Qardaşım Qurbanəli! (İrəvan. Fi 22 mahi-mart 1902)

Kağızın vüsul oldu. Upravleniyadan rasçotu və talonu alıb, xəzinədən yüz otuz bir manat altmış üç qəpik aldım. Lazım gəldi xəzinədən pul almaqdan ötrü bir vəkilnamə də yazdırmaq və bu vəkilnaməyə həştad beş qəpik xərcim çıxdı və dünən Kərbəlayı Məhəmməd ağaya yüz otuz manat yetmiş səkkiz qəpik (130 r. 78 k. ) verdim və şalların satılmağı barəsində soruşdum. Belə məlum oldu ki, hələ satılmayıblar və mən öz tərəfimdən təvəqqe elədim sənin Xanzadov ilə olan hesabını qurtarsın və Kərbəlayı Məhəmmədağa söz verdi qurtarsın. Mən irəlicə Naxçıvanda olanda xalqdan eşidirdim ki, sən podratda qazandığını qoyursan alış-verişin ziyanına. İndi yadıma düşür haman sözlər və mən özüm də istəyirəm bu rəyə şərik olam.Sən mənə yazırsan ki, teleqrafı alan kimi mənim ağama aparıb iyirmi manat verdin. Mən bilmirəm bu barədə sənə nə deyim. Deyim əgər “çox razıyam”, bu həmişə eşitdiyimiz sözdür, adəti sözdür. Hamısından yaxşı burada mən bir neçə nöqtə qoyum...

Jalil Mammadguluzadeh4 min
Bəradərim Qurbanəli! (Fi 22 aprel 1905)

Tiflis*Qardaş, bu nə işdir sənin başına gəldi? Əhvalatı bir qolay eşitmişəm, amma təfsilatı mənə məlum deyil. Əlbəttə, əlbəttə, tez kağız yaz. Əgər yaza bilməsən, yazdır göndər görək bu nə qəzavü-qədərdir sənin başına gəlir.

Jalil Mammadguluzadeh1 min
Əziz Həmidə! (1913)

Heç kəsə demə ki, sənə bu cür teleqramlar göndərirəm: məni başa düşməzlər və elə güman elərlər ki, mən sənin yanında lovğalanıram.Sənin Cəlilin

Jalil Mammadguluzadeh1 min
Həmidə! (1 aprel 1914)

Bizdə hər şey öz qaydasındadır. Uşaqlar səlamətdirlər. Bəs haçan gələcəksən? Gələndə limfa da gətir.Burada yaz pis keçmir. Qəmər və Münəvvər sənə salam göndərirlər. Dəyirman işləyir.

Jalil Mammadguluzadeh1 min
Həmidə! (24 fevral 1919)

Uşaqlar sağ-salamatdırlar. İşlər öz qaydasınca gedir. Sabah çuğun çarxı yerinə qoymağa başlayırlar. Dünən müstəntiq gəlmişdi, artıq o, Plovinski ilə istintaq keçirib. İş daha yaxşı bir hal alıb; nəticəni vaxtı gələndə yazıb bildirərəm. Səhhətin necədir, yaranı deşdilərmi? Bu kağızla birgə 5 dənə vergi vərəqəsi və 2 dənə ərizə blankı göndərirəm. Malikanənin planını apardığın üçün ərizədə rəqəmləri yerinə qoya bilmədim, bu rəqəmləri dürüst yazmaq vacibdir. Ərizəni martın 1-nə qədər vermək lazım olduğu halda, mənə dünən təqdim etmişlər və mən elə bu gün vergi inspektoruna kağız yazıb xahiş eləyəcəyəm ki, sənin xəstəliyinə görə və ərizəyə özün qol çəkməli olduğuna görə bizə möhlət versin. Sən “mərzölçmə məlumatı” qrafasına birtəhər rəqəmlər qoyub qol çək və poçtla sifarişli məktub şəklində Şuşa məntəqəsi vergi inspektorunun adına göndər. Sonra Hindarx poçtu rəisinin adına ərizə göndər ki, sənin adına göndərilən sifarişi və adi kağızları və sairəni mənə versinlər, çünki bankdan elə kağızlar gəlir ki, onları dərhal almaq və işin nə yerdə olduğunu bilmək lazımdır. Nəhayət, toxumlar bağlamasını gözləyirəm ki, onları da mənə verməyəcəklər. Sonra onu da deyim ki, burada təzə ipək yorğanlardan birisi əskik gəldi. Bizə elə gəlir ki, siz özünüzlə aparmısınız. Qoy Manya sənin barəndə tez-tez kağız yazsın. Hələlik. Tezliklə sağalmağını arzulayıram.Cəlil

Jalil Mammadguluzadeh1 min
Müzəffər! (6 fevral 1923)

Lavrenti kağız yazıb 30 manat yolpulu istəyir. O sənə yazmışdı, əgər onu kağız yazıb çağırmaq lazımdırsa, ya sən 30 manat yolpulu göndər, ya da yaz, mən göndərim. Mən onu sizə zorla qəbul elətdirmək fikrində deyiləm: fikirləşin. Əlbəttə, dəyirmanı təmir etdirmək lazımdır və hər nə gərəksə o eləyəcək, hərçənd onu həmişəlik dəyirmanda işlətməyin mənası yoxdur, çünki onda Əbdülkərim inciyəcək. Xülasə, fikirləşin. Təmir qurtaranda Lavrentini işdən azad eləmək olar. Ünvanı belədir: Çerez Lanqxutı, Atsana. S. Mamatı Şatiri. Lavrentiyu, Qoqeliya.Hələlik. Xudahafiz, əziz uşaqlar.

Jalil Mammadguluzadeh1 min
Əzizim Həmidə! (25 avqust 1923)

Səndən çoxdan xəbər yoxdur və bilmirəm yaylaqdan qayıtmısınız, ya yox. Uşaqlardan nigaranam və onlar üçün darıxıram. Və bilirəm ki, sən də onların qeydinə az qalmırsan. Həmidə, sən Allah, öz-özünü təlqin elə, ələ al. Gümrah və təmkinli ol. Axı bizim uşaqlarımız var, hələ onlara tərbiyə vermək, onları böyütmək lazımdır.Dərslərin başlanmağına az qalıb. Uşaqlar yeni tarixlə sentyabrın onunadək mütləq burada olmalıdırlar. Onların özlərini, təhər-tövrlərini və dərs vəsaitini düzəltmələri bir neçə gün çəkəcək. Bir az əvvəl sənə yazmışdım ki, Şuşa şəhərinə sovqat göndərmişəm (qənd və sairə). Bərk heyfslənirəm ki, Lısoqorska, sənin yanına gələ bilmədim. Boynuma alıram ki, bizim adamlarımızın ədalətsiz həbs olunmalarından sonra, hətta o yerlərə üz çevirmək də mənə çox pis gəlir. Gəlməyim lap vacib olsa, o başqa məsələ.

Jalil Mammadguluzadeh1 min
Əziz oğlum Midhət! (28 avqust 1923)

Mən çoxdan sənə velosiped almaq istəyirdim. Axırı Malakan küçəsindəki bir ustada velosiped gördüm. Amma bu işdən başım çıxmadığı üçün ala bilmədim. Axırı dünən, avqustun 27-də eşitdim ki, qonşumuz İsrafil İbrahimov velosiped sürəndir. Faytona minib getdik. Pakizəni də apardım. İbrahimov bir saata qədər həmin velosipedə minib sürdü, baxdı. Onun razılığı ilə mən bu velosipedi alıb evə gətirdim (qızıl pul verdim).Bunun əvəzində gərək sən də, vədə verdiyin kimi, ağıllı, çalışqan oğlan olasan, ən vacibi: gərək ananı istəyəsən və onun sözünə baxasan.

Jalil Mammadguluzadeh1 min
Əzizim Həmidə! (1924)

Ümidvaram ki, sən tezliklə yığışıb Bakıya gələcəksən. Ənvər və Midhət hər gün mənim yadıma salırlar ki, səni buraya çağırım gələsən. Hətta Ənvər bu qərara gəlib ki, əgər sən nə üçünsə bir də kəndə qayıtmaq istəsən, yaya qədər səni getməyə qoymasın.Əliş bəyin uşaqları sağ-salamatdırlar, 9-cu məktəbdə oxuyurlar. Hələlik onların dərsləri türk dilində keçir, çünki bu ildən yerli uşaqlara rus məktəblərinə girməyə qətiyyən icazə verilmir. Onlar rus dilini əlahiddə bir dərs kimi keçəcəklər. Allahyarı darülmüəllimin pansionunda qoymaq istəyirdim, amma bəy oğlu olduğuna görə heç cür oraya götürməzlər! Rəşid özünü bütün ömrü meşədə keçmiş əsl bir vəhşi kimi aparır. Lap zəncirləməli dəlidir. Oxumağa da qabiliyyəti yoxdur (sinifdə qaldı).

Jalil Mammadguluzadeh1 min
Əzizim Münəvvər! (1924)

Sənin dediyin məsələ barədə dünən komissar Qədirli ilə danışdım. O, möhkəm vədə verdi ki, Fərrux bəyə və Bahadır bəyə kömək eləsin. O Qarabağa gəlməyə hazırlaşır, əgər onu görsən, vədini yadına sal. Yaz görüm sənə nə göndərmək lazımdır. Mütləq yaz: hər nə istəsən, dərhal göndərərəm.C.

Jalil Mammadguluzadeh1 min
Məmməd Səid! (31 yanvar, 1925)

Bakı*Özün bilirsən ki, axır vaxtlar başım ağrıyır və bir şey də yaza bilmirəm. Çoxdan fikrim vardı ki, indi yaxşı bəhanə də düşdü o fikri əmələ gətirməyə: mənim qəti qərarım budur ki, dəxi “Molla Nəsrəddin” jurnalını çıxartmaqdan bilmərrə əl çəkmək, evdə oturmaq və hökumətimizdən beş-on manat pensiya istəmək – ki, elə bilirəm, ona bəlkə haqqım da ola, – və pensiya da olmasa, bir özgə mənbədən bir müxtəsər xərclik axtarmaq.

Jalil Mammadguluzadeh1 min
Əzizim Eynəli Sultan! (13 iyul 1925)

Kağızın gəldi, çatdı. Uşaqların oraya salamat getməklərinə şad oldum, çünki zəmanəmiz çox bietibar olub: tez-tez dəmir yolu uçur. Bir neçə gün sizinkilər gedəndən sonra mən Həmidə xanımı və Midhəti apardım Yevlaxdan yola saldım, getdilər Qalaya və özüm genə qayıtdım Bakıya. Hələ bir neçə gün buradayam. Bilmirəm sonra hara gedəcəyəm. Bu mənim əhvalatım, qaldı səninki. Hə, Tubu deyir: hörmət də var, hörmət də var. Mən də deyirəm: doğrudan, sənin bu Tubun qəribə xörəkli adam imiş. Axı, yemək də var, yemək də var. Ancaq söz burasındadır ki, papirosdan savayı qeyri bir yeməyini görmədik. Onunçün də, maşallah, göz dəyməsin, eləcə kökəlibdir. Maşallah, maşallah. Ancaq Şuranı bu dəfə mən yaxşı gördüm. Və xüsusən elə saatlar olurdu ki, onunla rubəru oturanda keçmiş günləri yada salırdım. Elə bilirdim ki, haman Eynəli qardaşım qırx il bundan qabaq yanımda oturub, cavanlıq həvəsilə oxuduğu kitablardan, rus maarifindən, Avropa əhli-qələmlərindən şirin-şirin və bəzi vaxt da odlu-odlu, yanıqlı-yanıqlı söhbətlər edir. O qədər məni özünə qulaq asdırdın ki, axırda məni doğrudan da, maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydım, mən də qeyri sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım. Bəhər hal, Tubuya mənim qardaşlıq salamımı yetir. Şuranı da mənim əvəzimdən öp. Özün də hələ özünü bir tövr saxla görüm nə vaxt görüşərik.Cəlil

Jalil Mammadguluzadeh1 min
Həmidə! (10 iyun 1926)

Bakı*Dünən axşam uşaqlar getdilər. Yazmışam ki, Yevlaxda onların qabağına bir fayton gəlsin. Hər ehtimala qarşı Midhətə pul vermişəm ki, fayton gəlməsə, avtomobilə minib getsinlər. Yollarına hər şey qoymuşam, plaskart vaqona bilet almışdılar, yerləri çox münasib idi.

