III. Fabrik-zavod rayonuna
Page 2 of 6 · 17%
Əlbəttə, bununla maraqlanmamaq və ona qulaq verməmək heç də qabil deyildi. Gözünə taxdığı eynəyinin bir şüşəsi ağ, bir şüşəsi qara, döşündən asılan iki qara qaytanın birisi eynəyini, o birisi də şlyapasını küləkdən saxlamaq üçün idi.
Özünün dediyinə görə şlyapasının tarixi o qədər də uzun deyildi. O, hələ Qazan darülfünununda «qraf İlmanskinin» əli altında elmi-ilahi dərsi verdiyi və sosialist partiyasına yeni yazıldığı vaxt, bu şlyapanı almışdı.
O zamandan bəri günəş, toz, qar, yağış və tər təsirindən bu şlyapa öz həqiqi rəng və şəklini itirmiş, hazırda küçə təbliğatçısının qırxılmış təpəsində çətinliklə durmaqda idi və ağ bir günbəzin təpəsinə düşən quru başmaq tayı şəklini almışdı.
O, şlyapasını əlinə alaraq, sözə başladı:
– Əqilsizlikdir, – dedi, – ac-ac məmləkətdə sosializm qurmaq, sabun köpüyü ilə ev tikmək kimi bir şeydir.
Yanındakılar da onun qara vizitqasının yırtıq, qaralmış, çirklənmiş yaxasına baxıb gülür və ağ çəsunçədən tikilmiş və yuyulduqdan sonra ütülənməmiş qısa jiletinə tamaşa edirdi.
O, əlini atıb şalvar cibindən dəsmalını çıxardıqda yanında duranlar geri çəkildilər. Çünki burunotu qoxusu yayan bu dəsmal, sanki işləndiyi gündən bir dəfə də yuyulmamışdı. Şalvarının qırılmış düymələri arasından çan köynəyi görünməkdə idi.
O yenə sözə başladı:
– Bizim kimi mədəni və təmiz insanları hökumətdən uzaqlaşdırmağın, hökuməti lüt və natəmiz adamların əlinə tapşırmağın özü də cəmiyyəti geri çəkmək deməkdir.
Təbliğatçı tər tökürdü, o, açı bağırsaq kimi qırışmış yaxa bəndini qaldırıb alnını və burnunu silirdi.
Fövqəladə qonaqların oteldən çıxması təbliğatçının qısa nitqini dayandırdı.
Oteldən çıxan qızların üçü də ingilis zabitlərinə məxsus paltar geyinmişdi.
Bunlardan birisi İngiltərə kralının fəxri yavəri və Hindistan, Dehli taxtının vəliəhdi şahzadə Bahadır xanın, digəri isə Bakıya gəlmək üçün Ənzəlidə hazırlıq aparan ingilis missiyası üzvlərindən Tiq-Çonsonun nişanlısı idi.
Demək birincisi Leyla xanım, digəri isə Raya xanım idi.
Üçüncü qız da erməni milli sovetinin üzvü, doktor Araratyanın qızı Ester xanımdı ki, bu da erməni taboru komandanı Hamazasbın sevikli nişanlısı idi.
Qızlar otelin qarşısında durub danışdıqları vaxt faytonların ətrafında duranlar da mübahisəyə başlamışdı.
Onlardan birisi:
– Bu qız ingilis deyildir, – dedi, – bu ingilis qızı olsa, mən bığlarımı qırxdırarım, onun üz-gözündən müsəlmanlıq yağır. Bundan sonra bizə bərk qoymaq haramdır, millətinə, istiqlaliyyətinə xain çıxanlar, bizim partiyamızı bu hala qoymasaydı, bu gün cavan bir müsəlman qızı bir xaçpərəstin qoluna girə bilməzdi. Lakin bizi qoymadılar; öz xain müsəlmanlarımız bolşeviklərə qoşulub partiyamızı bədbəxt elədilər. «Müsavat» kimi namuslu və islamiyyətin sütunu hesab olunan bir partiyanı dağıtdılar, axırda iş gəlib bura yetişdi. Cavan müsəlman qızı açıq gəzməklə kifayətlənməyərək, bir xaçpərəstin qoltuğuna da girir.
