Rusiya sahilində
Page 2 of 4 · 25%
– Nə istəyirsiniz? – dedi.
Mən:
– Sizə bir neçə söz demək istərdim, – dedim.
– Buyurun, – deyə cavab verdi.
– Siz Şərqə gedirsiniz, bura da Şərqin girəcəyidir. Siz İrana böyük Rusiya mədəniyyəti aparmaq və orada sülh səlaməti bərpa etmək üçün gedirsiniz, siz bu iddia ilə də başqa bir hökumətin torpağına daxil olmaqdasınız. Əlbəttə, sizin bu rəftarınız imperator hökumətinin təqib etdiyi sülh siyasətinin əleyhinədir, əcəba, siz bunu nəzərə almırsınızmı? Yüksək rütbəli zabit sözlərimdən ayılan kimi oldu.
– Siz iranlımısınız? – deyə soruşdu.
– Xeyr, qafqazlıyam, çar təbəəsiyəm, bunun üçün də ordumuzun əsgəri namusunu ləkələyəcək hərəkətləri gördükdə utanıram, – dedikdə o, əllərini çiynimə qoyaraq dedi:
– Elədir! Namusunuzu təqdir edirəm, fəqət qız da gəncdir, gözəldir, onlar bunu buraxmaq istəməyəcəkdir. Mən bunların qarşısına keçəcəyəm, siz qızı buradan rədd ediniz, sizdən çox razıyam.
Qız mənim zabitlə danışdığımı görərək ağladı və anlamadığım bir dildə danışmağa başladı. Mən onun sözlərini anlamasam da, hər halda mənə yalvardığını və yardım istədiyini hiss edirdim. Qızın qolundan tutub odama çəkdim, kiçik əl çamadanımı alaraq qızla bərabər pəncərədən balkona düşərək dal qapıdan küçəyə çıxdıq. Qapıda duran faytona oturub birbaş «Oriant» otelinə hərəkət etdik. Burada Ələkbər yoldaşa təsadüf etdikdə çox sevindim, o da mənim və yoldaşlarımın Təbrizdən salamat qurtardığımızı və rusların əlinə düşmədiyimizi eşitdikdə şad oldu.
Qız gecə paltarında idi, tez bir adam göndərib qızın şeylərini «Fransa» otelindən gətirtdim.
Qızı danışdırmağı, onu təskin etməyi bacarmırdım. Qızın müxtəlif Avropa dillərində mənə təşəkkür etdiyini hiss edirdim, lakin nə bir şey anlayır və nə də anlada bilirdim. Nəhayət o:
– Zəbani farsira midanid? – deyə farsca danışmağa başladı.
Mən təəccüblə ona baxdım və:
– Kəm-kəm hərf mizənəm, – deyə cavab verdim.
Məni heyrət bürümüşdü. Əcəba, bu gənc qız farscanı harada öyrənmişdi, kim idi və haraya gedəcəkdi? Anladığım bir dildə danışması məni çıxılmaz vəziyyətdən qurtardı.
– Farsca haradan öyrəndiniz? – deyə sordum.
– Nyu-Yorkda Şərq lisanları fakültəsini bitirmişəm, atam da şərqşünasdır.
– İngilismisiniz?
– Xeyr, Amerika almanlarındanam.
– İrana nə üçün gedirsiniz?
– Bizim xeyriyyə və elmi-tədqiqat işlərində çalışan heyətimiz Cənubi İrandan Təbrizə gəlmişdir. Mən də heyətin sədri sifəti ilə Amerikadan gəlib Təbrizə getməliyəm.
– Heyətinizin əsas vəzifəsi nə olacaqdır?
– Təriqət və adətləri öyrənmək, xəstələrə, zərərdidələrə yardım etmək, insaniyyətə xidmət göstərmək kimi işlər üçün gedirik.
– Əqidə və təriqətləri öyrəndikdə siyasi məsələləri də öyrənəcəkmisiniz?
– Xeyr, siyasi məsələlərə qarışmaq vəzifəmizə daxil deyildir. Səyahətimiz elmi və xeyriyyə məqsədlərini daşıyır.
– Çox gözəl, indi siz özünüzü bir az rahat hiss edirsinizmi? Çox təəssüf edirəm ki, əxlaqsız zabitlər sizi narahat etdi.
– Doğrudur, bu gecə onların qorxusundan mən dışarı belə çıxa bilməmişdim. Mən sizin bugecəki xidmətinizin əvəzində, şübhəsiz ki, sizə dəyərli bir xidmətdə buluna bilməyəcəyəm, lakin əmin ola bilərsiniz ki, bunu ölüncəyə qədər unutmayacağam.
– Elə mühüm bir xidmətdə bulunmadım. Bu xidməti hər bir vicdanlı kişi yerinə yetirməli idi. Köməksiz və yardımsız bir qızı sərxoş və vəhşi zabitlərin əlindən xilas etmək vəzifəm idi, – dedim.
