Sənə bir söz deyim dərdimi qanan,Mənim xoş muradım qaldı deyimmi?Zəhmət çəkdim bəhrəsini görmədim,Qəm ləşkəri üstüm aldı deyimmi?

Aşıq olub dolaşmışam elləri,Çox keçmişəm dərin-dayaz selləri,İntizar qəlbimin incə telləri,Min qəmlər nəğməsi çaldı deyimmi?

Qocaldıqca canım oda yaxıldı,Aciz qaldım üzümə kəm baxıldı,Duyub, düşündükcə ürək sıxıldı,Gözlərim qan, yaşla doldu deyimmi?

Bəxtim bəd gətirdi, dövranım döndü,Günüm zülmət oldu, çırağım söndü,

Zəhmətim hədərdi, ünüm boş ündü,Danışmağa dilim laldı deyimmi?

Miskinli Vəliyəm yollar yorğunu,Fani gördüm hər büsatı, qurğunu,İtirdim Qoşqarı, şair Vurğunu,Açılan güllərim soldu deyimmi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets