Gizli ədəbiyyat
Page 3 of 4 · 50%
Jandarmlar tez-tez o tərəf-bu tərəfə gedib camaatı yoxlarkən, Pavluşada bir həyəcan əmələ gəlirdi. O, jandarmların ona göz qoyduğunu, vaqona minərkən axtarılacağını düşünüb rahatsız olurdu.
Sergey Vasiliç bir parça kağızı lülələdi və içinə maxorka doldurub yandırdı, dərin bir qullab vurub tüstünü ağır havalı stansiyanın kirli tavanına tərəf üfürdü. Sonra əlini Pavluşanın çiyninə vuraraq:
– İndilik bu dünyada bizdən də murdar şey yoxdur, — dedi, — Əgər varsa da, mənsəb sahiblərinin təbirinə görə, biz fəhlələrik. Hərgah bir köpək, köpəklərin ən iyrənçi, qoturu, bu gün biz rast gəldiyimiz rus aristokratına rast gəlmiş olsaydı, şübhəsiz ki, aristokratın ona yazığı gələrdi. Mən bu sözü sizə ondan ötrü deyirəm ki, siz bunları yadınızda saxlayasınız, öz işinizdə möhkəm durasınız, bu kimi hadisələri xatırlamaqla, çar köpəkləri ilə olan mübarizədə möhkəm çalışasınız!
Onların hamısı sakitcə durub düşünürdü. Axırda səssizliyi yenə Sergey Vasiliç pozdu:
– İşlər belədir, yoldaşlar! — dedi. — Murdarlıq adını üstümüzdən götürmək üçün uzun və qanlı mübarizə lazımdır. Heyif ki, qocalmışam... Mübarizə apardığımız qüvvətlər zorbadır. Bizim idraksızlığımız, təşkilatsızlığımız da düşmənlərimizə yardım verir. Kütlələri ayıltmaq, təşkil etmək — bizim düşmənə qarşı işlədəcəyimiz silahın itiləşməsi deməkdir.
Pavluşa yavaşcadan:
– Eybi yoxdur, — dedi, — sizə gedirik, orada danışarıq.
Qatar gəldi, sərnişinlər vaqondan düşüb qurtarmamış, gözləməkdə olanlar sınıq və şüşəsiz pəncərələrdən içəri doluşmağa başladılar. Pavluşa ilə Əsgər də çıxıb bir necə yer tutdular. Hamısı yerləşdi.
Jenya danışmırdı. Əllərini dizləri üstünə qoyub gözlərini əllərinə dikmişdi. Alnındakı damarların qabarıqlığı, sinəsinin yatıb qalxması, həyəcanlı olduğunu göstərirdi.
Sergey Vasiliç əlləri ilə onun saçlarını tumarlayıb dedi:
– Fəhlədir, mübarizəni sevir, düşüncəsi sağlamdır. O, bizimlə əqidə yoldaşıdır. Məni sevindirən də budur! Oxumağı sevir, oxuduqlarını anlayır, taleyimdən olduqca razıyam, çünki qızım da mən düşündüyüm kimi düşünür.
Ətrafda maraqlı söhbətlər gedirdi:
– Padşahın Hacıya bir aləm borcu vardır.
– Doğrudur, kişi yarım padşahdır.
– Hacı Hacağa ondan varlıdır. Bir camış dərisi qızılı var.
– Adam kimi dolansaydı, o dövləti yığa bilməzdi. Xəsisin biridir!
– Sən anlamırsan, eşşəyin birisi. Nəsrəddin şah Hacıya kağız göndərir.
– Elədir! Hacı yuxuda qırmızıgöz Murtəza Əlini görüb. Həzrət Əlinin özü Hacıya bir qızıl əta buyurmuşdur. Hacı yuxudan diksinərək qalxıb görüb ki, əlində bir şey vardır. O saatda lampanı yandırıb, baxıb görüb ki, əlindəki pul cənab Əlinin verdiyi qızıl puldur. Pulun bir tərəfində «Zərb filbəldətül Kufə», o biri tərəfində isə «Əmirəlmöminin Əliyyən vəliyullah» sözləri yazılmış imiş.
Bu sözləri eşidən bir neçə adam qarma-qarışıq bir səslə ucadan dedi: «Allahümmə səlli əla Mühəmməd və ali Mühəmməd».