Qız bu sözlərimə qarşı bir daha təşəkkür etdi.
Əsəblərim qarışdığından yata bilməyəcəkdim. Ələkbər yoldaş yemək sifariş vermiş və kiçik balkonda süfrə açdırmışdı. Qıza da yemək təklif etdik:
– Buyurun, siz də bizimlə süfrədə iştirak edin.
– Məmnuniyyətlə iştirak edərəm. Doğrusu, qorxumdan odanın qapısını açıb şam yeməyinə çıxa bilməmişdim, – deyə qız süfrəyə oturdu. Yemək yeyərkən məndən soruşdu:
– Siz qafqazlımısınız?
– Xeyr, iranlıyam, – deyə özümü tanıtmaq istəmədim. – Nə iş görürsünüz?
– Xəsarətə uğramış bir tacirəm. Nə etməli, inqilab baş vermiş bir ölkədə zərər çəkməmək mümkün deyildir.
– Təbrizəmi gedirsiniz?
– Təbrizə gedirəm.
– Yenə də qazanarsınız. Mən sizi Amerika ticarət müəssisələri ilə tanış edərəm, bu mümkündür, lakin biz bir süfrə başında oturduğumuza baxmayaraq, tanış olmağı unutmuşuq.
Bu sözdən sonra mən əlimi qıza uzatdım, o da nazik əlini mənə uzadaraq sıxdı və dedi:
– Miss Hanna.
Qızın həyəcanı hələ də sakit olmamışdı, əlini əlimə aldıqda barmaqlarının hələ də xəfif-xəfif titrədiyini hiss etdim. O, həyatını təhlükədən qurtardığım üçün bir daha təşəkkür etdi. Söhbətimiz səhər saat dördə qədər uzandı. Saat dörddə qız öz odasına, Ələkbər yoldaşla mən də öz odamıza çəkildik.
Səhər saat doqquzda yenə də çığırtı eşitdik, səs yenə də zabit səsi idi, yata bilmədik, bütün-müsafirlərlə bərabər biz də geyinib dəhlizə çıxdıq. Zabitin biri gecə paltarında idi, başqa zabitlər də onun ətrafına toplanıb nə hadisə üz verdiyi barəsində soruşurdular. Gecə paltarında olan zabit haraya gəlmiş otel sahibinin yaxasından tutub:
– Qadın məni soymuşdur, onu bir saatda mənə verməlisən! – deyə onu silkələyir və söyürdü. Otel sahibi, gürcü Dmitri onun əllərini yaxasından rədd edib itələdi, zabit dar dəhlizin divarına dəyib doğruldu. Zabitlər isə hər tərəfdən:
– Ey, əllərini yerində saxla! – deyərək gürcünü hədələdilər.
Dmitri həmin zabitə yanaşaraq dedi:
– Mən sənə dedim ki, mehmanxanaya dışarıdan naməlum qadınları gətirmək yaramaz. Onlar sizin kimi axmaqları soymaq üçün Culfaya toplanmışlar. Amma sən, «mən özüm məsulam» deyə qulaq asmadın. İndi isə qadını məndən istəyirsən, mən səhərə qədər onu güdəcəkmi idim?
Zabit onu vurdu, Dmitri orada toplanmış gürcü xidmətçilərə və dəmiryol işçilərinə işarə elədi. Gürcülər orada olan dörd çar zabitini yalvarıncaya qədər döydülər. Zabitləri onların əlindən aldıqdan sonra oğurlanan şeyləri axtarmaq qərara alındı. Otaqların çoxunda qadın olduğu üçün odaları axtarmaq lazım gəldi.
Növbə yenə də amerikalı qızın odasına yetişdi, qız qorxusundan qapını açmayırdı. Mən onu səsləyərək:
– Miss, qorxmayın. Qapını açın, mən burdayam, – dedikdən sonra qız qapını açdı. Zabit ona baxdıqda o, yenə titrəyir və axşamkı hadisəni xatırlayırdı. Sərxoşluqdan ayılmamış, sifəti boş tuluq şəkli almış, gözləri şişmiş zabit, başı titrəyə-titrəyə qıza baxaraq:
– Net, ne ona, – deyə geri qayıtdı.
Mən isə qıza müraciətlə:
– Qorxulu bir şey yoxdur, rahat olunuz, – dedim.
– Daha yatmaq istəməyirəm, tez bircə İrana gedə bilsəydim, bu qorxudan xilas olardım, – deyə qız narahatlığını bildirdi.
– Heç bir qorxu yoxdur. Əmin olunuz, biz var ikən sizə heç bir hadisə üz verə bilməz. Bu kimi hadisələrə gəldikdə İran sahilində daha artıqdır. Çar zabitləri İranda da azad hərəkət edirlər.
Yıxandıq, geyindik. Qız isə odasında zərif və ağ ipəkdən qayət nəfis və incə bir paltar geydikdən sonra çay masasının başında oturdu.
