Jalil Mammadguluzadeh
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Ümidvaram ki, sən tezliklə yığışıb Bakıya gələcəksən. Ənvər və Midhət hər gün mənim yadıma salırlar ki, səni buraya çağırım gələsən. Hətta Ənvər bu qərara gəlib ki, əgər sən nə üçünsə bir də kəndə qayıtmaq istəsən, yaya qədər səni getməyə qoymasın.Əliş bəyin uşaqları sağ-salamatdırlar, 9-cu məktəbdə oxuyurlar. Hələlik onların dərsləri türk dilində keçir, çünki bu ildən yerli uşaqlara rus məktəblərinə girməyə qətiyyən icazə verilmir. Onlar rus dilini əlahiddə bir dərs kimi keçəcəklər. Allahyarı darülmüəllimin pansionunda qoymaq istəyirdim, amma bəy oğlu olduğuna görə heç cür oraya götürməzlər! Rəşid özünü bütün ömrü meşədə keçmiş əsl bir vəhşi kimi aparır. Lap zəncirləməli dəlidir. Oxumağa da qabiliyyəti yoxdur (sinifdə qaldı).
Əzizim Münəvvər! (1924)Sənin dediyin məsələ barədə dünən komissar Qədirli ilə danışdım. O, möhkəm vədə verdi ki, Fərrux bəyə və Bahadır bəyə kömək eləsin. O Qarabağa gəlməyə hazırlaşır, əgər onu görsən, vədini yadına sal. Yaz görüm sənə nə göndərmək lazımdır. Mütləq yaz: hər nə istəsən, dərhal göndərərəm.C.
Əzizim Həmidə! (24 yanvar 1925)Mən heç başa düşmürəm ki, nə olub. Neçə vaxtdır ki, səndən kağız yoxdur. Bir də, axı, Bakıya gəlməyə hazırlaşırdın, axı, ləngiməyinə səbəb nədir? Uşaqlar sənin üçün yaman darıxırlar və bu, onların dərsinə də, səhhətinə də pis təsir eləyə bilər.Naxoş deyilsən ki? Bir şeyə ehtiyacın yoxdur ki? Səbrsizliklə səndən xəbər gözləyirəm.
Həmidə! (22 avqust 1925)Sağ-salamat gəlib çatdıq. Midhət avqustun 16-sından alman dili dərsinə getməyə başlamışdır. Blaqovidova da qayıdıb gəlib və Midhətin dərslərinə rəhbərlik edir.Bura çox istidir. Mən iki gün Buzovnada qaldım və dənizdə çimdim. Fikrim var Midhəti də iki günlüyə oraya aparım. Elə yaxşı olar, yolda o, Sabunçunu, Balaxanını, Ramananı (neft aləmini) da görər.
Məmmədəliyev yoldaşa. (18 yanvar 1926)Məqaləniz gəlib çatdı. Bir para yerini təshih edəndən sonra çap edərik. Yazırsınız – paranı necə göndərmək? Lazımdır poçtxanaya pulu sayıb vermək və perevod ilə yoxsa, paket içinə qoysanız biqanun olar və yolda pul tələf olar.Və bir də xahiş olunur bir adam təyin edəsiniz bir neçə məcmuə və balaca kitabçalardan göndərək satılsın. Cavab gözləyirik.
Müzəffər! (31 may 1926)Mən Şuşada mənzil tutmaq barədə sənə yazmışdım. Birtəhər Şuşaya gedib, ikiotaq kirayə elə. Çox güman ki, bu yay mən Qarabağa gəlməyəm. Süleyman Əmirxanovun evinə bir də düşməyəcəyik. Odur ki, Şuşada iki otaq tutmayınca uşaqları göndərməyəcəyəm, onların Kəhrizlidə işi yoxdur.Münəvvər necədir? Onun üçün məst göndərəcəyəm.
Xalq rəssamı və əziz yoldaş möhtərəm Əzimzadəyə7 may (1927), Bakı*Gərək bunu bilmək ki, mən özüm fitrətən həmişə gurultulu nümayişlərdən uzaq olmuşam, o dərəcəyə kimi ki, mənim özümə aid olan yubileyləri qəbul etməmişəm və lakin buna baxmayaraq yenə sizi yubiley axşamı bir tövr oraya süründürdüm və burada da mənimki gətirmədi: o yerdə ki, səni qoltuqlayıb səhnəyə aparırdım, zalım oğlu Dorş yoldaşın zorla səni mənim əlimdən aldı. Digər tərəfdən də müəyyən surətdə cildə verdiyimiz “Molla Nəsrəddin” məcmuəsi hədsiz tətillərin bərəkətindən öz vaxtında hazır olmadı və yubiley axşamı əlimizi boş qoydu.
