Gizli ədəbiyyat
Page 4 of 4 · 75%
– Balaxanı — Sabunçu dairəsində inqilabçı fəhlələr çoxdur. Mən arzu edərdim ki, onları da bura dəvət edəydik. Onlar həm ədəbiyyatla, həm də sizinlə tanış olardılar.
Buna hamı razılıq verdi, Sergey Vasiliç qızı Jenyaya dedi:
– Get bu saatda Mantaşevdən Zərkərovu, Nobeldən Andreyi, «Molot»dan Brakini... uzaq getməkdən qorxmazsansa, Qüdrəti və Nəsiri də çağır gətir!
Jenya getdi. Sergey Vasiliç isə öz yaşayışı haqqında sözə başladı:
– Bizim qüvvəmiz hazırda gözə çarpan bir qüvvə deyildir, lakin çox çəkməz ki, bizi möhkəm bir cəmiyyət kimi tanıyarlar.
Sizin dördünüz də gəncsiniz, hələ ağır istismarın altında qocalmamışsınız, buna görə də mübarizədən yorulmazsınız, ciddi çalışarsınız. Mən 1867-ci ildən Bakıdayam. Çox sağlam və qüvvətli bir gənc idim. O zamanlar maşın yox idi. Nefti dərin quyulardan əl ilə çəkib çıxarmaq lazım gəlirdi. Yerli neft sahibləri fəhlə götürdükdə, onu quyunun başına aparıb imtahan edirdilər; hərgah o, on saat müddətində ağır vedrələri dayanmadan quyudan çəkə bilirsə, işə götürürdülər. Mən Bakıya gələndən iki il sonra burada əcnəbi burjuaziya meydana gəlməyə başladı, nefti də bu günkü üsul ilə çəkməyə başladılar. Əvvəlcə neft sahibləri hər zaman istərsə maaş verər, istəməzsə verməzdi. Bəzən altı ay pul verməzdilər, ancaq quru çörəyi müəyyən bir dükandan alardıq. Bu qanuna yerli fəhlələr razı olmurdular. Sahibkarlarla tez-tez toqquşma olurdu. Odur ki, sahibkarlar yerli fəhlələrdən boyun qaçıraraq, onların yerinə iranlı və rus fəhlələrini qəbul edərdilər. Hazırda rus və iranlı fəhlələrinin çoxluğu da haman məsələnin nəticəsidir. Rus və iranlı fəhlələr sahibkara tabe olmağa məcbur idilər, ac qalsalar da dinməzdilər, işdən qovulmaqdan qorxardılar. Yerliləri işdən çıxmaq qorxutmazdı, gedib öz təsərrüfatlarında çalışardılar. Maaş üstündə ixtilaf çıxaran iranlı fəhləsini quyuda öldürmək də mümkün idi, çünki onu itirib-axtaran olmazdı. Lakin yerli fəhlələrdən quyuda öldürüləndə onun qohum-qardaşı ixtilaf çıxarırdı.
Zərkərov, Andrey və Brakin gəldi. Sergey Vasiliç onları yoldaşları ilə tanış etdi.
Söhbəti Pavluşa başladı:
– Bakı şəhəri Qafqazda fəhlə mərkəzidir. Buna baxmayaraq Tiflisdə olan fəhlə təşkilatları buradan möhkəmdir. Bizim təkbaşına çıxışlarımız hər çıxış nəticəsində də sahibkarlara təslim olduğumuz, tətillərimizin nəticəsizliyi — rəhbərsizliyin nəticəsidir. Fəhlələr təşkil edilmədikcə, sözdə, işdə, fikirdə birlik yaradılmadıqca biz istədiyimizi əldə edə bilməyəcəyik. Təşkilatsızlıq, başıpozuq bir surətdə çalışmaq, neft fəhlələrinin ağır bir surətdə istismar edilməsinə meydan verir. Siz bilirsiniz ki, Bakı fəhlələri — təsərrüfatı dağıldığı üçün şəhərə gələn kəndlilərdən, İran xanlarının zülmündən qaçan iranlılardan, meliklərin istismarına dözməyən ermənilərdən, knyaz və mülkədarlar əlindən — Volqa boyundan, Saratovdan, Simbirskdən və Mərkəzi Rusiyadan qaçıb gələn tatarlardan və ruslardan ibarətdirlər. Tatarlar ilə iranlılar Bakı fəhlələrinin ən geridə qalanlarıdır. Bunlar Bakıya gələrkən öz zəhmətlərini olduqca ucuz qiymətə satırlar. Bunların mədəniyyətsiz və sırf avam olmalarından istifadə edərək, sahibkar din-məzhəb ixtilafları törətməyi və fəhlələrin birliyini pozmağı da bacarır. Dini və milli hərəkat fəhlə hərəkatına qarşı, hər yerdə olduğu kimi, Bakıda da böyük əngəl törədir. Buna görə də fəhlələri təşkil etmək üçün sosial-demokrat siyasi dərnəklərinin təşkil edilməsi lazımdır. Biz bu kimi dərnəklərə azərbaycanlılardan və iranlılardan daha çox cəlb etməliyik.
Pavluşa söhbətini bitirdikdən sonra ortalığı dərin bir sükut bürüdü. Hər kəs düşünürdü.
Bir azdan sonra Andrey sual verdi:
– Biz siyasi dərnək təşkil etməklə bu qədər geniş bir kütləni təşkil edə biləcəyikmi?
Buna Jenya hamıdan əvvəl cavab verdi:
– Burada oturanlar düşüncə və əqidəcə bir olsalar, kütlələrə yaxınlaşmaq çox da çətin olmayacaqdır.