Otel sahibi bizə yanaşaraq, dedi:
– Sizin rahatsız olmağınıza razı olmazdım, lakin nə etməli. Bir neçə gündən bəri bütün Culfa bu vəziyyətdədir. Bizim otel hər yerdən salamatdır. Bizdən qorxurlar. Məhz onları döymək və qorxutmaq üçün dəmiryolunda işləyən qüvvətli gürcüləri burada yedirib saxlayıram. Başqa otellərdə belə deyildir. İngilis otelinin qabyuyan qadınını, otel sahibinin qadınını zorlamışlar. «Mıqri» oteli müdirinin baş-gözünü dağıtmışlar. «Fransa» otelinin sahibi Qriqor ağa Franqulov da axşamdan öz arvadını götürüb bura qaçmışdır. Bunların öhdəsindən ancaq elə qadınlar gələ bilər. Üç min manat pulla bir qızıl saatını çalıb getmişdir. Belə adamlar rus və İran Culfasında yüzlərcədir. Axşamdan ona xəbər vermişdim, mənə qulaq asmadı. Yanında olan qiymətli şeylərini də kassaya qoymaq üçün istədikdə, «heç bir şeyim yoxdur» deyə acıqlı cavab vermişdi, indi isə cavabını aldı.
Çay və səhər yeməyimiz bitdi. Mən saat ikidə Şeyxovla görüşmək üçün gedəcəkdim. Bunu Ələkbər yoldaşa da bildirdim, bir yerdə getməli olduq.
Qızı otel müdiri Dmitriyə tapşırdım. Qız özü belə bir təklifdə bulunmuşdu. Saat üçdə yenə burada görüşəcəyimizi qərara aldıq. O, odasına qapandı, mən də Ələkbər yoldaşla oteldən çıxdım.
Şeyxovun evinə girərkən axşam oteldə təsadüf etdiyim dörd nəfəri orada gördüm. Görüşüb tanış olduq.
Nahardan sonra söhbətə başladıq, onlar mənim Təbrizə qayıtmağımı, qorxulu bir iş olsa da, məsləhət gördülər, çünki Təbrizdə ruh düşkünlüyü gündən-günə artdı. Şeyxov Hacı Əli davafürüşdan aldığı məktubu oxumağa başladı:
«Ruslar öz işlərinə başladılar. Bu gün qafqazlılardan «Molla Nəsrəddin» məcmuəsi redaktorunun qardaşı Mirzə Ələkbər Məmmədquluzadəni, bir də Hacı Mirzə Ələsgər Qarabağlını həbs etdilər. Ruh düşkünlüyü başlayır, heç olmazsa, mütərəddidləri qorxuzmaq, çar himayəsini qəbul edənlərin qarşısını almaq üçün gizli bir cəmiyyət düzəldilməlidir».
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-rusiya-sahilinde
Use ← → keys to move, R for a random poem
More by this author
1904-cü ilin noyabrında Tiflisdə Qafqaz komitələrinin bolşevik konfransı çağırıldı. Buraya toplanmış on beş nümayəndənin iştirakı ilə III partiya qurultayının çağırılması uğrunda geniş təbliğat və mübarizə təşkil edilməsi qərara alındı.Tiflis konfransına getmiş Bakı nümayəndəsinin, konfransın qərarları haqqındakı məruzəsini dinləmək üçün bu gün Jenya da iclasa gəlmişdi.
Zidd fikirlər məngənəsində1904-cü ilin axırları idi. Bakı ən mühüm, ən tarixi günlər keçirirdi. Bakı proletariatı bir tərəfdən çar hökuməti, o biri tərəfdən də çar burjuaziyası ilə barışan menşeviklərlə mübarizə aparmağa məcbur olmuşdu.Zubatovçuluq, şendrikovçuluq fəhlə sinfinin vücuduna daraşdığı bir zamanda Zaqafqaziya partiya təşkilatlarının rəhbərləri özünü Bakının köməyinə yetirdilər.
Menşeviklərin yeni xəyanətiBu günkü iclasda menşeviklər çıxışda bulunacaq idilər. Bolşevik fəhlələr bir-birinə xəbər vermiş, iclasda müvəffəqiyyət qazanmaq üçün vaxtında hazırlıq aparmışdılar.Pavluşa ilə Vasya iclasa çox gec gəldilər. Çox hissəsi menşeviklər tərəfində duran Bibiheybət fəhlələri sevinir və iclasda müvəffəqiyyət qazanacaqlarını düşünürdülər. Menşeviklər tərəfindən İlya Şendrikov çıxış etdi.
Menşeviklər burjuaziya xidmətindəHacı Zeynalabdın Tağıyevin özü də «1904-cü ilin axırları qorxulu və qarışıqdır» deyirdi.Bu gün həmin qorxulu günlərdən birisi idi.
Poems by other poets
Ağlamaqdan gülməz imiş şad olub bir dəm qəribFikri-zikri olubanu dərd ilə ney dəm qərib
İstərMənim divanəvəş könlüm,Bir zülfi-piçü tab istər.
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.