Yanında duranlardan birisi gülərək:
– Bığını o tərəfə tut! Gözümüzü çıxartdı, – dedisə də o, yenə sözünə davam edir və istiqlaliyyət sözlərini tez-tez təkrar edirdi. Nəhayət digər birisi:
– Səsini kəs! – dedi, – sizi gördük. Bir zibil deyilsiniz. Siz də köhnə nəğmələri çalırsınız. Siz də milyonçuların quyruğunda getdiniz, xalqı öz arxanıza salmaq istədiniz. Hər kəs danışsa da, siz danışmayın.
Müsavat təbliğatçısı tez keçib getdi, onun sözlərini təsdiq edənlərdən birisi isə:
– Cənab Abasqulu doğru buyurur, – deyərək, ətrafındakıları inandırmağa tələsdi.
Bu sözlərə qarşı «doğrudur!» deyənlər vardısa, gülənlər və etiraz edənlər daha çox idi. Bunun haqqında da danışılır və onun kim olduğu haqqında suallar verilirdi.
– Abasqulu Qazımzadə deyildirmi?
– Özüdür ki, var.
– Əcəba, bu, Bakıdan qaçmamışdımı?
– Qaçmışdı, çünki fırıldaqları baş tutmamışdı.
– İndi bəs nə üçün qayıtmış.
– Çünki türk ordusu Bakıya yaxınlaşır.
Başqa cür danışanlar da var idi.
– Bolşeviklər bizdə kişilik qoymadı. Bir neçə ay bundan qabaqkı vaxtım olsaydı, uşaqlardan birisinə deyərdim: «adə, o qapıda duran qızların üçünü də bas faytona, düz-doğru apar Maştağaya!», ondan sonra soruşardım ki, deyin görüm siz kimin qızısınız?!
Bu sözləri danışanlar Bakı milyonçularının quyruğu qocu Nəcəfqulu və Teymurbəy Aşurbəyov idi.
Faytonların ətrafına toplaşıb gənc qızlara tamaşa edənlər arasında belə söhbətlər də eşidilirdi:
– Olduqca gözəldir – kirpiklərinin hərəkətini görməsəydim, ağ mərmərdən tökülmüş bir heykəl olduğunu zənn edərdim. «Obraz» verə bilməyəcəyəm, çünki gözəllik bütün obrazların fövqündədir. Gözlər mavi, saçlar altun, dodaqlar marmalad, barmaqlar kanfet, bütün vücud bir incə sənət əsəridir.
Sən hələ o qara saçlı qıza bax!
Yanındakı:
– Əlbət ki, baxaram, – dedi, – ona məmləkətin şanri də baxmasa, kimlər baxacaqdır?
– İndi ki, baxırsan, bəs nəyə durmusan?
– Əlhəmdülillah, özün də məşhur şairimizsən, bunu yalnız mən demirəm, bütün «Şəlalə» məcmuəsinin oxucuları da deyə bilər. Sən «Şəlalə» məcmuəsinin hər vərəqində gözə çarpırsan. Sənin şerlərinin hər misrası şərəfinə cənab Əhməd Kamal yüzlərcə qədəh qaldırmışdır. Sən o şərəfi axıra qədər davam etdirmək üçün o qara saçlı, qələm qaşlı və uca boylu qıza bir neçə şer yazmalısan.
Şair əlini başının dazına çəkərək, ağzını yumdu, burnundan dərin bir nəfəs aldı, bir az dişlərini sordu, sonra gözlərini qıza bərəldərək:
– Şer yazacağam, – dedi, – amma o şerlərdən yox. Sən öləsən, dayımın qəbri haqqı, təbim bu saat gəldi. O qara qaşlara gör nə obraz verəcəyəm.