Sergey Vasiliç qəti bir səslə:
– Mənim təcrübəm olduqca çoxdur, — dedi, — fəhlə ruhunu lazımi qədər tanıyıram. Fəhlə nə qədər başı pozuq və təşkilatsız olsa da, yenə də intizamı sevəndir. Fəhlələr öz təşkilatlarının intizamını gözləməkdən əsla boyun qaçırmazlar. Xüsusən siyasi dərnək. Bu kimi təşkilatların hamısı fəhlələr üçün yenilikdir. Fəhlələr keçirdikləri həyatdan yorulmuşlar. Onlar sosial-demokrat təşkilatının gizli siyasi dərnəyinin əmələ gəldiyini bilsələr, onu bütün varlıqları ilə alqışlarlar. Hələ istismarın gündən-günə artması, sahibkarların həddindən artıq hərisləşib, həyasızlaşması ən avam fəhlələrdə belə yeni duyğu yaratmışdır. Mən sizə söz verirəm ki, hər bir müəssisədə fikrimizə köməkçi və tərəfdar tapa biləcəyik. Lakin bir şeyi unutmamalıdır: kapitalistlər fəhlələrin öz içərisindən də düşmənlər hazırlayırlar. Onlar avam fəhlələri çox tez aldada bilirlər, avam fəhlələrdən casus və xəfiyyə düzəldə bilirlər. Buna görə də biz sözümüzü demək istədiyimiz hər bir fəhləni lazımi qədər öyrənməliyik.
Sergey Vasiliç sözünü bitirdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-gizli-edebiyyat
Use ← → keys to move, R for a random poem
More by this author
Xəlifə Müstərşidbillahın ölüm xəbərini gizlətdilər. Aran ölkəsində Əmir İnanca qarşı üsyan qalxmasın deyə ölüm xəbərinin gizlədilməsi üçün Əmir İnanc ciddi tədbirlər görmüşdü ki, bu tapşırığı da Qətibə Həmədandan öz atasına göndərmişdi. Lakin bu xəbəri çox uzun bir müddət gizlətmək mümkün olmadı, çünki Şirvan həbsxanasından buraxılıb Gəncəyə gələnlər, Şirvan saraylarında ölmüş xəlifəyə matəm saxlanılması xəbərlərini Azərbaycanın hər tərəfinə yaymışdı.Bir neçə günün içərisində, Əmir İnancın düşmənləri Gəncəyə yığışmağa başladı. Əmir İnanc isə bundan qorxuya düşərək hər tərəfdən öz atlılarını Gəncəyə çağırdı. Əmir İnancın evinə tezlikdə hücum ediləcəyi şayiələri hər yerdə danışılırdı. Bu xəbəri buraxan Əmir İnancın öz adamları idi. Əmir şəhərdə böyük həbslərə başlamaq üçün bu xəbəri əlində bəhanə etmək istəyirdi.
MatəmGəncə üsyanının xəbəri və Əmirin Toxtamışla bərabər dar ağacına çəkilməsi hadisəsi Həmədan saraylarında böyük bir matəmə səbəb oldu. Qətibənin sarayında qara rəngdən başqa bir şey görmək olmazdı. Atasına və onun qoca vəzirinə ehsan verildi. Qətibə bu hadisədə Qızıl Arslanı təqsirləndirir, Atabəy Məhəmməddən müqəssirlərə cəza verilməsini tələb edir və deyirdi:– Qızıl Arslan istəsəydi, Gəncədə üsyan yaradılmaz və mənim ata-anamın başına bu fəlakət gəlməzdi.
Sui-qəsdQətibə Atabəy Məhəmmədlə Qızıl Arslanın yazışmalarından və Qızıl Arslanın Azərbaycan səfəri haqqındakı narazılığından tamamilə xəbərdar idi. Qətibə Qızıl Arslan ilə Atabəy Məhəmməd arasında ixtilaf törətmək üçün bundan da əlverişli bir məqam tapa bilməyəcəkdi.Azərbaycan səfərinin başlanmasına o qədər də qalmırdı. Atabəy Məhəmməd qoşunu gözdən keçirmək və onun keyfiyyətini təyin etmək üçün Keykur-Əsədabad və Səhnə tərəflərinə getmişdi. Qətibə Səba xanımı çağırıb Hüsaməddinin evinə göndərdi və ona tapşırdı:
HücumAtabəy Məhəmmədin böyük bir ordu ilə Şimali Azərbaycana hücum etmək xəbəri hər tərəfi qorxu altına almışdı. Gürcüstan və Şirvan məmləkətləri bu hücumun pərdəsi altında iki qonşu əleyhinə siyasi məqsəd gizlənə bilər deyərək ciddi bir hazırlığa başlamışdı. Onlar öz sərhədlərinə güclü qoşun yığırdı. Bu xəbər Aranda və Şimali Azərbaycanın başqa tərəflərində təşviş və həyəcana səbəb olmuşdu.Xüsusən aranlılar fars və ərəb qoşununun Azərbaycana gətirildiyini eşidən zaman Qızıl Arslana məktub göndərməyi və özlərinin onlara təslim olmayacaqlarını xəbər verməyi lazım bildilər.
Poems by other poets
Eşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
Mana bir çarə qılmazsan, necə biçarə bolğaymən.Mana bir çarə qılmazsan, necə biçarə bolğaymən.Həm ol əvla ki, mən bu şəhrdən avarə bolğaymən.
Yavaş-yavaşMinib eşqin səməndini çaparam yavaş-yavaş,Sınıq könlüm yüz tədbirnən yaparam yavaş-yavaş.
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,