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinə...Əgər mənim övrətim, Ağdam qəzası Kəhrizli kəndinin sabiq mülkədarı Həmidə xanım Cavanşir öz köhnə mülklərində torpaq almaqdan və yaşamaqdan məhrum olan mülkədarlar sırasında adlanırsa,– mən prezidiumdan iltimas edirəm ki, torpaq qanunnaməsinin doqquzuncu fəslinin birinci qeydinin məzmununa müvafiq mənim övrətimi haman siyahıdan çıxarıb, onun sabiq mülkündə zəhmətkeşlər sırasında əkin əkmək üçün ona torpaq norması verəsiniz.
Həmidə! (28 dekabr 1928)Sənin kağızını aldım. Yazdığın məsələ barəsində onu deyə bilərəm ki, əgər yerli hökumət yerli seçkilərdə sənin səsini almağı lazım bilirsə, qoy alsın. Nə eləmək olar? Hətta o adamlar ki, sənin yazdığına görə sənə qahmar çıxırlar, mən onlara da məsləhət görərdim ki, bunlardan əl çəksinlər, yoxsa qaş qayıran yerdə göz çıxara bilərlər. Yadına sal ki, inişil kəndlilər Müzəffərə necə səsini vermək istəyirdilər.Mən Müzəffərə də, hətta Münəvvərə də məsləhət görürəm ki, yeni seçkilərə qarışmasınlar.
Yoldaş Əliyev (2 fevral 1929)Yazıb məlum edirik ki, Sizin abunəçilərinizə:1) Verx[nyaya] slobodka Ali Novruzali oqlı, 2) St. Qandja Verx[nyaya] slobodka İsfendiyar Rzaevu, 3) St. Qandja Nij[nyaya] slobodka Djabrailu Mamedovu – göndərdiyimiz jurnalları poçt geri göndərib, yazır ki, tapa bilmədik.
Həmidə! (19 aprel 1929)İndicə Ənvər Şuşaya, sənin adına 40 manat pul yola saldı. Gecikməyimin səbəbi təqaüdümün gecikməsidir. Təqaüdlərin hamısını dəyişdirmək barədə məsələ qaldırırıq, görək nə olacaq. Odur ki, mən sənin üçün Şuşada bahalı mənzil tuta bilmirəm. Hər halda necə olur-olsun ev sahiblərinin sözünə əməl eləməli və evlərini boşaltmalısan.Müzəffər və Münəvvər səsləri barədə verdikləri ərizənin nəticəsini gözləyirlər, zənnimcə [müsbət] cavab alacaqlar. Müzəffər hələlik jurnala kömək eləyir. Münəvvər də [evin] təsərrüfat işlərinə baxır. Uşaqlar oxuyurlar. Hələlik bir yenilik yoxdur.
Həmidə! (8 iyun 1929)İrəvan, çərşənbə*Çoxdan sənə müfəssəl məktub yazmıram. Odur ki, indi həyatımdakı bəzi yeniliklər haqqında İrəvandan sənə yazmaq istəyirəm. May ayında gürcü yazıçılarının nümayəndə heyəti Azərbaycan yazıçıları ilə tanış olmaq üçün Bakıya gəldilər. 18 nəfər idilər. Onlar burada bir həftə qaldılar və hər gün onların şərəfinə yığıncaqlar, hərdənbir də qonaqlıq düzəldildi. Söz yox, onlar da yola düşəndə bizi Tiflisə qonaq çağırdılar. Biz Tiflisə hazırlaşdığımız zaman erməni yazıçıları da teleqrafla bizi İrəvana dəvət etdilər. Mən heç getmək istəmirdim, amma Midhət çox təkid elədi ki, boyun qaçırmayıb gedim. Yoldaşlar da əl çəkmədilər. Razı oldum. Yola düşmək ərəfəsində Müzəffərlə Münəvvər Bakıya gəldilər. Mən onları qoyub getməli oldum. Müzəffər bir neçə həftədən sonra kəndə qayıtmaq istəyirdi. Münəvvər isə müalicə elətdirməyə hazırlaşırdı. Midhət hələ imtahan verir, fikri var ki, iyula qədər imtahanlarını verib dincəlmək üçün Şuşaya gəlsin.
Münəvvər! (14 iyul 1929)Bakı*Mən bu saat Borjoma yola düşürəm. İndi özümü bir az yaxşı hiss edirəm. Borjomdan ünvanımı yazacağam. Bu məktubu sənə yazmaqda məqsədim var. Sən qabaqlar Həmidə xanımla yola getmirdin. Ona görə mən bu məktubu sənə yazdım ki, sən ona qulaq asıb yola gedəsən. Əgər sən belə etsən, mən səndən razı qalacaq və səni əvvəlki kimi sevəcəyəm. Sən bunu yadında saxla və yadında saxlamağa da borclusan.
Münəvvər! (23 mart 1929)Pullar yetişdi. Uşaqlar çox razıdırlar, səni və Müzəffəri təbrik edirlər.Əgər sən, ya Müzəffər Ş.Rəcəbovdan harayasa şikayət ərizəsi vermisinizsə, əlavə ərizə verin ki, xahiş edirik bizim şikayətimizə baxmayasınız. Bunu mütləq eləyin.
Əli Həsən! (26 noyabr 1929)Qabaqca göndərilib sizə “Sirkə” kitabçası ilə yüz ədəd. İndi də göndərilir “Molla Fəzləli” kitabçası ilə yüz ədəd.“Molla Nəsrəddin” idarəsi tərəfindən
Həmidə! (1 aprel 1930)Mən sənə hələlik ona görə yolpulu göndərmirəm ki, mənim hesabıma görə jurnal tezliklə dayandırılmalı, yaxud həmişəlik buradan çıxıb getməli idim. Onda, əlbəttə, sən köçüb gələr və burada yaşardın. Çünki birdən böyük otaq da boşalardı, mənim otağıma da daha iş üçün gəlib-gedən olmazdı.Amma bu əhvalat hələ uzanır. Əgər çox uzansa, onda gərək sən kükürdlü sular vannasının mövsümü başlanandan gec olmayaraq gəlib Hacının evinə düşəsən (əvvəl şərtləşdiyimiz kimi). Odur ki, bu gün mən sənə hələlik yarımaylıq məvacibimi – 40 manat, üstəlik 25 manat (verdiyin borcun yarısını), cəmisi 65 manat göndərirəm. Aldığım borcu tamam göndərərdim, amma təqaüdümü hələ almamışam (bilmirəm nə üçün ləngidiblər). Alan kimi göndərərəm.
Əziz oğlum Midhət! (Bakı, 23 may 1930)Məktublarını aldıq. Sənin uzunboğaz çəkmələrini və qaloşunu istədiyin günün ertəsi, mayın 5-də poçtla göndərdik. Kağız da yazmışdıq. Amma axırıncı açıq məktub, deyəsən, Sverdlovski adresinə göndərilib. Ona görə ki, poçtun qeydinə “Svirstroy” deyil, “Sverdlovsk” yazılmışdır.Sənin üçün başqa bir sovqat göndərmədik. Çünki başqa bir şey istəməmisən.
Əziz oğlum Midhət! (27 iyul 1930)Yoldaşın Daşkeviç sənin məktubunu gətirib mənə verdi. Şad oldum. Dediyin vaxtda səni gözləyəcəyik. Mən hələlik heç yana getmək fikrində deyiləm. Mənim qaloşlarımı – ki, aparmışdın, – qayıdanda gətir, çünki özümə təzə qaloş tapa bilməmişəm.Özünü gözlə. Elə ki, gəldin, lazım gələcək ki, Şuşada dincələsən.
Ən istəkli cavan yoldaşlarımdan hesab etdiyim Nəsrulla Qənbərli yoldaş!Bu ayın 12-də yazdığın məktubu oxuduğumda doğrusu bir növ xəcalət çəkdim. Çünki sən mənə kağızı hər dəfə fürsət düşəndə yazırsan. Amma mən yazmıram. Əvvəla, adət belədir ki, mən gərək deyəm ki, vaxtım yoxdur. Bəs onda sən də deyə bilərsən ki, əgər vaxtın yoxdursa, indi bəs niyə kağız yazmağa vaxt tapdın?Bununla bərabər, sən həmişə yadımdasan ki, səni və İsmayıl qardaşını həmişə könlüm istər və arzularam. Məndən İsmayıla dua yetir.