– Hacı həmin qızılı salıbdır öz xəzinəsinə, indi dövləti başlayıb daşmağa, ha xərcləsin, qurtarmayacaq ki!.. Hey götürür, yenə axşam gəlib görür ki, sandıq doludur. Dananmarux ki, ağa, möcüzdür...
– Doğrudur! Nənəm rəhmətlik həmişə Hacının evinə çörək bişirməyə gedərdi. Günlərin birində, Hacının ölən arvadı mətbəxə gəlib deyir ki: «Ay qız, durun hamınız dəstəmaz alın, hər kəs də murdardır qüsl eləsin, sizə, həzrət Əlinin yuxuda Hacıya verdiyi qızılı göstərəcəyəm». Rəhmətlik nənəm deyərdi ki, Hacının arvadı ipək kisədən qızılı çıxardanda elə bil ki, mətbəxə gün düşdü.
Qarşıda oturanlardan birisi bu sözləri eşidib bərk ağlamağa başladı:
– Hacı Heybətqulunun bu qoca canı sənin mübarək adına qurban olsun, ey qırmızıgöz ağa!
Yan tərəfdə də iki nəfər danışırdı. Söhbət din, məzhəb və təriqət haqqında idi.
– Bu gecə ruhumuz ləzzət apardı. Molla Hadı elmin dəryasıdır! Molla Əli ilə mübahisə açdılar. Usta Xeyrullanın ölüsünün üstünə getmişdik. Məclisdən sonra Molla Hadı aralığa çox qəribə bir məsələ atdı və molla Əliyə belə bir sual verdi: «De görüm, imamın nəcisi pakdır ya yox?» Sizin başınız üçün molla Əli bilmədi ki, necə cavab versin. Quruyub qaldı. Molla Hadı gülüb dedi: «Molla Əli, heç fikirləşmə, İmamın nəcisi olmaz! İmamın yediyi tər olub bədənindən xaric olar!».
Yenə bir neçə adam ucadan salavat çəkdi. Məmməd Ayrapetə dedi:
– Bu xalqı nə zaman düzəltmək mümkün olacaq?
Söhbətlər davam edirdi:
– Kişi deyəndə Mantaşevdir!
– Hamısı bir zibildir.
– Bu gecə Mantaşevin trubasını deşiblər, səhərə kimi neft axıb gedib.
– Kimin işidir?
– Bəşirbəyin adamlarının...
– Hacı həzrət Abbas ilə şərikdir.
– Odur ki, allah da başından tökür.
– Həzrət Abbas da fəhlələrin qanını sorurmuş!
– Əstəğfürullah de!
– Buxara əmirinin qızını oğluna alıbdır.
– Böyük oğlu da Nəsrəddin şahın əmisi qızına evlənibdir.
– Elədir. Ortancıl oğluna da Dağıstan şahzadələrindən birisini almışdır.
– Qoçu Ağakərim gülləni elə atıb ki, düz peysərindən dəyib, alnından çıxıb.
– Teymurbəy hərif deyil.
– Bəs Bəşirbəyə nə deyirsən?
– Sən öləsən, sabunçuluların arxasıdır.
– Ada, kamançanı çal görüm!
– Bəsdir, qoyun oturaq!
– İvana kamança xoş gəlmir. Ona qarmoşka lazımdır.
– Ada, «Gülüstanda sənə bənzər gül olmaz» havasını çal!
– Çal, qorxma, durub bir dana da İvan o biri tərəfindən çıxardaram!
– İşini sudyadan necə qurtardın?
– Bir palazqulaq yüzlük ona, bir palazqulaq yüzlük də pristavın ovcuna basdıq, qurtardı.
– İran konsulu bəs nə dedi?
– İyirmi beş manat da ona verdik. Mirzə Həbibxan öz adamımızdır.
– Əlbəttə ki... dörd nəfər həmşəri quyuda ölməklə dünya dağılmayacaq ki?!
Qatar bu kimi söhbətlərlə Sabunçu stansiyasına yanaşdı. Pavluşa və yoldaşları vaqondan düşdülər. Tək-tək və ayrı-ayrı yollarla Sergey Vasiliçin evinə getdilər.
