Jalil Mammadguluzadeh · Prose
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Yanvarın 27-də yazdığın kağızı mənə İsmayıl bəy gətirdi. Aptekçidən də kağız aldım.Bir neçə gün bundan əvvəl sənə özümün və uşaqların məktubunu göndərmişdim.
Əzizim Münəvvər! (7 fevral 1924)Məktubunu aldım və sənə iki cüt fitil, 15 dənə limon, Həmidə xanıma isə bir girvənkə qəhvə, iki paçka sikori göndərdim. Limonun bir neçəsini də ona göndər.Bu yaxınlarda mən Həmidə xanıma kağız yazıb Bakıya gəlməsini xahiş eləmişdim, çünki uşaqlar onun üçün çox darıxırlar.
Həmidə! (6 mart 1924)Əgər sən buraya bayramdan qabaq, yaxud bayramdan sonra gəlsən, onda (... ) axırında biz hamımız kəndə yığışıb, oradan Lısoqorska gedərik. Uşaqlar səni gözləyəcək. Heydər Naxçıvandan gəlib, bizdə qalır. O tamam dəyişib. Sakit, qıvraq və güclüdür. Midhətlə birgə qalmalı və onunla fransız dilindən məşğul olmalıdır. Günlərimiz xoş keçir. Səni gözləyəcəyik.Cəlil
Əzizim Həmidə! (2 iyul 1924)Georgi məktubu mənə verdi və indiyəcən onu görmədiyimə görə sənin tapşırdığın şeyləri poçta iki bağlamada təhvil verdim: birinci bağlamada 1 put seçmə sədri düyü, o birində isə – 10 girvənkə qənd, 1 girvənkə çay, sənin üçün qaloş, Münəvvər üçün tənzif və paltodur.Sən indi uşaqlarla haradasan və yayda qalmağa haraya gedəcəksən? İşim çox olduğuna görə, mən, deyəsən, heç yerə tərpənə bilməyəcəyəm.
Əzizim Həmidə! (2 sentyabr 1924)Sənin otkrıtkanı aldım. Boğazın barədə müəyyən bir qərara gəlmək lazımdır, bu işdə başısoyuqluq eləmək olmaz və başqa bir qərar ola bilməz. Sentyabrın on dördündə uşaqlarla bərabər Bakıya yola düş, o vaxta qədər 50 manat yol pulu alacaqsan. Burada mütəxəssislə – həkimlə məsləhətləşərik, dəniz sahilində (yəqin Qara dənizin sahilində) olmağın lazım gəlsə, dərhal oraya gedərik, tamam sağalınca orada qalarsan. Söz verirəm, sənin üçün bunu kənddən kömək almadan düzəldim. Amma eyni zamanda bu barədə Müzəffərə yazıram ki, sən kənddə olmayanda təsərrüfat və dəyirman işlərinə kömək eləsin və pul cəhətdən mümkün qədər sənə əl yetirsin. Çünki, axı, məhz indi əməlli-başlı müalicə etdirmək və başqa xərclər üçün sənə çoxlu pul lazımdır.Mütləq yumşaq vaqonda yer alın. Yevlaxa qədər isə yəqin ki, öz faytonumuzla gələcəksiniz, hərçənd onun rezinləri artıq sürtülüb gedib. Müzəffərə yazıram ki, sən yola düşəndən sonra özün gəlincəyə və Bakıdan təzə rezin gətirincəyə qədər faytonu (işlətməyib) söksün (burada dal çarxı üçün rezinin cütü 40 manatdır). Allah qoysa sən yaza qədər mütləq rezin alıb apararsan, çünki mən istəmirəm sən faytonsuz qalasan.
Həmidə! (8 sentyabr 1924)Başa düşmürəm səndən nə üçün mən bir dənə də məktub almıram. Buraya gələni sənə bir sifarişli məktub yazmışam, iki dəfə poçtla 50 manat pul göndərmişəm, bir dəfə də uşaqlar barədə teleqram vurmuşam ki, gəlməsinlər.Dünən Midhət imtahan verib, o biri sinfə keçdi. O gündə iki dəfə müəllimin yanına, bəzən də habelə Blaqovidovanın yanına gedirdi. Amma çox arıqlayıbdır və indi dincəlir. Mən onun yemək-içməyinə diqqət yetirir, süfrəsinə zövqünə və arzusuna uyğun şeylər düzürəm.
Əziz oğlum Midhət! (Ufa, 1 oktyabr 1924)Buradan Kazana yola düşürük. Ümidvarıq ki, oktyabrın 10-u üçün Bakıda olaq. Bilmirəm anan Bakıya gəlib, ya yox. Əgər gəlməyibsə, mənim bu məktubumu ona göndər. Yəqin sən və Ənvər, sözsüz, məktəbə gedirsiniz. Bilmirəm Teymur imtahan tuta bildi, ya yox. Əliş (Süleymanın oğlu) necə oldu, məktəbə girə bildi, ya yox? Səmədi qəbul elədilərmi? Güzəranınız necə keçir? Hər bir şeyiniz var, ya yox? Yəni paltar, dərs kitabları, yemək xərci və i. a. Jurnalın idarəsindən Polina sizə xərclik verməli idi.Əgər Səmədi qəbul eləməyiblərsə, onda Əliş bəyin oğlanlarından birini Bakıya gətirmək yaxşı olardı.
Midhət! (Orenburq, 9 oktyabr 1924)8 oktyabr (1924)*Bu gün gedirik Ufa şəhərinə, on gündən sonra ola bilər ki, gələk Bakıya. Mamandan yana nigaranam, bilmirəm gəlibdirmi Bakıya və əhvalı necədir? Əgər Səmədi gətirməyiblərsə, lazımdır Əliş bəyin oğlanlarının birini gətirmək Bakıya. Gələrəm, danışarıq.
Əzizim Həmidə! (Moskva, 9 oktyabr 1924)Biz artıq Moskvadayıq. Krım – Moskva – Daşkənd – Orenburq – Ufa – Yekaterinburq – Kazan şəhərlərində olub, srağa gün yenə Moskvaya qayıtdıq. Daim evdən nigaran qaldığımı nəzərə almasaq, bu səyahətin bizim hamımız üçün nə qədər maraqlı olduğunu təsəvvür edə bilərsən.Mənim yola düşməyim sənin üçün gözlənilməz oldu, sənin gəlməyini gözləyə bilmədim, odur ki, evə aid tapşırıqların hamısını Polinaya verdim.
Əzizim Həmidə! (24 yanvar 1925)Mən heç başa düşmürəm ki, nə olub. Neçə vaxtdır ki, səndən kağız yoxdur. Bir də, axı, Bakıya gəlməyə hazırlaşırdın, axı, ləngiməyinə səbəb nədir? Uşaqlar sənin üçün yaman darıxırlar və bu, onların dərsinə də, səhhətinə də pis təsir eləyə bilər.Naxoş deyilsən ki? Bir şeyə ehtiyacın yoxdur ki? Səbrsizliklə səndən xəbər gözləyirəm.
Həmidə! (22 avqust 1925)Sağ-salamat gəlib çatdıq. Midhət avqustun 16-sından alman dili dərsinə getməyə başlamışdır. Blaqovidova da qayıdıb gəlib və Midhətin dərslərinə rəhbərlik edir.Bura çox istidir. Mən iki gün Buzovnada qaldım və dənizdə çimdim. Fikrim var Midhəti də iki günlüyə oraya aparım. Elə yaxşı olar, yolda o, Sabunçunu, Balaxanını, Ramananı (neft aləmini) da görər.
Möhtərəm yoldaş! (27 yanvar 1926)Keçən il fevral ayında sizin isminizə çatdırmaq üçün beş ədəd “Ölülər” kitabçası göndərildi. İndi sizdən xahiş olunur satılanların pulunu, satılmayanların özünü göndərəsiniz (25 faiz, əlbəttə, çıxılmaqla).Qaldı kitabçalar söhbəti: noyabr ayında iyirmi beş (25) ədəd “Sirkə”, dekabrda 25 “Molla Fəzləli”, yanvarda 25 “Baqqal Məşədi Rəhim” və 25 “Şer bülbülləri” göndərildi. Bəlkə də bu zəhmətlər sizin üçün əlverişli deyil, amma ümidvarıq ki, bunu siz maarif naminə vəzifə hesab edib və bu zəhmətə qatlaşıb mürur ilə kitabçalardan satdırasız və həmçinin pullarını öz vaxtında göndərəsiniz.
Müzəffər! (31 may 1926)Mən Şuşada mənzil tutmaq barədə sənə yazmışdım. Birtəhər Şuşaya gedib, ikiotaq kirayə elə. Çox güman ki, bu yay mən Qarabağa gəlməyəm. Süleyman Əmirxanovun evinə bir də düşməyəcəyik. Odur ki, Şuşada iki otaq tutmayınca uşaqları göndərməyəcəyəm, onların Kəhrizlidə işi yoxdur.Münəvvər necədir? Onun üçün məst göndərəcəyəm.
Həmidə! (28 dekabr 1928)Sənin kağızını aldım. Yazdığın məsələ barəsində onu deyə bilərəm ki, əgər yerli hökumət yerli seçkilərdə sənin səsini almağı lazım bilirsə, qoy alsın. Nə eləmək olar? Hətta o adamlar ki, sənin yazdığına görə sənə qahmar çıxırlar, mən onlara da məsləhət görərdim ki, bunlardan əl çəksinlər, yoxsa qaş qayıran yerdə göz çıxara bilərlər. Yadına sal ki, inişil kəndlilər Müzəffərə necə səsini vermək istəyirdilər.Mən Müzəffərə də, hətta Münəvvərə də məsləhət görürəm ki, yeni seçkilərə qarışmasınlar.
Yoldaş Əliyev (2 fevral 1929)Yazıb məlum edirik ki, Sizin abunəçilərinizə:1) Verx[nyaya] slobodka Ali Novruzali oqlı, 2) St. Qandja Verx[nyaya] slobodka İsfendiyar Rzaevu, 3) St. Qandja Nij[nyaya] slobodka Djabrailu Mamedovu – göndərdiyimiz jurnalları poçt geri göndərib, yazır ki, tapa bilmədik.
Həmidə! (19 aprel 1929)İndicə Ənvər Şuşaya, sənin adına 40 manat pul yola saldı. Gecikməyimin səbəbi təqaüdümün gecikməsidir. Təqaüdlərin hamısını dəyişdirmək barədə məsələ qaldırırıq, görək nə olacaq. Odur ki, mən sənin üçün Şuşada bahalı mənzil tuta bilmirəm. Hər halda necə olur-olsun ev sahiblərinin sözünə əməl eləməli və evlərini boşaltmalısan.Müzəffər və Münəvvər səsləri barədə verdikləri ərizənin nəticəsini gözləyirlər, zənnimcə [müsbət] cavab alacaqlar. Müzəffər hələlik jurnala kömək eləyir. Münəvvər də [evin] təsərrüfat işlərinə baxır. Uşaqlar oxuyurlar. Hələlik bir yenilik yoxdur.
Həmidə! (8 iyun 1929)İrəvan, çərşənbə*Çoxdan sənə müfəssəl məktub yazmıram. Odur ki, indi həyatımdakı bəzi yeniliklər haqqında İrəvandan sənə yazmaq istəyirəm. May ayında gürcü yazıçılarının nümayəndə heyəti Azərbaycan yazıçıları ilə tanış olmaq üçün Bakıya gəldilər. 18 nəfər idilər. Onlar burada bir həftə qaldılar və hər gün onların şərəfinə yığıncaqlar, hərdənbir də qonaqlıq düzəldildi. Söz yox, onlar da yola düşəndə bizi Tiflisə qonaq çağırdılar. Biz Tiflisə hazırlaşdığımız zaman erməni yazıçıları da teleqrafla bizi İrəvana dəvət etdilər. Mən heç getmək istəmirdim, amma Midhət çox təkid elədi ki, boyun qaçırmayıb gedim. Yoldaşlar da əl çəkmədilər. Razı oldum. Yola düşmək ərəfəsində Müzəffərlə Münəvvər Bakıya gəldilər. Mən onları qoyub getməli oldum. Müzəffər bir neçə həftədən sonra kəndə qayıtmaq istəyirdi. Münəvvər isə müalicə elətdirməyə hazırlaşırdı. Midhət hələ imtahan verir, fikri var ki, iyula qədər imtahanlarını verib dincəlmək üçün Şuşaya gəlsin.
Münəvvər! (14 iyul 1929)Bakı*Mən bu saat Borjoma yola düşürəm. İndi özümü bir az yaxşı hiss edirəm. Borjomdan ünvanımı yazacağam. Bu məktubu sənə yazmaqda məqsədim var. Sən qabaqlar Həmidə xanımla yola getmirdin. Ona görə mən bu məktubu sənə yazdım ki, sən ona qulaq asıb yola gedəsən. Əgər sən belə etsən, mən səndən razı qalacaq və səni əvvəlki kimi sevəcəyəm. Sən bunu yadında saxla və yadında saxlamağa da borclusan.