Həmidə! (10 noyabr 1930)Midhət artıq sənə yazmışdır ki, biz hacının evində sənin üçün otaq hazırlamışıq. Çox münasib otaqdır. Midhətlə fikirləşib bu qənaətə gəldik ki, qışda Şuşada sənə soyuq olar və darıxarsan. Bizim mənzilimiz isə darısqaldır. Odur ki, məsələni ancaq bu cür həll edə bildik. Çalışacağıq ki, burada rahatca dolanasan. Ona görə də yola düşməyə yığış və yaz görək Rzaquluya nə qədər borcun var. Yol pulunu və ona borcunu poçtla göndərərəm. Amma Şuşadakı yaylaq evi ilə tamam üzülüşmə, çünki yayda mütləq hamımız oraya gedəcəyik. Ağır şeyləri orada qoya bilərsən, bura heç nə gətirmək lazım deyil. Uşaqlar səni gözləyirlər.Cəlil
Mənim əzizlərim Həmidə, Münəvvər və Müzəffər! (Kislovodsk, 20 dekabr 1930)Məktubunuzu aldım, çox sağ olun. Noyabrın 18-də beynimin qan damarları tutuldu. Sol əlim və qıçlarım zəiflədi. Midhət bir neçə həkim və o cümlədən professor Amosovu çağırıb məni göstərdi. Midhət məni buraya qucağında gətirdi. İndi istirahət edirəm, sonra müalicə olunacağam. Evdə Midhət, Ənvər və Polina Afanasyevna növbə ilə yanımda oturub mənə baxırdılar. Tez-tez mənə məktub göndərib təzə xəbərlərdən yazın; ancaq siyasətdən yazmayın. Səhhətim artıq korlanmışdır.Həmidə, qoy Midhət sənin üçün Bakıda otaq tapsın və ora köç. Curnal bağlanarsa, yenə də bizim yanımıza köçüb, uşaqlarla birgə yaşarsan.
Həmidə xanıma, Münəvvərə və Müzəffərə!17 fevral (1931), Kislovodsk*Həmidə xanıma, Münəvvərə və Müzəffərə salam göndərirəm. Qaryagindəki xəstəlikdən təşvişə düşməyin, ləğv edilib.
Həmidə! (23 mart 1931)Məktublarınızı, həmçinin göndərdiyiniz yağı aldıq. Sənə və Müzəffərlə Münəvvərə ona görə gec-gec kağız yazıram ki, uzun məktublar yaza bilmirəm. Naxoşluğum hələ keçib getməyib.Xəstəliyimə görə MİK-dən də, jurnaldan da getmişəm. Günümü uşaqlarla keçirir və dincəlirəm. Midhət və Ənvər yaxşı oxuyurlar və ümumiyyətlə, xoşbəxtlikdən, onların heç birini oxumağa məcbur eləmək lazım gəlmir, çünki bu barədə onlar ağıllıdırlar.
Həmidə! (Şuşa, 7 iyul 1931)Dərmanı aldım. Sənin çaydanını itirmişik, amma söz verirəm ki, Bakıya gələn kimi sənə eynilə o cür bir çaydan alım. Biz hələ sahmana düşməmişik. Buranın sahibi Rəhim sabah Şuşaya gələcək ki, sizin Şirin xanımdan alaçıq üçün vədə verdiyi keçəni alıb gətirsin. (Əsədzadə bilir).Mənim halım pis deyil və elə bilirəm ki, dağlıq yerdə ilk günlər keçirdiyim ağır hal keçib gedib. Elə ki, sahmana düşdük, sən də gəlib bizimlə bir yerdə istirahət edə bilərsən. Bura təbiətin gözəl bir guşəsidir. Suyu İsa bulağının suyu kimidir. Tut boldur, mənə də elə bu lazımdır.
Həmidə! (Bakı, 17 sentyabr)Padaqranın müalicəsi haqqında məktubunu aldığım zaman bilmədim sənə necə cavab verim. Bakıda gətirilmə palçıq var, amma onun barəsində rəylər yaxşı deyil. Müalicəni gərəkdir əməlli-başlı eləmək. Buna isə həm pul, həm də başqa şeylər lazımdır. Ona görə də mən belə hesab eləyirəm ki, hələlik gözləyib dözə bilirsənsə, gərək gözləyəsən. Mən sənə kömək eləyə bilərdim, amma, əvvəldən, yayda var-yox pulumu xərcləmişəm, ikincisi, indi [məktəblərdə] məşğələlər başlandığına görə xərc-xiracatım xeyli artmışdır, maddi vəziyyətim ağırlaşdığı üçün hətta qəpikləri də saymaq və çox ehtiyatla tərpənmək lazım gəlir.Sənə Şuşada söz vermişdim ki, müalicədə sənə kömək eləyəcəyəm və hətta Tiflisə də gedəcəyəm. Mən vədimə əməl eləməyə hazıram, amma yuxarıda izah elədiyim səbəbə görə indi yox, çünki belə bir səfərə başlamaq üçün müəyyən miqdarda məbləğ gərəkdir. Bir də indi heç cür yola düşə bilmərəm, çünki indi Bakıda jurnalla və başqa məsələlərlə bağlı çoxlu işim var.