Onlar Sabunçuya çatarkən, qaranlıq qara qanadlarını buruq meşələri üstünə açırdı.
Paltarları, sifətləri, əllərindəki çantaları mazut rənginə boyanmış fəhlələr yorğun addımlarla işdən qayıdırdılar. Ara-sıra Sergey Vasiliçə salam verib keçən fəhlələrin səsi ağır xəstəlikdən yenicə durmuş adamların səsinə oxşayırdı.
Zavod düdükləri iş növbələrinin dəyişdiyini xəbər verirdi.
Kükürdlü su axan palçıqlı küçələrdə səslənən ayaqların ahəngi, topladığı qüvvəsini istismarın sərəncamına vermək üçün növbədə gedən məhrumiyyət ordusunun marşı kimi səslənirdi. Son qüvvəsini satıb gələnlər, qüvvəsini bir qarın çörəyə satmaq üçün gedənlərlə salamlaşıb keçirdilər. Alçaq daxmalardan görünən sısqa işıqlar, qırıq şüşəli pəncərələrdə saralıb sönən gözləri xatırladan beşlik lampalar, mazut gölməçəli sınıq hasarlar, qara, hisli divarlar, qapıların qarşısında durub ailə başçısını gözləyən qadınlar, bir dəri, bir sümükdən ibarət olan arıq, sısqa fəhlə uşaqları gözə çarpdıqca mübarizənin nə üçün başlandığını çox asan bir surətdə təsəvvür etmək olardı.
Buruqlar və zavodların trubaları nə qədər uca idisə, onların kölgəsində çalışan fəhlələrin yaşadığı evlər bir o qədər alçaqdı.
Qəbirə bənzəyən evlərdən çıxıb dartay çarxı yanına tələsə-tələsə gedənləri, dartaydan qayıdıb yenə qəbirə oxşayan daxmalara girənləri seyr etdikdən sonra Pavluşa öz yoldaşları ilə Sergey Vasiliçin qapısında dayandı.
Məmməd Pavluşaya və Əsgərə dedi:
– Bu qapı, 18 yaşından 58 yaşına qədər bütün varlığını neft burjuaziyasının istismarına həsr edən bir fəhlənin qapısıdır. Bu ev və bu evdə yaşayan ailənin vəziyyəti hər bir fəhlənin gələcəyini göstərən bir güzgüdür. İş belə gedərsə, biz də burada yaşamalı olacağıq, biz də bu mazut gölməçələri içərisində məhv olub gedəcəyik!
Qapı açıldı. Pavluşa ilə yoldaşları, ətrafına köhnə dəmir vərəqələri ilə hasar çəkilmiş kiçik bir həyətə girdilər. Həyətdə iki-üç günəbaxan gözə çarpırdı. Onların yarpaqları Sabunçu mühitində saralıb solan, yarım ac fəhlə balalarının üzləri kimi sarı idi. Bir tərəfdə nazik çör-çöpdən düzülmüş bir toyuq hini də nəzərə çarpırdı ki, burada qırxillik bir fəhlə zəhmətinin vücuda gətirdiyi təsərrüfat yerləşirdi.
Sergey Vasiliçin arvadı Anna mədən müdirlərinin evində paltar yumaqdan yenicə gəlmiş və samovarı hazırlamağa başlamışdı.
Pavluşanın yoldaşları ilə içəri girməsi, ailədə olan pərişanlığı müvəqqəti olaraq dağıtdı. Ana, qızının gimnaziyaya götürülməməsi xəbərindən aldığı kədərləri də qısmən unutdu.
Jenya samovarı gətirib üstünə kiçik, köhnə bir muşamba salınmış stolun üstünə qoydu. Stəkan üç idi, növbətlə içmək lazım gəlirdi. Oturmaq üçün taxta kürsülər də yoxdu.
Pavluşa əlini qoltuq cibinə atıb ədəbiyyatı çıxarmaq istədikdə, Jenyanın və Sergey Vasiliçin üzünə baxdı. Bu baxış Jenyaya qarşı bir etimadsızlıq demək idi. Buna görə də Sergey Vasiliç dedi:
– Arxayın olun! Gizlin ədəbiyyat maraqlılarındandır.
Pavluşa ədəbiyyatı çıxartdı:
– «Kim nə ilə yaşayır?» kitabıdır. Müəllifi Dikşteyndir, — dedi.
