəhriyə təsəlli verməkdən başqa əlacı qalmadı. Götürdü, cavabında belə dedi. Biz deyək, eşidənnər var olsun:
Sənsən mənim cavan yarım,
Paşam bizi ələ verməz,
Aralıqda düz ilqarım,
Paşam bizi ələ verməz.
Aldı Şəhri:
Ov qaçanda dizə verər,
Ovçu ziynət gözə verər,
Kürdoğlu ona xəznə verər,
Paşam bizi ələ verər.
Aldı Mehri:
Tac zərdəndi, mis ki deyil,
İrz, qeyrət əbəs ki deyil,
Paşa binamus ki, deyil
Paşam bizi ələ verməz.
Aldı Şəhri:
Əlimdən alsalar yarım,
Mən gedim kimə yalvarım
Şəhriyəm, yox havadarım,
Paşam bizi ələ verər.
Aldı Mehri:
Elə sözlər gəlməz ara,
Dərdimə tapılar çara,
Mehriyəm sinəmdə yara
Paşam bizi ələ verməz.
Bəli, elə ki Yaradanqulu məktubu paşaya yetirdi. Paşa məktubu oxuyub mətləbdən xəbərdar oldu, hirs vurdu beyninə, dedi:
– Get, Kürdoğluna deynən düz-dünya dolu qızdı. Ona nə yaraşar ki, başqasının sevgilisini əlindən alsın. Ağlı kəsirsə, sakitcə çıxıb getsin. Yox, ağlı kəsmirsə, onda bəri başdan kəlmeyişəhadətini oxusun.
Mehrinin xəbəri yox idi ki, paşa keçələ nə deyəcək, Kürdoğluna nə xəbər göndərəcək. Dedi, birdən paşa fikrini dəyişər, onları ələ verər. Gəlib özünü atdı Səlim paşanın ayaqlarına ki: «Paşam, amandı, bizi ələ vermə». Paşa Mehrinin bu halını görüb, doğrudan da, pərişan oldu. Üz tutdu Mehri xanıma görək necə arxayın saldı:
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-celali-kurdoglu
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Uzaq yoldan gələn yarım,Yoluna qurban oluram,
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
Dədə Yediyarla III deyişməIII deyişmə**D ə d ə Y e d i y a r
Düzələ bilməzDərmansızdı bəd övladdan gələn dərd,Bu dərd əyən ata düzələ bilməz.