Page 3 of 6 · 33%

Mən ölüm, bunları yazıb mənə ver! Bu şer milli ədəbiyyatımızın inkişafı üçün müəyyən bir çığır açır. Mən axtardığım yeni şer sənətinin ilk müjdəsini səndən aldım. Buna görə də mən özüm buna bir nəzirə yazacağam. Özünü də aparıb yuxarı məhəllə şairlərinə göstərəcəyəm və hər birinin bir nəzirə yazmasını rica edəcəyəm. İndiki zamanda biz milli ədəbiyyatımızı genişləndirməliyik.

– Amma, rica edirəm, şeri oxuyasınız, lakin surətini yazmağa qoymayasınız. Çünki çapıq Əliheydər də şer deməyə başlamışdır. Xüsusən Bəşir Aşurbəyov da onun-bunun şerini götürüb «Nadir» təxəllüsü ilə oxuyur, özünə də söz demək olmur, çox danışanda, tapançasını qabağa çəkir.

– Göstərmərəm, qorxma! Amma ora bax, o oğlan libasına girmiş qızlara baxanda rəhmətlik Hafizin bir misrası yadıma düşür.

«Yad pədər nəmikunəd, in pəsəran-sənkdil».

Hafizin bu misrasını eşidən şair, özünü düzəldərək:

– Mən özüm əsrin Hafiziyəm, lakin bizim təbi şairanəmizə təkan verən yoxdur.

Sən Sədi və Hafiz dövrünün şairlərə qiymət qoyan «Ətabək»lərini ver mənə, özüm də ənçir ağacının kölgəsində oturum, təzə xiyar, sarımsaqlı qatıq, şor kütümlə arağı da qoy qarşıma, onda Sədi ilə Hafizi çağır gəlsin görüm, bu lələşin qabağında nə iş görəcəklər.

O biri şair xəfif surətdə güldükdən sonra:

– Amma mən belə deyiləm, – dedi. – Mən Puşkin və Tofiq Fikrət yolu ilə gedirəm. Mən ki, yazmağa başladım, gərək labüddən qabağımda mürəbbədən, ənçir ricalından-zaddan bir şey olsun, bir qaşıq rical – bir bənd şer, nə qədər yaxşı şerlərim varsa, hamısını bağ vaxtı yazmışam.

«Metropol»un qarşısında duran qızların təxirinə səbəb Ayollonun öz vədini pozub yubanması idi. Ayolla gələn kimi onlar faytonlara oturmağa başladılar, şairlərin Hafiz, Sədi, Puşkin və Tofiq Fikrətlə başladıqları «müsabiqə» söhbətləri də bitməmiş qaldı.

Sadovski Leyla xanımın qolundan tutub faytona qaldırdı, özü də onunla bərabər əyləşdi. Raya xanım isə İvanovla bərabər faytona oturdu. Doktor Araratyanın qızı və Hamazasbın nişanlısı Ester xanım isə Hamazasb cəbhədə olduğu üçün Ter-Avetisovla bərabər faytona oturub yola düşdülər, «Metropol» qabağında duranlar isə hələ dağılıb getməmişdi, çünki onlar qızların yenə də «Metropol»a qayıdacağını gözləyirdilər.

Şəhərdən o qədər də uzaqlaşmamışdılar. Sadovski Leyla xanımla söhbətə başlamaq üçün giriş axtarırdı.

Qız 22 yaşında, gözəl, məşğuledici, kişilər qədər açıq, elmli, tərbiyəli və cəmiyyət arasına çıxmış bir qız idi.

Sadovski bir tərəfdən bunları düşünür, onun gözəlliyini qeyd edir, ondan zövq duyur, o biri tərəfdən də unutmur ki, ingilis kralı yavərlərindən Hindistan şahzadəsi Bahadır xanın qadınıdır, o həm gözəldir, həm də gözəl bir istiqbalın açarıdır. Siyasi səadətin məxəzidir.