Jalil Mammadguluzadeh1 min
Həmidə! (13 iyul 1926)

Bakı*Sənin otkrıtkanı dünən aldım. Bədəncə zəif uşaq olan Teymuru tamam nahaq yerə Kəhrizlidə saxlayıblar. Başa düşmək istəmirlər ki, o, Qarabağa istinin və qızdırmanın içində bizim üçün taxıl biçməkdən, ya başqa bir iş görməkdən ötrü getməyibdir. Bu işdə daha mənim əlimdən heç bir şey gəlmir və heç kəs mənim sözümə baxmaq istəmir. İndi də Şuşaya iki dənə qazan və bir cüt balınc göndərmək istəmirlər ki, kirayə tutduğumuz mənzildə işlədək. Ona görə də, budur, indi yayın ortasıdır, biz isə yenə Süleymangildəyik. Belə şəraitdə Turşsuya getməyin heç bir mənası yoxdur.

Jalil Mammadguluzadeh1 min
Həmidə! (Borjom, 20 iyul 1926)

Tək gün*Mən Borjoma gəlməli oldum. Tiflis bərk isti olduğuna görə yolüstü orada qalmadım. Mənim hesabıma görə sənin pulun artıq qurtarıb. Odur ki, bu gün buradan poçtla sənə 50 manat göndərirəm. Sən onu xərcləyib qurtarıncaya qədər mən özüm Şuşaya gələcəyəm. Əvvəlcə Bakıya qayıdıb Pakizəni gətirməliyəm.

Jalil Mammadguluzadeh1 min
Xalq rəssamı və əziz yoldaş möhtərəm Əzimzadəyə

7 may (1927), Bakı*Gərək bunu bilmək ki, mən özüm fitrətən həmişə gurultulu nümayişlərdən uzaq olmuşam, o dərəcəyə kimi ki, mənim özümə aid olan yubileyləri qəbul etməmişəm və lakin buna baxmayaraq yenə sizi yubiley axşamı bir tövr oraya süründürdüm və burada da mənimki gətirmədi: o yerdə ki, səni qoltuqlayıb səhnəyə aparırdım, zalım oğlu Dorş yoldaşın zorla səni mənim əlimdən aldı. Digər tərəfdən də müəyyən surətdə cildə verdiyimiz “Molla Nəsrəddin” məcmuəsi hədsiz tətillərin bərəkətindən öz vaxtında hazır olmadı və yubiley axşamı əlimizi boş qoydu.

Jalil Mammadguluzadeh1 min
Məktub. Kitab mağazasına (24 oktyabr 1927)

Sizdə qalıb satılmaq üçün:1. “Konsulun arvadı” – 13 ədəd, ədədi 12 qəpik.

Jalil Mammadguluzadeh1 min
Möhtərəm Vahab yoldaş! (2 sentyabr 1928)

Bakı*İki gün bundan qabaq yaylaqdan gəldim və məktubunuzu oxudum. Cavabınız 36-cı nömrədə eynən çap olunacaq. Savayı bundan ixrac olunmuş müəllimlərin adlarını bilmək istərdim, gələcəkdə bizə lazım olar. Hələ ki, belə.

Jalil Mammadguluzadeh1 min
Həmidə! (28 fevral 1929)

Midhətlə Tiflisə getmişdim. Orada sənə kağız yazdıq. Mən olmayanda Azərbaycan MİK sənin ərizəni Dağlıq Qarabağa göndərib ki, öz fikirlərini yazsınlar. Dünən Azərbaycan MİK-nə getdim və elə dünəncə Azərbaycan MİK-i tərəfindən Xankəndinə teleqram vuruldu ki, cavabı ləngitməsinlər. Zənnimcə sənin səs məsələn müsbət həll ediləcək; odur ki, narahat olma.Tiflisdə uşaqlar bizim gəlişimizdən çox şad oldular. Biz hər gün bir yerdə olurduq. Hətta Yusifxan bizim hamımızı sirkə qonaq elədi, sirk uşaqlar üçün çox maraqlı oldu.