Teymur! (25 avqust 1929, Kislovodsk)Avqustun axırı üçün mən Bakıda olacağam və ayın axırınacan Şuşaya Midhət, Ənvər və sənin üçün 60 manat yolpulu göndərəcəyəm. Hərçənd mən eşitmişəm ki, sən Şuşada qalmaq və orada hazırlaşmaq istəyirsən, mən buna razı ola bilmərəm, çünki oradakı hazırlaşmanın nə faydası? O biri tərəfdən sən gərək sentyabrın biri üçün Bakıda olasan ki, Əsgərxanın otağına köçüb onu həmişəlik bizim əlimizdə saxlayasan. Əgər sən möhkəm qət eləmisən ki, bu il Bakıya gəlməyəsən, onda, heç olmazsa, bunun xətrinə gərək müvəqqəti gələsən. Güman eləyirəm elə belə olacaq.Tiflisə həkim Yeritsyana Həmidə xanım barəsində məktub yazdım. Bilmirəm ondan bir cavab almışsınız, ya yox! Qoy Həmidə xanım avqustun axırlarında bu barədə mənə, Bakıya kağız yazsın (mən Bakıda olacağam). Uşaqlar avqustun axırından o yana yubanmasınlar.
Mənim əziz qızım Münəvvər! (Bakı, 28 fevral 1929)Sənin kağızını, həmçinin Müzəffərin kağızını Ənvər gətirdi. Amma çox pis iş görüb ki, dərsə gecikib.Bizdə heç bir təzə xəbər yoxdur, sizdə isə, həmişə də xoş olmasa, daim yenilik var. Amma bu işləri ürəyinə salıb fikir eləmə. Ən vacibi budur ki, növbənöv çəkişmələrə qarışmayasan və cürbəcür naxunəçilərdən uzaqda olasan.
Münəvvər! (23 mart 1929)Pullar yetişdi. Uşaqlar çox razıdırlar, səni və Müzəffəri təbrik edirlər.Əgər sən, ya Müzəffər Ş.Rəcəbovdan harayasa şikayət ərizəsi vermisinizsə, əlavə ərizə verin ki, xahiş edirik bizim şikayətimizə baxmayasınız. Bunu mütləq eləyin.
Əli Həsən! (26 noyabr 1929)Qabaqca göndərilib sizə “Sirkə” kitabçası ilə yüz ədəd. İndi də göndərilir “Molla Fəzləli” kitabçası ilə yüz ədəd.“Molla Nəsrəddin” idarəsi tərəfindən
Həmidə! (1 aprel 1930)Mən sənə hələlik ona görə yolpulu göndərmirəm ki, mənim hesabıma görə jurnal tezliklə dayandırılmalı, yaxud həmişəlik buradan çıxıb getməli idim. Onda, əlbəttə, sən köçüb gələr və burada yaşardın. Çünki birdən böyük otaq da boşalardı, mənim otağıma da daha iş üçün gəlib-gedən olmazdı.Amma bu əhvalat hələ uzanır. Əgər çox uzansa, onda gərək sən kükürdlü sular vannasının mövsümü başlanandan gec olmayaraq gəlib Hacının evinə düşəsən (əvvəl şərtləşdiyimiz kimi). Odur ki, bu gün mən sənə hələlik yarımaylıq məvacibimi – 40 manat, üstəlik 25 manat (verdiyin borcun yarısını), cəmisi 65 manat göndərirəm. Aldığım borcu tamam göndərərdim, amma təqaüdümü hələ almamışam (bilmirəm nə üçün ləngidiblər). Alan kimi göndərərəm.
Əzizim Əlişdan dayı! (Bakı, 30 aprel 1930)Sənubər Bakıya gələndən sonra mən sənə kağız yazmışdım, amma səndən heç bir cavab yoxdur. Belə görsənir ki, sən haman kağızı almamısan. Sənubər də bizdən bixəbər yığışıb gedib Naxçıvana. Vallah, mən bilmirəm dəxi nə eləyəydim ki, Sənubər məndən razı qalaydı. O bura gələndə mən adam göndərdim, Sənubəri tapdı gətirdi. Və iki gündən sonra Sənubər yoldaşları ilə bizə qonaq da gəldilər. Amma o bizdən getdikləri oldu. Dəxi bizə gələn olmadı. Təəccüb eləyirəm ki, nə səbəbə buradan getdilər və dərslərini yarımçıq qoydular.Bu gün Naxçıvan və Ordubad zəlzələsini qəzetdə oxudum, nigaran oldum: görəsən, bizə səmt adamlardan zəlzələyə giriftar olan yoxdur ki?