Sadovski üçüncü bir cəhəti də nəzərdə tutmuşdu. O, eyni zamanda özünün bir ingilis tərəfdarı olmaqla, mədəni, elmli, tərbiyəli bir sima olduğunu göstərməyə səy edirdi.

Sadovskinin düşüncəsinə hakim olan bu cəhətlər, mürəkkəb və qarma-qarışıq bir şəkil almağa başlamışdı.

O, başında fikirləri bir-birindən ayırmağı və müəyyən bir şəkil verməyi bacarmırdı, şəhərdən kənara çıxandan bəri bu fikirlər üzərində çalışırsa, yenə də qızla danışmaq istədiyi söhbətlərin müqəddəməsini tapa bilmirdi.

Bu düşüncələr uzun sükut tələb edirdi ki, bu da menşevik rəhbəri ilə bir faytonda oturan qızın darıxmasına səbəb olurdu.

Leyla xanım Sadovskiyə belə bir sual verdi:

– Əcəba, biz təbiətin nifrətini qazanmış bu otsuz, əlafsiz və qumluqdan ibarət olan çölləri və qısır təpələri sükutla gözdən keçirmək üçünmü səyahətə çıxdıq?!

Sadovski bu sualdan sonra onun ağ əlçək içərisindəki əllərindən tutaraq soruşdu:

– Buyurun görüm, mən sevimli xanımla hansı dildə söhbət edə biləcəyəm? Mən öz fikrimi hansı bir dildə ifadə etməliyəm?

– Siz hansı dili çox sevirsiniz? Şübhəsizdir ki, sevdiyiniz dildə danışmağınız daha gözəldir.

– Mən həm ingilis, həm də rusca danışa bilərəm. Lakin ən sevdiyim dil ingilis dilidir. Buna baxmayaraq, gözəl xanımın da bu barədəki fikrini bilmək istərdim.

Leyla xanım əlini onun əlindən ahəstə çəkdiyi zaman dedi:

– Mən ingilis dilini aləmşümul bir lisan olduğu üçün öyrəndim. Alman dilini texnika və sənaye dili olduğu üçün oxumuşam. İtalyanca oxumaq çox lazımdır, çünki xüsusən musiqi dərsi keçənlər üçün bu dil birinci növbədə lazımdır. Fransız dili diplomat dilidir, xüsusən Fransa ədəbiyyatını orijinaldan oxumaq üçün o dili hər bir mədəni insan bilməlidir. Fars dili ədəbiyyat və şer dilidir. Onu oxumayan Şərqi tanıya bilməz. Xəyyam, Hafiz, Sədilərin əsərlərini fars dilində oxuya bilməyən bir şərqli mədəni adam deyildir. Türk dilinə gəldikdə, onun da başqa bir əhəmiyyəti vardır. Rusçanı müvəffəqiyyətlə öyrənirəm. Bu Oktyabr inqilabının yaratmış böyük bir xalqın dilidir. Mümkün olursa, mən başqa dilləri də öyrənəcəyəm. Xüsusən çox dil bilmək, qadınlar üçün daha artıq lazımdır.

– O nə üçün? Qadınların hər bir dili bilməyə məcbur olmasının səbəbi nədir?

– Kişiləri öyrənmək üçün birinci növbədə onların dilini bilmək lazımdır.

Leyla bu sözlə Sadovskini güldürdü, özü də güldü, nəhayət Sadovski:

– İndi ki, belədir, gəlin ingilisçə danışaq. O dili həm sevir, həm də azad danışıram, – dedi.

Sadovski ingilisçə sərbəst danışa bilmirdi, lakin buna baxmayaraq menşevik fəlsəfəsinə dair cümlələri tamamilə aydın deyə bildiyi kimi, bolşeviklərə qarşı düzdüyü tənqidləri də anlaşılmamış qalmırdı; öz fikrini ifadə edə bilirdi. İngilis dilinin gol-qabırğası əzilsə də, bolşevikləri dünya nəzərində hörmətdən salmaq üçün qəbul edilmiş tənqidlərin bir hərfinə belə xələl yetirilmirdi.