Jalil Mammadguluzadeh1 min
Əziz oğlum Midhət! (Bakı, 23 may 1930)

Məktublarını aldıq. Sənin uzunboğaz çəkmələrini və qaloşunu istədiyin günün ertəsi, mayın 5-də poçtla göndərdik. Kağız da yazmışdıq. Amma axırıncı açıq məktub, deyəsən, Sverdlovski adresinə göndərilib. Ona görə ki, poçtun qeydinə “Svirstroy” deyil, “Sverdlovsk” yazılmışdır.Sənin üçün başqa bir sovqat göndərmədik. Çünki başqa bir şey istəməmisən.

Jalil Mammadguluzadeh1 min
Midhət! (26 dekabr 1930)

Kislovodsk*Məni sanatoriyadan buraxırlar: yayda gəlmək lazımdır.

Jalil Mammadguluzadeh1 min
Əzizim Baba! (15 aprel 1931)

Çoxdandır səndən xəbərim yoxdur. Qışda mən naxoş olmuşdum, amma indi yaxşıyam.Sən necəsən, uşaqlar necədirlər? Dərslərin necədir?

Jalil Mammadguluzadeh1 min
Mənim möhtərəm Kislovodsk tanışlarım – Vladimir Pavloviç və Valentina Pavlovna Aqapyevlər!

Sizdən ayrılandan sonra mən yanvarın 2-də Bakıya gəldim və yanvarın 7-də buradakı Semaşko adına xəstəxanaya girdim. Yanvarın 19-da xəstəxanadan buraxdılar və fevralın 20-dək ambulatoriyada müalicə olundum.Bütün bu müddət ərzində mənim dərdim-sərim bu idi ki, qan təzyiqim xeyli qalxmışdı. Axırı bundan təngə gəlib, naxoşluğumu da, qan təzyiqini də yaddan çıxardım. İndi kefim necə istəyir, elə də yaşayıram. Bütün ümidimi, ancaq Allaha bağlamışam.

Jalil Mammadguluzadeh1 min
Azərbaycan KP MK-nın Bakı Komitəsinin mətbuat şöbəsinə

1931-ci ilin əvvəlindən “Molla Nəsrəddin” fəhlələrindən, kasıblardan, patraklardan və təhsil alan gənclərdən ibarət daha geniş oxucu kütləsinə tərəf dönür. Jurnal bu ildən öz işini əsas etibarilə ateizm sahəsində gücləndirir, əhalinin türk hissəsi arasında fanatizm, kütlük və cəhalətə qarşı mübarizəyə rəhbərlik edir. Bununla yanaşı əsas kütləvi dövrü mətbuat orqanı kimi jurnal keçirilən bütün siyasi kompaniyalarda fəal iştirak edir. Qarşıda duran məsul vəzifələrlə əlaqədar olaraq, jurnal fəaliyyətini genişləndirməli, ardıcıl nəşrini təmin etməli, bədii-siyasi məzmununu artırmalı, fəhlə-kəndli müxbirləri ilə işin genişləndirilməsinə nail olmalıdır.Bütün bunlara görə, “Molla Nəsrəddin” jurnalının 1931-ci ilə dair nəzərdə tutulan xərclərinin cədvəlini təqdim etməklə təsdiq olunmağını və illik xərcinin 16 min 44 manat həcmində qəbul edilməsini, Sovnarkoma dövlət yardımını ildə 6 min 44 manata çatdırmağı təklif etməyi xahiş edirəm.