Əzizim Midhət! (4 iyul)Sən və o biri uşaqlar necəsiniz? Anan necədir? Nə üçün mənə heç kağız yazmırsan?Bu kağızla sənin diqqətini bir məsələyə cəlb eləmək istəyirəm: kənddən Şuşaya yola düşəndə və Ağdamda sən bütün yolu faytonun qozlasında üst-başı kirli sürücünün yanında oturmusan. Halbuki gərək öz ananın yanında oturaydın, çünki daha sən kiçik oğlan deyilsən axı. Ananın yanında təzə xanımı oturtduğunuza görə Müzəffər Ağdamda bazarda sizin yanınızda ola bilməyib və utandığından çalışıb aradan çıxsın. Bu səbəbdən o, sizi Şuşaya da yola salmaq istəməyib (bir də axı, heç onun üçün oturmağa yer də yox imiş). Amma bu onun işidir və ananın işidir, səndən – oğlumdan – xahişim budur ki, bundan sonra həmişə ananın yanında olasan, qozlada yox (əgər səni buna vadar eləyən səbəb olmasa).
Mənim möhtərəm Kislovodsk tanışlarım – Vladimir Pavloviç və Valentina Pavlovna Aqapyevlər!Sizdən ayrılandan sonra mən yanvarın 2-də Bakıya gəldim və yanvarın 7-də buradakı Semaşko adına xəstəxanaya girdim. Yanvarın 19-da xəstəxanadan buraxdılar və fevralın 20-dək ambulatoriyada müalicə olundum.Bütün bu müddət ərzində mənim dərdim-sərim bu idi ki, qan təzyiqim xeyli qalxmışdı. Axırı bundan təngə gəlib, naxoşluğumu da, qan təzyiqini də yaddan çıxardım. İndi kefim necə istəyir, elə də yaşayıram. Bütün ümidimi, ancaq Allaha bağlamışam.
Azərbaycan KP MK-nın Bakı Komitəsinin mətbuat şöbəsinə1931-ci ilin əvvəlindən “Molla Nəsrəddin” fəhlələrindən, kasıblardan, patraklardan və təhsil alan gənclərdən ibarət daha geniş oxucu kütləsinə tərəf dönür. Jurnal bu ildən öz işini əsas etibarilə ateizm sahəsində gücləndirir, əhalinin türk hissəsi arasında fanatizm, kütlük və cəhalətə qarşı mübarizəyə rəhbərlik edir. Bununla yanaşı əsas kütləvi dövrü mətbuat orqanı kimi jurnal keçirilən bütün siyasi kompaniyalarda fəal iştirak edir. Qarşıda duran məsul vəzifələrlə əlaqədar olaraq, jurnal fəaliyyətini genişləndirməli, ardıcıl nəşrini təmin etməli, bədii-siyasi məzmununu artırmalı, fəhlə-kəndli müxbirləri ilə işin genişləndirilməsinə nail olmalıdır.Bütün bunlara görə, “Molla Nəsrəddin” jurnalının 1931-ci ilə dair nəzərdə tutulan xərclərinin cədvəlini təqdim etməklə təsdiq olunmağını və illik xərcinin 16 min 44 manat həcmində qəbul edilməsini, Sovnarkoma dövlət yardımını ildə 6 min 44 manata çatdırmağı təklif etməyi xahiş edirəm.
Azərbaycan İctimai Şura Cümhuriyyəti Komissarlar ŞurasınaFevral ayı üçün “Molla Nəsrəddin”ə çatacaq beş yüz (500) manat miqdarında olan dotasiyanın verilməyini Komissar Şurasından iltimas edirik.Məcmuənin məsul müdiri
Sizi deyib gəlmişəm, ey mənim Müsəlman kardaşlarımSizi deyib gəlmişəm, ey mənim Müsəlman kardaşlarım.O kəsləri deyib gəlmişəm ki, mənim sohbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılma qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vâcib əməllərə.