Fayton Keşlə kəndinin yanından keçirdi. Şiddətlə əsən şimal küləkləri, Sadovskinin ağzından çıxan fəlsəfi sözləri qəliz tozun boz kəfənlərinə bürüyüb Keşlə kəndinin batmış və buraxılmış qəbirlərində dəfn edirdi.

Şimal küləkləri Leylanı əyləncə halına salan və şahmat taxtasına bənzəyən kepkasını başından alıb qaçmaq istədi. Saçları Sadovskinin üzünə toxundu və Sadovski fürsətdən istifadə ilə Leylanın başını qolları arasına aldı.

İndi artıq gözünə Keşlənin xaraba qəbiristanlıqları deyil, dəbdəbələr, rütbələr, ali vəzifələr, apartmanlar, ehtişamlı sarayların, içərisi dünya gözəlləri ilə dolmuş olan qəsrlər, ingilis sənəti-məmariyyəsi ilə tikilmiş qələciklər görünürdü.

Sadovski aristokrat nəzakətinin bütün təfərruatını, burjuaziya zövqünün qadından tələb etdiyi bütün gözəlliyini təcəssüm etdirən bu qızın başını qolları arasına alarkən belə düşünürdü: «Mən bu gözəl qızın vasitəsilə, İngiltərə kralı yavərlərindən şahzadə Bahadır xanla tanış olacağam, biz sıxı əlaqəyə girişəcəyik, mən istiqbalımın təməl daşını bu gözəl qızla olan tanışlığımın nəticəsində qoyacağam».

Bu fikirlər menşevik rəhbərlərinin başında böyüdükcə Abşeron yarımadasının da şəkli dəyişməyə başlayırdı. Sanki daxili düşüncələr həyata keçir və arzuları da get-gedə təzahür olurdu.

Menşeviklərin yardımı nəticəsində İngiltərə imperializmi Zaqafqaziyanı işğal edir, Zaqafqaziya, İran və İraqla birlikdə İngiltərə müstəmləkəsinə çevrilir, İngiltərə lordlar palatasına namizədlər qoyulduğu vaxt, Sadovski də Zaqafqaziya nümayəndəsi sifəti ilə Londona gedir. Lordlar krala təqdim olunmaq üçün «Bukinqam» sarayına getdiyi zaman, Sadovski də onlarla bərabər kralın süfrəsinə dəvət olunur. Müstəmləkə naziri Seymon irəli çəkilərək lordluq rütbəsinə yeniçə nail olmuş Sadovskini krala təqdim etməklə:

– Əlahəzrət! – deyir, – bu zat, Bakı neftini ingilislərə verən və bütün Rusiya sənayesini yanacaq böhranına düşürən namuslu menşeviklər nümayəndəsidir.

Kral Sadovskiyə etinalı bir nəzər salaraq deyir:

– Lord Sadovski!

Sonra da kral ona əlini uzadır, Sadovski isə ayaqlarını kip qoyaraq, əskəri nizam alır və sağ əlini kral Keorkiyə uzadır.

Sadovski bu təsir altında əlini uzadarkən, Leyla da saçlarını toplayıb kepkasını başına qoyurdu.

– Məhəbbətinizdən məmnunam! – deyərək Sadovskini şirin rəyasından ayırdı. Lakin o, ruhunu saran xəyalın nəşəsi təsirilə:

– Sevirəm! – dedi, – dəlicəsinə sevirəm!

Leyla onun nə vəziyyətdə olduğunu hiss etməmiş deyildi. Buna görə də onu utandırmadı.

– Hiss edirəm! Siz mədəni olduğunuz üçün də mədəni ingilisləri sevirsiniz, – dedi.

Sadovski Leylanın bu sözündən sonra özünü yığışdırdı. Leylanı şübhəyə düşürməmək üçün:

– Bəli! – dedi. – Bütün səyimiz mədəni ingilislərlə əlaqəyə girməkdən və mədəni bir hökumət qurmaqdan ibarətdir. Lakin bolşeviklər azadlığın İngiltərə bayrağı kölgəsində göyərə biləcəyini birdəfəlik anlamayıb, Rusiyanı çox ağır vəziyyətə düşürdülər.