Jalil Mammadguluzadeh1 min
Redaksiyaya məktub (13 avqust 1905, № 165)

Təşəkkür edirəm cəmi o şəxslərə ki, Azərbaycan dilində qəzet nəşrinə icazə almağım münasibətilə mənə təbrik göndəriblər və özümə borc bilirəm ərz edəm ki, bəzi səbəblərə görə, mənə verilmiş hüquqdan əl çəkib, avqustun 11-də bu barədə rəsmi məlumat təqdim etmişəm.Cəlil Məmmədquluzadə*

Jalil Mammadguluzadeh1 min
Redaksiyaya məktub (24 avqust 1905, № 173)

21 avqust tarixli “Novoye obrazovaniye”də belə bir məlumat çap olunmuşdu ki, guya Zaqafqaziya şeyxülislamı və müftisi Y.D.Aspisovaya Tiflisdə müsəlman qızları üçün məktəb açmağa icazə verməyi qeyri-mümkün hesab etmişlər. Mən bu məktubun taleyi ilə yaxından maraqlandım və təhsil dairəsinin cənab popeçitelinin dəftərxanasından bu barədə dürüst məlumat alıb öyrəndim ki, istər şeyxülislam, istərsə də müfti nəzərdə tutulan məktəbdə şəriət və Azərbaycan dilinin keçirilməsi haqqında cənab popeçitelin sorğusuna verdikləri cavabda ancaq cənab dairə popeçitelindən bu məktuba icazə verilməsi məsələsini həmin fənlərə aid proqram müvafiq komissiyalarda tam işlənib qurtarıncaya qədər təxirə salmağı xahiş etmişlər. Onların göstərilən məktuba icazə verməyə razı olmadıqları haqqında isə heç söhbət də getmir.C.Məmmədquluzadə*

Jalil Mammadguluzadeh1 min
Nuri-çeşmim. (24 aprel 1907)

Sən Allah, Məmmədhəsənin anasına de ki, ondan heç nigaran olmasın. Çox yazmağa vaxtım yoxdur, amma bunu yəqin eləsin ki, Məmmədhəsənin günü burada Naxçıvan bəyzadə və xanzadələrinin günündən yaxşı keçir. Sənətində də tərəqqi etməkdədir. Müxtəsər, heç bir şeydən korluğu yoxdur və tuman-köynək də nahaq göndəribsiniz. Heç bir şey lazım deyil; biz burada hələ ölməmişik, sağıq. Sidqinin bircə nəfər uşağına da baxmasaq, dəxi özümüzə necə insan deyə bilərik?Cəlil

Jalil Mammadguluzadeh1 min
Əzizim! (Bakı, 10 yanvar 1910)

İşlərin çox olması səbəbindən kağızının cavabı yubandı. Məhəmmədhəsən, doğrudur, köhnə ustanın yanından çıxıb, amma dəxi eybi yoxdur, çünki təzə yerində dəxi yaxşı təlim almaqdadır və nigaran olmağınıza bir səbəb görmürəm. Ancaq yazınız Ordubada, təzə pasport göndərsinlər.Dostunuz Cəlil

Jalil Mammadguluzadeh1 min
Məmmədəli! (23 avqust 1910)

Bu kağızın içində əlli manatlıq çek var. Avqustun 25-də Bıxovun əlli manatlıq vekselinin srokudur. Veksel Volcski-Kamski bankdadır, necə ki, sən də bilirsən.Pulu al, vekseli çıxart, saxla. Həmidə xanımdan bu pulu mən borc aldım, çünki o özü də bankdan borc alır. Və Həmidə xanıma söz vermişəm ki, bu pulu tezlikdə qaytaraq banka.

Jalil Mammadguluzadeh1 min
Məmmədəli! (25 avqust 1910)

Bileti və povestkaları göndərirəm. Özün yerbəyer elə ki, hamını bir tövr görsün. Hamısındın vacib metrik xərcidir ki, yerbəyer elə. Sonra ev xərci saxla. Mirzə Əliyə, əlbəttə, beş manat ver ki, mənə bir şey alıb göndərəcək; mən ona yazmışam.İsmayıla bir qədər ver və hər nə qalsa, ver Bağırova və hesabları diqqət ilə yaz saxla. Mirzə Əlinin öz alacağını ver ki, borclu qalmayaq. Bu gün jurnal üçün yazmağa və şəkil düzəltməyə məşğul olacağam. Sabah göndərərəm.

Jalil Mammadguluzadeh1 min