Bax, bax, bir dinlə! Şerə başlayıram. Ölmə sən, ey şair! Oxuyuram! Ey şair! Sən nə qədər həssas bir təbiətsən! Eşit! Eşit!
«Gördüm incə bir qız, küçənin başında,
Sanki tərsə dönmüş, bir cüt ay qaşında!»
– Oldu ki?
– Əlbəttə, oldu!
– Bir də dinlə! Sən öləsən, özüm də bu şeri deyə biləcəyimə inanmıram. Bax, ilham da bunun özüdür də, insan heç xəyalına gətirmədiyi bir halda görürsən elə bir şey yaratdı ki, özü də inanmadı. Yox, mən heç vaxt özümü belə bilməzdim, bu dediyim əvvəl dediklərimə bənzəməz, çünki bu, tam mənasilə bir şer oldu.
– Oldu, nə qədər nəfis şer, nə qədər bədii obraz! İnsan ancaq bu kimi parçaları oxuduğu zaman ağır və təhəmmül edilməz qəmlərini unuda bilir.
Hərgah dünən Nardaran bağlarında yazdığım və partiyamıza ithaf etdiyim şerdən bir bənd sənə oxusam, biləcəksən ki, mənim özümün də səlis təbim vardır, mən ölüm, bir şerə bax! Amal-milliyəmizi təsvir edən bu sətrləri gərək mənim qəbir daşıma yazasınız.
«Avarə qaldı, millətimiz rəhnuması yox.
Qəmkəş rəisi, qeydə qalan pişvası yox.
Bir dərdə saldılar bizi hərkiz dəvası yox.
Tufani-iztiraba dönüb ruzigarımız».
De görüm necədir? – deyə soruşduqda o birisi:
– Milli şairimizsən də! – dedi.
– Sən öləsən, şeri bağda yazıb Məhəmmədəmin cənablarına oxudum, ikimiz də ağladıq. O, özü də sən deyən sözü dedi və gələcəkdə mənə heykəl qoydurmağı vəd elədi.
– Bununla bərabər sən də şairsən axı!
– Əlbəttə, şairəm, qoy başqaları deməsin və məni də şair bilməsin, mənə, sənin fikrin lazımdır, şairi ancaq və ancaq şair tanıya bilər. Amma o qıza bir də bax. Bu məlahət özgə millətdə olmaz, bu yalnız islam gözəlinə məxsusdur.
O birisi:
– Doğrudur, – dedi, – amma o gilas gözlü qız haqqında da sükut etmək olmaz, o mənim şer ilahəmdir, ona gözəl bir şer yazacağam, yenə də kədərləri, qüssələri, bu kimi şerlərlə unutmaq olur.
Onun yoldaşı:
– Doğrudur! – dedi. – O kişi paltarı geymiş ala gözlü qızı görən hafizpəsənd bir şair, dinc dura bilərmi?
– And olsun hacının qəbrinə, şerin mətləini başladım.
– Nə tez?
– Necə məkər tez? Sən bilmirsən, mənim təbim şollar suyu kimi axır?
O birisi dedi:
– Heyf olsun ki, bir vaxt sən bu millətin əlindən gedəcəksən.
– Eybi yoxdur. Mən olmasam da mənim heykəlim Bakının məşhur küçələrinin birisində qoyulacaqdır, mənim heykəlim də istiqlal deyə bağıracaq. İndi şerə qulaq as.
«Bu hala baxsam əyər məndə gör nə halət olur?
O sərv qamətini görcəyin qiyamət olur».
– Necədir? Xoşuna gəldimi?
– Şerdir. Bədii həyəcan yaradan şerdir.
– Hələ dalına qulaq ver!
«Səfayi-gülşənə çıxma, bahara görsənmə!
O gül cəmalı qızılgül görüb xəcalət olur».