Mənim əziz oğlum Midhət! (12 iyul 1930)Sənin 29 iyun tarixli məktubunu ancaq srağagün aldım. Zərfin içində yoldaşın Levinlə birlikdə iş zamanı çəkdirdiyin şəkli görüb şad oldum. Şəkli və məktubu dərhal anana aparıb göstərdim. O səni ürəkdən istəyən bir ana kimi məndən də çox sevindi.Biz hamımız sağ-salamatıq. Srağagün, ayın 10-da anan, Münəvvər və Ənvər Şuşaya yola düşdülər, Müzəffər isə onlarla Kürdəmirə getdi ki, oradan təzə iş yerinə, Mollakəndə getsin.
Əziz oğlum Midhət! (27 iyul 1930)Yoldaşın Daşkeviç sənin məktubunu gətirib mənə verdi. Şad oldum. Dediyin vaxtda səni gözləyəcəyik. Mən hələlik heç yana getmək fikrində deyiləm. Mənim qaloşlarımı – ki, aparmışdın, – qayıdanda gətir, çünki özümə təzə qaloş tapa bilməmişəm.Özünü gözlə. Elə ki, gəldin, lazım gələcək ki, Şuşada dincələsən.
Həmidə! (10 noyabr 1930)Midhət artıq sənə yazmışdır ki, biz hacının evində sənin üçün otaq hazırlamışıq. Çox münasib otaqdır. Midhətlə fikirləşib bu qənaətə gəldik ki, qışda Şuşada sənə soyuq olar və darıxarsan. Bizim mənzilimiz isə darısqaldır. Odur ki, məsələni ancaq bu cür həll edə bildik. Çalışacağıq ki, burada rahatca dolanasan. Ona görə də yola düşməyə yığış və yaz görək Rzaquluya nə qədər borcun var. Yol pulunu və ona borcunu poçtla göndərərəm. Amma Şuşadakı yaylaq evi ilə tamam üzülüşmə, çünki yayda mütləq hamımız oraya gedəcəyik. Ağır şeyləri orada qoya bilərsən, bura heç nə gətirmək lazım deyil. Uşaqlar səni gözləyirlər.Cəlil
Həmidə! (23 mart 1931)Məktublarınızı, həmçinin göndərdiyiniz yağı aldıq. Sənə və Müzəffərlə Münəvvərə ona görə gec-gec kağız yazıram ki, uzun məktublar yaza bilmirəm. Naxoşluğum hələ keçib getməyib.Xəstəliyimə görə MİK-dən də, jurnaldan da getmişəm. Günümü uşaqlarla keçirir və dincəlirəm. Midhət və Ənvər yaxşı oxuyurlar və ümumiyyətlə, xoşbəxtlikdən, onların heç birini oxumağa məcbur eləmək lazım gəlmir, çünki bu barədə onlar ağıllıdırlar.
Həmidə! (Şuşa, 7 iyul 1931)Dərmanı aldım. Sənin çaydanını itirmişik, amma söz verirəm ki, Bakıya gələn kimi sənə eynilə o cür bir çaydan alım. Biz hələ sahmana düşməmişik. Buranın sahibi Rəhim sabah Şuşaya gələcək ki, sizin Şirin xanımdan alaçıq üçün vədə verdiyi keçəni alıb gətirsin. (Əsədzadə bilir).Mənim halım pis deyil və elə bilirəm ki, dağlıq yerdə ilk günlər keçirdiyim ağır hal keçib gedib. Elə ki, sahmana düşdük, sən də gəlib bizimlə bir yerdə istirahət edə bilərsən. Bura təbiətin gözəl bir guşəsidir. Suyu İsa bulağının suyu kimidir. Tut boldur, mənə də elə bu lazımdır.
Əziz oğlum Midhət! (Şuşa şəhəri, 13 avqust 1931)Bu kağızı sənə Şuşadan yazıram. Bakıdan iyulun 7-də çıxıb Kürdəmirə gəldim. Orada bir həftə Münəvvərin yanında qaldım. Müzəffər və Münəvvər mənə çox mehribanlıqla qulluq edirlər.İyulun 13-də Münəvvərlə birlikdə Kürdəmirdən çıxıb, Yevlaxa, oradan da Ağdama gəldik. Üç gün Əliş Əmirovgildə qaldıq və iyulun 16-da Şuşaya, ananın yanına gəldik. Anan da Şuşaya iyulun 7-də gəlmiş imiş.