Leyla Sadovskiyə belə bir sual verdi:

– Əcəba, bəzi məsələlərdə siz bolşeviklərə küzəştə getməklə vahid cəbhə düzəldə bilməzdinizmi?

– O heç mümkün deyil, bolşevik nəzəriyyəsində menşeviklərə qarşı qəti bir barışmazlıq vardır. Aralıqdakı ixtilaf o qədər böyükdür ki, biz o ixtilafa qarşı az bir küzəştə getmiş olsaq, min illərlə vücuda gələn mədəniyyəti məhv etmiş olarıq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Çar kazakları mərsiyəxanlıqda

Təbrizdə din hərəkatının gurultusu bir neçə gün davam etdi. Camaatın yanında mövhumat əleyhinə danışmaq mümkün deyildi. Təbriz ziyalılarından bəziləri bu hərəkatın əleyhinə danışdıqları üçün ölümcül halda döyülmüş və müctəhidlərin yanına aparılmışdı. Buna görə də, biz təcili iclas çağırdıq və bu iclasda din və mövhumat əleyhinə, bir kəlmə də olsa, küçələrdə danışmamağı qərara aldıq.Rus və ingilis konsulxanaları bizim dini hərəkata qarşı apardığımız mübarizəyə qarşı əks-hücuma keçmişdi. Bizim məqbərə və ziyarətgahları, məscid və mərsiyəxanları nüfuzdan salmaq təşəbbüsümüzə qarşı ingilis və rus konsulxanaları çox təsirli bir tədbirlə meydana çıxmışdılar. Təbriz xalqını tanımaq mümkün deyildi, onlar inqilab dövrünü keçirən təbrizlilərə bənzəmirdi: onlar yenə də orta əsrə aid mövhumatın donunu geymişdilər. Söhbətlər axirətdən, behiştdən, cəhənnəmdən, imamdan, peyğəmbərdən, məscidlərdən və moizədən idi.

5 min
Şeyx Əbdüləzəlin nümayəndəsi

İngilislərin Təbrizdə düzəltdiyi xəfiyyə və casus təşkilatının üzvlərini öyrəndik, onların sayı 145 nəfər idi. Bu barədə həm sərdar Rəşid, həm də Mirzə Ələkbər xan bizə lazımi məlumatı vermişdi. Bu təşkilatın əsas vəzifəsi inqilabçıları tapmaq və gizli təşkilatı məhv etməkdən ibarət idi.Çar konsulu və çar agentlərinin ciddi köməyinə, Mirzə Həsən və onun oğlu Mizə Məsud ağanın dini himayəsinə baxmayaraq, ingilislərin düzəltdiyi bu təşkilat on gündən artıq yaşaya bilmədi, çünki ingilislər Təbriz xalqının xüsusiyyətini bilmirdi. Onlar təşkil etdikləri adamların əhvali-ruhiyyəsini anlamırdı.

8 min
Sərdar Rəşidin son günləri

Tehranda rus və ingilis səfarətləri arasında vəliəhd Məmmədhəsən Mirzənin Təbrizə gəlməsi barəsində müzakirələr gedirdi. Bu xəbər sərdar Rəşidin Təbrizdən getməsi üçün qorxulu bir müqəddimə təşkil edirdi, çünki aralıqda vəliəhdlə bərabər Fərman-1 qRastap – təşkilat adıdır. fərma, yaxud da Süleyman Mirzənin Təbriz hökumətinə gəlməsi şayiələri gəzirdi.

6 min
Şeyx Əbdüləzəl gəlir

İran ilə Almaniya, həmçinin İran ilə İngiltərə-Rusiya dövlətləri arasındakı siyasi münasibət gərginləşməyə başlamışdı.Tehranda təzə qoşun dəstələri düzəltmək məsələsi Rusiya və İngiltərə səfirlərinin siyasi mənafeyini qıdıqlamağa başlamışdı.

16 min

Poems by other poets