Əsər oxunub qurtardıqdan sonra, Sergey Vasiliç yoldaşlarına dedi:
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-gizli-edebiyyat
Use ← → keys to move, R for a random poem
More by this author
Xəlifə Müstərşidbillahın ölüm xəbərini gizlətdilər. Aran ölkəsində Əmir İnanca qarşı üsyan qalxmasın deyə ölüm xəbərinin gizlədilməsi üçün Əmir İnanc ciddi tədbirlər görmüşdü ki, bu tapşırığı da Qətibə Həmədandan öz atasına göndərmişdi. Lakin bu xəbəri çox uzun bir müddət gizlətmək mümkün olmadı, çünki Şirvan həbsxanasından buraxılıb Gəncəyə gələnlər, Şirvan saraylarında ölmüş xəlifəyə matəm saxlanılması xəbərlərini Azərbaycanın hər tərəfinə yaymışdı.Bir neçə günün içərisində, Əmir İnancın düşmənləri Gəncəyə yığışmağa başladı. Əmir İnanc isə bundan qorxuya düşərək hər tərəfdən öz atlılarını Gəncəyə çağırdı. Əmir İnancın evinə tezlikdə hücum ediləcəyi şayiələri hər yerdə danışılırdı. Bu xəbəri buraxan Əmir İnancın öz adamları idi. Əmir şəhərdə böyük həbslərə başlamaq üçün bu xəbəri əlində bəhanə etmək istəyirdi.
MatəmGəncə üsyanının xəbəri və Əmirin Toxtamışla bərabər dar ağacına çəkilməsi hadisəsi Həmədan saraylarında böyük bir matəmə səbəb oldu. Qətibənin sarayında qara rəngdən başqa bir şey görmək olmazdı. Atasına və onun qoca vəzirinə ehsan verildi. Qətibə bu hadisədə Qızıl Arslanı təqsirləndirir, Atabəy Məhəmməddən müqəssirlərə cəza verilməsini tələb edir və deyirdi:– Qızıl Arslan istəsəydi, Gəncədə üsyan yaradılmaz və mənim ata-anamın başına bu fəlakət gəlməzdi.
Sui-qəsdQətibə Atabəy Məhəmmədlə Qızıl Arslanın yazışmalarından və Qızıl Arslanın Azərbaycan səfəri haqqındakı narazılığından tamamilə xəbərdar idi. Qətibə Qızıl Arslan ilə Atabəy Məhəmməd arasında ixtilaf törətmək üçün bundan da əlverişli bir məqam tapa bilməyəcəkdi.Azərbaycan səfərinin başlanmasına o qədər də qalmırdı. Atabəy Məhəmməd qoşunu gözdən keçirmək və onun keyfiyyətini təyin etmək üçün Keykur-Əsədabad və Səhnə tərəflərinə getmişdi. Qətibə Səba xanımı çağırıb Hüsaməddinin evinə göndərdi və ona tapşırdı:
HücumAtabəy Məhəmmədin böyük bir ordu ilə Şimali Azərbaycana hücum etmək xəbəri hər tərəfi qorxu altına almışdı. Gürcüstan və Şirvan məmləkətləri bu hücumun pərdəsi altında iki qonşu əleyhinə siyasi məqsəd gizlənə bilər deyərək ciddi bir hazırlığa başlamışdı. Onlar öz sərhədlərinə güclü qoşun yığırdı. Bu xəbər Aranda və Şimali Azərbaycanın başqa tərəflərində təşviş və həyəcana səbəb olmuşdu.Xüsusən aranlılar fars və ərəb qoşununun Azərbaycana gətirildiyini eşidən zaman Qızıl Arslana məktub göndərməyi və özlərinin onlara təslim olmayacaqlarını xəbər verməyi lazım bildilər.
Poems by other poets
Eşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
Mana bir çarə qılmazsan, necə biçarə bolğaymən.Mana bir çarə qılmazsan, necə biçarə bolğaymən.Həm ol əvla ki, mən bu şəhrdən avarə bolğaymən.
Yavaş-yavaşMinib eşqin səməndini çaparam yavaş-yavaş,Sınıq könlüm yüz tədbirnən yaparam yavaş-yavaş.
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,