Şair şeri oxuduqdan sonra, ikinci şair bir ah çəkərək:
– Bolşeviklər şerə də, bədii ədəbiyyata da qələm çəkdilər. Hərgah hökumət öz hökumətimiz olsaydı, sənin bu iki beytin haqqında ədəbi məcmuələrdə vərəqələr dolusu təqriz yazmazdılarmı? Kişi, bir sözə bax! Yəni necə «o sərv qamətini görməsəm qiyamət olur?» Əcəba, bu kəlmələri hər adam deyə bilərmi? Əbədən! Bu ilhamdır, bu bir fövqəladə və hiss edilməz qüvvətin məhsulu deyilmidir?
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-iii-fabrik-zavod-rayonuna
Use ← → keys to move, R for a random poem
More by this author
Təbrizdə din hərəkatının gurultusu bir neçə gün davam etdi. Camaatın yanında mövhumat əleyhinə danışmaq mümkün deyildi. Təbriz ziyalılarından bəziləri bu hərəkatın əleyhinə danışdıqları üçün ölümcül halda döyülmüş və müctəhidlərin yanına aparılmışdı. Buna görə də, biz təcili iclas çağırdıq və bu iclasda din və mövhumat əleyhinə, bir kəlmə də olsa, küçələrdə danışmamağı qərara aldıq.Rus və ingilis konsulxanaları bizim dini hərəkata qarşı apardığımız mübarizəyə qarşı əks-hücuma keçmişdi. Bizim məqbərə və ziyarətgahları, məscid və mərsiyəxanları nüfuzdan salmaq təşəbbüsümüzə qarşı ingilis və rus konsulxanaları çox təsirli bir tədbirlə meydana çıxmışdılar. Təbriz xalqını tanımaq mümkün deyildi, onlar inqilab dövrünü keçirən təbrizlilərə bənzəmirdi: onlar yenə də orta əsrə aid mövhumatın donunu geymişdilər. Söhbətlər axirətdən, behiştdən, cəhənnəmdən, imamdan, peyğəmbərdən, məscidlərdən və moizədən idi.
Şeyx Əbdüləzəlin nümayəndəsiİngilislərin Təbrizdə düzəltdiyi xəfiyyə və casus təşkilatının üzvlərini öyrəndik, onların sayı 145 nəfər idi. Bu barədə həm sərdar Rəşid, həm də Mirzə Ələkbər xan bizə lazımi məlumatı vermişdi. Bu təşkilatın əsas vəzifəsi inqilabçıları tapmaq və gizli təşkilatı məhv etməkdən ibarət idi.Çar konsulu və çar agentlərinin ciddi köməyinə, Mirzə Həsən və onun oğlu Mizə Məsud ağanın dini himayəsinə baxmayaraq, ingilislərin düzəltdiyi bu təşkilat on gündən artıq yaşaya bilmədi, çünki ingilislər Təbriz xalqının xüsusiyyətini bilmirdi. Onlar təşkil etdikləri adamların əhvali-ruhiyyəsini anlamırdı.
Sərdar Rəşidin son günləriTehranda rus və ingilis səfarətləri arasında vəliəhd Məmmədhəsən Mirzənin Təbrizə gəlməsi barəsində müzakirələr gedirdi. Bu xəbər sərdar Rəşidin Təbrizdən getməsi üçün qorxulu bir müqəddimə təşkil edirdi, çünki aralıqda vəliəhdlə bərabər Fərman-1 qRastap – təşkilat adıdır. fərma, yaxud da Süleyman Mirzənin Təbriz hökumətinə gəlməsi şayiələri gəzirdi.
Şeyx Əbdüləzəl gəlirİran ilə Almaniya, həmçinin İran ilə İngiltərə-Rusiya dövlətləri arasındakı siyasi münasibət gərginləşməyə başlamışdı.Tehranda təzə qoşun dəstələri düzəltmək məsələsi Rusiya və İngiltərə səfirlərinin siyasi mənafeyini qıdıqlamağa başlamışdı.
Poems by other poets
Bənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
Həsbi-halŞəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.